Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-899/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs Sartıpzadeh Rahmatollahın iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.200 (on dörd min iki yüz) manat borc, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat pul və məhkəmə xərclərinə görə ödənilmiş 138.6 (yüz otuz səkkiz manat altımış qəpik) manat pul olmaqla, cəmi 16338.6 (on altı min üç yüz otuz səkkiz manat altımış qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 3 ilə yaxındır ki, qonuşuluqda yaşadığı üçün tanımışdır. Cavadehlə tanışlıq onların ailəvi münasibətlərin yaranmasına səbəb olmuşdur. Cavabdeh Abşeron rayonu ərazisində boş torpaq sahələrini alıb, həmin torpaq sahələri üzərində fərdi yaşayış evləri tikərək satıb həmin satışdan əldə olunmuş pullar vasitəsi ilə qazanc əldə edilməsi işi ilə məşğul olurdu və bu səbəbdən 2021-ci ilin noyabr ayında cavabdeh ondan borc pul istəmişdir. Həmin pulu o, 1 il müddətinə qaytaracağı vədini vermişdir. Yaranmış ailəvi münasibətlər zəminində ona etibar edərək xx.xx.2021-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində 26.000 (iyirmi altı min) manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan borcu xx.xx.2022-ci il tarixə tam olaraq borc verənə qaytarmaq öhdəliyini götürmüşdür. Amma buna baxmayaraq, cavabdeh müqavilə tələbi üzrə öhdəliyini icra etməyərək ümumi borcunu qaytarmamışdır. Cavabdeh müqavilədə göstərilən 26.000 (iyirmi altı min) manat borc puldan bu günədək ona 11.800 (on bir min səkkiz yüz) manatını qaytarmış, qalan 14.200 (ön dörd min iki yüz) manat borcu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. O və həyat yoldaşı Sartipzadeh Rahmatollah cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlayaraq və eyni zamanda görüşərək pulu ondan tələb etmələrinə baxmayaraq, cavabdeh həmin borcu qaytarmamaqla yanaşı, guya onun hədələnməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinədə şikayət etmişdir. Abşeron RPİ-nin Təhqiqat Bölməsi tərəfindən cavabdehin şikayəti araşdırılmış və nəticədə o və həyat yoldaşının cavabdehə hədə-qorxu gəlməsi faktı sübuta yetirilməmişdir. Eyni zamanda, borc tələbinin mülki mühakimə icraatı qaydasında həll olunması hər iki tərəfə izah olunmaqla xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflər arasında Abşeron rayonu 1 saylı Notariat ofisində imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin tələbləri Cavabdeh tərəfindən tam icra edilməmiş, 14.200 (on dörd min iki yüz) manat borc ona ödənilmədiyindən həmin borc məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 14200 (on dörd min iki yüz) manat və dövlət rüsumu üçün 138.6 (yüz otuz səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan 12 aya qaytarmaq şərtilə faizsiz olaraq 26000 manat borc götürmüş, borcun qaytarılması müddəti çatsa da cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, borcundan 11800 manat qaytarsa da qalan 14200 manat borcu qaytarmamışdır. İddiaçının cavabdehə 26000 manat borc verməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi və cavabdehin özünün etirafı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda həmin pulun bir qismi cavabdeh tərəfindən ödənilmiş qalıq borc 14200 manat olmuşdur ki, bunu cavabdeh izahatında etiraf etmişdir. İddia tələbinin mənəvi zərərin əvəzinin verilməsi barədə iddiaçı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, Mülki Prosessual Məcəllənin 52.2, 191.3, 106.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsinin dəyişdirilməsi, ondan tutulan məbləğin 10000 manat azaldılaraq 4200 manat həcmində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ödədiyi 10 min manatın ümumi borcdan çıxılmamasını məhkəmə hazırlıq iclasında göstərsə də, məhkəmə onu növbəti məhkəmə iclasına çağırıb dinləməmiş və bu barədə sübutlarını qəbul etməmişdir. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göstərilən işə baxılarkən məhkəmədə dinlənilmək hüququ təmin edilmədiyindən və onun iddiaçıya ödədiyi 10 min manat ümumi borcdan çıxılmadığından məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməmişdir. İddiaçıdan müqavilə əsasında 26 min manat borc götürdüyünü etiraf etmiş, bunun 11.800 manatını qaytarmış, sonra onun oğlu avtoqəza keçirmiş və bu səbəbdən borcu qaytarmaqda çətinlik çəkmişdir. Daha sonra İddiaçı BMV-535 markalı, **- GC-*** nömrəli minik avtomobili və “Samsung S908 qreen” markalı 1 ədəd **********90031 imei-1, **********90037 imei-2 kodlu mobil telefon vermiş və o, borcdan 10.000 manat çıxacağını bildirmişdir. Lakin iddiaçı aldığı avtomaşının və telefonun dəyərini iddia məbləğində nəzərə almadan ondan 14.200 manat pul istəmiş, məhkəmə isə bunun sübut edilməməsini nəzərə almadan iddianı göstərilən məbləğdə təmin etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini pozaraq məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə məhkəmə bildirişi göndərməmiş, onu lazımi qaydada xəbərdar etməmiş, onun məhkəməyə gəlməməsinin səbəbləri haqqında məlumat almamış və məhkəməyə gəlməməyin səbəblərini araşdırmamış və cavabdehin sübut təqdim etmək imkanlarını məhdudlaşdıraraq məhkəmə qətnaməsini elan etmişdir. O, məktəbdə müəllimə işlədiyindən məhkəmə bildirişi almadığından iş yerini tərk edə bilməmiş və üzürlü səbəbdən məhkəməyə gəlməmişdir. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilə bilməz və bu səbəbdən cavabdeh apellyasiya qaydasında şikayət etməkdə haqlı sayılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçıya ödənişləri hissə-hissə 300 manat olmaqla və notarial qaydada təsdiq olunmuş formada həyata keçirmişdir. Həmin sənədləri məhkəməyə təqdim edə bilər. Tərəfindən iddiaçıya 11.800 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan sonra iddiaçıya 14.200 manat məbləğində borcu qalmışdır. Borcu ödəməkdə çətinlik çəkdiyindən iddiaçıya BMW-535 markalı minik avtomobili və “Samsung S908 qreen” markalı 1 ədəd mobil telefon vermiş və iddiaçı borcdan 10.000 manat çıxacağını bildirmişdir. Beləki, avtonəliyyat vasitəsinə münasibətdə arendaya verən şəxsə 6000 manat, iddiaçı isə 7000 manat ödəməyi öhdələrinə götürmüşlər. Bununla yanaşı, mobil telefon isə 4000 manata əvəzləşdirilmişdir. İddiaçının bunlarla razılaşdığını əks etdirən səs yazıları da mövcuddur. Bütün bunlara baxmayaraq iddiaçı 14.200 manat tələb etməkdə davam etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasının təxirə salınmasının bildirmiş və sübutları növbəti məhkəmə iclasında məhkəməyə təqdim etməyini istəmişdir. Lakin məhkəmə bildirişi göndərilməmişdir. Bildiriş kötüyündəki imza onun imzasıdır. Amma ona əlavə bildiriş verilməliydi ki, onu iş yerində təqdim edib məhkəmə iclasında iştirak etmək üçün icazə alsın. Hər dəfə pulu notariusa depozitə qoymuş, iddaçı isə oradan gəlib götürmüşdür. 26000 manat borc məbləğindən 14800 manatı notariusa ödəmiş, qarşı tərəf isə gəlib götürmüşdür. Səlimov Azad maşının sahibidir. Rahmatollah adlı şəxs iddiaçının əridir. İddiaçı ona etibarnamə vermişdir. Qalıq borc olan 4200 manatdan məhkəmə icraatı müddətində hər ay 300 manat olmaqla, 900 manatı ödəmişdir. Avtonəqliyyat vasitəsi və mobil telefonun pulu borcdan çıxılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin olunması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(012)-730/2024 saylı qətnaməsinin dəyişdirməklə tutulmalı olan pulun məbləğinin 10 min manat azaldılaraq 4200 manat həcmində müəyyən edilməsi barədə qərar qəbul etməyinizi xahiş edir.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu apellyasiya şikayətini müdafiə edirək bildirdi ki, təmsil etdiyi şəxsin də qeyd etdiyi kimi o, iddiaçıya 11.800 manat məbləğində ödəniş həyata keçirmiş, eyni zamanda iddiaçıya BMW-535 markalı avtonəqliyyat vasitəsi və “Samsung S908 qreen” markal 1 ədəd mobil telefon vermiş, iddiaçı isə cavabdehin borcundan 10.000 manatın silinəcəyini bildirmişdir. Buna baxmayaraq o məhkəməyə müraciət edərək təmsil etdiyim şəxsdən 14.200 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. İddiaçının cavabdehin təklifi ilə razılaşmasını özündə əks etdirən səs yazılarını, eyni zamanda ödənişlərin həyata keçirilməsini əks etdirən notarial sənədləri məhkəməyə təqdim edə bilər. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin təmin olunması və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli e-2(012)-730/2024 saylı qətnaməsinin dəyişdirməklə Cavabdeh tutulmalı olan pulun məbləğinin 10.000 manat azaldılaraq 4200 manat həcmində müəyyən edilməsi barədə qərar qəbul etməyinizi xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşıyır, şikayəti əsaslandıran sübutlar təqdim edilməmişdir. Hesab edir ki, birinci intansiya məhkəməsi qanuni qərar qəbul etmişdir. Apellyasiya şikayətində bildirilir ki, qarşı tərəf iddiaçıya avtonəqliyyat vasitəsi və mobil telefon vermişdir. Lakin bunu sübuta yetirə bilməmişlər. 26000 manat borc məbləğindən 11800 manat ödənildiyini qəbul edir. Cavabdeh tərəfindən borcun əvəzi qismində iddiaçıya nə telefon, nə də ki, avtomobil verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sartıpzadeh Rahmatollahın bildirdi ki, iddiaçı onun arvadıdır. Arvadı ondan maşın almaq üçün 26000 manat pul istəmişdir. 26000 manatı aldıqdan sonra Sevinc o məbləği arvadından borc almışdır. Onlar arasında borc müqaviləsi bağlanmışdır. 3 aya qaytaracağını demişdir. Notariusda müqavilə bağlananda bir illik yazdırmışdır. Cavabdeh onun barəsində polisə şikayət vermişdir. Bu şikayət tamamilə əsassız olmuşdur. Eyni zamanda polisə bildirib ki, guya borcu faizlə vermişlər. Polis araşdırma aparıb aşkar etdi ki, bu deyilənlər yalandır. Cavabdeh xx.xx.2023-cü il tarixində onu Azad adlı şəxsin yanına aparıb dedi ki, Azada məxsus olan avtonəqliyyat vasitəsini götür. Nağd 6000 manata, kreditlə 7000 manatadır. Cavabdeh 7000 manatı ödəməyi öhdəsinə götürdü. Maşının adına rəsmiləşirilməsini istəyəndə, Azad adlı şəxs bildirdi ki, bu yalnız ödəniş tam həyata keçirildikdən sonra ola bilər. Cavabdehin onu aldadacağı ehtimalını nəzərə alaraq əl yazısı ilə ona yazdırmışdır ki, maşın adına keçəndən sonra 6000 manat borcdan çıxılacaq. Amma cavabdeh ödəniş həyata keçirmədi. 7000 manatı özü Azad adlı şəxsin hesabına ödəmişdir. Maşının qiyməti nağd 6000, kreditlə 7000 manatadır. Əlavə olaraq 2250 manat xərc çəkmişdir. Cavabdeh 7000 manatı ödəmədiyinə görə 13000 manata avtomobili qəbul etməmişdir. O, 7000 manat ödənişi həyata keçirdikdən sonra Azad ona etibarnamə verdi, maşın təhvil almışdır. Arvadını “KontaktHome”a aparmış və onun adına kreditə İphone markalı telefon götürmüşdür. Avtonəqliyyat vasitəsi kimi, onun da ödənişini ödəməyi öz öhdəsinə götürmüşdü. Amma heç bir ödəniş həyata keçirmədi. Hamsını özü ödəyib. Onlara Samsung markalı telefon verilməmişdir. İphone markalı telefon vermişdir. Arvadını telefon almağa aparıb, özünə də telefon götürüb. Cavabdeh notariusa 5900 manat depozitə vermiş, oradan götürdükdən sonra təzədən həmin məbləği almış, sonra həmin pulu yenidən depozitə qoymuşdur. Bununla da 11800 manat borc məbləği ödədiyini iddia etməyə başlamışdır.
14. Cavabdeh məhkəməyə teleqram vuraraq səhhəti ilə, həmçinin vəkilin iştirakı ilə əlaqədar məhkəmə iclasınında iştirak edə bilməyəcəyini, prosesin onsuz keçirilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Çərkəz oğlu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclası ilə eyni vaxtda Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxışının başqa vaxta keçirilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən təkrarən məhkəmə iclasında gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
16. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Ofisində xx.xx.2021ci ildə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixində qaytarmaq şərti ilə Cavabdeh 26000 manat məbləğində faizsiz borc pul vermişdir. Müqavilənin arxa hissəsində yazılmış qeyddən görünür ki, İddiaçı 4000 manat almağını, 22000 manat borc qalmasını qeyd etmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh isə verdiyi 4000 manatı geri götürdüyünü qeyd etmişdir. Həmçinin, 15 fevral 2023-cü il tarixdə cavabdeh 5900 manat ödədiyini, iddiaçı isə həmin pulu qəbul etdiyini qeyd etmişdir. Eyni məbləği yenə həmin tarixdə cavabdeh tərəfindən verilməsi, iddiaçı tərəfindən isə qəbul edilməsi qeyd olunmuşdur.
17. İşdə olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı barəsində etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
18. xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, **-GC-*** markalı, BMW 535 markalı nəqliyyat vasitəsinə sərəncam vermə hüququ ilə X4 tərəfindən Cavabdeh adına etibarnamə verilmişdir.
19. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, **-GC-*** markalı, BMW 535 markalı nəqliyyat vasitəsinə dair istifadə hüququ ilə X4 tərəfindən Sartıpzadeh Rahmatollaha etibarnamə verilmişdir.
20. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, **-GC-*** markalı, BMW 535 markalı nəqliyyat vasitəsinə sərəncam vermə hüququ ilə X4 tərəfindən Sartıpzadeh Rahmatollaha etibarnamə verilmişdir.
21. Üçüncü şəxs Sartıpzadeh Rahmatollah tərəfindən təqdim edilmiş təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 03902038 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, aylıq ödəniş 303,1 manat olmaqla 3634,9 manat dəyərində “İphone 13 Pro Max 256GB markalı telefon və digər məhsulların alınması barədə İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır.
22. Təqdim edilmiş qəbzlərdən görünür ki, 03902038 nömrəli müqavilə üzrə İddiaçı adına olan kreditdən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 303 manat, xx.xx.2022-ci il tarixdə 302,5 manat, xx.xx.2023-cü il tarixdə 302,4 manat ödəniş edilmişdir. Həmin qəbzlərə əlavə edilmiş ödəniş çeklərindən görünür ki, ödənişlər 416973******4132 nömrəli kart vasitəsi ilə edilmişdir.
23. Təqdim edilmiş Səlimov Azad və Sartıpzadeh Rahmatollah arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi adlandırılmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azad Səlimov **-GC-*** markalı, BMW markalı minik avtomobilini Sartıpzadeh Rahmatollaha satır. Cəmi ödəniləcək məbləğ 7000 manatdır. Həmin müqavilənin arxa səhifəsində Cavabdeh tərəfindən əlyazma ilə yazılmış yazıda qeyd edilmişdir ki, “Azada olan 7000 manatı mən ödəyəcəm, ödəyəndən sonra maşının Sartıpzadeh Rahmatollahın adına keçəcəyinə etiraz etməyəcək.” “Üstdəki yazdığım 7000 manat borcdan 4000 manat ödədim, qaldı aramızda 3000 manat. Hər ayın sonu 1000 manat ödəyəcəm. Ümumi borcdan hələki mən 3000 manat ödəyənədək 10000 manat çıxılacaq, 3000 manat ödədikdən sonra 3000 manat da silinəcək. Hələki aramızda olan borc 16000 manatdır. Mən ödəyəcəyim məbləğ 16000 manatdır. xx.xx.2023 Müqavilənin arxa səhifəsində Sartıpzadeh Rahmatollah tərəfindən yazılmış yazıda qeyd edilmişdir ki, “Bu maşın mənim adıma keçəndə yoldaşıma məxsus olan borcdan 13 min manat silinəcək.”
24. Təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, “E manat” terminalı vasitəsi ilə X1 hesabına xx.xx.2023-cü il tarixdə 840 manat, “Mpay” terminalı vasitəsi ilə X1 hesabına xx.xx.2023-cü il tarixdə 850 manat, xx.xx.2023-cü il tarixdə 800 manat ödəniş edilmişdir. Pul göndərişləri barədə qəbzlərdən görünür ki, 416973******4132 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 830 manat, xx.xx.2023-cü il tarixdə 630 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 830 manat, xx.xx.2023-cü il tarixdə 800 manat pul vəsaitləri köçürülmüşdür.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
26. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni borc məbləğinin cavabdehdən tutulan 14200 manat hissəsində hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan 12 aya qaytarmaq şərtilə faizsiz olaraq 26000 manat borc götürmüş və borcundan 11800 manat qaytarmışdır. Bu hal işin mübahisəsiz halı olmuşdur.
30. Cavabdeh borcunun bir hissəsinin əvəzinə, yəni 4000 manatlıq hissəsinə dair iddiaçıya Samsung S908 qreen” markalı 1 ədəd mobil telefon verdiyini iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə yalnız "xxxx" MMC-nin 14 dekabr 2023-cü il tarixli arayışı təqdim edilmişdir ki, həmin arayışda cavabdeh tərəfindən 2020-2022-ci illər ərzində bağlanmış müqavilələrə dair xronologiya qeyd olunmuşdur ki, həmin xronologiyada 23 iyun 2022-ci il tarixdə 3580 manatlıq müqaviləyə və xx.xx.2021-ci il tarixli 4433 manatlıq müqaviləyə və digər 3 müqaviləyə istinad edilmişdir. Cavabdehin təqdim etdiyi bu arayış həmin arayışda qeyd olunan müqavilənin hər hansı bir predmetinin borcun əvəzi qismində iddiaçıya verilməsini təsdiq etmir. Hərçənd ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş 23 iyun 2022-ci il tarixli, 03902038 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, aylıq ödəniş 303,1 manat olmaqla 3634,9 manat dəyərində “İphone 13 Pro Max 256GB markalı telefon və digər məhsulların alınması barədə İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və təqdim edilmiş qəbzlərə görə isə İddiaçı adına olan kreditdən xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 303 manat, xx.xx.2022-ci il tarixdə 302,5 manat, xx.xx.2023-cü il tarixdə 302,4 manat ödəniş edilmişdir. Həmin qəbzlərə əlavə edilmiş ödəniş çeklərindən isə görünür ki, ödənişlər 416973******4132 nömrəli kart vasitəsi ilə edilmişdir. Cavabdeh isə iddiaçıya Samsung S908 qreen” markalı 1 ədəd mobil telefon verməsini və ya “İphone 13 Pro Max 256GB markalı telefonun alınmasına görə ödənişlərin onun tərəfindən edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd olunan hisssədə apellyasiya şikayətini əsassız hesab etmişdir.
31. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya borcunun bir hissəsinin, yəni 6000 manat məbləğin əvəzi qisimində BMW-535 markalı avtonəqliyyat vasitəsi verdiyini iddia etsə də məhkəməyə təqdim edilmiş buna dair sübutlarla, həmin nəqliyyat vasitəsinə görə borc məbləğindən 6000 manat azalmalı olması ilə bağlı nəticəyə gəlmək mümkün olmamışdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, borcun bir hissəsinin əvəzinə avtomobil verilməsinə dair iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşmanın olması iş materialları ilə sübut olunmamaqdadır. Məhkəməyə təqdim edilmiş Səlimov Azad adlı şəxslə hazırkı iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs Sartıpzadeh Rahmatollah arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi adlandırılmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azad Səlimov **-GC-*** markalı, BMW markalı minik avtomobilini Sartıpzadeh Rahmatollaha satmış, həmin müqavilə üzrə ödəniləcək məbləğ 7000 manat olmuşdur. Həmin müqavilənin arxa hissəsində cavabdeh avtomobilin satıcısına olan 7000 manatı ödəyəcəyini qeyd etmiş, üçüncü şəxs Sartıpzadeh Rahmatollah isə avtomobilin onun mülkiyyətinə keçdiyi təqdirdə isə iddiaçı olan arvadına məxsus olan borcdan 13 min manat silinəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında isə üçüncü şəxs cavabdehin avtomobilə görə 7000 manatı ödəmədiyini, həmin məbləğin onun tərəfindən ödənildiyini, maşının qiyməti nağd 6000, kreditlə 7000 manat olduğunu, əlavə olaraq 2250 manat xərc çəkdiyini, cavabdehin 7000 manatı ödəmədiyinə görə 13000 manata avtomobili qəbul etmədiyini bildirməklə, iddiaçının borcuna görə ona dəyərindən aşağı məbləğdə avtomobil verilmədiyini iddia etmişdir. İddiaçı da cavabdehin apellyasiya şikayətini qəbul etməməklə, o da üçüncü şəxs vasitəsi ilə ona borcunun azalmasında yönəlik hər hansı bir əmlakın verilmədiyini və ya üçüncü şəxsə verilmiş əmlakdan faydalanmadığını bildirmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əsasən borc müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanmış, 11800 manat ödənişin edilməsinə dair borc müqaviləsində hər iki tərəfin imzası mövcud olmaqla, işin mübahisəsiz halı olmuşdur. Borcun bir hissəsinə görə avtomobilin verilməsi ilə bağlı münasibətlər isə iddiaçı ilə cavabdeh arasında deyil, cavabdehlə hazırkı iş üzrə üçüncü şəxs və Azad Səlimov adlı şəxs arasında baş vermişdir ki, iddiaçı həmin borcun müəyyən hissəsinə görə avtomobilin verilməsini və üçüncü şəxsə verilmiş avtomobilə görə hər hansı bir yolla faydalandığını qəbul etməməkdədir. Həmçinin, üçüncü şəxs də avtomobilin ona verilməsinə görə 7000 manat pul məbləğinin onun tərəfindən ödənilməsi müqabində avtomobilin dəyərinin 13000 manat qiymətləndirilməklə qalıq 6000 manat məbləği iddiaçıya vermədiyini bildirməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, avtomobilin qalıq dəyərinin 6000 manat qiymətləndirilməklə, həmin məbləğin borcun əvəzi qismində nəzərə alınmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassız hesab olunur.
33. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar nəzərə alınmaqla cavabdeh avtomobilin dəyərinin 13000 manat olduğunu, buna baxmayaraq onun hərəkətlərinə görə (məsələn qalıq 6000 manatın Azad Səlimova onun tərəfindən ödənilməsi və ya Azad Səlimovun ona görə üçüncü şəxsə güzəşt edərək avtomobilin dəyərini 13000 manat olduğu halda 7000 manata hesablaması və.s) avtomobilin qalıq dəyərinin borcdan silinməsi üçün üçüncü şəxsə 7000 manata ödənilməklə verildiyini, lakin qalıq 6000 manatın iddiaçıya olan borcunda üçüncü şəxsin təqsirli hərəkətlərinə görə nəzərə alınmadığını iddia etdiyi təqdirdə, əsassız varlanmadan və ya zərər vurmadan irəli gəlməklə, üçüncü şəxsə qarşı məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququna malikdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh məhkəməyə hər biri 300 manat olmaqla, 3 ədəd ödəniş qəbzi təqdim edərək, qalıq borcundan 900 manat da ödəniş etdiyini bildirmişdir ki, həmin qəbzlərdən göründüyü kimi həmin ödənişlər iddia qaldırıldığı tarixdən sonrakı dövrü əhatə etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin ödənişlər borc məbləğindən edilmiş ödənişlər olduğu halda icra zamanı nəzərə alınmalı olan sübutlar hesab olunacaqdır.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-730/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.