Məhkəmə qərarları › İş №2(105)-886/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-886/2024

08.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-886/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə və 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X4 qarşı mülki iş üzrə (Açar söz: alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X22 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X3, cavabdehlər Cavabdeh1n və Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestri, ********** qeydiyyat nömrəli çıxarışın, 1 saylı Bakı "ASAN xidməti’’ mərkəzində Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 19 aprel 2023-cü il tarixli 4Ə-533 reyestrli alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestrli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsi, Koroğlu küçəsi ev 20-də müvəqqəti yaşayır. Çünki Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi 23 saylı evin təmirə ehtiyac var. Lakin qeydiyyatı ata yurdu olan ünvan 1 ünvanındadır. Vaxtaşırı həmin evə baş çəkir, ailəsi artır, həmin evə gələcəkdə qeydiyyatda olanlardan bır neçə nəfər köçmək niyyətindədir. Hazırda Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi, 23 saylı evin altında olan qarajda o, öz maşınını saxlayır. Bır neçə vaxt öncə qonşular dedilər ki, ev kiməsə satılıb və alan adam maşını çıxartmağı tələb edir. O, həmin şəxslə telefon vasitəsi ilə danışmışdır. Şəxs bildirdi ki, evi o alıb və evi sökmək istəyir. O, buna etiraz edərək, evə dair ona aid sənədlərin göstərilməsini xahiş etmişdir. Öz növbəsində isə həmin evə qeydiyyatının olması barədə sənədləri təqdim etməyə hazır olduğunu söyləmişdir. Şəxs hər hansı bır sənəd təqdim etməkdən imtina etdi. Həmin şəxsin evə hər hansı bır aidiyyətı yoxdur, qeydiyyatda olduğu evi sökməyə səlahiyyəti olmayan şəxs özbaşınalıq edir. Onun evə dair cavabdehə aid olan sənədlərin iddiaçıya göstərməyi tələb etmək hüququ var, sənədləri olmazsa cavabdehin hərəkətləri qanunsuzdur və onun istifadə hüquqlarını pozur, evi sökməklə ona xeyli miqdarda ziyan vura bilər. Bununla bağlı polis orqanlara müraciət etmiş və polis bölməsində Cavabdeh1 bildirmişdir ki, o alqı-satqı yolu ilə torpaq sahəsini alıb, həmin torpaq sahəsi olnun mülkiyyətindədir. Təqdim olunmuş alqı-satqı müqaviləsindən və çıxarışlardan bəlli olur ki, sənədlər Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsinə verilib. Lakin həmin torpaq sahəni məhz iddiaçının və onun ailə üzvlərinin qeydiyyatda olduğu evə verilməsi qaranlıq qalıb. Eyni zamanda alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi öncədən Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hazırda Cavabdeh1 onun və ailə üzvlərinin qeydiyyatda olduğu Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsi 23 saylı evi sökür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilməmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, Abşeron rayon Digah qəsəbəsində yerləşən torpaq sahəsi (üzərində tikili olan) X15, X19 və X5 birgə mülkiyyətində olmuş və onlar öz paylarını Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 da öz növbəsində həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış, hazırda torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. X13 isə ünvan 2 ünvanında qeydiyyatda olsa da həmin evlə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin məhkəmənin sorğularına həmin ünvanda hər hansı bir evin olmaması cavabı verilmişdir. Hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından onun hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən hüquq normalarının pozuntusu halları olmamışdır.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1.1.3, 140, 152.1, 178.1, 324.1, 324.2, 324.4, 337.1, 337.4, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsatətlə müraciət edərək DƏDRX-İ çıxarışın verilməsinə əsas olmuş sənədləri istənilməsini xahiş etmiş, hakim tərəfindən vəsatət təmin olunmuş, zəruri sorğu göndərilmişdir. Növbəti iclasda sorğuya cavab olaraq DƏDRX torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməni göndərmişdir. Həmin iclasda tərəfindən vəsatət təqdim olunmuşdur ki, torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsas olmuş sənədlər DƏDRX-dən istənilsin və hakim bu vəsatəti də təmin etmişdir. Bu barədə iş materiallarında olan iclas protokolunda öz əksini tapmışdır. Sonradan iş digər hakimin icraatına verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məlum olmuşdur ki, təmin olunmuş vəsatət üzrə sorğu DƏDRX-ə göndərilməmiş və təmin olunmuş vəsatət üzrə sorğunu DƏDRX-ə göndərməyi xahiş etmişdir. Buna baxmayaraq hakim özü, əvvəlki hakimin vəsatətinin təmin olunması barədə iclas protokolunda müvafiq qeydlərin olduğunu görməsinə baxmayaraq işin uzun müddət baxılmasına və sorğuların digər qurumlara göndərilməsinə əsaslanaraq sorğunu DƏDRX-ə göndərməyə imtina etmişdir. Bununla da hakim müdafiədən istifadə hüququnu kobud şəkildə pozmuşdur və üstəlik də artıq əvvəlki hakim tərəfindən təmin olunmuş vəsatəti icra etməmişdir. Nəticə etibarı ilə iş hərtərəfli araşdırılmamış qalmışdır. İş materiallarında olan sənədlər Torpaq Komitəsinin şəhadətnaməsi ilə Reyestrdən Çıxarış arasında açıq aşkar ziddiyyət olmasına baxmayaraq, məhkəmə onu araşdırmamış, təmin olunmuş vəsatəti icra etməmiş, çıxarış boş torpaq sahəsinə verilməsinə baxmayaraq, həm iddiaçı, həm cavabdehlərin torpaq sahəsində tikintinin mövcüdluğu ziddiyəti araşdırmamış, fərdi evdə iddiaçının qeydiyyatının olmasına baxmayaraq, hakim tərəfindən hər hansı bir hüquqmüəyyənedici sənədlərin istənilməsi və ümumiyyətlə mövqeyinə hüquqi qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək bildirmişdir ki, qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu hallan olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Halbuki, iş materiallarında olan Torpaq Komitəsinin şəhadətnaməsinə əsasən həmin torpağın üzərində 504.7 kv.m. yaşayış evi və 55.7 kv.m. başqa tikintilər mövcüddur. Lakin Torpaq Komitəsinin şəhadətnaməsi əsasında verilmiş dövlət reyestrdən çıxarış yalnız boş torpağa verilmişdir və şəhadətnamədən çıxarışa çevrilən zaman möcüzəli şəkildə yaşayış evi və digər tikintilər yox olmuşdur. Cavabdehlərdə etiraf etmişdirlər ki, həmin torpağın üzərində tikili bugünədək var. Həmin tikilidə qeydiyyatdadır və onun qeydiyyatını təqdiq edən müvafiq arayış da var. Elə bu ziddiyət də Reyestrin məzmununun qeyri-dəqiqliyinin sübutudur. Lakin məhkəmə bütün bunları nəzərə almamış, heç bir hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Suallara cavabda isə bildirmişdir ki, təxminən 10 yaşı olanda mübahisəli ünvandan çıxmışlar.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi vəkil X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə qeydiyyatı var, qeydiyyatla bağlı arayış təqdim edilib. Boş torpaq sahəsinə çıxarış alınmışdır. İşə birinci instansiya məhkəməsində işə baxılarkən üç hakim tərəfindən baxılıb. İlk əvvəl hakim Elman Məmmədov işə baxanda özəlləşdirilməyə əsas olmuş sənədlərin tələb edilməsi barədə vəsatət vermiş, hakim tərəfindən vəsatəti təmin edilmiş, sorğu əsasında çıxarışın verilməsinə əsas olmuş sənədlər, torpaq haqqında şəhadətnamə təqdim edilmişdir. Şəhadətnamədə də tikilinin mövcud olması qeyd edilib. Torpaq sahəsi özəlləşdiriləndə qeydiyyatda olan şəxslərin icazəsi olmalıdır. Məhkəmə gedişatında bilmişdir ki, şəhadətnamədə iddiaçının adı yoxdur. Şəhadətnamənin verilməsi qanunsuz olmuşdur. Bundan sonra şəhadətnaməyə əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğu verilməsini xahiş etmiş, hakim vəsatəti təmin etmişdir. Lakin hakim dəyişikliyi olduğundan sorğu verilməmiş, sonuncu hakimin icraatına verilərkən sorğunun verilməli olması barədə protokolda vəsatətin təmin edilməsi müəyyən edilsə də hakim tərəfindən sorğu göndərilməmişdir. Özəlləşdirmə iddiaçının hüquqlarını pozursa həmin sənədləri mübahisələndirəcəkdir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun qaynının oğlu olmaqla, 1986-1987-ci ildə iddiaçının atasına təsərrüfatdan ayrılmaq şərti ilə ayrıca torpaq sahəsi verilmişdir. Bu səbəbdən şəhadətnamədə onların adı qeyd edilməyib. İddiaçının həmin torpaq sahəsində yerləşən evdə hansı əsasla qeydiyyatda qalması müəyyən deyil. Həmin ünvanda iddiaçı ilə yanaşı çox sayda başqa şəxslər də qeydiyyatdadır. İddiaçının atasına ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşmir. Mübahisəli torpaq sahəsində yerləşən evdə özü ailəsi ilə 2000-ci ilə qədər yaşamış, həmin tarixdən sonra evdə yaşayış olmamış, torpaq sahəsi boş qalmışdır. İddiaçının ailəsinə 1986-1987-ci ldə torpaq sahəsi ayrılsa da ev tikintisi ilə əlaqədar onlar 1996-1997-ci ildə həmin evdən çıxmışlar. Şəhadətnamədəki şəxslər əri, oğlu və qızıdır. Özünün qeydiyyatı Sumqayıt şəhərində olduğundan şəhadətnamədə adı qeyd edlməmişdir.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bildirdi ki, 1 ildən artıqdır ki torpaq sahəsini alıb, özü azyaşlı uşaqları ilə birlikdə Hövsan qəsəbəsində kirayədə qalır, torpaq sahəsində tikinti aparılmasına icazə verilmir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

15. Cavabdeh 1 saylı Bakı «ASAN xidməti» mərkəzində Notariat Ofisinin xüsusi notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İşdə olan sübutlar

16. JN-507F KOD 30800066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1987-ci il tarixli, 249 saylı qərarı ilə Abşeron rayonu, Digah qəsəbəsində yerləşəm 0,13 ha həyətyanı torpaq sahəsi X6, X7 və X10 birgə mülkiyyətinə vermişdir.

17. xx.xx.2018-ci il tarixli Sumqayıt Cavabdeh4ndə notariat kontorunda təsdiq edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16, X19 və X15 JN-507F KOD 30800066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən birgə mülkiyyətlərində olan 0,13 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışlar.

18. ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində 0,13 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmışdır.

19. 1 saylı Bakı Cavabdeh4 Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın 4Ə- 533 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.13 ha torpaq sahəsini Cavabdeh1 25000 manata satmışdır.

20. ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsindəki 0,13 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır.

21. ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321-3-32/2-9859/2023 saylı məktubdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində yerləşən, 23 nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barəsində heç bir məlumat aşkar edilməmişdir.

22. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 18 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında 2000-ci il tarixdən mənzil məişət şəraiti qənaətbəxş olmadığı səbəbdən yaşayış olmamışdır. xx.xx.1951-ci il doğumlu Digah qəsəbə sakini X2 mülkiyyətində Digah qəsəbə Koroğlu küçəsi 26-da fərdi təsərrüfatı olmuşdur. 2011-ci ildə X8 vəfat etdikdən sonra həmin evi (təsərrüfatı) vərəsəlik yolu ilə mərhumun həyat yoldaşı X1 mülkiyyətinə keçmişdir. İddiaçı həyat yoldaşından boşanaraq göstərilən ünvanda yəni, Digah qəsəbə Koroğlu küçəsi 26-da yaşayır.

23. xx.xx.2023-cü il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 21 sentyabr 2005-ci il tarixdən Abşeron rayonu, Digah Qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi, X31 küçəsi, ev 23 ünvanında qeydiyyatdadır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

26. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Mülki Prosessual Məcəllə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)- 160/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Digah qəsəbəsindəki 0,13 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 249 saylı qərarı ilə X6, X10 və X7 mülkiyyətinə verilmiş, onlar tərəfindən isə həmin torpaq sahəsi xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə digər Cavabdeh1 25000 manata satmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət reyestrində qeydə alınmışdır. 31.Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı cavabdehə məxsus Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********21 reyestri, ********** qeydiyyat nömrəli çıxarışı (daşınmaz əmlakın dövlət reyestrindəki qeydi) mübahisələndirmişdir ki, həmin qeydin daşınmaz əmlakın dövlət reyestrində aparılmasına əsas xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi olmuşdur. Həmin müqavilə isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daşınmaz əmlakın dövlət reyestirndə qeydin aparılmasına əsas olmuş əqd ləğv və ya etibarsız hesab edilmədiyi təqdirdə isə həmin qeydin ləğv edilməsi mümkünsüzdür. Ən əsası isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsasına görə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindəki qeydin aparılmasına əsas olmuş əqdi mübahisələndirib-mübahisələndirməməsindən asılı olmayaraq, o hazırkı iddianı qaldırmaq üçün sübyektiv hüquqa malik olmamışdır. 32.Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisələndirdiyi 0,13 ha torpaq sahəsi əvvəl X15, X19 və X7 mülkiyyətində, daha sonra isə Cavabdeh2 mükiyyətində olmuşdur ki, mülkiyyətçilər də onlara mənsub əmlaka öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malik olmuşlar. İddiaçının isə mübahisələndirilən 0.13 ha torpaq sahəsi üzərində hər hansı bir hüququnun olması müəyyən edilməmişdir.

33. İddiaçı mübahsələndirilən 0,13 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olduğunu əsas gətirərək hazırkı iddianı qaldırmışdır ki, iddiaçının həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması da hazırkı halda ona iddianı qaldırmaq üçün subyektiv hüquq verməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunuduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

34. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 18 saylı arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən evdə 2000-ci il tarixdən mənzil məişət şəraiti qənaətbəxş olmadığı səbəbdən yaşayış olmamış, iddiaçının atası olan xx.xx.1951-ci il doğumlu Digah qəsəbə sakini X2 mülkiyyətində Digah qəsəbə Koroğlu küçəsi 26-da fərdi təsərrüfatı olmuşdur. 2011-ci ildə X8 vəfat etdikdən sonra həmin ev (təsərrüfatı) vərəsəlik yolu ilə mərhumun həyat yoldaşı X1 mülkiyyətinə keçmişdir. Məlikov X11 rayonu, Digah qəsəbə Koroğlu küçəsi 26 ünvanında yaşayır. İddiaçının özü də məhkəmə kollegiyasının iclasında 1990-cı illərin sonlarından mübahisəli torpaq sahəsində yerləşən evdə yaşamadığını etiraf etmişdir ki, bununla da iddiaçının mübahisəli evə istifadə hüququnun olması da müəyyən edilməmişdir. Hərçənd ki, itifadə hüququnun mövcudluğu halı da mülkiyyətçiyə əmlakı üzərində sərəncam vermə hüququnun həyata keçirə bilməsinə maneə deyildir.

35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsində məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyatı üçün əsas olması qeyd olunmuşdur ki, qeyd edilən normaya əsasən torpaq mülkiyyətçsinin həmin torpaq sahəsi üzərində yerləşən və mübahisəsiz olan evi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüququ vardır. Hazırkı işin hallarından isə göründüyü kimi mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri X15, X19 və X17, daha sonra isə Cavabdeh2 torpaq sahəsi üzərində yerləşən ev üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestində qeydə aldırmadan torpaq sahəsini özgəninkiləşdirmişlər. İddiaçı tərəfindən isə mübahisələndirilən torpaq sahəsi üzərində yerləşən və daşınmaz əmlakın dövət reyestrində qeydə alınmamış evin hər hansı bir formada mülkiyyətçisi olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin JN-507F KOD 30800066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin alınması ilə bağlı təmin edilmiş vəsatətin icra edilməməsi və həmin şəhadətnamənin əsassız verilməsi ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan JN-507F KOD 30800066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, mübahisələndirilən torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1987-ci il tarixli, 249 saylı qərarı əsasında mülkiyyətə verilmişdir ki, həmin qərarın, o cümlədən şəhadətnamənin mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında həll edilməli olan məsələ olmaqla, hazırkı mülki məhkəmə icraatının predmetinə aid olmamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının həmin şikayətinin dəlilini də əsassız hesab etmişdir.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması təsdiq olunmamışdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuş, spellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(012)-160/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar