Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-786/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı X2 cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3007/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı X5 cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat Bələdiyyəsinə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsinə və fərdi yaşayış evi tikməsinə törədilən maneələrin aradan qaldırılmasına və torpaq sahəsinin boşadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3007/2025 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhəri Corat Bələdiyyəsinə qarşı “maneələrin aradan qaldırılması və torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). İddiaçı X2 nümayəndəsi və vəkili X7 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3007/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı tamamilə əsassız və qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)- 15/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin iddiaçı X4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Cavabdeh Sumqayıt şəhəri Corat bələdiyyəsi birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-40/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)- 15/2024 nömrəli qərarı ləğv edilmiş və iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçının mümkün ola biləcək uğurlu hüquq müdafiə vasitələri Corat bələdiyyəsi ilə qeydiyyat orqanı arasında yaranmış mübahisədən, eyni zamanda mahiyyət etibarı ilə Novxanı bələdiyyəsi ilə Corat bələdiyyəsi sərhədlərinin müəyyən edilməsindən asılıdır. İddiaçı bu mübahisənin nəticəsinə uyğun olaraq daha əlverişli hüquq müdafiə vasitəsi seçə bilər. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya tələbi və ya mübahisəli ərazilərin boşaldılması ilə bağlı tələblər qaldıra bilər. Lakin bu tələblərin kimə qarşı qaldırılmasının Corat bələdiyyəsinin iddiasının nəticəsindən sonra müəyyən edilməsi daha məsədəmüvafiq hesab olunur. Göründüyü kimi, iddia əsaslıdır və Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3007/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 3007/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-1(118)-15/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin iddiaçı X4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2- 1(118)-15/2024 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, onun hüquqi marağı mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinə istədiyi kimi sahiblik etməkdir. Lakin cavabdeh Corat bələdiyyəsi isə qeyd edir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbirstanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən X2 adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli RX ******* nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdır. Sözügedən torpaq sahəsi qəsəbə qəbirstanlığı üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin həmin torpağa dair hüquqmüəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü bələdiyyə mülkiyyətini pozmaqla tərtib olunmuşdur.” Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki iddiaçının mülkiyyətində olan torpaq sahəsini Novxanı bələdiyyəsi ayırmışdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mühəndisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, mübahisəli torpaq sahəsində yol istiqamətində sağ tərəfdə hasar daxilində kiçik tikilinin olduğu, geri qalan sahədə isə qəbirlərin mövcud olduğu, boş sahənin olmadığı müəyyən edilmişdir. Həmçinin bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 04 fevral 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilir ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılmışdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi üst-üstə düşür. Faktiki torpaq sahəsindən qəbrstanlıq kimi və başqa şəxs tərəfindən zəbt olunaraq istifadə olunur. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli ərazinin faktiki olaraq qəbirstanlıq olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı üçün o, hüquqi maraqlarına uyğun olaraq tələblər irəli sürməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi nəticəyə fərqli tələblər formasında çatmaq mümkün ola bilər. Həmin qərardadda həmçinin qeyd edilmişdir ki, iddiaçının mümkün ola biləcək uğurlu hüquq müdafiə vasitələri Corat bələdiyyəsi ilə qeydiyyat orqanı arasında yaranmış mübahisədən, eyni zamanda mahiyyət etibarı ilə Novxanı bələdiyyəsi ilə Corat bələdiyyəsi sərhədlərinin müəyyən edilməsindən asılıdır. İddiaçı bu mübahisənin nəticəsinə uyğun olaraq daha əlverişli hüquq müdafiə vasitəsi seçə bilər. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı vurulmuş ziyana görə kompensasiya tələbi və ya mübahisəli ərazilərin boşaldılması ilə bağlı tələblər qaldıra bilər. Lakin bu tələblərin kimə qarşı qaldırılmasının Corat bələdiyyəsinin iddiasının nəticəsindən sonra müəyyən edilməsi daha məqsədəmüvafiq hesab olunur. Göründüyü kimi iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-40/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında sözügedən iddianın mümkün sayılmamasının əsası kimi iddianın mülki məhkəmə icraatı qaydasında baxılması deyil, iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi nəticəyə fərqli tələblər formasında çatmaq mümkün ola bilməsi göstərilmişdir Ərizənin məzmunundan göründüyü kimi iddiaçı cavabdehlərin hərəkətlərinin onun hüquqlarını pozduğunu iddia edir və həmin hərəkətlərin qanunsuz hesab olunmaqla qadağan edilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin tələb müəyyən hərəkətləri etməkdən çəkinməyə dair mübahisə kimi qiymətləndirilməli, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatından görünür ki, Azərbaycan Respublikasının bələdiyyələri və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqan hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, MPM-in normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası izah edir ki, Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsində nəzərdə tutulmuş “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, hazırki iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılan iddia hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-inin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-inin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-inin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395- 396, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3007/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-786/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-786/2025
14.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver