Məhkəmə qərarları › İş №2(105)-877/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-877/2025

11.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-877/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X12 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, müstəqil tələb sürməyən üçüncü şəxs X9 Xidmətinin X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsindən cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Şamaxı Rayonu Nüydü kənd orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Nüydü kənd orta məktəbinin direktorunun ocaqçı-xadimə vəzifəsi üzrə əmək müqaviləsinə xitam verməsi əmrini ləğv edilərək onun işinə bərpa edilməsinə dair qətnamə qət edilməsini və ödədiyi 50 manat mediasiya rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2010-cu il tarixdən Şamaxı rayon Nüydü kənd orta məktəbində müddətsiz əmək müqaviləsi ilə ocaqçı, xadimə işinə qəbul edilmişdir. İşi müddətində müdiriyyət tərəfindən hər hansı inzibati tənbeh cəzası almamışdır. Lakin, Şamaxı rayonu Nüydü kənd orta məktəbinin direktoru tərəfindən xx.xx.2024-cü il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Lakin işdən azad edilməyi barədə xitam əmri ona verilməmişdir. O, pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar Şamaxı rayonunda fəaliyyət göstərən Mediasiya təşkilatına və eyni zamanda X9 Xidmətinə rəsmi qaydada müraciətlər edib. X5 X1 ona göndərilmiş 3-17-5/2-H-74929/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli rəydən görünür ki, Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru tərəfindən işdən qanunsuz olaraq çıxarılmağı müəyyən edildiyi bildirilmişdir. Həmin rəydə yazılmışdır ki, aşkar olunmuş pozuntulara görə Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru Nümayəndə1 barədə xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu tərtib olunmuş və bu protokola əsasən o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən DƏMX-in Dağlıq X8 xx.xx.2024-cü il tarixli, MN0020670 nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 1500 (min beş yüz) manat cərimə olunmuşdur. Eyni zamanda həmin qərarda direktor Nümayəndə1 onun əmək müqaviləmə xitam verilməsi əmrinin ləğv edilməsi tələb olunmuşdur. Buna baxmayaraq Şamaxı rayon Nüydü kənd orta məktəbinin direktoru Nümayəndə1 X9 Xidmətinin tələbinə əməl etməmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya arayışından görünür ki, cavabdehin təqsiri üzündən bu mübahisə barışıq sazişi qaydasında həll edilə bilməmişdir. O, müddətsiz əmək müqaviləsi ilə Şamaxı rayon, Nüydü kənd orta məktəbində ocaqçı, xadimə işinə qəbul edilmişdir. Orada ümumi əmək müqaviləsinin müddəti 14 (on dörd) ildən çoxdur. X9 Xidmətinin X13 Şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci və 80-ci maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən işəgötürən inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuş və eyni zamanda işəgötürəndən özünün verdiyi əmri ləğv etməsi tələb olunmuşdur. Lakin işəgötürən bu tələbə məhəl qoymamışdır. Ona görə də mənə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Şamaxı rayonu, Nüydü kənd orta məktəbinin direktoru tərəfindən ocaqçı, xadimə vəzifəsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi əmri əsassız olduğundan ləğv edilməli və öz işimə bərpa olunmalıdır.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmiş, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Şamaxı rayonu Nüydü kənd orta məktəbinin 13 sentyabr 2024-cü il tarixli, 45 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şamaxı rayonu Nüydü kənd orta məktəbində kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbindən tutularaq İddiaçı ödənilməsi qət edlmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixdən Şamaxı rayon Nüydü kənd orta məktəbinə ocaqçı işinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Lakin o, işdən azad edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməmiş, həmçinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilarının qabaqcadan razılığı alınmamışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,70, 77, 80, 300-cü maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Şamaxı rayon Nüydü kənd orta məktəbin tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, İddiaçı pensiya aldığından o ixtisara düşmüşdür. Şamaxı Rayon Nüydü kənd tam orta məktəbində 1.0 ştat vahidi kiçik xidmətçi ştatı ixtisara düşdüyündən Şamaxı Rayon Nüydü kənd tam orta məktəbində xadimə vəzifəsində işləyən İddiaçı qanunamüvafiq qaydada işdən azad ediləcəyi barədə xəbərdar edilməklə tutduğu vəzifəsindən azad edilmişdir. Belə ki, Şamaxı Rayon Nüydü kənd tam orta məktəbində 11 sentyabr 2024-cü il tarixdə iclas keçirilmiş və müəyyən ştatların ixtisara düşməsi barədə aidiyyəti işçilərə məlumat verilmişdir. İşçi, xadimə İddiaçı əmək müqaviləsindən görünür ki, o, 15 sentyabr 2021-ci il tarixdən bir il müddətinə işə qəbul edilmişdir və sonradan müddətli əmək müqaviləsi formasında 2024-cü ilin sentyabrın ortalarınadək uzadılmışdır. İş materiallarına daxil edilmiş Şamaxı Rayonu Nüydü kənd tam orta məktəbinin Pedaqoju Şurasının xx.xx.2024cü il tarixli, 01 nömrəli iclas protokolundan görünür ki, məktəbin X10 kənd tam orta məktəbində sinif komplektlərinin sayının azalması səbəbindən 0.5 ştat vahidi xadiməsi, yaşa görə əmək pensiyası alan İddiaçı, 1.0 ştat vahidi kiçik xidmətçi işçi ştatı ixtisara düşdüyü üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “b” bəndi ilə onun işdən azad olunmasına etiraz etmədiyi yazılmışdır. Yəni işçinin (xadimənin) işdən azad edilməsi təkcə məktəb direktorunun əmrinə əsaslanmadığından hansısa qərəzli münasibətdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Dövlət Ümumtəhsil məktəblərinin, Litseylərin və Gimnaziyaların nümunəvi ştatları haqqında (№ 59, xx.xx.1996-cı il) Azərbaycan Respublikası Təhsil Qanununa müvafiq olaraq əsas və orta ümumtəhsil və günü uzadılmış məktəblərin, litseylərin və gimnaziyaların nümunəvi ştatlarını, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatlarını nizama salmaq məqsədil Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı təsdiq edilmişdir. Şamaxı Rayonu Nüydü kənd tam orta məktəbinin Pedaqoju Şurasının xx.xx.2024-cü il tarixli, 01 nömrəli iclas protokolunda və buna müvafiq əmrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyi qərarının müvafiq bəndlərinə tam riayət edilmişdir. Sözügedən işçinin ixtisara düşməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi üzrə əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Bu mənada X9 Xidmətinin X3 rəyi də tam əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məkdəbdə yarım ştat xadimə işləyir, məktəbdə 5 xadimə var. Sinif azlığı ilə əlaqədar ixtisar ştatlar ixtisar olunmalı idi. 1 ştat vahidli xadiməni ixtisara salıb, ona məxsus yarım ştat vahidini həmin xadiməyə verib. Buna görə X7 müracitə etmiş, müraciətdən sonra məktəb direktoru 1500 manat cərimələnmiş, tələb edilmişdir ki, onun işdən azad olma barədə əmri ləğv edilməlidir. Lakin cavabdeh işdən azad olma barədə əmri ləğv etmədi. 2024-cü ilin iyun ayında 63 yaş 6 aydan pensiyaya çıxıb. 2025-ci ili dekabrında 65 yaşı tamam olacaq. Bu yaşa qədər 1 il yarım işləmək hüququ var. Buna görə də şikayətin təmin edilməməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında, maraqlı şəxs X9 Xidmətinin X2 nümayəndəsi Nümayəndə2 bildirdi ki, əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının əmək stajı nəzərə alınmalı, əvvəlcədən xəbərdarlıq edilməli, həftədə bir gün icazə verilməlidir ki, özünə yeni iş tapsın. Eyni zamanda həmkarlar komitəsinin rəyi alınmalıdır. Lakin bu iki hala əməl edilməmişdir. Bu səbəbdən müfəttişlik tərəfindən məktəb barəsində inzibati tənbeh növündə qərar qəbul edilmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh Şamaxı rayon Nüydü kənd orta məktəbinə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin olmadan işin baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. xx.xx.2024-cü il tarixli, 45 saylı əmrin surətindən görünür ki, Nüydü kənd orta məktəbinin 0,5 ştat vahidi kiçik xidmətedici işçisi İddiaçı – sinif komplektlərinin sayının azalması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarının tələbinə əsasən 1,0 ştat vahidi kiçik xidmətedici işçi ştatı ixtisara düşdüyü üçün məktəbin 0,5 ştat xadiməsi yaşa görə əmək pensiyası alan İddiaçı – tutduğu vəzifədən xx.xx.2024-cü il tarixdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son haqq hesabın ödənilməsi əmr edilmişdir.

14. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən 528 saylı əmrə əsasən Şamaxı Rayonu Nüydü kənd orta məktəbinə müddətsiz əmək müqaviləsi ilə “ocaqçı” vəzifəsinə təyin edilmişdir.

15. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında MN ******* saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Nümayəndə1 barəsində 1500,00 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilməsi qərara alınmışdır.

16. Nüydü kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 46 nömrəli protokolundan görünür ki, məktəbin X10 kənd tam orta məktəbində sinif komplektlərinin sayının azalması səbəbindən 0,5 ştat vahidi xadiməsi, yaşa görə əmək pensiyası alan İddiaçı 1,0 ştat vahidi kiçik xidmətçi işçi ştatı ixtisara düşdüyü üçün xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə işdən azad olunmasına etiraz etmir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

b) Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

Maddə 77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 80.1. Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

18. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

19. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərək, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbi pozulmaqla, əmək müqaviləsi ləğv edilməzdən əvvəl iddiaçı müəyyən olunan əmək stajından asılı olaraq qanunla müəyyən edilmiş müddətlərdə rəsmi xəbərdar edilməmiş, həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə müvafiq olaraq, həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı alınmamışdır. Cavabdeh tərəfindən Nüydü kənd tam orta məktəbinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli, 46 nömrəli qərarı məhkəməyə təqdim edilmişdir ki, həmin qərar da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinə 3 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə artıq xitam verilmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh Şamaxı rayonu Nüydü kənd orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-317/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar