Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-924/2024 21.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-431/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyeva) İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında bağlanmış və 16 noyabr 2014cü il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş, 4Ə-1850 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilənin yaratdığı sonrakı hüquqi nəticələrinin etibarsız hesab olunmasına, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh doğma bacısı oğludur. Bu səbəbdən ona şübhəsiz etibarı olmuşdur. O, bilirdi ki, Xaçmaz rayonu, Çarxı kəndində onun 0,64 ha əkin üçün torpaq sahəsi vardır. 2014-cü ilin axırlarında ona demişdir ki, göyərti, bostan məhsullarının yetişdirilməsi və satışı ilə məşğul olmaq istəyir. Fəaliyyətini rəsmiləşdirilməsi üçün vergi uçotuna durmaq lazımdır və buna görə də azından 0,10 ha torpaq sahəsinə icarə müqaviləsi tələb olunur. Bu işdə il boyu çoxlu qazanc olduğunu, ona bu işdə kömək etsə, gəlirdən ona da pay verəcəyini bildirmişdir. Təklifi belə olmuşdur ki, 0,64 ha torpaq sahəsini tam əkib-becərəcəkdir, rəsmi olaraq 0,10 ha hissəsinə dair onun adına icarə müqaviləsi rəsmiləşdirsin. Həmin icarə müqaviləsi notariatda təsdiqlənməli və vergiyə verilməlidir. O da razılıq vermişdir. Bir-neçə gündən sonra Bakıdan Xaçmaza gəlmiş və razılaşdıqları kimi torpaq sahəsinin sənədlərini götürüb Xaçmaz şəhərində yerləşən 1 saylı notariat kontoruna gəlmişlər. Razılaşdıqlarına uyğun olaraq özünə məxsus 0,10 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi düşüncəsi ilə və qarşı tərəfin doğma bacısı oğlu olduğundan, şübhəsiz olaraq ona imzalamağa verdiyi bütün sənədlərin məzmununa varmadan imzaları ilə təsdiq etmişdir. Sənədlərin sonrakı taleyi ilə də özü məşğul olmuşdur. Həqiqətən də bundan sonra torpaqları abadlaşdırmış, əkibbecərməsini təşkil etmiş və bu qayda bir-neçə il fasiləsiz davam etmişdir. Bu arada az da olsa əkin biçindən ona da pay vermişdir. Lakin son iki ildə hər dəfə bir bəhanə ilə ona heç nə verməmiş və birdən-birə ona qarşı münasibəti sərtləşmişdir. Ona görə də bu ilin may ayının əvvəlində torpağı və sənədini geri verməsini tələb etmişdir. İcarə müddətinə hələ 6 il qaldığını və 6 ildən sonra torpaq sahəsini ona qaytaracağını bildirmişdir. Bundan sonra da ondan qaçmağa başlamış və telefonlarına belə cavab verməmişdir. Ona görə də icarə müqaviləsinin ləğv edilməsi üçün may ayının ortalarında 1 saylı notariat kontoruna getmiş, sənədlər qaldırılanda məlum oldu ki, cavabdeh icarə müqaviləsinin adı ilə onu aldatmış, bağışlama müqaviləsi tərtib etdirmiş və ona imza etdirmişdir. Bununla bağlı narazılıq və söz-söhbətdən sonra izah olundu ki, müqaviləsinin ləğvi notariat qaydasında yol verilmir və bu yalnız məhkəmə qaydasında mümkündür. Göründüyü kimi cavabdehin qəsdli hərəkətləri nəticəsində törədilmiş mülki delikt nəticəsində 0,10 ha torpaq sahəsi olan daşınmaz əmlakdan məhrum edilmişdir. Əmlakın alqı-satqısına dair mübahisələndirilən müqavilə aldatma və iradəsinə zidd həyata keçirilmişdir. Nəticədə torpağa mülkiyyət hüququ pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında rəsmiləşdirilmiş bağışlama müqaviləsinin qovluğunda ümumi torpaq sahəsinin digər payçıları olan hədiyyə verən şəxsin əri X1 və oğlu X2 torpaq sahəsinin bağışlanmasına etirazlarının olmadığına dair ərizələrinin olması, onların notariat ofisinə müqavilə tərəfləri ilə bir yerdə getmələri demək deyildir. Yəni onların hər birisi ayrıayrılıqda və ya ikisi bir yerdə cavabdehlə birgə demək deyildir. Yəni onların hər birisi ayrıayrılıqda və ya ikisi bir yerdə cavabdehlə birgə və ya onsuz gedib razılıq ərizəsini təsdiqləyə bilərdilər. Digər tərəfdən cavabdeh iddiaçının bacısı oğlu olduğundan, razılıq ərizələrini vermiş X2 xalası oğlu, X1 isə baldızı oğludur. Onların da hər birisi, iddiaçı kimi ona etibar edib, razılıq ərizələrin məzmununa varmadan, sonuncunun təklifi ilə imza etdikləri normal haldır. Nə qədər ki, ərizə verənlərin bununla bağlı faktiki mövqeyi məhkəməyə aydın deyildir, məhkəmə həmin ərizələrin mövcudluğu baxımından, iddiaçının müqavilənin bağışlama müqaviləsi olduğunu bildiyinin əsası kimi qəbul edə bilməzdi. Cavabdehin iddiaya etirazı ondan ibarətdir ki, iddiaçıya pul lazım olarkən vermiş, ona kömək etmişdir. İddiaçı yaxşılıq əvəzinə demişdir ki, ona torpaq sahəsi bağışlayacaq. Torpağın yeri dəqiq deyil, sənəd üzrə ərazi isə yararsız vəziyyətdə olmuşdur. Torpaq sahəsi ona bağışlanandan sonra ona pul verməmişdir. Özü Bakı şəhərində yaşadığı üçün torpaqdan istifadə edə bilməmiş, qonşu mülkiyyətçilərə təklif etmişdir. Həmin torpağa 3000-3500 manat xərci çıxıb. İddiaçı pulunu ödəyərsə, torpağı geri qaytara bilər. Göründüyü kimi cavabdeh 3000 – 3500 manat müqabilində, dolayısı ilə iddia tələbini etiraf etmişdir. Bundan başqa əgər ona verilən torpaq sahəsinin yeri dəqiq məlum deyildisə, onda bağışlama müqaviləsi onun nəyinə lazım idi. Onda müqavilədə qeyd olunan torpaq sahəsi harda, qonşuya istifadəyə verdiyi torpaq sahəsi kimə məxsus idi. Həmçinin torpaq sahəsindən istifadə etmədiyi təqdirdə 3000–3500 manat xərci nəyə çıxmışdır. Qeyd olunanlar mübahisənin obyektiv həlli üçün əhəmiyyətli hallardır. Lakin həmin hallar tam aydınlaşdırılmamışdır. Əslində cavabdehin iddiaya etirazın dəlillərindən aşkar şəkildə görünür ki, bağışlama müqaviləsini cavabdeh qabaqcadan planlaşdırdığı şəkildə bağlamasını təşkil etmişdir. Qeyd edilməlidir ki, tərəflər yaxın qohumlardır. Öz aralarında sənədləşmə işlərində etibar etmə baxımından diqqət etməməkləri istisna deyildir. Bu baxımdan mübahisələndirilən müqaviləyə qədər və ondan sonra tərəflərin münasibətlərinin önə çəkilməsi və nəzərə alınması vacib məsələlərdən biridir. Cavabdeh torpaq sahəsinin xalasına etdiyi yaxşılıq əvəzində bağışladığını deyir və bu yaxşılığı xalasının ehtiyacı olanda ona pul verdiyi kimi təqdim edir. Bu halda tərəflərin maddi tərəfləri diqqətə alınmalıdır. İddiaçı özünün yaşadığı fərdi yaşayı evi, evin yerləşdiyi 0,30 ha. Torpaq sahəsindən başqa, 0,64 ha. ayrıca torpaq sahəsinə, mal-qarası olan təsərrüfatına, işlətdiyi qarışıq mağaza və kafeyə malik biznesi, qapısında maşını olan, yəni yetərincə maddi imkanlara malik şəxsdir. Cavabdeh onun oğlu yaşında və hər dəfə xalasından maddi dəstək alan və hazırda da torpağını geri qaytarılması üçün xalasından 3000-3500 manat pul tələb edən cavan bir uşaqdır. Göründüyü kimi məhkəmə iş üçün mühüm əhəmiyyəti olan halları tam aydınlaşdırmamış, tərəflər arasında mübahisələndirilən mövcud bağışlama müqavilə ilə yaranmış münasibətlərə nisbətdə maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Bu da hüquqi əsası olmayan nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Tərəflər arasında “daşınmaz əmlakın bağışlanması müqaviləsi” iddiaçının etdiyi etibarı nəticəsində aldandığı və cavabdehin bundan sui-istifadə etdiyi bir şəraitdə bağlanmışdır. Qeyd edilməlidir ki, tərəflər yaxın qohumlardır. Öz aralarında sənədləşmə işlərində etibar etmə baxımından diqqət etməməkləri istisna deyildir. İddiaçı bacısı oğlu olan cavabdehin işlətmək üçün verdiyi torpaq sahəsinə vergidə tələb edildiyi üçün icarə müqaviləsinin bağlanmasına inanıb, onunla notariat dfisinə getdiyi və orada ona təqdim edilən sənədlərə o cümlədən icarə müqaviləsi bildiyi bağışlama müqaviləsini imzaladığını bildirir. Cavabdeh iddiaya etirazında torpaq sahəsinin xalasına etdiyi yaxşılıq əvəzində ona bağışladığını deyir və bu yaxşılığı xalasının ehtiyacı olanda ona pul verdiyi kimi təqdim edir. Həmin torpağa 3000 - 3500 manat xərci çıxıb. İddiaçı pulunu ödəyərsə, torpağı geri qaytaracağını bildirir. Göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsi sənəd üzrə rəsmiləşdirilməsi müəyyən edilmiş qaydada aparılsa da, müqavilə tərəfi olan iddiaçının faktiki iradə ifadəsinə uyğun olmamışdır. Bu baxımdan da mübahisələndirilən müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Lakin məhkəmə qətnaməsində tərəflər arasında mövcud mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması ilə bağlı iş üzrə müəyyən etdiyi halları, müqavilə tərəfi olan iddiaçının faktiki iradə ifadəsinə nisbətdə düzgün şərh etməmişdir. Bu da müqavilənin əsasında yaranmış qarşılıqlı öhdəliyin icrası ilə bağlı maddi hüquq normaların yanlış şərhinə və hüquqi əsası olmayan nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunan prosessual hüquq normasına əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə qətnamə qəbul edərkən, tərəflər arasında mövcud mübahisələndirilən bağışlama müqaviləsinin bağlandığı zamanı iddiaçının faktiki iradə ifadəsinin, tərəflərin yaxın qohumlar olduğu, torpaq sahəsi və ona dair müqavilə bağlanması ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini sözügedən müqavilə bağlanan zaman iddiaçının daşınmaz əmlaka dair bağışlanma müqaviləsi bağladığının fərqində olması, könüllü şəkildə iradə ifadəsini nümayiş etdirərək müqaviləni imzalaması ilə əsaslandırmış, iddiaçı məhkəmənin gəldiyi bu nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşdən göründüyü kimi ünvan 1i ünvanında yerləşən 0.1 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması və 16 noyabr 2014-cü il tarixli 4ə-1850 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlaması və həmin torpaq sahəsinin hazırda sonuncunun mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsızlığı, torpaq sahəsindən çıxarılması, boşaldılaraq ona təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 339.2, 157.2-ci maddələri təşkil edir. İlk öncə qeyd olunmalıdır ki, iddia tələbinin müqavilənin etibarsızlığının hüquqi nəticəsi digər tələbləri (həmin müqavilənin yaratdığı sonrakı hüquqi nəticələrinin etibarsız hesab olunması, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi) özündən asılı etdiyindən, ilkin olaraq bağışlama müqaviləsinin etibarsızlığı barədə tələbə hüquqi qiymət verilməsi zəruridir. İşdən görünür ki, tərəflər arasında mövcud müqavilənin bağlandığı vaxt mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş və o, həmin torpaq sahəsini bağışlayarkən onunla yanaşı digər payçılar əri Kazım İlyasovun və oğlu Elnur İlyasovun belə razılığı alınmışdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli əmlakın bağışlanılması müqaviləsi iddiaçının aldadılaraq bağlanması öz təsdiqini tapmadığından, müqavilənin etibarsızlığı hissəsində iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin həmin müqavilənin yaratdığı sonrakı hüquqi nəticələrinin etibarsız hesab olunması, Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələblər bağışlama müqaviləsinin etibarsızlığı tələbindən asılı olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən, bu hissələrdə də iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-924/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-924/2024
21.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver