Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-779/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dair iş üzrə (Açar sözlər: əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X3 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-20/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1198/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X12 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikalı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 və onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ünvanında yerləşən torpaq sahəsində yerləşən tikinti və torpağı zəbt etmiş bütün şəxslərin, yəni İddiaçı, X8 (atası), X6 (anası), X4 (həyat yoldaşı), X9, X10, X5 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və onun tərəfindən inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və evin boşaldılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 3062/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı, X8, X6, X4, X9, X10, X5 və digərlərinin Abşeron rayon icra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması, iddianın X12 münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə cavabdehlər İddiaçı, X8, X6, X4, X9, X10, X5 və digərlərinin Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması hissəsində ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh iddiası qismən təmin edilərək, İddiaçı, X17, X15, X11, X18, X19, X1 rayon İcra Hakimiyyətinin 12 anvar 1995-ci il tarixli 25 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramada qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh ayrılmış 0,033 ha torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları, ev boşaldılması, iddianın “digər şəxslərə” münasibətdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Əliyev tərəfindən borclu İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramada qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh ayrılmış 0,033 ha torpaq sahəsində inşa edilmiş evdə olarkən müəyyən edilmişdir ki, evdə 1 ədəd yataq taxtı,1 ədəd termo və 1 ədəd paltar şkafı vardır. Evdəki başqa əşyalar isə borclular tərəfindən götürülmüş, ev boşaldılmış və borclular evdən könüllü şəkildə çıxmışdırlar. Borclu İddiaçı evin giriş qapısının açarlarını könüllü təhvil vermişdir. Akt icra məmuru və borclu İddiaçı tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/2273 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh məxsus mebellərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3000 manat müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ilə Şuşa Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, 1 ədəd yataq taxtının, 1 ədəd termonun və 1 ədəd paltar şkafının cavabdehdən alınıb ona qaytarılması, onlar olmadıqda həmin əşyaların dəyəri 4720 manatın, hüquqi xidmətə görə 11 saylı Vəkil bürosuna ödənilmiş 61 manatın və 77,81 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Abşeron rayon S.Əliyeva adına südçülük maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı müəssisəsinin 17.02.000-ci il traixli 06 saylı əmrinə əsasən ona Südçülük sovxozu, Yeni Məhəllə ərazisində 0,05 ha torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışa əsasən fərdi yaşayış evi onun adına özəlləşdirilmişdir. 18 il ərzində bu evdə valideynləri və qardaşı X20 yaşamışlar. Cavabdeh qardaşı X12 qarşı “fərdi yaşayış evindən çıxarılma”, sonradan isə ona qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia ərizələri vermiş, həmin iddia tələbləri təmin edilərək evdən çıxarılmaları barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə fərdi yaşayış evindən çıxarılma həyata keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Evdən çıxarılma olan günə qədər əksər əşyalarını çıxarmış, lakin yerləşdirmək üçün yeri olmadığından 1 ədəd yataq taxtı, 1 ədəd termo və 1 ədəd paltar şkafı evdə qalmış, onları apara bilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurları evdən çıxarılma barədə icra işini həyata keçirərkən evdə olan yuxarıda qeyd etdiyi əşyaların çıxarılmasına mane olmuş və bildirmişdirlər ki, təcili olaraq evdən çıxmalıdırlar. Cavabdeh isə ev təcili olaraq boşaldılaraq ona təhvil verilməsə, özünü Koroğlu körpüsündən atacağı ilə təhdid etmişdir. Nə qədər buna qarşı olsa da, qeyd edilən əşyaları evdən çıxara bilməmişdir. Cavabdeh bundan istifadə edərək ona və qardaşı X12 qarşı Sabunçu Rayon Məhkəməsində onlara aid olan əmlakların ona veriməsi barədə iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsi iddia tələbini qismən təmin edərək bəzi əşyaların ona verilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şıkayəti vermiş və şikayət təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-1114/2021 saylı qətnaməsi ləğv olunmuşdur. Cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9994/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi qətnamənin hüquqi dəyərləndirmə hissəsində qeyd edilmişdir ki, Cavabdeh ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən qardaşının və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən məhkəmə qətnaməsində hazırkı cavadehlərin (İddiaçı və başqaları) evdən öz əmlakı ilə birlikdə çıxarılması qeyd edildiyindən onlar məhkəmə qətnaməsinə əsasən evdən çıxanda öz əmlakları ilə birlikdə çıxmışdır. Həmin qətnamədə İddiaçı və başqalarının evdən çıxarkən hansı əşyaların evdə qalması, hansı əşyaların özləri ilə aparmalı olması qeyd edilməmişdir. Belə olan halda həmin qətnamənin preyudisiallığı hazırda mübahisələndirilən əmlakların kimə məxsus olmasına aid edilə bilməz. Bütün bunlara əsasən 1 ədəd yataq taxtı, 1 ədəd termo və 1 ədəd paltar şkafı evdə olmuş digər əşyalarla birlikdə ona məxsusdur. Bu əşyalar böyük olduğundan və xeyli yer tutduğundan müvəqqəti olaraq bu əşyaları mübahisəli evdə saxlamışdır. Cavabdeh icra məmurlarına təsir etdiyi, özünü Koroğlu körpüsündən atmaqla qəsd edəcəyini bildirməsindən sonra həmin əşyalar evdə saxlanılmış və onları apara bilməmişdir. İcra məmurlarının vasitəsilə qeyd edilən əşyalar Cavabdeh verilmişdir. Həmin əşyaların qiymətləri belədir: yataq taxtı qoşa (ağ rəngdə qızılı kantla) – 1750 manat, paltar şkafı (ağ rəngdə qızılı kantla) –1540 manat, termo (ağ rəngdə qızılı kantla) – 1430 manatdır. Həmçinin məhkəmə prosesi üçün sənədlərin alınması üçün Bakı şəhər 11 saylı Vəkil bürosunun hesabına hüquqi yardımla bağlı 61 manat, dövlət rüsumu olaraq 77,81 manat pul ödəmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-20/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən iddia tələbini təsdiqi edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib edilərkən, aktı imzası ilə təsdiqləmiş borclu İddiaçı evdə qalan 1 ədəd yataq taxtının, 1 ədəd termonun və 1 ədəd paltar şkafının ona və ya evdən çıxarılmış digər ailə üzvlərinə məxsus olması, həmin əşyaların hansı səbəbdən evdə qalması və ya sonradan götürüləcəyi barədə akta heç bir qeyd-şərt etməmişdir. İddiaçı tərəfindən mübahisəli əşyaların cavabdehə məxsus cehiz əşyaları olmması ilə bağlı da heç bir sübut təqdim edilə bilməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 89.3-cü maddələrinə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə iddia tələbini rədd edərkən cavabdehin izahatını əsas gətirmiş, eyni zamanda Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta borclu İddiaçı imza etməsini əsas gətirmişdir. Bununla bağlı bu idda tələbindən öncə Cavabdeh əmlak tələbi barədə iddia tələbi vermiş, Sabunçu Rayon Məhkəməsi ilə həmin iddia tələbi təmin edilmişdir. Lakin sonradan tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9994/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən apellyasiya şikayəti təmin edilərək Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(008)-1114/2021 saylı qətnaməsi ləğv edilərək iddia rədd edildi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9994/2021 saylı müki iş araşdırılarkən hal hazırda Cavabdeh əri və nümayəndəsi, hazırki məhkəmə prosesində yenə də nümayəndə qismində iştirak edən Qanuni nümayəndə bildimişdi ki, qızı bütün əşyalarını əri ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində Cavabdeh ayrılmış 0,033 ha torpaq sahəsindən çıxararaq onun öz evinə gətirmiş, qızının əri ilə yaşadığı evdə əşyaları qalmamışdır. O zaman işə baxan məhkəmə tərəfindən sual olunmuşdu ki, əgər əşyaları bu evdə yoxdursa necə idda tələb etmisiniz? O vaxtkı məhkəmə prosesindən sonra hazırki iş üzrə yeni nümayəndə Qanuni nümayəndə yalandan izahat vermişdir ki, icra vərəqinə görə evdən çıxarılan zaman guya həmin evdə qızına aid əşyalar olmuşdur. Şuşa məhkəməsində bizim fikirlərimiz nəzərə alınmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9994/2021 saylı müki iş üzrə sübuta yetirilmiş faktlar “yenidən araşdırılmış” və nəticədə səhv nəticəyə gəlinmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarının hüquqi dəyərləndirmə hissəsində qeyd edilmişdir ki, Cavabdeh ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən məhkəmə qətnaməsində hazırki cavabdehlərin evdən öz əmlakı ilə birlikdə çıxarılması qeyd edildiyindən onlar qeyd edilən məhkəmə qətnaməsinə əsasən evdən çıxanda öz əmlakları ilə birlikdə çıxmışdır. Bundan başqa, həmin qətnamədə İddiaçı və başqalarının evdən çıxarkən hansı əşyaların evdə qalması, hansı əşyaların özləri ilə aparmalı olması qeyd olunmamışdır. Belə olan halda, həmin qətnamənin preyudisiallığı hazırda mübahisələndirilən əmlakların kimə məxsus olmasına aid edilə bilməz. İddia ərizəsində qeyd edilən əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin, həmin qətnamə icra olunan zaman cavabdehlərin özləri ilə apardıqları əmlakların Cavabdeh məxsus olması iddiaçı tərəfindən sübuta yetirilmir və belə bir sübutun olması iş materiallarında aşkar olunmur. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iştirak edərək, izahat verərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi müvafiq əmlakın geri qaytarılması ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı özünə məxsus olan əşyaların cavabdehin evində qalması halını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə həmin əşyaların onun qızına məxsus olması halına istinad edərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qimsində məhz Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir, həmin maddənin dispozitiv şərtlərinə əsasən ilk növbədə şəxs tələb etdiyi əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak özgəsinin faktiki sahibliyində olmalı və bu sahiblik qanunsuz olmalıdır (hüquqi əsası olmamalıdır). Qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə sübuteetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları (iddia tələbində qeyd etdiyi əmlakların ona məxsus olması, həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olması halları) sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı əvvəlki məhkəmə qətnaməsinin icrası ilə bağlı mövcud olan xx.xx.2021-ci il tarixli müvafiq akta istinad edərək, cavabdehə məxsus evi könüllü şəkildə boşaltsa da, həmin əşyaları yerləşdirmək üçün yeri olmadığından iddia tələbində qeyd etdiyi üç ədəd əşyasının cavabdehin evində qaldığını, apara bilmədiyini qeyd etmişdir. Lakin iddiaçının istinad etdiyi həmin aktın məzmunundan görünür ki, qeyd edilən aktda evdə 1 ədəd yataq taxtı, 1 ədəd termo, 1 ədəd paltar şkafı olduğu, evdəki başqa əşyaların isə borclular tərəfindən götürüldüyü, ev boşaldıldığı,borcluların evdən könüllü şəkildə çıxdığı qeyd edilmişdir. Göründüyü kimi, həmin aktda evdə qalan əşyaların İddiaçı məxsus olması halına, habelə iddiaçının istinad etdiyi hallarla bağlı heç bir qeyd-şərt nəzərdə tutulmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, həmin akt iddiaçının özünün iştirakı ilə tərtib edilmiş, onun özü tərəfindən imza edilmiş, onun özü tərəfindən də bununla bağlı heç bir qeydşərt yazılmamışdır.Bundan əlavə, iddiaçı tərfindən həmin hallarla bağlı heç bir dəlilə istinad edilməmişdir. Nəticə etibarilə məhkəmə araşıdrması zamanı iddia tələbində qeyd olunan əşyaların iddiaçıya məxsus olması halının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə iddia tələbi onun qanuni əsası qismində çıxış edən normanın dipsotiv şərtləri ilə uzlaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Qeyd olunan hallara əsasən məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə mübahisələndirilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə sübutetmə yükü düzgün müəyyən edilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-20/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-779/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-779/2023
23.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver