Məhkəmə qərarları › İş №2(105)-800/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-800/2025

15.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-800/2025 15.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbı̇ nə (maraqlı tərəf X3 Xidmətinin Dağlıq-Şirvan Regional şöbəsi cəlb olunmaqla) "işə bərpa" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Nüydü kənd orta məktəbinin direktorunun ocaqçı-xadimə vəzifəsi üzrə əmək müqaviləsinə xitam verməsi əmrini ləğv edərək onun işinə bərpa edilməsinə dair qətnamə qət edilməsini və ödədiyi 50 manat mediasiya rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Şamaxı rayonu Nüydü kənd orta məktəbinin 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrinin ləğv edilməsi və İddiaçı Şamaxı rayonu Nüydü kənd orta məktəbində kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbi şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsindən cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Həmin qərardaddan cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi şikayət verərək, şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassız olduğundan onu ləğv edib iş üzrə yeni qərardad qəbul edərək apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin qanuna müvafiq qaydada və müddətdə elektron məhkəmə kabineti vasitəsilə verilməsi təsdiq olunaraq onun Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)- 317/2025 saylı qərardadından cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və Şamaxı Rayon Məhkəməsinin 2(074)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində yazılanlardan görünür ki, İddiaçı, Şamaxı Rayonu Nüydü kənd tam orta məktəbinə qarşı iddia qaldıraraq həmin məktəbin direktoru kimi onuun imzaladığı 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrin ləğv edilərək həmin məktəbdə kiçik xidmətçi (xadimə) işinə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi məhkəmə tərəfindən təmin olunduğundan və o da Şamaxı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 2(074)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən narazı qaldığına görə qanunla müəyyən edilmiş qaydada və müddətdə elektron məhkəmə kabineti vasitəsilə apellyasiya şikayəti vermişdir. Lakin Şamaxı Rayon Məhkəməsi 2(074)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edərək Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 10-1.3-cü və 363.1.5-ci maddələrini əsas gətirib apellyasiya şikayətinin guya elektron məhkəmə kabineti vasitəsilə verilmədiyini bildirərək onu geri qaytarmışdır. Odur ki, əsas sübut onun iş üzrə apellyasiya şikayətinin elektron məhkəmə kabineti vasitəsilə verilib-verilməməsini aydınlaşdırmaqdır. Elektron Məhkəmə Kabinetindən aşkar görünür ki, o, Şamaxı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 2(074)-317/2025 saylı, xx.xx.2025-ci i tarixli qətnaməsindən apellyasiya şikayətini qanunamüvafiq qaydada Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü və 363.1.5-ci maddələrinin tələblərinə uyğun şəkildə vermişdir. Bu elə bir məsələdir ki, yalnız elektron məhkəmə kabinetinə baxılması yeganə əsas sübutdur. Elektron nüsxəsini bu şikayətinə daxil etdiyi Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2029-cu il tarixli, K-1800 saylı əmrindən görünür ki, Şamaxı Rayonu Nüydü kənd tam orta məktəbinin direktoru təyin olunmaqla həmin məktəbi o, təmsil edir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassız olaraq ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilərək apellyasiya şikayətinin qanunamüvafiq qaydada və müddətdə elektron məhkəmə kabineti vasitəsilə verildiyi təsdiq olunaraq onun Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi təmin olunmalı, əsassız bəhanələrlə apellyasiya şikayəti vermək hüququ pozulmamalıdır. Haqlı və əsaslı şikayətinin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi xahiş olunur.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)- 317/2025 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti prosessual qanunvericiliyin normasının tələbinə uyğun hesab edilməlidir.

13. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsindən cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbi Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir.

15. Həmin qərardaddan cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi şikayət verərək, şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 317/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassız olduğundan onu ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

17. Belə ki, iş “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 saylı qətnaməsinin surətini xx.xx.2025-ci il tarixində almış və xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

18. Göründüyü kimi cavabdeh məhkəmə aktını əldə etdikdən sonra prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə bu halları nəzərə almamışdır.

19. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsindən cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir.

20. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

21. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qərardadı ləğv olunsun. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsindən cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar