Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-82/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti cəlb olunmaqla) torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-30/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajı X1 almışdır.
2. İş materiallarına 102a saylı qarajın texniki pasportu əlavə edilmişdir. Texniki pasportda qarajın sahibi kimi X7 qeyd edilmiş, sonradan adın üstündən xətt çəkilərək iddiaçının adı yazılmışdır.
3. İş materiallarına surəti əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında qeydiyyatda Cavabdeh2 11-ci mikrorayonla üzbəüz mövcud fərdi yaşayış evlərinə yaxın Memarlıq və şəhərsalma idarəsi tərəfindən tərtib edilmiş mövqe planına uyğun 64 nömrəli sahədə yerləşən 400 kv.m torpaq sahəsində fərdi yaşayış evinin layihələndirilərək tikintisinə icazə verilməs qərara alınmışdır.
4. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyini nəzərə alaraq, 11-ci mikrorayon ərazisində istehsal və kommersiya sahələri tikintisi məqsədilə vətəndaş X9 9600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayonla üzbəüz mövcud fərdi yaşayış evlələrinə yaxın ərazidə daş qarajların tikintisi məqəsədilə vətəndaşlara torpaq sahələrinin ayrılması barədə Sumqayıt şəhər X12 İcraiyyə Komitəsinin 30 iyul 1975-ci il tarixli, 292 №li, 17 avqust 1978-ci il tarixli, 374 nömrəli, xx.xx.1982-ci il tarixli, 269.2 №-li və 26 noyabr 1982ci il tarixli 376.2 №-li qərarları ilə müxtəlif dövrlərdə Sumqayıt şəhər İcra hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin həmin ərazidə ayrı-ayrı hüquqi və fiziki şəxslərə istehsal və kommersiya sahələri tikintisi məqsədilə ayrılmış, hal-hazırda istifadəsiz və baxımsız saxlanılmış torpaq sahəsinin yerləşdiyi ərazidə şəhər əhalisinə hər biri 400 kv.m həyətyanı torpaq sahələri olmaqla fərdi yaşayış evlərinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.
6. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2022 ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisində Cavabdeh2 və Cavabdeh1 tikinti işlrəinin aparılmasına heç bir icazə verilməmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1023/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 45 000 manat kompensasiyanın tutulması haqqında iddia tələbi mümkün sayılmamışdır.
8. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının müraciəti əsasında toplanmış materialdakı xüsusatlar mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda ünvan 3A ərazisində Cavabdeh1 tərəfindən özbaşına tikinti işləri aparıldığı və bununla bağlı müvafiq orqanlara məlumat verildiyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisinin boşaldılması, inşa edilmiş tikilinin sökülməsi, qarajın əvvəlki vəziyyətə gətirilib ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərdən müştərək qaydada ona dəymiş ziyanın əvəzi olaraq 8160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajı satın almışdır. İddiaçı ölkə ərazisində olmadığı zaman ona məxsus qaraj sökülmüş və yerində tikinti işləri aparılmışdır. Apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, qarajın yerində tikinti işləri Cavabdeh1 tərəfindən aparılmışdır. Cavabdeh1 bildirmişdir ki, qaraj abadlıq işləri ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və xx.xx.2010-cu il tarixli, 194 nömrəli sərəncam ilə Cavabdeh2 verilmişdir. Cavabdeh1 da qarajın ərazisini Cavabdeh2 almışdır. Faktiki olaraq qarajın yerləşdiyi yerdə başqa şəxslər tərəfindən tikinti işləri həyata keçirilmişdir. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhəri 5-ci Polis Bölməsinin təhqiqatçısı araşdırma aparmış və iş üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus əmlakı zəbt etmiş, onu məhv etmiş, yerində yeni tikinti işləri aparmışdırlar. Bu hallara əsaslanaraq ona məxsus qarajın ərazisinin boşaldılması, orada inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, qarajın yenidən inşa edilərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qaraj qanunsuz olaraq sökülərkən qarajda iddiaçıya məxsus olan 8160 manat dəyərində əmlaklar onlar tərəfindən oğurlanmış və məhv edilmişdir. Bu əmlaklar: payka aparatı-2000 manat, frez 600 manat, mişar-600 manat, drellər 4 ədəd- 160 manat, perfarator 2 ədəd- 500 manat, laqonda 2 ədəd-500 manat, zajimlər 8 ədəd-100 manat, qaynaq aparatı 2 ədəd- 500 manat, iş stolu metaldan 150x70x70 sm-500 manat, məngənə-100 manat, metal rəf 4mx3m-1000 manat, açarlar və xırda alətlər-100 manat, jiquli və qazel avtomobillərinin ehtiyyat hissələri-1500 manat.
12. İşin məhkəmə baxışı zamanı Sumqayıt Şəhər İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-30/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisinin boşaldılması, inşa edilmiş tikilinin sökülməsi, qarajın əvvəlki vəziyyətə gətirilib iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərdən müştərək qaydada iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 8160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev).
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixli alqısatqı müqaviləsində X4 qarajı iddiaçıya satdığı qeyd edilmişdir. Həmin müqavilədən görünür ki, X4 102a saylı qaraj üzərində hüquqlarının əsası kimi Sumqayıt şəhər Tİ və UBnun xx.xx.1993-cü il tarixli 73 nömrəli arayışı və Sumqayıt şəhər XDS-nin xx.xx.1975-ci il tarixli qərarı göstərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə isə Sumqayıt şəhər XDS-nin xx.xx.1975-ci il tarixli qərarı ləğv edilmişdir. İddiaçının əsaslandığı qarajın texniki pasportunda isə X4 adı qeyd edilmiş, sonradan onun üstündən xətt çəkilərək iddiaçının adı qeyd edilmişdir. Eyni zamanda Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın yerləşdiyi torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti işlərinin aparılıb-aparılmaması ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən tikinti aparılan torpaq sahəsinin məhz iddiaçının ona məxsus olduğunu iddia etdiyi qarajın yerləşdiyi torpaq sahəsi olması iş materialları ilə sübut edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. İddiaçının ona məxsus olduğunu iddia etdiyi qarajın cavabdehlər tərəfindən sökülməsi sübut edilmədiyindən iddiaçının cavabdehlərə qarşı maddi ziyanın ödənilməsi tələbi də təmin oluna bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8, 152.5, 157.2-ci maddələri ilə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-30/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, işdə olan sənədlərdən də görsənir ki, iddiaçıya məxsus qaraj olub. Birinci instansiya məhkəməsi qeyd edir ki, qaraj olmayıb və ya qaraj sökülməmişdir. Belə yanaşma ümumiyyətlə qəbul edilməzdir.
Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdilər.
20. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
21. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
22. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Apellyasiya şikayəti İddiaçı tərəfindən verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-30/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Beləliklə, iddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102a saylı qarajın ərazisinin boşaldılması, inşa edilmiş tikilinin sökülməsi, qarajın əvvəlki vəziyyətə gətirilib ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, cavabdehlərdən müştərək qaydada ona dəymiş ziyanın əvəzi olaraq 8160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini tələb edir.
41. Mübahisəli daşınmaz əmlakla bağlı birinci instansiya məhkəməsinin icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, lakin ekspert rəy verməkdən imtina etmişdir.
42. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin icraatı zamanı Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində inşa edilmiş fərdi yaşayış evinin inşa edildiyi faktiki torpaq sahəsinin İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102 a saylı qarajın əvvəllər faktiki yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədi ilə yenidən ekspertiza təyin etmiş, lakin ekspertlər tərəfindən qərardadda qoyulmuş suallara cavab verilməmişdir.
43. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 102 a saylı qarajına dair idarənin arxiv məlumatlarında mövcud olan texniki pasportda qarajın yerləşdiyi döngə nöqtələrinin koordinatları, eyni zamanda sxem və ya plan mövcud olmadığı üçün sualların cavablandırılması mümkün olmamışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
45. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
48. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir. İddiaçı mübahisəli cavabdehin faktiki sahibliyində olan əmlak üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
49. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-30/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.