Məhkəmə qərarları › İş №2(105)-88/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-88/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-88/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, payın naturada ayrılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(067)-458/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, payın naturada ayrılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) İddiaçı kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(105)-1565/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-057 F kod 30213068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Xaçmaz rayonu, Qıraqlı kəndi ərazisində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsindən ona düşən 0.15 ha hissəsinin ayıraraq onun payına verilməsi və həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, həmçinin, cavabdehdən torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyi üçün zərərin əvəzi olaraq 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə Xaçmaz rayonu, Qıraqlı kəndi ərazisində X2 ilə onun birgə mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində nənəsi ilə birgə mülkiyyəti xx.xx.2003-cü il tarixdə verilmiş JN-057 F kod 30213068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Nənəsinin ölümündən sonra əmisi olan Cavabdeh nənəsi və babasından miras qalmış Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən yaşayış evini ələ keçirərək, onu və digər vərəsələri həmin evə gəlib-getməyə qoymamışdır, hal-hazırda da həmin evdə yaşayır. Dəfələrlə cavabdehdən 0.30 ha həyətyanı torpaq sahəsindən ona düşən 0.15 ha hissəsinin ayrılması barədə razılığa gəlməyi xahiş etsə də, o, qəti surətdə bundan imtina edir və bildirir ki, miras ev də, evin həyətyanı torpaq sahəsi də bütövlükdə ona məxsusdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hazırkı iddia ərizəsi ilə bağlı sənədləri tərtib edərkən, məlum olmuşdur ki, xx.xx.2003-cü il tarixdə verilmiş JN-057 F kod 30213068 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə itmişdir və o, xx.xx.2020-ci il tarixdə bu barədə qəzetdə elan vermişdir. Şəhadətnamənin isə kserosurəti onda qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 17 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 - 152.3, 152.5, 157.2-ci maddələrinin və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iCavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi iddiaçının tələbini əsaslandırdığı faktları əslində cavabdehin etiraf etməsini nəzərə almadan, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmamasına dair işin halları barədə səhv nəticəyə gəlməsini qeyd etmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisəli 0,30 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən 0,15 ha həyətyanı torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü ilə bağlı iş üzrə müvafiq ekspertiza keçirilməklə iddia tələblərinin əsaslığına düzgün hüquqi qiymət verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin İddiaçı və nənəsi Ayşa Qadaşovanın birgə mülkiyyətində olması və sonuncunun 17 yanvar 2011-ci ildə ölməsi işin mübahisə olunmayan halıdır. İddia tələbi Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən ona düşən 0,15 ha hissəsinin ayrılaraq onun payına verilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, habelə torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün zərərin əvəzi olaraq cavabdehdən 4.500 manat pulun tutulub ona ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.2-220.4-cü maddələri təşkil edir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6. maddələri). Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətin tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvercilik mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsünün aparılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2023-cü il tarixli 10/1252 nömrəli ekspert rəyi ilə 0,30 ha torpaq sahəsindən iddiaçının payına düşən 0,15 ha həyətyanı torpaq sahəsinin "xxxx" MMC-nin 19 may 2022-ci il tarixli 119№li mütəxəssis rəyində göstərilən qaydada naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi ümumi paylı mülkiyyətdə olan iddiaçıya məxsus payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası ümumi paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada ayrılmasının texniki cəhətdən qeyri mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, payın naturada ayrılması və zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci 150 (bir yüz əlli) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar