Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-919/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-355/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdehin oğlu X8 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. xx.xx.2013-cü il tarixdə cavabdehə məxsus ünvan 1 ünvanındakı evə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladı var: xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X13.
2. Keçmiş əri Arif Zalovla münasibətləri normal olmuş, lakin onun anasının, yəni cavabdehin ailə münasibətlərinə müdaxilələri nəticəsində aralarında mübahisələr yaranmış, nəticə etibarı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1333/2022 saylı 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə Arif Zalovla nikahları pozulmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən qızıl dəstə aid 1. Bir cüt sırğa, ağ brilyant qaşları ilə, Rusiya istehsalı, 2.Bir ədəd kolye, xırda ağ brilyant qaşları ilə, Rusiya istehsalı, 3.Bir ədəd qolbaq, xırda brilyant ağ qaşları ilə, Rusiya istehsalı, 4.Bir ədəd qızıl üzük, xırda ağ brilyant qaşları ilə, Rusiya istehsalı qızıl zinət əşyaların və yaxud onların ümumi dəyəri olan 6000 (altı min) manat məbləğində pulun və tərəfindən köçürülmüş 50 manat mediasiya haqqı və 30 manat dövlət rüsumunun cəmi 6080 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin evinə gəlin köçdüyü vaxtdan təxminən iki ay müddətində yuxarıda göstərilən bütün qızıllar onda olmuşdur. 2013-cü ilin avqust ayında cavabdeh ona bildirmişdir ki, nişan üzüyü ilə digər bəzək üzüyü onda qalsın, dəstdə olan qızılları ona versin ki, evə gəlib-gedən olur, kimsə onları götürə bilər. Dəstə aid qızıllar ürək formasında olan plastmas qabda saxlanılırdı. Qaynanası olan cavabdehin sözünə baxaraq dəstə aid qızılları ona vermişdir. O, həmin qızılları özünün seyfinə qoymuş, seyfin açarlarını da özündə saxlamışdır. O vaxtdan həmin qızıllar cavabdehdə olmuşdur. 12 noyabr 2021-ci il tarixdə cavabdeh onunla mübahisə etmiş, tələb etmişdir ki, onun evindən çıxıb getsin. Əvvəllər də aralarında xırda mübahisələr olsa da, birinci dəfə idi ki, onunla bu cür kəskin mübahisələri olmuşdur. Buna baxmayaraq yenə də bu vəziyyətə dözmüş, fikirləşmişdir ki, həyat yoldaşı anası ilə danışar, aralarında baş verən mübahisəyə son qoyar. Lakin o, heç bir reaksiya verməmiş və vəziyyətin gündəngünə gərginləşdiyini görüb 23 noyabr 2021-ci il tarixdə uşaqları ilə birlikdə cavabdehin evindən çıxıb, valideynlərinin evinə qayıtmışdır. Cavabdehin evindən çıxıb gedərkən toy ərəfəsində ona hədiyyə olaraq bağışlanmış qızıllardan yalnız bir ədəd nişan üzüyünü və bir ədəd bəzək üzüyü özü ilə aparmışdır, çünki həmin qızıllar onda olmuşdur. Yuxarıda göstərilən dəstə aid qızıllar isə cavabdehdə olduğundan onlar elə cavabdehdə də qalmışdır. Cavabdeh həmin qızılları könüllü olaraq qaytarmamışdır.
5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-355/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddiasını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etmədiyindən, cavabdeh tərəf isə iddianı qəbul etmədiyindən iddia tələbi təmin edilə bilməz.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin qismən təmin edilməsi göstərilsə də, qətnamənin qət etdi hissəsində iddia rədd edilsin yazılmışdır. Məhkəmə iclasında iddiaçı tərəfinin təqdim edildiyi şahidlər Məmmədrzayeva Güldanə və Mustafayeva Bəzxanım dindirilmiş və ifadələrində göstərmişlər ki, cavabdehin evindən valideynlərinin evinə qayıtdıqdan sonra evlərinə gəlmiş və onun qızıllarının cavabdehin evində qalması barədə söhbət əsnasında onlara bildirmişdir. Lakin qətnamədə ümumiyyətlə həmin şahidlərin məhkəmə iclasında dindirilməsi və ifadələri barədə heç bir qeyd yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfinin şahidləri Güldanə Məmmədrzayevavə və Bəzxanım Msutafayeva dindirilərək ifadələrində onun cavabdehin evindən qayıdarkən qızılların üstündə olmaması və həmin qızılların cavabdeh tərəfdə qalmasını təsdiq etsələr də, məhkəmə qətnaməsində şahidlərin ifadələrinə ümumiyyətlə istinad edilmir və məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları tam araşdırmamış onlara obyektiv qiymət verməmiş və qətnaməsində tam əsassız olaraq qeyd etmişdir ki, iddiaçı tərəf iddiasını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz onunla əsaslandırılmışdır ki, 2013-cü ildə oğlu X8 üçün toy edərkən iddiaçıya dəyəri 1800 manat olan qızıl dəsti (bir ədəd qızıl sep, brliyant qaşlı bir cüt sırğa və brilyant qaşlı bir ədəd üzük), 300 manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü bağışlanmışdır. İddiaçıya bağışlanmış qızıl-zinət əşyaları həmişə onun özündə olmuşdur. Ailə qurduqdan sonra iddiaçı oğlu ilə birlikdə 5 il ərzində Bakı şəhərində oğluna məxsus evdə yaşamışlar. Bakı şəhərinə yaşamağa gedərkən təbii ki, özünə məxsus qızıl-ziynət əşyalarını da özü ilə aparmışdır. 2022-ci ilin yanvar ayının 09-da özünə məxsus olmuş əmlaklarını Bakı şəhərindəki evdən aparmış, bu barədə tərtib olunmuş akta atası Əliağa Nəbiyev imza etmiş və aktda göstərilmişdir ki, təhvil alan tərəfin hər hansı bir iddiası və digər tələbi qalmamışdır. xx.xx.2022-ci il tarixdə onlara məxsus evdə qalan digər əmlakları da aparmış, yenə tərtib olunmuş təhvil təslim aktını atası Əliağa Nəbiyev imza etmiş və aktda göstərilmişdir ki, təhvil alan tərəfin hər hansı bir iddiası və digər tələbi qalmamışdır. Onun qızıl-ziynət əşyaları özündə olmasa idi, aktlarda bu barədə qeyd olunardı. 2022-ci ilin aprel ayında iddiaçı polis şöbəsinə müraciət edərək guya qızıllarını vermədiklərini bildirmiş, aparılmış araşdırma zamanı şikayəti əsassız hesab olunmuşdur. Apellyasiya şikayətində göstərilir ki, guya 23 noyabr 2021-ci il tarixdə uşaqları ilə birlikdə onun evindən çıxıb valideynlərinin evinə qayıdıb, evdən gedərkən guya iddia ərizəsində göstərilən qızıllar onda olduğundan elə onda da qalmışdır. İddiaçıya hədiyyə olunmuş ümumi dəyəri 1800 manat olan iddia ərizəsində göstərilən qızıl-ziynət əşyaları iddiaçının özündə olmuş, oğlu ilə birgə Bakı şəhərində 5 il ərzində birgə yaşamışlar, qızıl-ziynət əşyalarını da Bakı şəhərinə gedərkən özü ilə aparmış və özününün istifadəsində olmuşdur. Onda hər hansı qızıl-ziynət əşyası qalmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X7 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti (...) 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdeh) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
19. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. İddiaçı iddia ərizəsində göstərdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Mübahisələndirilən qızıl-ziynət əşyalarının mövcudluğu, onların iddiaçıya hədiyyə olunması və əvvəllər iddiaçının istifadəsində olması işin mübahisəsiz halını təşkil edir. Lakin, tələb edilən qızıl-ziynət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması iş materialları ilə təsdiq olunmur.
21. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282).
22. İddiaçı irəli sürdüyü tələbin əsası kimi istinad etdiyi halları sübut etmək üçün şahidlər X1 və X2 ifadələrinə istinad etmişdir.
23. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, Həcər xanımı tanıyır. Onun qonşusudur. Çox yaxın qonşudurlar, gediş-gəlişləri var. Hazırda ailəli deyil, boşanıb. Ata evində yaşayır. Keçən ilin noyabr ayının 23-də gəlib. Gəldikdən 1-2 gün sonra onlara getmişlər. Qonşular demişdir ki, boşanıb gəlib və onlar da xəbər tutmağa getmişlər. Boşanmağına səbəb yola getməməkləri olub. Amma döyülmə filan olmayıb. Sonra söhbət qızıllardan düşmeşdür. Çünki onun bacısının toyunda onlar olmuşlar. Həcər heç qızıllarını taxmamışdı. Onlara da maraqlı gəlmiş, soruşmuşlar. Çünki ona yaxşı qızıllar gətirdiklərini deyirdilər. Cavab olaraq qaynanasında olduğunu demişdir. O, özü də boşanmışdır. Boşanarkən qızılları götürmüşdir. Soruşmuşdur ki, qızılları özün götürmüsən? Qızılları vermədiklərini demişdir.
24. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, Həcər xanımı tanıyır. Onunla qonşudur. Çox yaxın qonşudurlar, bir evin içi kimidirlər. 9 il ailəli olub, amma hazırda ailəli deyil, boşanıb. Keçən ilin noyabr ayının 23-də boşanıb gəlib. Gəldikdən 2 gün sonra onlara getmişdir ki, xəbər alsın. Boşanmağına səbəb qaynanası ilə yola getməməyi olub. Amma evdən sakit şəkildə ayrılıb. Döyülməyib və ya qovulmayıb. Biraz söhbətləşmişlər, həmin gün qızıllardan danışmamışdır. Bir həftə sonra gedəndə söhbət qızıllardan düşmüşdür. Çünki cavan gəlindir, qızılları taxmamışdı. Onun bacısının toyunda olmuşlar. Həcər heç qızıllarını taxmamışdı. Onlara maraqlı gəlmiş, soruşmuşdular. Onun da gəlini var. Bir toya gedəndə mütləq qızıllarını taxır. Onlara qaynanasında olduğunu demişdi. Soruşmuşdur ki, bəs qızılları özü götürüb? Qızılları vermədiklərini demişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan şahid ifadələri tələb edilən qızılziynət əşyalarının cavabdehdə qalması, onların cavabdeh tərəfindən qaytarılmaması halını təsdiq edən mötəbər sübut deyildir.
26. İddiaçı cavabdehin istinad etdiyi aktlara münasibətdə isə göstərmişdir ki, həmin aktlara atası imza etmiş, atasının isə qızılların cavabdehdə qalması barədə məlumatı olmamışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim etmədiyindən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
28. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. (MPM-in 385.2-ci maddəsi)
31. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-355/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.