Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-857/2025 17.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-731/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı 1500 manat məbləğində borcun və 8000 manat məbləğində dəymiş mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1500 manat məbləğində pulun və 8000 manat məbləğində dəymiş mənəvi ziyanın alınaraq tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı X2 ilə uzun illər çox yaxın mehriban ailə dostu, yaxın rəfiqə olmuşlar, imkanı daxilində ona maddi və mənəvi dəstək olmuşdur. 2018-ci ilin noyabr ayının əvvəlində Sədaqət onun öncə şəxsi mobil nömrəsinə zəng edib tək yox (özünün dediyinə görə yaxın rəfiqəsi) Cavabdeh adlı bir qadınla birlikdə axşam onlara gələcəyini bildirmiş, o məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Nəsimi rayon, Asif Məhərrəmov küçəsi, ev 26, mənzil 50-yə gəlmişlər. Sədaqət ona rəfiqəsi Cavabdeh borc pul lazım olduğunu, iddiaçı isə pulu olmadığını bildirmişdir. Həmin an İlhamə ona yalvararaq dekabrın 21-i yaxın qohumlarının Rusiyadan 4000 dollar pul göndərəcəyini bildirmişdir. Lakin anasının təcili əməliyyat olacağı və övladının ciddi bir probleminin həlli üçün bu an ona 3200 manat məbləğində pul lazım olduğunu, 21 dekabr 2018-ci il tarixdə 4000 dollar alacağını, pulu alan kimi elə həmin an bankda milli valyutaya çevirib, gecə də olsa borcunu mütləq geri qaytaracağını demişdir. Əvvəl iddiaçı qətiyyətlə buna etiraz etsə də, lakin Sədaqətlə aralarında möhkəm inam, güvənin olduğu üçün, sonradan Sədaqətin, iddiaçının bacısı İsbəndiyarova Zəminə və qardaşı İsbəndiyarov Səməndərin iştirakı ilə sayaraq 3200 manat məbləğində pulu (İlhamənin öz təklifi ilə dekabr ayının 21-də qaytarmasına dair aralarında şəxsi əlyazması və imzası ilə şərti müqavilə əsasında əlbəəl) ona borc vermişdir. İddiaçı dekabr ayının sonuna kimi gözləmiş və Cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə iddiaçı onun şəxsi mobil nömrəsinə zəng edib tələb etdikcə hər dəfə eyni sözü təkrar edib, bir az səbr etməsini və qaytaracağını deyərək pulunu qaytarmamışdır. Sonralar zəng edib pulu istədikdə isə əvvəl özü nalayiq sözlərlə təhqir edib, sonra da telefonu “əri” kimi təqdim etdiyi şəxsə verib iddiaçını bir də zəng edib pulunu tələb edərsə öldürəcəyi ilə təhdid edərək, təhqiramiz sözlər işlətməklə telefonu söndürmüşlər. Bir müddət keçdikdən sonra Sədaqətin qızı Nabat və Nabatın tanışı Fazil xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə gələrək həmin puldan 900 manat iddiaçıya qaytarıb bildirmişlər ki, Cavabdeh borc aldığı puldandı. O həmin pulu götürərək bu qismi aldığına dair qəbz yazıb onlara vermişdir. 29 avqust 2020-ci il tarixdə 300 manatı Fazil iddiaçıya zəng edib kart hesabını istəyərək kart hesabına ödəyib, qəbzin şəklini çəkib, iddiaçıya göndərmişdir. Növbəti dəfə isə 2022-ci il fevral ayının təxminən 17si Fazil iddiaçının şəxsi mobil nömrəsinə zəng edib həmin borcun 500 manatını çatdırmaq istədiyini bildirmişdir. İddiaçı ona əvvəlki ünvandan köçdüyünü, yeni ünvanı söylədikdə isə həmin ünvana gələ bilməyəcəyini, əvvəlki ünvana yaxın yerdə görüşmələrini istəmişdir. Beləliklə Fazillə razılaşıb, vaxtı təyin edib, pulu götürmək üçün iddiaçının bacısı Zəminə İsbəndiyarovanı göndərmişdir. Fazil “ Memar Əcəmi” metrostansiyasının Moskva Univermağı çıxışında iddiaçının bacısı ilə görüşərək 500 manatı ona vermişdir. O vaxtdan bu vaxta kimi isə zəng edib pulunu istədikcə İlhamənin özü və “əri” kimi təqdim etdiyi şəxs, hər ikisi də iddiaçını təhqir və təhdid etdikdən sonra isə telefonu söndürməkdə davam etmişlər. Bir dəfə iddiaçı təkrar zəng edib pulunu istəyəndə bildirmişdir ki, borcunu ona geri qaytarmadıqlarına görə və üstəlik ədəbsizlik edib “əri” kimi təqdim etdiyi şəxslə birlikdə onu təhqir və təhdid etdiklərinə görə məhkəməyə rəsmi müraciət edəcək. İlhamə cavabında isə ona iddiaçıdan borc pul almadığını bildirəcəyini demişdir. Sübutu göstərəcəyini dedikdə isə qarşılığında onu evində zorla saxladığını, əlini tutub imzalatdırdığını deyəcəyini bildirmişdir. Onların hər ikisinin də illərdir təhdid və təhqirlərinə dözməyib, bu barədə məcbur qalıb, DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir, daha sonra isə aidiyyatı üzrə 19-cu Polis Bölməsinə dəvət olunaraq ərizə və izahatını yazıb vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin həmin məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Onun məhkəmə zamanı gətirdiyi arqumentlər məhkəmə tərəfindən nəzərə alınmamış, heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərinə hüquqi qiymət verməmiş, ona bəraət qazandırmışdır. Hazırda cavabdeh tərəf borclu olduğu təqdirdə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca və vaxtı-vaxtında icra etməməsi nəticəsində tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi müvafiq işə baxarkən, iş üzrə əhəmiyyət kəsb edən bütün faktları nəzərə almayaraq yalnız cavabdeh tərəfin verdiyi mülahizələrə istinad etməklə qətnamə qəbul etmişdir. O öz halal qazanclı pulunu tələb etdikdə belə, cavabdehin kobudluğuna, ona qarşı qəzəb və xislətli yanaşmasına və hədə-qorxularına məruz qalmışdır. Məhz birinci instansiya məhkəməsinin qətnaməsi də Cavabdeh kimi fırıldaqla məşğul olan şəxslərin əməllərinə bəraət qazandırır. Birinci instansiya məhkəməsi mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyərək, onun qanunla qorunan hüquqlarını kobud pozmuşdur. Beləliklə, Cavabdeh günahı ucbatından o həm maddi həm də mənəvi ziyan çəkmişdir. Məhkəmə onun sübutlarına önəm verməyərək, Cavabdeh xeyrinə qətnamə qət etmişdir. Halbuki, hakim işə birtərəfli qərəzli və ədalətsiz baxmalı deyildir. Həmin qətnamənin və hakimin mövqeyi ilə razılaşmayaraq, ləğv olunmasını, ədalətli qərar qəbul edilməsini tələb edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İş üzrə Cavabdeh yazılı ərizəsinə əsasən xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı 3200 manat məbləğində pul alması işin mübahisəsiz halıdır. İddiaçı qəbz əsasında Cavabdeh 3200 manat məbləğində pul verdiyini, həmin puldan xx.xx.2019-cu ildə 900 manatını, xx.xx.2020-ci ildə 300 manatını, xx.xx.2022-ci ildə isə 500 manatının qaytarıldığını, yerdə qalan 1500 manatı isə bugünə kimi qaytarılmadığını əsas gətirərək, iddiasının təmin edilməsini xahiş etmiş, cavabdeh isə anasının xəstəliyi ilə əlaqədar müxtəlif vaxtlarda pul aldığını və həmin məbləği qaytardığını bildirərək iddiaya etiraz etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehlərə borc şəklində 3200 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Göründüyü kimi cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi 3200 manatın 1500 manatını qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni müqavilə əsası olmadan varlanmışdır. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh əldə etdiyi həmin vəsaitin yerdə qalan 1500 manatını mərhum olanın, yəni iddiaçının mövcud tələbi ilə ona qaytarmalıdır. Lakin hazırkı vəziyyətdə cavabdeh müddətin tətbiqi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etdiyindən, bu iddianın təmin edilməsini istisna edir. Odur ki, məhkəmə kollegiyası iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (Mülki Məcəllənin 1095-ci maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin vəsaiti ondan geri tələb etmək üçün Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin 8000 manat məbləğində dəymiş mənəvi ziyanın alınaraq tam şəkildə ona ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd edir ki, iddiaçı ona mənəvi zərər vurulmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən, iddia tələbini bu hissədə də təmin etməməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə 1500 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından həmin hissədə kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-857/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-857/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver