Məhkəmə qərarları › İş №2(105)-903/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-903/2023

01.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-903/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, "xxxx"nə, "xxxx" ASC-nə qarşı hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair (Açar sözlər: hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi – iddia ərizəsinin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, "xxxx"nə, "xxxx" ASC-yə qarşı hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları Birinci instansiya məhkəməsində icraat 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, "xxxx"nə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, xx.xx.2019-u il tarixli, Y-200 nömrəli hərracın keçirilmə nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, "xxxx"nə və "xxxx" ASC-nə qarşı hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya göstərilən nöqsanların aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah olunması və İddiaçı2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə X4 vasitəsi ilə müvafiq olaraq ********** nömrəli və ********* nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı2 qərardaddan şikayət vermişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-2195/2023 nömrəli qərardadı ilə İddiaçı2 tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və mülki iş yazılı icraat qaydasında baxılması üçün apellyasiya baxışına təyin edilmişdir.

6. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli məktubu Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin müraciətdə Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətin məhkəməyə daxil olduğu və həmin şikayətin mülki prosessual məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə baxılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(105)-2195/2023 nömrəli qərardadı ilə məhkəmənin bu iş üzrə 16 mart 2023-cü il tarixli, 2(105)-903/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilib, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarmaqla, İddiaçı1 tərəfindən verilmiş şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə birinci instansiyası məhkəməsinə qaytarılmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(105)-903/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2195/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətlər mümkün hesab edilmiş, şikayətlər yazılı icraat qaydasında baxılması üçün apellyasiya baxışına təyin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi cavabdehlər Cavabdeh1nə, "xxxx"nə və "xxxx" ASC-nə qarşı qoyulsa da iddia tələbində Cavabdeh1 cavabdeh qismində formal şəkildə göstərilmişdir. Belə ki, Cavabdeh1nə qarşı tələb irəli sürülmədiyi halda Cavabdeh1 cavabdeh qismində cəlb edilmişdir. Buna görə də mülki işin ərazi aidiyyatı qaydaları pozulmuşdur. Digər cavabdehlər uyğun olaraq Bakı şəhərinin Yasamal rayonu və Nərimanov rayonuna qeydiyyatdadırlar. Belə olan halda iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməlidir. Mülki iş materiallarından görünür ki, ərizəyə 100 manat dövlət rüsumunun ödənilməsi barədə 2 ədəd qəbz əlavə edilmişdir. Məhkəmə son nəticədə hesab etmişdir ki, İddiaçı2 xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixdə X4 vasitəsi ilə müvafiq olaraq ********** nömrəli və ********* nömrəli qəbzlə ödəmiş olduğu 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.2, 114.1.3, 152.1.3, 152.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1, 5.3, 5.4, 5.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

12. İddiaçılar tərəfindən mübahisələndirilən qərardaddan ayrı-ayrılıqda şikayət verilsə də, şikayətlərin məzmunu anoloji xarakter daşımaqdadır. Şikayətlər onunla əsaslandırmışdır ki, onlar cavabdehlər Cavabdeh1, ”Əmlak İxtisaslaşdırılmış Hərrac Məhkəzi” və Cavabdeh3 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Məhkəmə mübahisələndirdikləri qərardadla cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Məhkəzi”nin Bakı şəhəri Yasamal rayonunda, digər Cavabdeh3 ASC-nin Bakı şəhəri Nərimanov rayonunda yerləşdiyini və ərazi aidiyyatının pozulduğunu əsas gətirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Cavabdehlərdən Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mıkrorayon, ev 64 ünvanında yerləşir. Ona görə də, cavabdehlərdən biri Cavabdeh1 olduğu yer üzrə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddia ərizələri icraata qəbul edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1-cü maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Şikayətlərdən görünür ki, apellyatorlar Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişlər.

18. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(060)-2195/2023 nömrəli qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.

23. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur.

24. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, "xxxx"nə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, xx.xx.2019-u il tarixli, Y-200 nömrəli hərracın keçirilmə nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində iş üzrə cavabdehlərdən biri qismində Cavabdeh1 göstərilmişdir ki, həmin qurum ünvan 3 ünvanında yerləşir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

25. Birinci instansiya məhkəməsi mübahisəli qərardadında iddia ərizəsininin geri qaytarılma əsası kimi Cavabdeh1 cavabdeh qismində formal qeyd edilməsini, habelə iddiaçıların Cavabdeh1nə qarşı hər hansı tələbinin olmamasına istinad etmiş və iddianın tələb irəli sürülən digər cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanın olduğu yerin məhkəməsinə verilməli olmasını qeyd etmişdir ki, apellyasiya kollegiyası məhkəmənin bu mövqeyini işin faktiki halına uyğun hesab etmir.

26. Belə ki, iddia ərizəsinin məzmunundan, habelə iş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iş üzrə İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72B evin ilkin satış qiyməti 120000 min manat məbləğində müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir.

27. Yenə iş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 24 iyul 2019-cu il tarixli, Y-200 saylı protokun, eləcə də hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən müəyyən olunur ki, mübahisəli əmlakın hərraca çıxarılmasında sifarişçi Cavabdeh1 olmuşdur. Belə olan halda hazırkı iddia tələbi üzrə cavabdeh qismində Cavabdeh1 qoyulması qanunauyğundur. Daha dəqiq desək hazırkı iddia tələbi üzrə gələcəkdə qəbul ediləcək məhkəmə aktı bu və ya digər formada Cavabdeh1 maraqlarına toxuna bilər. Belə ki, hazırkı iddia tələbinin tam yaxud qismən təmin edilməsi halında, sözügedən icra sənədinin icra mərhələsi yenidən davam etdirilməli olacaqdır ki, bu formada qəbul edilmiş məhkəmə aktı hərracın keçilməsi üçün sifarişi vermiş icra məmurunun qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş məcburi icra tədbirlərinin qanuniliyi baxımından maraqlarına toxuna bilər.

28. Beləliklə “Cavabdeh1 iddia ərizəsində formal olaraq qeyd edilməsi” barədə məhkəmənin mövqeyi öz təsdiqi tapmadığından, bu əsasla iddianın geri qaytarılması da əsassız olmaqla şəxsin məhkəmə hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

29. Bundan əlavə birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il və xx.xx.2022-ci il tarixli X4 vasitəsi ilə müvafiq olaraq ödənilmiş ********** nömrəli və ********* nömrəli qəbzlə ödənmiş 100 manat dövlət rüsumunun geri qaytarılması nəticəsinə gəlsə də, həmin məbləğlərdən birinin ödənişi olaraq xx.xx.2023-cü il tarix kimi göstərmiş və həmin rüsumun təyinatının məhz hazırki iş üzrə ödənilməsi halını yoxlamamışdır. Çünki 1 ildən çox müddət fərqi ilə Elektron məhkəmə sistemində iddiaçının icraatda 27 mülki iş olması müəyyən edilir və ödənilmiş dövlət rüsumlarından qeyd olunan rüsumun digər iddia ərizələrinin verilməsi zamanı istifadəsi mümkündür.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(027)-2195/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı uyğun olaraq 13 mart 2023-cü il tarixli, 06 aprel 2023-cü il tarixli qərardadları isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətlər qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(027)-2195/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı uyğun olaraq 13 mart 2023-cü il tarixli, 06 aprel 2023-cü il tarixli qərardadları isə qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilərək, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlük məsələsinə yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar