Məhkəmə qərarları › İş №2(105)-846/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-846/2024

30.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-846/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-49/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə Cavabdeh tərəfindən törədilən qəsdlərə son qoyulması və onun tərəfindən qanunsuz olaraq evinin divarına bitişik tikilmiş ayaqyolu və hamam kimi tikililərin, həmçinin “kombi” istilik avadanlığının onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-49/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia təmin olunaraq Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin divarına bitişik tikilmiş ayaqyolu, hamam tikililəri və “kombi” istilik avadanlığı Cavabdeh öz hesabına sökülməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.

3. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3-cü maddələri və Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

5. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

8. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

9. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)

10. Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

11. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

12. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

13. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

14. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

15. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

16. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

17. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, cavadeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin divarına bitişik tikililəri öz hesabına sökdüyündən, cavabdehə qarşı hər hansı tələbi qalmamışdır. Ona görə də, iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixli etibarnamədə onun iddia tələbindən tam və ya qismən imtina edilməsi üçün səlahiyyəti olduğundan, iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir.

20. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-49/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

21. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı tələbindən imtina etdiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekpertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddia tələbindən imtina qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-49/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar