Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-811/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, 31 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim S.M.Quliyeva)
2. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın ona dair hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci tarixli, 2(105)- 1113/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. Sumqayıt Apellasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci tarixli, 2(105)- 524/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Bu qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1374/2023-cü il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Sözügedən qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-524/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-5782/2022 nömrələli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
10. Bundan sonra Rzayev X3 Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətinə, apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədən cavabdehin yalnız Sumqayıt Apellyasiya Məhkəməsində yekun məhkəmə aktı qəbul olunandan sonra məlumatı olmuşdur. Belə ki, qeyd olunan mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-524/2022 nömrəli, 15 mart 2022-ci ıl tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər Sumqayıt Apellyasiya Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(105)-524/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(102)-5782/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qərarlarında göstərilmişdir ki, iş üzrə cavabdeh Rzayev X3 Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmiş, bu səbəbdən də qətnamə ona aid hissədə apellyasiya araşdırmasının predmeti olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, başqa sözlə, həmin qətnamə üzrə onun hər hansı tələbi apellyasiya baxışının predmeti olmadığından o, qətnamədən kassasiya şikayəti verə bilməz. Məhz bundan sonra Cavabdeh2 13 fevral 2023-cü il tarixdə mübahisələndirilən qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmədən isə şifahi qaydada ona apellyasiya şikayətinin geri qaytarıldığı və prosessual müddətin buraxıldığı bildirilmişdir. Buna görə də prosessual müddətin bərpası barədə ərizə ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
12. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) 2(012)-2659/2018 saylı, 31 iyul 2023-cü tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilməmiş və onun apellyasiya şikayəti geri qaytarılmışdır.
13. Cavabdeh2 sözügedən qərardaddan şikayət vermiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Qərardaddan verilmiş şikayət xx.xx.2024-cü il tarixdə icraata verilmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
16. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə ərizənin rədd edilməsi barədə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin qətnamə onun üçün müəyyən öhdəlik yaratmışdır. O, məhkəmə icraatından məlumatsız olmuşdur. Məhkəmə iclaslarından heç bir məlumatı olmamışdır. Mübahisəli məhkəmə qətnaməsi onun yaşadığı, mübahisə predmeti olan Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanda inşa edilən 14 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən 192 saylı mənzilə deyil rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmişdir. Həmin ünvanda yaşayış olmadığından qətnaməni əldə etməmişdir. Həmin qətnamədən cavabdeh yalnız apellyasiya instansiya məhkəməsinin yekun məhkəmə aktı qəbul edildikdən sonra məlumatlı olmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən isə cavabdeh kassasiya şikayəti vermişdir. Müddətin bərpası barədə ərizədə qeyd edilənlərdən aydın olduğu kimi iş üzrə qəbul edilmiş məhkəmə aktlarında göstərilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, onun apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ istisna edilmişdir. Buna görə də o birinci instansiya məhkəməsinin qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin ona bir müddət sonra məhkəmədən şifahi formada apellyasiya şikayətinin geri qaytarıldığı bildirilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması, həmçinin apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina barədə məhkəmənin mövqeyi əsassızdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
17. Şikayətə qarşı yazılı etiraz və vəsatət verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir..
Tətbiq edilən hüquq
19. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 2(012)- 2659/2018 saylı, 31 iyul 2023-cü tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
21. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin mübahisələndirilən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 nömrəli, 31 iyul 2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş üzrə yuxarıda sadalanan ardıcıllıqdan bəlli olduğu kimi cavabdeh mövcud prosessual tələblərə zidd olaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədən, onun üçün yeni hər hansı öhdəlik yaratmayan apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
24. Onun şikayəti geri qaytarıldıqdan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə ilk dəfə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır.
25. Bundan sonra cavabdeh prosessual müddətin bərpasına dair yuxarıda qeyd olunan ərizə ilə məhkəməyə müraciət edərək müddətin bərpa edilməsini xahiş etmişdir.
26. İşə baxan məhkəmənin ərizənin geri qaytarılması barədə mövqeyini əsaslı və işin faktiki hallarına uyğun hesab edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Apellyasiya kollegiyası qeyd edir ki, cavabdehin hazırda mübahisələndirdiyi qətnamə xx.xx.2019-cu il tarixli məktubla tərəflərə o cümlədən Cavabdeh2 göndərilmişdir. Lakin həmin qətnamənin sonuncu tərəfindən təhvil alınmasına dair iş materiallarında hər hansı sübut yoxdur.
28. Həm cavabdehin ərizəsində qeyd etdiyi hallardan, həm də iş materiallarından müəyyən edilir ki, Cavabdeh2 apellyasiya instansiya məhkəməsində təkrar icraat zamanı nümayəndə və vəkili Ramin Əliyev tərəfindən təmsil olunmuş, dolayısıyla, həmin tarixdən mövcud məhkəmə mübahisəsindən, ziyanına qəbul edilmiş məhkəmə qətnaməsindən məlumatlı olmuşdur. Belə olan halda cavabdehin hazırkı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ artıq xx.xx.2022-ci il tarixdən ona bəlli olmuşdur.
29. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərindən görünür ki, sonuncu əslində özü də qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsi əsasını qəbul etmiş, lakin bu halın üzürlü olmasına dair dəlillər qeyd etmişdir.
30. Şikayəti əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabderh Cavabdeh2 bundan əvvəli proseslərdə müstəqil şəkildə vəkillə təmin olunmuşdur, habelə apellyasiya şikayəti yenə vəkil tərəfindən tərtib edilmişdir. Bu hal özlüyündə cavabdehin maddi imkansızlıq ucbatından apellyasiya şikayətini zamanında vəkilə tərtib etdirə bilməməsi, yaxud hüquqi savadsızlıq səbəbindən qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin mövcudluğunu bilməməsi kimi halların inandırıcılığını istisna edir.
31. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir.
32. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər ( o cümlədən də müddət tələbi), habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.
33. Qeyd edilməlidir ki, şikayətlərin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi (dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar) apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.
34. Kollegiyanın qənaətinə görə müddətin bərpa edilməməsi və şikayətin qaytarılması məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».
36. Yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı, 31 iyul 2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 399 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2659/2018 saylı, 31 iyul 2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.