Məhkəmə qərarları › İş №2(105)-780/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-780/2025

02.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-780/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: pozulmuş əmək hüquqlarının bərpası, əlavə ödənişlərin ödənilməs və işə bərpa) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tutduğu vəzifədən azad edilməyi barədə Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmri ləğv edilməklə Cavabdeh QSC-nin Texniki Xidmət Departamentinin direkoru vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırmışdır ki, o, 1973-cü ildə anadan olmuş, 1995-ci ildə Bakı Dövlət universitetini bitirmişdir. Bakı Dövlət Universitetində təhsil aldığı dövründə 1992-ci ildə ölkənin konsititusiya quruluşunun bərpası və ərazi bütövlüyü uğrunda gedən vuruşmalarda iştirak etmiş, güllə yarası, döyüş meydanından çıxarılarkən əlavə qəlpə yaralanmaları ilə yaralanmışdır. 2011-ci ildən 2019-cu ilə kimi Şahdağ kompleksinin tikintisində və istismarında müxtəlif vəzifələrdə-mühəndis, aparıcı mühəndis və sonuncu baş mühəndis vəzifəsində işləmişdir. 2019-cu ildə haqsız olaraq əmək müqaviləsinin bitməsi bəhanəsi ilə işdən azad edilmiş, işdən azad edilməyinin əsl səbəbi isə bəzi şəxslərin iş fəaliyyətinə qarşı qərəzli mövqeyi olmuşdur. Qanunsuz işdən azad edildiyi üçün ölkə Prezidentinə Qarabağ müharibəsi qazisi olaraq əvvəlki işinə bərpa edilməyi üçün müraciət etmişdir. Prezident aparatının göstərişi əsasında müraciəti X10 müfəttişliyi tərəfindən araşdırılmış və nəticədə o, Şahdağ TM-də işinə bərpa olunmuşdur. 2024-cü ilin iyun ayının sonlarında rəhbərliyə əmək məzuniyyətinə çıxmaq haqqında ərizə ilə müraciət etmişdir. Məzuniyyət müddətində işləri nəzarətdə saxlamaq şərtilə ona məzuniyyət verilmişdir. Avgust ayının birindən məzuniyyəti bitdiyi üçün işə çıxmış, amma xidmət avtomobili rəhbərlik tərəfindən müxtəlif bəhanələr gətirilməklə onun istifadəsinə qaytarılmamışdır. Məzuniyyətdən qayıtdığdan sonra Turizm Mərkəzinin yanına çağırılmış və ona bildirmişdir ki, kurasiya etdiyi Yaşıllaşdırma və Landşaft dizaynı şöbəsi işçiləri sabotaj edərək işə çıxmamışlar və bu gündən həmin şöbənin işi onun tərəfindən idarə edilməməsini xahiş etmişdir. Onsuz ay yarımdan artıq müddət o, həmin şöbənin işini idarə etməmişdir. Sabotajı isə şöbə müdiri və briqadir təşkil etmişlər. Bunu səbəbi kimi isə təsərrüfat şöbəsində işçi çatışmamazlığını nəzərə alaraq həmin şöbəyə əlavə olaraq avtomobil parklanma yerlərinin təmizliyinin həvalə olunması olmuşdur. Bu göstərişi şöbə müdirinə TM rəhbəri vermişdi. Şöbə müdiri isə dezinformasiya edərək işçilərə bu əlavə göstərişin onlara onun tərəfindən verildiyini deməklə, işçiləri onun əleyhinə qaldırmışdır. Onun şöbə müdirinin apardığı qeyri-konstruktiv təbliğat işindən xəbəri olmuş və müvafiq informasiyanı İnsan Resursları departamenti rəhbərinə bir ay qabaqdan versə də, heç bir tədbir görülməmişdir. Həmin işçilər bir ay sonra da başqa bir tələblə, yenə də heç bir xəbərdarlıq etmədən sabotaj edərək işi saxlamış, TM rəhbərliyi onlar haqqında tədbir görülməsi üçün polis bölməsinə müraciət etmişdir. Avqust ayının 6-da TM rəhbəri “votsap” mesajında Şahdağ otelində müəyyən problemlərin olduğunu bildirmiş və ciddi şəkildə məsələnin həllinə nail olmağını tələb etmişdir. Günortadan sonra o, müvafiq sahə mühəndisləri ilə toplantı keçirmiş və məsələnin qısa zamanda həll edilməsi üçün göstərişlər vermiş, lakin, sahə mühəndisləri iş yerlərinə qayıdaraq onun eləyhinə ərizə tərtib etmişlər. Ərizədə onda olan məlumata görə müxtəlif tələblər, o cümlədən onun işdən çıxarılmağı tələb edilmiş, aldadıldığını başa düşən bəzi şəxslər sonradan imzalarını geri almış və bu barədə ona xəbər vermişlər. Paralel olaraq həmin gün rəhbərlik etdiyi elektrik və istilik təminatı şöbəsi müdiri də eyni qaydada əleyhinə ərizənin yazılmasını və imzalanmasını təşkil etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, həmin ərizədə imzalarını atan işçilərin yalnız 4-5 nəfərini şəxsən tanıyır, qalanlarını qətiyyən tanımır və işlədiyi bütün müddətdə onlarla heç bir iş görməmiş, təması olmamışdır. Avqust ayının 7 və 8 tarixlərində istirahət günlərində olduğu üçün rəhbərlik ona zəng edərək, işlədiyi müddətdə yaranmış xeyli miqdarda (56 gün) əvəz günlərini almağını və işə çıxmamağını tapşırmış o da işə getməmişdir. Avgust ayının sonlarına döğru İnsan Resursları departamenti rəhbəri onu TM-ə dəvət edərək, onun vəzifəsinin dəyişdiriləcəyini bildirməklə, ona hansısa şəkildə töhmət vermək fikrində olduqlarını bildirmiş və ona təklif etmişdir ki, töhməti qəbul etsin. Töhmətin hansı əsasla veriləcəyi ona bildirilməmiş, onun əleyhinə yazılan ərizələrdə yazılanların isə sirr olduğunu deyərək onu ərizələrlə tanış etməmişdir. Sentyabr ayının 28də rəhbərlik onu TM-yə çağıraraq, əleyhinə verilmiş ərizələrin onun üzərində ciddi təzyiq yaratdığını, sabotajla təhdid edildiyini və bu şəraitdə onunla bağlanmış əmək müqaviləsini daha uzada bilməyəcəyini bildirmiş və təklif etmişdir ki, öz ərizəsi ilə işdən çıxsın. O, buna etiraz etmiş və hələ əvəz günlərinin hamısının verilmədiyini bildirmişdir. İnsan Resursları departamenti rəhbəri əmək müqaviləsinin, tərəfindən ayın 21 tarixində işdən gedəcəyi haqqında ərizə verəcəyi halda oktyabr ayının sonuna kimi-bir ay müddətinə uzadacağını bildirmişdir. O, buna da etiraz etmişdir. Oktyabr ayının 4-də İnsan Resursları departamenti rəhbəri kəskin şəkildə TM-ə gələrək xidməti istifadəsində olan avdanlıqları geri verməyini tələb etmişdir. O, 4 oktyabr tarixində Şahdağ TM-də 28 sentyabr tarixi ilə, oktyabr ayının 21-i öz xahişi ilə işdən azad edilməyi haqqında ərizə verməyinə məcbur edilmiş və istifadəsində olan əsas avadanlıqlar ondan geri alınmışdır. X10 Müfəttişliyinə müraciət etməklə baş verənlər haqqında yazılı məlumat vermişdir. Həmin idarənin mütəxəsisinin tövsiyyəsi ilə o, 4 oktyabrda verilmiş ərizənin etibarsız hesab edilməsi üçün Şahdağ TM-in sədrinə ərizə yazmışdır. Daha sonra 14 oktyabr tarixində Şahdağ TM QSC rəhbərliyinə 2022-2023 və 2023-2024-cü illər üçün istifadə etmədiyi 48 gün əmək məzuniyyətinə buraxılmağı haqqında ərizə vermişdir. Həmin tarixlərdən keçən müddət ərzində ona Şahdağ TM QSC tərəfindən ərizələrinin qəbul edilib-edilmədiyi haqqında heç bir məlumat verilməmişdir. Oktyabr ayının 21 tarixinə o, heç bir əvəz gününün qalmadığı halda işə çıxa bilməmiş və faktiki olaraq bəzi şəxslərin qərəzli mövqeyi üzündən faktiki işdən kənarlaşdıılmışdır. O, 2011-ci ildən 2019-cu ilə kimi ilk olaraq X1 tikintisində, 2012-ci ildən həmin kompleksin istismarında işləməyinə baxmayaraq əmək müqaviləsi müddətsiz statusa keçirilməmişdir. Halbuki, qanun beş ildən artıq müddətdə işləyən işçinin əmək müqaviləsinin müddətsiz olmasını tələb edir. 2016-cı ildə X5 ləğv edilərək, Şahdağ TM QSC yaradılanda ona işdən çıxarılma ilə bağlı heç bir kompensasiya verilməmişdir. O, fasiləsiz, adi rejimdə, 2012-ci ilin dekabrından 2019-cu il 7 marta kimi eyni müəssisədə işini davam etdirmişdir. 2019-cu ildə isə onu formal olaraq əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən çıxarmışlar. Əmək müqaviləsinin müddətli olmasının günahkarı məhz X1 hüquqi varisi olan X7 QSC-dir. Onu da qeyd edir ki, hətta işdən çıxarıldığı 07 mart 2019-cu il tarixində əmək müqaviləsinin müddəti bitməmiş, sadəcə İnsan Resursları departamenti sənədlərimi saxtalaşdırmış və müvafiq qurumların tələbinə görə təqdim etməyərək gizlətmişlər. Təkrar müraciətlərinə baxmayaraq, ölkədə həmin illərdə mövcud olan pandemiya şəraitində bu saxtakarlığın üstünü açmaq mümkün olmamışdır. Yalnız 2022-ci ildə Quba-Xaçmaz regional idarəsinin rəisinin şəxsən məsələni araşdırması ilə saxtakarlıq üzə çıxarılmış, əmək hüququnun pozulması aradan qaldırılaraq o, işinə bərpa olunmuşdur. İndi formal olaraq yenə də əmək müqaviləsinin bitməsi səbəbilə, amma faktiki olaraq işində tutduğu prinsipial və yaradıcı mövqeyinə görə işdən çıxarmışlar. Şahdağ TM QSC-də Texniki Xidmət Departamenti direktoru vəzifəsinə təyin olunduğu vaxtdan indiyə kimi rəhbərlik tərəfindən heç bir inzibati tenbeh və ya xəbərdarlıq almamış, keçən müddətdə vəzifə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Hesab edir ki, Cavabdeh QSC onunla müddətli əmək müqaviləsi bağlamaqla əmək qanunvericiliyinin tələblərini pozmuş, ona görə də onun işdən azad edilməyi barədə Cavabdeh QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmr qanunsuz olduğundan ləğv edilməli və o, Şahdağ TM QSC-i Texniki Xidmət Departamenti direkoru vəzifəsinə bərpa olunmalıdır.

3. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı 1995-2011-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olması, müharibə veteranı olmaqla birinci Qarabağ döyüşləri zamanı yaralanması ilə əlaqədar müalicədən sonra qan təzyiqinin aşağı olması səbəbindən müalicə həkimlərinin tövsiyəsinə görə coğrafi olaraq daha hündür ərazidə yerləşən Cavabdeh QSC-nin işləməyə məcbur olmasını bildirməsi halları ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin l-İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu baxımdan İddiaçı Cavabdeh QSC-də işləmək arzusu nəzərə alınaraq 2011-ci ildən X2 ərazisində fəaliyyət göstərən şirkətə işə qəbul edilmişdir. Başqa sözlə İddiaçı iddia ərizəsinin birinci abzasının doqquz-onuncu sətirlərində qeyd etdiyi “X3 işləməyə məcbur qalması” fikirləri Cəmiyyət qarşısında əmək hüquqları baxımından heç bir güzəştli hüquqlar yaratmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin c) bəndinə əsasən işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Eyni zamanda bu maddənin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə işçilərlə əmək müqaviləsi müddətli bağlanıla bilər. Cavabdeh QSC tikilməkdə və tikintisi genişlənməkdə olan dövlət əhəmiyyətli turizm kompleksidir ki, burada dağlıq ərazidə turizmin inkişafı ilə əlaqədar müxtəlif yeni aspektdə layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq burada tikinti, quraşdırma, yaşıllıqların salınması, avtomobil yolların və kanat xətlərinin çəkilməsi və s. qısa müddətli iş həcmləri yerinə yetirilir. Bu işlərin görülməsi ilə əlaqədar Mərkəzin strukturu daima təkmilləşdirilir və müddətli işlərin yerinə yetirilməsi ilə əlaqədar strukturda yaradılan bir sıra vəzifələrə müddətli əmək müqavilələri bağlanılmaqla işçilər işə qəbul edilirlər. İddiaçı işə qəbul edildiyi vəzifələrlə bağlı işlər daimi xarakterə malik olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanılmışdır ki, bu da Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci və 4-cü hissələrinin tələblərinə uyğun olmuşdur. İddiaçı ilə Cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2019-cu il tarixli 037K/19 nömrəli əmri ilə müddətinin bitməsi əsası ilə xitam verilmiş və 3 il 6 aydan sonra Cəmiyyətin xx.xx.2022-ci il tarixli 275/22 nömrəli əmri ilə İddiaçı digər bir vəzifəyə işə qəbul edilmişdir. Qeyd edilməlidir ki, İddiaçı Cəmiyyətə yenidən işə qəbul edilməsi heç də onun qanunsuz işdən azad edilməsi ilə əlaqədar X4 Xidmətinə işə bərpa üçün şikayəti, düzgün işdən azad edilməməsi ilə bağlı X4 Xidməti tərəfindən işə bərpa halı olmamışdır. Halbuki, İddiaçı bu halı iddia ərizəsində təsvir edərək bu cür qələmə verir. Həmin dövrdə də İddiaçı əmək kolllektivi ilə birgə işləmək bacarıqlarının aşağı olması, işçilərlə kobud davranış etməsi halları müşahidə edilmiş, onun sosial vəziyyəti və müharibə veteranı olması kimi hallar nəzərə alınaraq İddiaçı yenidən Cəmiyyətə işə qəbul edilmişdir. İddiaçının işlədiyi dövrdə deyil, işdən azad edildikdən sonra əmək müqaviləsinin müddətsiz deyil, müddətli bağlanılmısını iddia etməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətinə (hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində) uyğun deyildir. Bu hissəyə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər ki, iddiaçı mahiyyət etibarı ilə hüququnun pozulduğunu (əgər pozulmuşdursa) əmək müqaviləsini imzalayarkən aşkar etmiş və mahiyyət etibarı ilə iddia müddətini ötürmüşdür. Yerinə yetirilən işlərin xarakteri nəzərə alınmaqla İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılan əmək müqaviləsi müddətli bağlanılmış (1 il müddətinədək) və görülən işlərin xarakteri və müddəti nəzərə alınaraq iddiaçının işlədiyi müddət ərzində özünün qeyd etdiyi kimi müxtəlif vəzifələrdə (mühəndis, aparıcı mühəndis, baş mühəndis, texniki xidmət departamentinin direktoru) onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir ki, İddiaçı ilə münasibətdə heç vaxt onunla bağlanmış əmək müqaviləsinin müddəti fasiləsiz olaraq 5 ili ötməmişdir. Başqa sözlə, İddiaçı müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilməmişdir (əmək müqavilələri bildirişləri əlavə olunur). İddiaçı ilə işəgötürən arasında əmək müqavilələrinin müxtəlif dövrlərdə müxtəlif vəzifələr üzrə müddətli bağlanılması Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. İddiaçı ərizəsində onunla bağlanılmış əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini, işinə olduqca məsuliyyətli yanaşdığı üçün bilavasitə tabeliyində olan işçilərin ona paxıllıq edərək onu sevmədiyini, Mərkəzdə görülən bir çox işlərin məhz onun təşəbbüsü və əzimkarlığı hesabına alındığını, səmərələşdirici olaraq dünyada analoğu olmayan aparat yaratmaqla hotelin girişində quraşdırılmış çilçıraqların lampalarının dəyişdirilmə müddətini qısaltdığını və s. işlər nəticəsində Mərkəzin 100 min manatlarla vəsaitinə qənaət etdiyini vurğulayır ki, işəgötürənin mövqeyinə görə bu kimi hallar təvəzükarlıqdan olduqca uzaqdır. Belə ki, işəgötürənin mövqeyinə əsasən İddiaçı Cavabdeh QSC-də daha iş təcrübəsi topladıqca və daha yüksək vəzifəyə irəli çəkildikcə tabeliyində olan işçilərlə qarşılıqlı ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirə bilməmişdir. Tabeliyindəki işçilərlə kobud davranmaq, onları söyüşlərlə təhqir etmək və s. bu kimi kobud davranışlara yol vermişdir ki, nəticədə tabeliyindəki işçilər kollektiv formada işəgötürənə ərizə ilə müraciət edərək onun işdən azad edilməsini işəgötürəndən tələb etmiş və belə olmayacağı təqdirdə tətil edəcəklərini bildirmişlər. İddiaçı müharibə veteranı, eləcə də ailə başçısı olması amilləri işəgötürən tərəfindən nəzərə alınaraq onun əmək kollektivi qarşısında mövqeyi bir neçə dəfə müdafiə edilmiş, lakin o, bu kimi hallardan nəticə çıxara bilməmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq sonuncu dəfə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıdan razılıq almış, yəni onun əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə iddia etdiyi əvəzgünlərə görə kompensasiya ödənildikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı işəgötürənə ərizə ilə müraciət etmişdir (əlavə olunur). İddiaçı məhkəməyə qədər ölkə Prezidentinə, aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər etmiş, bu müraciətlərində hər dəfə məsələyə aidiyyəti olmayan müxtəlif hallara istinad edərək ədalətsiz olaraq işdən çıxarıldığını sübut etməyə çalışmış, işlədiyi dövrdə təsərrüfat fəaliyyətində üzləşdiyi məsələləri əmək müqaviləsinə xitam məsələsində qərəzli hal kimi qələmə verməyə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və vətəndaşa verilən cavabda işəgötürən tərəfindən bildirilmişdir ki, “X8” QSC-nin 4 nəfər şöbə müdiri vəzifəsində çalışan işçisinin iş prosesində istehsalat məsələləri ilə bağlı iddiaçının əleyhinə çıxması, rəhbərlik yanında iddiaçı barədə mənfi fikir yaratması, rəhbərliyin iş prosesində onlara deyil məhz iddiaçıya üstünlük verməsi zərurəti və həmin şəxslərin təsiri ilə işdən azad edilməsi kimi iddialar iş prosesində ortaya çıxan məsələlərlə bağlı rəhbər işçilərin fikir mübadiləsi prosesinin elementləridir ki, bu kimi hallarda kimin mövqeyinə üstünlük verilməsi işəgötürənin səlahiyyətindədir. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verildikdə iddiaçının ərizəsində vurğulanan müharibə veteranlarına, döyüşdə yaralananlara, qan təzyiqi aşağı olanlara, özünü təşəbbüskar işçi sayanlara və s. hallara görə üstünlük və güzəştin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə verilən cavabda bir daha məsələ ilə bağlı izah verilmişdir ki, İddiaçı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitənədək ona müqavilə müddəti bitdikdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmiş və İddiaçı 2024-cü il ərzində müəyyən hallarda istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi və bununla əlaqədar olaraq ona əlavə ödənişin verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh QSC-də istehsalat zərurəti ilə əlaqədar olaraq müəyyən istisna hallarda rəhbər işçilərin, o cümlədən İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işlə əlaqədar (işlə bağlı telefon zəngi, görülən işlərə nəzarət, işdə olan işçilərə bəzi göstərişlərin verilməsi və s.), işə cəlb edilmə barədə əmrin verildiyi nəzərə alınaraq rəhbərlik tərəfindən İddiaçı müvafiq əmr əsasında xx.xx.2024 - xx.xx.2024-cü il dövründə ödənişli istirahət günləri verilmiş, daha sonra onun təkrar müraciəti nəzərə alınaraq bu ödənişli istirahət günlərinin müddəti 31.10.24-cü il tarixinədək uzadılmışdır kı, işçinin bu məsələyə şifahi razılığı onun müddətli əmək müqaviləsinin müddətinin uzadılması barədə əmək müqaviləsinə dəyişikliyi imzalaması, müqavilənin müddətinin uzadıldığı günlərdə işdə olmaması və işdə olmadığı günlərdə ödəniş alması ilə sübut olunur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarına istinad edərək onunla bağlanılan əmək müqaviləsinin bu qərara əsasən müddətsiz olmasını tələb etməsi əsassızdır, çünki həmin qərar mahiyyət etibarı ilə işəgötürənlərin mövqeyini müdafiə etmiş, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin Əmək Məcəlləsindən çıxarılmasını dəstəkləməmişdir. İddiaçı iddia ərizəsinin birinci abzasında onun işdən azad edilməsi ilə heç bir bağlılığı olmayan yeni bir hal da vurğulanır. Burada iddiaçı yol qəzası nəticəsində xidməti avtomobillə yolda mal-qaranı vurmasını, nəticədə işəgötürənə xidməti avtomobilin təmiri üçün 4850 manat məbləğində ziyan vurmasını, bu ziyanın 2000 manatının məhkəmə qaydasında mal-qara sahibindən tutulmasını, qalan 1850 manatının isə özünün ödəməsini qeyd etməklə əmək müqaviləsinə xitam verilməsinin qərəzlılıyını göstərməyə çalışsa da, bu məsələnin onun əmək müqaviləsinə xitam verilməsi ilə heç bir bağlılığı yoxdur. Odur ki, İddiaçı cavabdeh “X7 QSC-nə qarşı “xx.xx.2024cü il tarixli 3-46-29/3-1-362/K/2024 nömrəli əmrinin ləğv edilməklə Cəmiyyətin Texniki Xidmət Departamentinin direktoru vəzifəsinə işə bərpa olunması” tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

4. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə qarşılıqlı razılaşma əsasında xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamaqla həmin QSC-nin Texniki Xidmət Departamentinin baş direktoru vəzifəsinə işə qəbul olunmuş, həmin QSC-nin xx.xx.2024-cü il tarixli əmri ilə texniki xidmət departamentinə departament direktoru vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsi bağlanarkən İddiaçı müqaviləsinin müddətli olmasına etiraz etməmiş, müqavilənin şərtlərini və əmək funksiyalarını yerinə yetirməklə faktiki olaraq bütövlükdə əmək müqaviləsinin məzmunu, o cümlədən müqavilənin müddətlə bağlı şərtilə razı olduğunu öz hərəkətləri ilə nümayiş etdirmişdir. Bununla da əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin, o cümlədən İddiaçı əmək hüquqlarının pozulması hallarına yol verilməmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitənədək ona əmək müqaviləsinə müddətin bitməsinə görə xitam veriləcəyi barədə məlumat verilmiş, həmin şəxs istirahət və iş günü hesab edilməyən bayram günlərində işlədiyinə görə ona əlavə ödənişin verilməli olduğunu bildirdiyindən QSC-nin 30 sentyabr 2024-cü il tarixli əmri ilə ona 02-21 oktyabr 2024-cü il tarixlərdə əmək haqqı saxlanılmaqla istirahət günləri verilmiş, eyni zamanda qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinin müddəti 31 oktyabr 2024cü il tarixədək uzadılmış, 17 oktyabr 2024-cü il tarixdə həmin şəxsə xəbərdarlıq məktubu verilməklə ona əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, 31 oktyabr 2024-cü il tarixdə isə müddət bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan qaydaya və şərtlərə tam əməl olunmuşdur. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmin şəxsin əmək hüquqlarının və Əmək Məcəlləsinin tələblərinin pozulmasına hallarına da yol verilməmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh müəssisə tərəfindən əmək müqaviləsi iddiaçının göstərdiyi əsaslara görə deyil, əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "xxxx" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən yerinə yetiridiyi işin və ya göstərdiyi xidmətlərin xarakterinin daimi olması qabaqcadan bəlli olmasına rəğmən "xxxx" QSC onunla bağlanmış əmək müqaviləsi müddətsiz deyil, qanunsuz olaraq müddətli bağlanmışdır. Şahdağ TM QSC həmin müqavilədə 04 oktyabr 2024-cü il tarixində birtərəfli olaraq razılaşdırılmamış dəyişiklik etmiş, qanunsuz edilmiş dəyişikliklərə əsaslanaraq 31 oktyabr tarixli əmrlə əmək müqaviləsinə xitam verərək əmək hüquqlarını pozmuşdur. 04 oktyabr 2022-ci il Şahdağ TM QSC ilə bağlanmış 1 illik əmək müqaviləsinə əsasən texniki xidmət departamentinin direktoru təyin edilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5ci hissələrinə əsasən əmək funksiyalarının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda bu Məcəllənin 47-ci bəndində göstərilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Şahdağ TM QSCi Ölkə Prezidentinin 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2015-ci il tarixli 391 nömrəli qərarı ilə təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. İşə əlavə edilən "xxxx" QSC-nin Nizamnaməsinin 3-cü bəndində cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətlər müəyyən edilmişdir. Cəmiyyətin əsas məqsədi dövlət büdcəsinin əsaslı vəsaiti qoyuluşu hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələrlə turizm və digər infrastruktur obyektlərini və kommunikasiya xətlərini istismara qəbul etməkdən, həmin obyektlərin idarə edilməsindən ,onların istifadəyə verilməsininin təmin edilməsindən ibarətdir. İşə əlavə edilmiş əmək müqaviləmin ayrılmaz hissəsi olan vəzifə öhdəliklərimdən görünür ki, Texniki Xidmət departamenti direktoru olaraq vəzifə öhdəliklərinə uygun yerinə yetirdiyi işlər bir mənalı olaraq daimi xarakterə malikdir. Lakin, Şahdağ TM QSC əmək müqaviləsi bağlayarkən bu halı nəzərə almamış, əmək məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi əmək müqaviləsinin bağlanmasına etiraz etmədiyini əsas gətirməklə müqavilənin əmək məcəlləsinin 47-ci maddəsinin "xxxx" bəndinə əsasən müddətli bağlandığına istinad etmişdir. Şahdağ TM QSC-i ilə bağlanan əmək müqaviləsi imperativ qaydada bağlanmış olduğu üçün müqavilənin bağlandığı vaxt həmin müqavilənin müddətli bağlanmasına etiraz etməyi mümkün deyildi. Şahdağ TM QSCi bir qayda olaraq əmək müqavilələrini heç bir fərq qoymadan müddətli bağlayır, etiraz etdiyi halda bu müqavilə ümumiyyətlə bağlanmaya bilərdi. Onun isə ciddi ehtiyacı var idi. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbi nəzərə alınmadan 2022-ci il 04 oktyabr tarixində 1 il müddətinə bağlanmış əmək müqaviləsi, 2023-cü il 04 oktyabr tarixində qanunvericiliyə uygun şəkildə, avtomatik olaraq müqavilədə əvvəl müəyyən edilmiş müddətə tam uygun olaraq daha bir il müddətinə uzadılmışdır. 2024-cü ilin 4 oktyabrında isə əmək qanunvericiliyinin tələbinin ziddinə olaraq bu avtomatik uzadılma baş verməmişdir. Belə ki, 2024-cü ilin avqust ayının əvvəlindən rəhbərlik, 2022-2024 illər ərzində istifadə etmədiyi üçün toplanıb qalmış 56 gün istirahət gününü istifadə etməyi təklif edərək, ona işə və ofisə gəlməməyini qəti tapşırmışdır. Bu göstərişə əsasən 2024-cü ilin avqust ayının 6-dan oktyabr ayinin 31-ə kimi işdə olmamışdır. 2022-ci il 04 oktyabr tarixində bağlanmış, 2023-cü il 04 oktyabr tarixində bir il daha uzadılmış əmək müqaviləsi 4 oktyabr 2024-cü il tarixində bitməli olmasına baxmayaraq, Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsinə ən azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar edilməmişdir. Bu halda Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə həmin əmək müqaviləsi əmək müqaviləsində əvvəl müəyən edilmiş olan daha bir il müddətinə avtomatik uzadılmış hesab olunmalıdır. Bu isə tərəfindən 2022-ci ildə imzalanmış, bir dəfə artıq müddəti uzadılmış olan əmək müqaviləsinin 2024-cü il 4 oktyabr tarixinə daha bir il avtomatik uzadılmış olması deməkdir. Lakin qeyd etdiyi kimi belə olmamış və əmək hüquqlarının pozulması da məhz bu tarixdən sonra baş vermişdir. Belə ki, Şahdağ TM QSC 04 oktyabr 2024-cü il tarixinə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməmiş olduğu halda, Şahdağ TM QSC İnsan Resursları departamenti rəhbərliyi tərəfindən 04 oktyabr tarixində Şahdağ TM QSCyə çağırılmış, xidməti istifadəsində olan iş avadanlıqları qanunsuz şəkildə ondan geri alınmaqla əmək hüququ qanunsuz şəkildə tam olaraq məhdudlaşdırılmış, 22 günlük əmək haqqının verilməyəcəyi hədə qorxusu ilə oktyabr ayının 22-i tarixi üçün işdən öz xahişi ilə azad olunmağı barədə ondan ərizə alınmış, geri-evə qayıtdığında isə yolda saxlanılaraq şəxsi telefonu vasitəsi ilə EMAS tətbiqinə girilərək əmək müqaviləsində qanunsuz dəyişiklik edilməklə, sonradan bildiyinə görə əmək müqaviləmi əvvəlki müddət 1 il deyil, sadəcə 27 gün müddətinə uzadaraq həmin müddət bitincə işdən azad edilməyi üçün şərait yaratdılar. X11 Müfəttişliyinə məruz qaldığı təzyiq haqqında şikayət edərək onlar vasitəsilə əmək müqaviləsində edilən dəyişiklikləri öyrənmiş və əmək müfəttişliyindən təzyiq altında ona imzalatdırılan işdən çıxma haqqında ərizənin və əmək müqaviləsində edilən qanunsuz və razılaşdırılmamış dəyişikliklərin etibarsız hesab edilməsi üçün köməklik göstərilməsi barəsində yazılı xahiş etmişdir. Oktyabr ayının 22-də işdən azad edilməsə də Şahdağ TM QSC sonradan məhkəmə qətnaməsindən bildiyinən görə 17 oktyabr 2024-cü ildə əmək müqaviləsinə xitam veriləcəyi barədə elektron sistemə bildiriş daxil etmiş və oktyabr ayının sonunda əmək müqaviləsinə xitam vermişdir. Eyni zamanda Şahdağ TM QSC əmək müqaviləsinin 27 gün müddətinə uzadılmasına qanun don geyindirmək məqsədilə işdə olmadığı 02-31 oktyabr tarixlərində guya 2024-cü ilin bayram və istirahət günlərində işə cəlb olunduğu günlərin əvəzi olaraq istirahətə buraxıldığı haqqında əvvəlki tarixlərlə haqqında qanunsuz əmrlər vermişdir. Həmin əmrləri məhkəməyə təqdim edir və rəsmi şəkildə bildirir ki, haqqında həmin əmrlərin verilməsindən işlədiyi müddətdə xəbəri olmayıb, göstərilən tarixlərdə işə cəlb olunmağına və sonradan əvəzgünlərin verilməsinə dair heç bir razılığı da olmayıb. Həmin əmrlər sonradan verilmiş saxta əmrlərdir və əmək müqaviləsinə edilmiş qanunsuz dəyişikliklərin “əsaslandırılması” cəhdidir. Eyni zamanda oktyabr ayının 22-dən sonra da qanunsuz şəkildə işə buraxılmamış ki, bu faktı da məhkəmə diqqətdən kənarda qoymuşdur. Birinci instansiya məhkəməsi Şahdağ TM QSCnin bu hərəkətlərinə hüquqi qiymət verməmiş, işlədiyi müddətdə əmək müqaviləsinin müddətsiz bağlanmasına etiraz etmədiyini, sonradan edilən dəyişiklikləri tərəflərin qarşılıqlı razılıq əsasında edildiyini əsas götürməklə Şahdağ TM QSC-nin hərəkətlərinə sanki haqq qazandırmış və işdən azad edilməyinin qanuni əsaslarla həyata keçirilmiş olduğunu qət etmişdir. Əslində isə 2022-ci ildə onunla "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə 2024-cü ilin 04 oktyabrında edilən dəyişiklik tam qanunsuz olmaqla müqavilənin şərtlərinə zidd olub və mənafeyi eleyhinə olduğu üçün edilən dəyişikliklərə qətiyyən razılığı olmayıb. Edilən dəyişikliyin mahiyyəti ondan gizli saxlanılmışdır. Dəyişiklik edildiyi və xitam bildirişinin verildiyi ona yalnız məhkəmə qətnaməsi veriləndən sonra məlum olmuşdur. Bununla da Şahdağ TM QSC əmək məsəlləsinin 47-ci maddəsinin f) bəndi təkrarən və daha kobud şəkildə pozulmuşdur. Əmək qanunvericilinin tələbinə görə heç kim əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qətnamənin əsaslandırma hissəsində əmək müqaviləsinin müddətli bağlanmasına razı olduğunu, müqaviləyə dəyişikliklərin qarşılıqlı razılıq əsasında edildiyini və əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verildiyini qeyd etməklə işə səthi yanaşmış, bu dəyikliyə əsaslanaraq verilmiş işdən azad edilmə əmrini əsaslı saymışdır. Birinci instansiya məhkəməsi yerinə yetirilən işin və göstərilən xidmətlərin xarakterinə görə daimi olduğu qabaqcadan bəlli olduğu halda 2022-ci ildə bağlanmış əmək müqaviləsinin niyə bir il müddətinə bağlandığı, 2023-cü ildə uygun şəkildə əvvəlcədən müəyyən olunmuş olan bir il müddətinə təkrarən uzadılmasına baxmayaraq, 2024-cü il 04 oktyabrına qədər isə qabaqcadan müəyyən edilmiş müddətə uygun şəkildə nədən uzadılmadığını və 4 oktyabrdan sonra isə fərqli müddətə-27 gün müddətinə niyə uzadılması zəruriyyəti ilə maraqlanmamış, iş üzrə formal qətnamə çıxarmışdır. Halbuki, işin halları sübut edir ki, Şahdağ TM QSC üçüncü tərəfin təziyiqi ilə avqust ayının 6-dan işdən qanunsuz şəkildə əvəz günlərin verilməsi bəhanəsi ilə onu işdən kənarlaşdırmış, lakin oktyabr ayının 4-nə qədər sayı 56 gün olan əvəzgünlərinin verilməsini başa çatdıra bilməmişdir. İşə əlavə etdiyi Qusar rayon prokurorluğunda şikayəti əsasında aparılmış araşdırma materiallarından görünür ki, aidiyyatı şəxslər, o cümlədən İnsan Resursları departamenti rəhbəri ifadəsində işdən həqiqətən kənarlaşdırıldığını qeyd edir, lakin bunun hansı əsaslarla və hansı əmr ilə rəsmiləşdirildiyi haqqında bəhs etmir. Şahdağ TM QSC qanunvericiliyin tələbinə əməl etməyərək əmək müqaviləsinə xitam verilməsi barəsində bildirişin 04 oktyabr 2024-cü il tarixindən ən azı bir həftə öncə verilmiş olmamasına görə müqavilənin növbəti dəfə avtomatik uzadılmasını təmin etməmiş, əksinə işdən azad edilməyi üçün hüquqpozucu əməllər törədərək, əmək müqaviləsi şərtlərini qarşılıqlı razılıq əsasında deyil, birtərəfli qaydada dəyişdirməklə aydın şəkildə Əmək Məcəlləsinin 47-ci maddəsinin f)bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Müqavilə şərtləri "xxxx" QSC-i tərəfindən birtərəfli qaydada dəyişdirilərək müqavilə müddətinin 27 gün müəyyən olunması "xxxx" QSC-nin diktəsi əsasında olmuş, imzalanmayanacağı halda isə 22 günlük əmək haqqının verilməyəcəyi barədə hədə qorxu gəlinmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsini 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır ki, İddiaçı münasibətdə guya işəgötürən tərəfindən bu tələb pozulmuş, onunla müddətli əmək müqaviləsi bağlanılmış və nəticədə müddəti bitdikdə əmək müqaviləsinə düzgün olmayaraq xitam verilmişdir. Apellyasiya şikayətində göstərilən bu məsələ ilə əlaqədar bildirilir ki, iddiada qaldırılan digər məsələlərlə yanaşı hakim bu məsələyə də diqqət yetirmiş və qətnamənin “müəyyən etdi” hissəsinin 3-cü abzasında (səh.3) və 27-29-cu abzaslarında (səh.8-9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinad edilməklə sübuta yetirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli olması əmək qanunvericiliyin tələblərinə tam uyğundur. Cavabdeh QSC tikilməkdə və tikintisi genişlənməkdə olan dövlət əhəmiyyətli turizm kompleksidir ki, burada dağlıq ərazidə turizmin inkişafı ilə əlaqədar müxtəlif yeni aspektdə layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq burada tikinti, quraşdırma, yaşıllıqların salınması, avtomobil yolların və kanat xətlərinin çəkilməsi və s. qısa müddətli iş həcmləri yerinə yetirilir. Bu işlərin görülməsi ilə əlaqədar Mərkəzin strukturu daima təkmilləşdirilir və müddətli işlərin yerinə yetirlməsi ilə əlaqədar strukturda yaradılan bir sıra vəzifələrə müddətli əmək müqavilələri bağlanılmaqla işçilər işə qəbul edilirlər. İddiaçı işə qəbul edildiyi vəzifələrlə bağlı işlər daimi xarakterə malik olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanılmışdır ki, bu da Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci və 4-cü hissələrinin tələblərinə uyğun olmuşdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarına istinad edərək onunla bağlanılan əmək müqaviləsinin bu qərara əsasən müddətsiz olmasını tələb etmişdir. Bununla bağlı bildirilir ki, Konstitusiya Məhkəməsi bu qərarı ilə mahiyyət etibarı ilə işəgötürənlərin mövqeyini müdafiə etmiş, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin Əmək Məcəlləsindən çıxarılmasını dəstəkləməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024cü il tarixli qərarında, eləcə də sözügedən məhkəmə qətnaməsində hakim tərəfindən bu qərara istinad edilərək qeyd olunmuşdur ki, "... Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan T bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndi ilə mümkün hesab etmişdir. İddiaçı Cavabdeh QSC-də müxtəlif vəzifələrdə (mühəndis, aparıcı mühəndis, baş mühəndis, texniki xidmət departamentinin direktoru) çalışmış və yuxarıda qeyd edilən səbəbdən (layihələrlə bağlı işlərin daimi olmaması) onun çalışdığı sonunçu “Texniki xidmət departamentinin direktoru” vəzifəsinə iddiaçı işdən azad edildikdən sonra heç kim götürülməmiş və vakant olan bu vəzifə struktur dəyişikliyi ilə əlaqədar ləğv edilmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilk dəfə 2019-cu ildə işdən çıxarılmış, bundan sonra Əmək Müfəttişliyi tərəfindən işə bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixdə bir illik müqavilə bağlanmış, bir il müddət tamamlandıqda heç bir tərəf müqaviləyə xitam verilməsi barədə bildiriş vermədiyindən yenidən eyni müddətə uzadılmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin sədrinin əmrinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi şəkildə əvəz günlərinin verilməsi üçün istirahətə buraxılmışdır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə onu çağıraraq işdən çıxarıldığı üçün avadanlıqları təhvil verməyini istədilər. Daha sonra xx.xx.2024-cü il tarixdə işdən ayrılmağı barədə ərizə yazdırdılar. Evə qayıdarkən yolda cavabdeh şəxsin mühafizə xidmətinin rəisi onu saxlatmış, aldatma yolu ilə onun tərəfindən mobil telefonundan “ƏMAS” vasitəsilə verdiyi ərizənin guya təsdiq olunması adı altında dəyişiklik edilmiş, nəticədə müqavilə bir il deyil, sadəcə 27 gün müddətinə uzadılmışdır. xx.xx.2024-cü il tarixdə sistemə bildiriş yerləşdirərək xx.xx.2024-cü il tarixdə onu işdən çıxardılar. Bundan sonra hüquqlarının pozulması ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət etmiş, verdiyi ərizəni etibarsız hesab etdirmişdir. İmzalanmış yeni müqavilənin qüvvəyə minməməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Qeyd etdiyi, sədr tərəfindən verilmiş əmr hazırda ondadır. Eyni zamanda, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə müraciətinə cavab məktubunda 27 gün müddətin əvəz günlərinin qaytarılması məqsədilə uzadıldığı bildirilmişdir. Halbuki xx.xx.2024-cü il tarixdə əvəz günləri verilməsi məsələsi əmrlə həllini tapmışdı. 60-a yaxın müraciəti olub, son müraciətinə X11 Müfəttişliyinin sədri tərəfindən baxılıb, işdən çıxarılmağı qarşılığında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işinə bərpa olunacağı bildirilib, digər iş yerindən çıxdığı gün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində əvvəlki vəzifəyə işə bərpa olunmuşdur. İnsan Resursları departamentinin direktoru Rəhim Mustafayev ona zəng edib işdən çıxarıldığını bildirərək avadanlıqları təhvil verməyini istəmiş, avadanlıqları təhvil verdikdən sonra ərizə yazmağını istədilər, qayıdanda yolda onu saxladaraq bildirdilər ki, ərizə “ƏMAS”-da təsdiq edilməlidir, nümayəndə telefonu alıb ərizəni təsdiq etmək adı ilə müqaviləyə dəyişiklik etmişdir. “ƏMAS”-da şəxsi kabinetindən istifadə edə bilmədiyi üçün hazırda təqdim etdiyi sənədləri birinci instansiya məhkəməsində təqdim edə bilməmişdir. Əmək hüquqları kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsi qanunsuz olaraq müddətli bağlanmışdır. Əmək müqaviləsinə əlavə edilmiş vəzifə öhdəliklərində də müvvəqqəti işi qeyd edilməmişdir. Bir illik əmək müqaviləsi olub, xx.xx.2023-cü ildə bir dəfə uzadılıb, xx.xx.2024-cü ildə isə ona heç bir xəbərdarlıq verilməyib, xx.xx.2024-cü il tarixdə əmr verilib ki, o, istirahət günlərinə buraxılıb, 02 oktyabrdan 21 oktyabra qədər. Bu isə o deməkdir ki, onun müqaviləsi bir illik də uzadılıb. Lakin 04 oktyabrda onu işə çağırıb, ondan iş avadanlıqlarını, xidməti otağını almış və bildirmişlər ki, işdən azad edilib. Əlavə olaraq ərizə yazdırdılar ki, 22 oktyabrda işdən azad edilsin. Həmin əmrlə həmin günədək tanış olmamışdır. Həmin əmri əmək müfəttişliyinin səhifəsindən götürüb. Həmin əmrlə tanış olsaydı ərizə yazmazdı, mobil telefonundan “ƏMAS” vasitəsilə dəyişiklik edilməsinə imkan verməyəcəkdir. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsinə məcbur etmək qadağandır. Rəhbərliklə razılıq əsasında aparatın dövriyyəyə alınması ilə bağlı müvəqqəti digər işdə də işləyib, hazırda işsizdir. Aşağı qan təzyiqindən əziyyət çəkir, başqa işlərdə işləmək imkanı azdır, öz işinə bərpa edilməsini xahiş edir.

11. İddiaçı vəkili Vəkil2 bildirdi ki, istənilən işə götürənin müqavilə bağlamaq, müddət müəyyən etmək, xitam vermək qanunvericiliklə müəyyən edilib. İddiaçının əmək müqaviləsinin müddəti xx.xx.2024-cü ildə başa çatıb. İddiaçının işdən azad olması ilə bağlı əmr xx.xx.2024-cü ildə verilib. Əmək müqaviləsinin müddəti başa çatmağına bir həftə əvvəlcədən xəbərdarlıq verilməmişdirsə, tərəflər müqaviləni pozmayıbsa bir illik uzadılmış sayılır. xx.xx.2024-cü ilə qədər əmək müqaviləsinə xitam verilməmişdirsə, xx.xx.2025-ci ilə qədər uzadılmış sayılır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilə bilməz. Şəxslər 1 illik müqavilə bağlayıblar, müddət ötürüldüyü üçün 27 günlük yenidən müqavilə bağlayıblar ki, xəbərdarlıq müddəti ötürülməsin. Halbuki, iddiaçıya 02xx.xx.2024-cü il tarixlərdə əmək haqqı saxlanılmaqla istirahət günləri verilib. Həmin vaxt işdə sayılmış olur. Həmin əmr verilərkən iddiaçı ilə əmək münasibətlərinə müqavilə əsası ilə xitam verilməsini istəyirdilərsə ona bildiriş də verə bilərdilər. Müəssisə işçinin müqaviləsinin 04 oktyabrda bitməsini bildiyi halda 02 oktyabrdan 21 oktyabra qədər ona əmək haqqı saxlanılmaqla istirahətə göndərir. Bu da o deməkdir ki, işçini saxlayır və əmək müqaviləsini müddətə görə ləğv etmək niyyəti yoxdur. Əgər müqaviləni müddətə görə ləğv etmək niyyəti olubsa, necə ki, müqaviləyə xitam verərdi, işlədiyi istirahət günlərinin əvəzinə kompensasiya verilə bilərdi. Halbuki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 50 məzuniyyət gününün son haqq-hesabı əvəzinə işçini istirahət günləri işə çıxarılarsa həmin günlərin əmək haqqısı iki qat verilməlidir. Əgər müqavilə müddəti 04 oktyabrda bitirsə və 02 oktyabrda əmək haqqı saxlanılmaqla istirahətə buraxırsa, bu o deməkdir ki, artıq müqavilə avtomatik olaraq bir illik yenidən uzadılıb. Ondan sonra başqa müqaviləyə imza edilibsə də, xəbərdarlıq edilsə də müqavilə əhəmiyyətsizdir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, əmək qanunvericiliyə müvafiq dəyişikliyə əsasən müqavilənin müddəti bitənədək 7 gün ərzində bildiriş verilməlidir. Bu əsasla xx.xx.2024-cü il tarixdə xəbərdarlıq etmişlər ki, xx.xx.2024-cü il tarixdə bitəcək müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır. Qarşı tərəf məktubla tanış olmuş, imzalamışdır. Ona görə də oktyabrın 4-də müqaviləyə dəyişiklik edilmiş və “SİMA” mobil tətbiqi vasitəsilə ilkin olaraq iddiaçı müqaviləni imzalamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin oktyabrın 30-da bitməsi və müqaviləyə xitam verilməsi nəzərdə tutulduğu barədə bildiriş göndərilmiş, qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Qanunvericilikdə müddətli müqavilənin xitam verilməsi qaydası var. İddiaçı 73-cü maddənin 1-ci hissəsinə istinad etsə də 73-cü maddənin 2-ci hissəsinə əhəmiyyət verməmişdir. Orada qeyd edilmişdir ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. İddiaçıya xəbərdarlıq edilmiş və müqaviləyə xitam verilmişdir. Digər məsələdə əmək haqqının saxlanılması ilə bağlı istirahət günlərinin verilməsinə, orada istirahət günlərindən yox, qeyri-iş günlərində əmək haqqı saxlanılması ilə əvəzgünün verilməsindən söhbət gedir. Bu barədə əmrlər mövcuddur, iddiaçı da həmin əmrlərlə tanışdır. Tərəflərin razılığı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğundur. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış iddiaçıya bildiriş verilmiş və 17 oktyabr 2024-cü il tarixdə xəbərdarlıq edilməklə, əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan sübutlar

13. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə bağlanmışdır.

14. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 275/22 saylı əmrə əsasən Cavabdeh QSC-nin Texniki Xidmət Departamentinin baş direktoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 3-46-29/3-1050/K/2024 saylı əmrə əsasən Texniki Xidmət Departamentinə departament direktoru vəzifəsinə keçirilmişdir.

15. İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.3-cü bəndinə edilmiş dəyişiklikdən görünür ki, əmək müqaviləsinin müddəti uzadılaraq, xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Dəyişikliyin qüvvəyə mindiyi tarix xx.xx.2024-cü ildir.

16. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 31 oktyabr 2024-cü il tarixli 3-46-29/3-1362/K/2024 saylı əmrinin surətindən görünür ki, texniki xidmət departamentinin direktoru vəzifəsində işləyən İddiaçı xx.xx.2024cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

17. xx.xx.2023-cü il tarixli, 3-46-29/3-1-359-2/K/2023 nömrəli əmrdən görünür ki, İddiaçı tərəflərin qarşılıqlı razılığına əsasən istirahət günləri olan 2024-cü ilin yanvar ayının 02-04 tarixlərində işə cəlb edilmiş, istirahət günlərində işə cəlb edildiyi üçün həmin günlərdə görülən işə görə əmək haqqı əvəzinə başqa istirahət günləri verilməsi əmr edilmişdir.

18. xx.xx.2024-cü il tarixli, 3-46-29/3-1-054-2/K/2024 nömrəli əmrdən görünür ki, İddiaçı tərəflərin qarşılıqlı razılığına əsasən istirahət günləri olan 2024-cü ilin mart ayının 07-08 tarixlərində işə cəlb edilmiş, istirahət günlərində işə cəlb edildiyi üçün həmin günlərdə görülən işə görə əmək haqqı əvəzinə başqa istirahət günləri verilməsi əmr edilmişdir.

19. xx.xx.2024-cü il tarixli, 3-46-29/3-1-067-2/K/2024 nömrəli əmrdən görünür ki, İddiaçı tərəflərin qarşılıqlı razılığına əsasən istirahət günləri olan 2024-cü ilin mart ayının 19-22 tarixlərində işə cəlb edilmiş, istirahət günlərində işə cəlb edildiyi üçün həmin günlərdə görülən işə görə əmək haqqı əvəzinə başqa istirahət günləri verilməsi əmr edilmişdir.

20. xx.xx.2024-cü il tarixli, 3-46-29/3-1-088-1/K/2024 nömrəli əmrdən görünür ki, İddiaçı tərəflərin qarşılıqlı razılığına əsasən istirahət günləri olan 2024-cü ilin aprel ayının 09-11 tarixlərində işə cəlb edilmiş, istirahət günlərində işə cəlb edildiyi üçün həmin günlərdə görülən işə görə əmək haqqı əvəzinə başqa istirahət günləri verilməsi əmr edilmişdir.

21. xx.xx.2024-cü il tarixli, 3-46-29/3-1-163-1/K/2024 nömrəli əmrdən görünür ki, İddiaçı tərəflərin qarşılıqlı razılığına əsasən istirahət günləri olan 2024-cü ilin iyun ayının 16-18 tarixlərində işə cəlb edilmiş, istirahət günlərində işə cəlb edildiyi üçün həmin günlərdə görülən işə görə əmək haqqı əvəzinə başqa istirahət günləri verilməsi əmr edilmişdir.

22. İşdə olan Cavabdeh QSC-nin 30 sentyabr 2024-cü il tarixli 3-4629/3-1-322- 1/K/2024 saylı əmrindən görünür ki, həmin QSC-də Texniki xidmət departamentinin direktoru vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona 2024-cü il oktyabr ayının 02-21 tarixlərində əmək haqqı saxlanılmaqla istirahət günü verilmişdir.

23. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, müddətli xx.xx.2024-cü il tarixində bitən əmək müqaviləsinin müddəti razılığı əsasında xx.xx.2024cü il tarixədək uzadılmışdır. Bu xəbərdarlıqla tanış oldğunuz tarixdən 1 iş günü ərzində əmək müqaviləsinin uzadılması ilə bağlı təklifə rəsmi münasibət bildirilmədiyi təqdirdə əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam veriləcəkdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə xx.xx.2024-cü il tarixdə tanış olması barədə iddiaçı tərəfindən qeyd yazılmışdır.

24. Cavabdeh QSC-nin 05 noyabr 2024-cü il tarixli əmrindən görünür ki, texniki xidmət departamentinin departament direktoru vəzifəsi ləğv edilmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68.2.“b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

26. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "xxxx" bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ...Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan "xxxx" bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin "xxxx" bəndi ilə mümkün hesab etmişdir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

28. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamaqla, iddiaçı Texniki xidmət departamentinin baş direktoru vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli əmrlə isə texniki xidmət departamentinə departament direktoru vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək, yəni 1 il müddətinə bağlanmışdır. Əmək müqaviləsinin 2.3-cü bəndinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin müddəti uzadılaraq, xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş, dəyişiklik xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Müqaviləyə edilmiş dəyişiklik elektron informasiya sisteminə yerləşdirilməklə, iddiaçı və cavabdeh tərəfindən elektron imza ilə imzalanmışdır.

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı müqavilənin müddətinin uzadılması ilə bağlı razılaşmanın onun iradəsindən kənar baş verdiyini, yəni Şahdağ TM QSC İnsan Resursları departamenti rəhbərliyi tərəfindən 04 oktyabr 2024-cü il tarixdə Şahdağ TM QSC-yə çağırıldığını, xidməti istifadəsində olan iş avadanlıqlarının ondan geri alınmaqla, oktyabr 22 oktyabr 2022-ci il tarixdə işdən öz xahişi ilə azad olunmağı barədə ondan ərizə alındığını, geri-evə qayıtdıqda isə təhlükəsizlik departamentinin rəhbəri tərəfindən yolda saxlanıldığını və aldadılma yolu ilə onu mobil telefonu vasitəsi isl EMAS tətbiqinə girilərək, əmək müqaviləsinə qanunsuz dəyişiklik edildiyini bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən hala dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməklə yanaşı, iddiaçının bu dəlili inandırıcı və ağılabatan da olmamışdır. Buna görə də məhkəmə kollegiyası əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması ilə bağlı əmək müqaviləsinin 2.3-cü bəndinə edilmiş dəyişikliyin etibarsız olması ilə bağlı iddiaçının dəlillərini əsassız hesab etmişdir.

32. Məhkəmə kollegiyası müqavilənin hansı səbəbdən 27 gün müddətinə uzadılması ilə bağlı iddiaçının şikayətinin dəlilinə münaibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddətinin 04 oktyabr 2024-cü il tarixdə bitməsinə baxmayaraq, Cavabdeh QSC-nin 30 sentyabr 2024-cü il tarixli əmri ilə iddiaçıya 2024-cü il oktyabr ayının 02-21 tarixlərində əmək haqqı saxlanılmaqla istirahət günü verilmişdir. Hərçənd ki, cavabdeh Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin uzadılmadan da məzuniyyətdən qayıtdıqdan sonra xitam verilə bilərdi. Hazırkı işin hallarına görə isə cavabdeh işəgötürənin müqavilənin müddəti bitdikdən sonrda iddiaçı ilə əmək müqaviləsinin müddətinin uzatmaq niyyətində olmaması əvvəlcədən bilinən hal olmuşdur. Lakin, işdə olan sübutların və tərəflərin qarşılıqlı münasibətinin təhlili ilə belə müəyyən olunur ki, tərəflər məhz 2024-cü il oktyabr ayının 02-21 tarixlərində əmək haqqı saxlanılmaqla istirahət günü verilməsi ilə əlaqədar, müqavilənin xx.xx.2024-cü il tarixinədək uzadılmasına dair razılığa gəlmişlər. 17 oktyabr 2024-cü il tarixdə isə xəbərdarlıq məktubu verilməklə iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, 31 oktyabr 2024-cü il tarixdə isə müddət bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ali təhsilli olmaqla, cavadbeh təşkilatda yüksək vəzifəyə təyin olunması ilə əlaqədar əmək müqaviləsi bağlayarkən, tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında müqavilənin müddətli bağlanmasına etiraz etməmiş, müqavilənin şərtlərini və əmək funksiyalarını yerinə yetirməklə faktiki olaraq bütövlükdə əmək müqaviləsinin məzmunu, o cümlədən müqavilənin müddətlə bağlı şərtilə razı olduğunu öz hərəkətləri ilə nümayiş etdirmişdir. Müqavilənin müddəti yalnız bir dəfə eyni müddətə uzadılmışdır. Digər tərəfdən Cavabdeh QSC-nin tikilməkdə və tikintisi genişlənməkdə olan turizm kompleksi olması ilə əlaqədar dağlıq ərazidə turizmin inkişafı ilə əlaqədar müxtəlif yeni aspektdə layihələrin həyata keçirildiyini, bununla əlaqədar olaraq burada tikinti, quraşdırma, yaşıllıqların salınması, avtomobil yolların və kanat xətlərinin çəkilməsi və s. qısa müddətli iş həcmlərinin yerinə yetirildiyini, bu işlərin görülməsi ilə əlaqədar strukturun daima təkmilləşdiyini və müddətli işlərin yerinə yetirlməsi ilə əlaqədar strukturda yaradılan bir sıra vəzifələrə müddətli əmək müqavilələri bağlanılmaqla işçilər işə qəbul edilidiyini, İddiaçı işə qəbul edildiyi vəzifələrlə bağlı işlər daimi xarakterə malik olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanıldığını bildirmidir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra Cavabdeh QSC-nin 05 noyabr 2024-cü il tarixli əmri ilə texniki xidmət departamentinin departament direktoru vəzifəsinin ləğv edildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin və 47-ci maddəsinin "xxxx" bəndinə uyğun olmasını qəbul etmişdir.

34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-240/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar