Məhkəmə qərarları › İş №2(105)-869/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-869/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-869/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanlarının müəyyən edilməsi, İddiaçı1 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 nömrəli fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Müstəcab oğlu ilə birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə edilmiş olması nəzərə alınaraq onun və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisə predmeti olan yaşayış evinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 2 mərtəbəli, 257 nömrəli fərdi yaşayış evi kimi nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə xx.xx.2005cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahdan övladı olmamışdır. İddia tələbi əsassızdır. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 4 ünvanına gəlin köçmüşdür. 10 ilə yaxın həmin ünvanda yaşamışlar, 2013-2014-cü illərdə vaxtı ilə babası tərəfindən zəbt edilmiş özbaşına torpaq sahəsində mərhum atası, anası və qardaşı ilə birlikdə fərdi yaşayış evi tikmişlər. Ev tikildikdən sonra digər qardaşı anası ilə qalmış, ozü isə müvəqqəti olaraq həmin evə köçmüşdür, mübahisəli evin heç bir hüquq müəyyənedici sənədi yoxdur, torpaq sahəsi də baba torpağı olmuşdur. İddiaçı həmin evdə 2014-cü ildən 2019-cu ilədək fasilələrlə yaşayır. Məhkəmə iddiaçını evə köçürməklə qanunun normalarını pozmuşdur. Məhkəmə qanunun analogiyasını üstün tutaraq ev özbaşına tikili olduğundan iddianı təmin etmişdir. Onların münasibətləri yeni Mənzil Məcəlləsinin təsiri altına düşür. Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə münasibətləri tənzimlənsə iddiaçının evə köçürülməsi düzgün deyildir. Ev dövlət qeydiyyatına alınmasa da, valideynlərinə məxsusdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, İddiaçı1 Cavabdeh ilə 2003-cü ildə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, xx.xx.2005-ci ildə isə aralarındakı faktiki nikah münasibətini rəsmiləşdirmiş, birgə nikahdan uşaqları olmamışdır. Onlar ailə qurduqdan sonra qayınanasına məxsus ünvan 1, mənzil 4-ə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını da həmin ünvanda yerləşdirmişdir. İddiaçının cavabdehlə son dövrlərə kimi ailə münasibətləri çox yaxşı olmuşdur. Onlar birgə nikahda olduğu dövrdə, yəni 2010-cu ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi üzərində təxminən 2011-ci ildə iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş və həmin evdə yaşamağa başlamışdır. Eyni zamanda iddiaçı özünə məxsus olan cehiz əmlakı da qeyd olunan fərdi yaşayış evində yerləşdirmişdir. Lakin 2019-cu ilin iyul ayında cavabdeh iddiaçı birgə nikahda olduğu dövrdə ümumi vəsaiti hesabına tikdirdiyi evdən qanunsuz olaraq qovmuşdur. Bu günə kimi də cavabdeh iddiaçının həmin evdə yaşamağına imkan vermir. İddiaçının cavabdehlə mübahisəli evə olan hüquqları eyni dərəcədə olduğundan cavabdehin iddiaçını yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Bundan başqa tərəflərin birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi (tikdirdiyi) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 saylı fərdi yaşayış evi üzərində, həmin yaşayış evinin birgə nikah dövründə əldə etmələri nəzərə alınaraq iddiaçı və cavabdehin bərabər istifadə imkan müəyyən edilməli və iddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkilini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanları müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xx/xx-2610/69 saylı arayışdan görünür ki, Cavabdeh ilə X5 xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X4 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 144 saylı məktubda qeyd edilmişdir ki, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi ərazisində yerləşən sənədsiz tikilmiş fərdi yaşayış evində Cavabdeh həyat yoldaşı ilə birlikdə qeydiyyatsız yaşayır və sənədsiz istifadəsində olan 200 m2 torpaq sahəsi (bostançılıq) üzərində heç bir hüquq müəyyənedici sənədə malik deyil. Hal-hazırda Cavabdeh qanunsuz istifadəsində olan 200 m2 torpaq sahəsi X1 2010-cu ildə sənədsiz torpaq vergi ödəyicisi kimi qeydiyyata götürülmüşdür. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 257 saylı fərdi yaşayış evində elektrik enerjisindən istifadə edən istehlakçı kimi Cavabdeh qeydə alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MXS-6/1419 saylı məktubda qeyd edilmişdir ki, ********** saylı telefon İddiaçı1 adınadır. Qeyd olunan telefon xx.xx.2016-cı ildə çəkilmişdir. Bu günə qədər 158,20 aylıq abunə və 520 manat internet xidmət haqqı ödənişi edilmişdir. İşdə olan Sumqayıt şəhər X4 tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 139 saylı məktubda qeyd edilmişdir ki, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində (V məhəllə) ərazisində yerləşən 257 saylı evin yerləşdiyi torpaq sahəsi sənədsizdir, sahəsi təqribən 200 m2-dən artıqdır. X2 mülkiyyətinə aiddir. Həmin torpaq sahəsini Cavabdeh öz əmisi X3 almışdır. Cavabdeh 2011-ci ildən X1 sənədsiz torpaq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. 2011-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. 2013-cü ildə Cavabdeh həyat yoldaşı İddiaçı1 ilə birgə həmin yaşayış evində yaşamışlar. Məhkəmənin sorğusu əsasında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli **********06 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yerləşən 257 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək iddia tələbini yuxarıda qeyd edlən formada qismən təmin etmiş, gəldiyi nəticəni də Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının mübahisəli evə köçürülməsi və həmin evin birgə nikah dövründə əldə edilməsinin nəzərə alınması hissəsinin təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı köçmək istədiyi evdə 2014-2019-cu illərdə cavabdehlə birgə yaşamışdır. Mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış, evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Mübahisəli evə aid kommunal xidmətlər də cavabdehin adınadır. Qeyd edilən hallardan müəyyən olunur ki, həmin ev tərəflərin ailə kimi birgə yaşaması məqsədilə tikilmişdir. İddia tələbi də dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə istifadə hüququnun tanınması və evə köçürülmə tələblərinə dairdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 228.1-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin evə köçürmə hissəsi ilə bağlı haqlı olaraq belə nəticəyə gəlmişdir ki, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mənzil hüquq münasibətləri 2009-cu ilin oktyabr ayından sonra, 2014-cü ildə yarandığından mübahisəyə 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Bu baxımdan, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi mübahisəli ev də tərəflərin birgə nikah dövründə tikilməyə başlamışdır. Hazırda mübahisəli ev yaşayış üçün tam yararlıdır. Belə olan halda Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarına əsasən həmin evə münasibətdə iddiaçının hüquqları ilə cavabdehin hüquqları eynidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin üçüncü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (maddə 180.2). Məhkəmə kollegiyası qeyd edur ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının evə köçürülməməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli evin tərəflərin birgə nikahı dövründə əldə edilməsi kimi qəbul edilməsi barədə iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, ilk növbədə mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatından keçməmişdir. Eyni zamanda həmin evin birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi barədə tələb mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə iddia tələbini yuxarıda sadalalan formada təmin etməklə iddiaçının fərdi yaşayış evinə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur və bu səbəbdən qətnamə qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli fərdi yaşayış evinə iddiaçı ilə cavabdehin bərabər istifadə hüquqlarının müəyyən edilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. Mübahisəli ev hüquqi statusu etibarilə özbaşına tikili olduğuna görə həmin evə dair istifadə hüququnun (imkanları) tanınaması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinə tərəflərin bərbaər istifadə hüququnu tanınması qənaətinə gəlməkdə qanunverilik normalarını düzgün tətbiq etməmişdir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin qeyd edilən hissəsinin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanları müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-887/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 257 saylı evdən İddiaçı1 ilə Cavabdeh bərabər istifadə imkanları müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qqətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar