Məhkəmə qərarları › İş №2(105)-899/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-899/2025

03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-899/2025 03.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mı̇ kayılov Arif Əşrəf oğlu və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Mı̇ kayılov Arif Əşrəf oğlu və Cavabdeh1 qarşı "qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(026)-152/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük qızıl-zinət əşyalarının alınıb ona verilməsi və ya qızıl-zinət əşyaları özgəninkiləşdirilmişsə, dəyəri həcmində 4500 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin mart ayında X2 qarşı Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qızıl-zinət əşyalarının və cehiz əşyalarının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-229/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddiası cehiz əşyalarına aid olan hissədə təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Buna görə də o, apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməmiş, Qobustan Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Buna səbəb Sumqayıt Apellyasiya Məhkəməsində həmin iş üzrə cavabdeh Rövşən Mikayılovun qardaşı Cavabdeh1 izahatı olmuşdur. Cavabdeh1 məhkəmə iclasında boynuna almışdır ki, sözügedən: 1) 1 ədəd qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 35 qram, 585 əyar – 3500 manat; 2) 1 ədəd 5 qram nişan üzüyü 585 əyar – 500 manat; 3) 1 ədəd 5 qram qızıl qaşlı üzük 585 əyar – 500 manat qızıl-zinət əşyalarını iddiaçıdan xəbərsiz atasının tapşırığı ilə aparıb satmışdır və daha sonra həmin pulla Rövşən Mikayılova maşın alınmışdır. Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri tərəfindən verilmiş rəydə qızılların dəyərinin 4500 manat olduğu görsənir. Buna görə iddiaçı qızılzinət əşyalarını və ya dəyərinin əvəzini Cavabdeh1 və Cavabdeh2 tələb etmək məcburiyyətindədir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024cü il tarixli, 2(105)-1368/2024 saylı qətnaməsinin məzmunundan görünür ki, həmin iş üzrə İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əşyaları ilə yanaşı, hazırkı iş üzrə də tələb olunan dəyəri 4500 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsini xahiş etmiş, Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsi ilə isə iddia qızıl-zinət əşyalarına dair hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(105)-1368/2024 saylı qətnaməsi ilə Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri X3 tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli rəydən görünür ki, iddia ərizəsində göstərilən qızılların qiyməti aşağıdakı kimidir: 1) 1 ədəd 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük – 3500 manat; 2) 1 ədəd 5 qramlıq 585 əyarlı nişan üzüyü – 500 manat; 3) 1 ədəd 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük – 500 manat. Qızılların ümumi dəyəri – 4500 manat.

6. Məhkəmə iclasında Cavabdeh1 Mərkəzi univermaqda satdığı qızılların fotoşəkillərini təqdim etmiş, İddiaçı isə həmin qızılların şəkillərinə baxaraq öz qızıllarının hamısının həmin fotoşəkillərdə əks olunduğunu qeyd etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(026)-152/2025 nömrəli qətnaməsi ilə (hakim Samir Mayılov) iddianın qismən təmin edilməsi, 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü və 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük, həmin qızıl-zinət əşyalarının özü olmadıqda isə onların dəyəri olan 4500 manat pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə - Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 9.1, 14.2, 77.1, 106.3, 217.4, 222.1, 82.3, 216-220-ci, 222-ci, 227-ci, 233cü və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(026)-152/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə qanunu və işin faktiki hallarını düzgün əsaslandırmadan subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. Məhkəmə ilk öncə nəzərə almalı idi ki, iş üzrə çox sayda ziddiyyət təşkil edən izahatlar-məqamlar var. Müəyyən edilməli idi ki, iddaçı həmin qızılları Cavabdeh1 öz iradəsi ilə verib, ya həmin qızıllar onun əlindən alınaraq satılması üçün cavabdehə verilib. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin qızıllar 2017-ci ildə 1800 manata satılıb. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində iddiaçının nümayəndəsi-qardaşı X6 da həmin qızılların alqı-satqı prosesində Cavabdeh1la birlikdə iştirak etdiyi müəyyən edilmişdir. Bundan başqa həmin prosesdə iddiaçı Rəhmanova Cəmilə bildirmişdir ki, qızılları satılması üçün Cavabdeh1 şəxsən özü vermişdir. Beləliklə, məhkəmənin nəzərindən qaçan əsas məqam istər avtomobil, istərsə də alınası digər əşyadan asılı olmayaraq iddiaçı birgə nikahda olduğu dövrdə ailə təsərrüfatı üçün qızılların satılmasına-lombarda qoyulmasına razılıq vermişdir. Hər nə qədər xəbərsiz olduğunu bildirsə də, qardaşının qızılların özgəninkiləşdirilməsi prosesində iştirakı və 2017-ci ildən 2024-cü ilədək keçən müddət ərzində səssiz qalması bu faktı təsdiq edir. Bundan başqa cavabdeh məhkəmə prosesində qeyd etmişdir ki, həmin qızıllar 1800 manata satılıb. İddiaçının təqdim etdiyi 12 mart 2024cü il tarixli “RƏY” adlanan sübutda 45 qram ümumi qızılın qiymətinin 4500 manat olduğu görsənir. Birincisi, satılmış qızıllardan 5 qramlıq qaşlı üzük iddiaçıya yox cavabdehin bacısına məxsus olub. İkincisi, məhkəmə qızılların satıldığı mağazaya da sorğu ünvanlamamış, bir sözlə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Çünki, tərəfindən məhkəmə həmin qızılların bir müddət əvvəl lombarda qoyulmasına dair sübut təqdim edilmişdir. Lakin məhkəmə həmin sənədi qətnamədə göstərməmişdir. Arayışda konkret qızılların qramları və lombard qiyməti qeyd edilmişdir. Məhkəmə icraatı zamanı iddiaçının qardaşı da qeyd etmişdir ki, həmin qızıllar lombardan götürüldükdən sonra satılmışdır. Yəni lombard sənədi mütləq iş materiallarında olmalı və qiymət bilinməli idi. Daha aydın şəkildə desə 2 saylı qızıl mağazasının müdiri ekspert deyil, xüsusi biliyə malik olan şəxs deyil. Məhkəmə heç bir maddi hüquq normasına istinad etməyib. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlara ümumiyyətlə qiymət verməmiş, ümumiyyətlə təqdim edilmiş sübutları (lombard tərəfindən verilmiş arayış) qətnamədə göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

16. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük qızıl-zinət əşyalarının alınıb ona verilməsi və ya qızıl-zinət əşyaları özgəninkiləşdirilmişsə, dəyəri həcmində 4500 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində iddianın qismən təmin edilməsi, 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü və 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük, həmin qızıl-zinət əşyalarının özü olmadıqda isə onların dəyəri olan 4500 manat pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə - Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir.

23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Qobustan Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(026)-229/2024 saylı qətnaməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(105)- 1368/2024 saylı qətnaməsinin hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığını və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş faktların və hüquq münasibətlərinin yenidən hazırkı prosesdə araşdırılmasının mümkünsüzlüyünü qəbul edir. Həmin məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, mübahisə predmeti olan qızıl əşyaları üçüncü şəxs Cavabdeh1 verilmiş və onun tərəfindən satılmışdır.

24. Həmin iş üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçının qızıllarını satmış və pulunu atasına vermişdir. İddiaçının və bacısının qızılarını birgə satıb. Ehtiyac olduğu üçün ona qızılların satılması tapşırılıb. Ehtiyacın nədən yarandığını bilmir. Sonradan bilmişdir ki, qızılların puluna Rövşənə maşın alınmışdır. Lakin maşın onun adına rəsmiləşdirildi. Maşın Rövşən üçün alınmışdı, sürücülük vəsiqəsi olmadığından onun adına rəsmiləşdirildi. Qardaşının borcları var idi. Maşın kreditlə alınmışdır. Bacısı və dayısı qızı olan iddiaçının qızıllarını birgə 1800 manata satıb. Rövşənin qızıllar satılana qədər maşını olmayıb. Hadisə təxminən 2018-2019-cu illərdə baş verib. O zaman ailə münasibətləri qaydasında idi, bütün ailənin bundan xəbəri var idi. Qızılları “Moskva univermağında” satıblar. Gəlinin qızılı dəst idi. Neçə qram olduğunu xatırlamır. Atası ondan qızılları satmağı istəyib, o isə satıb. Lombardda bacısının qızılları olub. İddiaçının qızılları lombardda olmamışdır. Qızıllar satılana qədər araları yaxşı olub. 2018-2019-cu illərdən atası və qardaşı ilə aralarında olan münasibət korlanmışdır. Qızılları satıb 1800 manatı atasına vermiş, onlar isə maşın almışdır. Atasının maşını neçəyə aldığını bilmir. Maşını özləri almışdı. İlkin ödəniş kimi 1500 manat ödənilmiş, kreditə görə isə 2500 manat ödənilməli idi. Sonradan qardaşı krediti ödəyə bilmədiyindən maşını ondan satmasını xahiş etmişdir. O da maşını 3300 manata sataraq krediti bağlamışdır. Maşını satana kimi 2970 manat xərci çıxmışdır. 300 manatı isə özünə götürmüşdür. Sonra eşitmişdir ki, cavabdeh onun verdiyi pulla ev tikdirdiyi haqda məlumatlar yayır. Bundan sonra həmin 300 manatı da aparıb atasına qaytarmışdır. Qızılı ona atasının sözünə əsasən iddiaçı özü əlbəəl gətirib ona vermişdir. İddiaçıya deyib ki, atası sizə zəng edib. O da təsdiqləyib və qızılları gətirib verib. Atası qızılları ona satmağı tapşırmışdı. Ailənin xəbəri olmuşdur. Ondan satılmağı istənilmişdi, nə üçün satıldığını bilmirdi. Maşını olmadığından iddiaçının qardaşı Asim qızılları satmağa onu taksi kimi aparmışdır. Qardaşının bacısı və gəlinin qızıllarını satmağa aparmağından xəbəri var idi. Atası böyük oğul kimi ona zəng etdi, qızılları satmağını istədi. İddiaçı ona qızılların satılmasına razılıq verdiyini deməmişdir. Qızıl satılana qədər maşını olub, biraz sürüb satıb. Evin böyüyü atası olub deyə pulu gətirib ona verib. Bacısının qızılları lombardda olub, iddiaçının qızıllarını isə gəlib evdən iddiaçının özündən götürüb. İddiaçı tərəfindən səsinin yazılmasından xəbəri olmamışdır. Qardaşı ilə düşmənçilik münasibətləri yoxdur, sadəcə münasibətləri yaxı deyil. Qızıllar satılana qədər Rövşənin boz metalik rəngdə maşını olub.

25. Həmin iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, Cavabdeh1 dediklərinin hamısı yalandır. Onun heç nədən xəbəri olmamışdır. Özləri nə ediblərsə öz aralarında ediblər. Ona heç bir şey deməyiblər. İddiaçı, iddiaçının qardaşı və Samir əlbir olub qızılı satıblar. İddiaçının qardaşı qızıllar satılanda özü də iştirak etmiş və buna etiraz etməmişdir. Aralarında nə olubsa xəbəri olmayıb. Oğlu ona pul verməyib. Satılmış qızıların pulu ilə maşın alınıb-alınmamasından da xəbəri olmayıb. İddiaçı 2019-cu ildən evdən çıxıb getmişdir. 5 ildir bir yerdə yaşamırlar. 2018-ci ildə Rövşənin maşını olub. Rövşən “06” markalı maşın sürüb. 2019-cu ildə də maşını olub. Necə aldıqları ona məlum deyil. Kimin maşını olduğunu bilmir. Qızının qızılların lombarda qoyulmasına dair də məlumatı yoxdur. Qardaşlar arasında münasibət gərgin olub. İki qardaş düşmən kimidirlər. Oğlu Rövşən onun yanında yaşayır. Oğlunu ikinci dəfə evləndirəndən sonra mübahisələr başlamışdır. İddiaçı aliment tələb edib, onu da ödəyiblər. 5 ildir ki, əşyaları onun evindədir, gəlib götürmürlər.

26. Məhkəmə qeyd emişdir ki, iddiaçı tərəfindən tələb olunan əşyaların mövcudluğu, onların həqiqətən iddiaçıya məxsusluğu təqdim edilən fotoşəkillər və işdə iştirak edən şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır.

27. Bununla yanaşı, iddiaçıya məxsus tələb olunan qızıl-zinət əşyalarının hazırda iddiaçıda olmaması, onların Cavabdeh1 tərəfindən Bakı şəhərində Mərkəzi univermaqda satılması da hazırkı işin mübahisəsiz hallarından biridir. Tələb olunan qızılzinət əşyalarının Cavabdeh1 tərəfindən satılması hazırda preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur. O, əvvəlki iş üzrə verdiyi ifadəsində iddiaçıya məxsus qızıl-zinət əşyalarını atasının tapşırığı ilə satıb pulunu atasına verdiyini bildirsə də, hazırkı mülki iş üzrə verdiyi ifadəsində qızılları atasının tapşırığı ilə satıb pulunu qardaşı Rövşən Mikayılova verdiyini bildirmişdir. Məhkəmə Cavabdeh1 qızılzinət əşyalarını satıb pulunu Rövşən Mikayılova verməsinə dair bildirdiklərini əsassız sayır, bu zaman onu da qeyd edir ki, əvvəlki mülki iş üzrə qızıl-zinət əşyalarına dair hissədə iddia tələbinin Rövşən Mikayılova münasibətdə təmin edilməməsinin səbəbi məhz Cavabdeh1 qızılları özünün satıb pulunu atasına verməsinə dair ifadəsi olmuşdur. Hazırkı halda isə Cavabdeh1 qızılların pulunun Rövşən Mikayılova verildiyini bildirməklə, iddiaçının tələbinə cavab verməli olan şəxslərin dairəsini dəyişməyə cəhd göstərir. Hər bir halda iddiaçıya məxsus qızılların məhz Cavabdeh1 tərəfindən satılması işin mübahisəsiz halıdır.

28. Bundan başqa, Cavabdeh1 tərəfindən qızıl-zinət əşyalarının satılıb pulunun atasına verilməsinə dair bildirdikləri də hazırda öz təsdiqini tapmır. Belə ki, onun atası Cavabdeh2 həm əvvəlki, həm də hazırkı məhkəmə iclasları zamanı iddiaçıya məxsus qızılların satılmasından xəbərinin olmadığını, ona hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir. İddiaçı da qızılların satıldıqdan sonra pulunun Cavabdeh2 verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, həm əvvəlki, həm də hazırkı iş üzrə məhkəmə iclaslarında iddiaçı qızılların Cavabdeh1 onların banka (lombarda) qoyulması niyyəti ilə verdiyini, həmin qızılların satılacağından məlumatsız olduğunu bildirmişdir.

29. Məhkəmə qeyd etmişdir ki, qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçıya məxsus tələb olunan qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən iddiaçıdan icazəsiz şəkildə satılmaqla, iddiaçının mülkiyyət hüququ pozulmuşdur.

30. Qızıl-zinət əşyalarına dair digər mübahisə isə həmin əşyaların dəyəri ilə bağlı olmuşdur. Belə ki, iddiaçı tələb olunan qızıl-zinət əşyalarının ümumi dəyərinin 4500 manat olduğunu bildirmiş, bununla bağlı zərgər rəyi təqdim etmişdir. İşdə surəti olan Şamaxı rayon 2 saylı qızıl mağazasının müdiri X3 tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli rəydən görünür ki, iddia ərizəsində göstərilən qızılların qiyməti aşağıdakı kimidir: 1) 1 ədəd 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük – 3500 manat; 2) 1 ədəd 5 qramlıq 585 əyarlı nişan üzüyü – 500 manat; 3) 1 ədəd 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük – 500 manat. Qızılların ümumi dəyəri – 4500 manat.

31. Cavabdeh1 isə tələb olunan qızıl-zinət əşyalarının cəmi 1800 manata satıldığını bildirmişdir. Lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən sübut təqdim etmiş olsa da, Cavabdeh1 öz etirazının əsası kimi istinad etdiyi halı, yəni qızılların real dəyərinin tələb olunandan daha aşağı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Bu zaman o da nəzərə alınmalıdır ki, daha yüksək dəyərdə olan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən daha aşağı qiymətə satılması həmin qızıl-zinət əşyalarının dəyərinin satış məbləği ilə müəyyənləşdirilməsinə də əsas vermir.

32. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 1 ədəd dəyəri 3500 manat olan 35 qramlıq 585 əyarlı qarnitur boyunbağı, qolbaq, 1 dəst komplekt sırğa, üzük, 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı nişan üzüyü və 1 ədəd dəyəri 500 manat olan 5 qramlıq 585 əyarlı qızıl qaşlı üzük, həmin qızılzinət əşyalarının özü olmadıqda isə onların dəyəri olan 4500 manat pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə - Cavabdeh2 münasibətdə rədd edilməlidir.

33. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(026)-152/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə mübahisələndirilən halları hərtərəfli araşdıraraq qiymətləndirmə aparmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(026)-152/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar