Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-930/2025 01.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X1 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(029)-47/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2019-cu il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Mucuq kəndində yerləşən 60.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh MMC-nin mülkiyyətindədir.
2. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, JN-0258 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsindən hal-hazırda istifadə olunmadığından naturada olan ölçülərini təyin etmək mümkün olmamışdır. İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsinin künc koordinatlarını TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən etmək mümkündür. İddiaçı tərəfindən JN 0258 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddia olunan 258 Z planşet nömrəli 0.2948 hektar torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin xüsusi mülkiyyətinə aid olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 60.82 hektar olmaqla, **********95 reyestr nömrəli çıxarış verilmişdir.
3. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, JN-0258 nömrəli (kod********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus Qusar rayonu Mucuq kəndində yerləşən torpaq sahəsindən hal hazırda istifadə olunmadığından naturada olan ölçülərini təyin etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Qusar rayonu Mucuq kəndində yerləşən torpaq sahəsinin künc koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların electron kadastr uçotu məlumat bazasına əsasən naturada müəyyən etmək mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı tərəfindən JN-0258 nömrəli (kod********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddia olunan 258 Z planşet nömrəli 0.2948 hektar torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin xüsusi mülkiyyətinə aid olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 60.82 hektar olmaqla, **********95 reyestr nömrəli çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan JN-0258 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Z nömrəli planşetində göstərilən Qusar rayonu, Mucuq oba kəndi ərazisində yerləşən 0.2948 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması və həmin torpaq sahəsindən cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərinin əvəzinin ödənilməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-0258 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı”) əsasən, həmin aktın Z nömrəli planşetində göstərilən Qusar rayonu, Mucuq oba kəndi ərazisində yerləşən 0.2948 ha torpaq sahəsi (bundan sonra “Torpaq Sahəsi”) Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10/6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 və onun ailə üzvləri X8 və İddiaçı (bundan sonra “Mülkiyyətçilər”) mülkiyyətinə verilmişdir. Torpaq sahəsi mülkiyyətçilər tərəfindən heç kimə satılmamışdır və ya hər hansı başqa yolla özgəninkiləşdirilməmişdir. 2022-ci ilin payız aylarında X5 torpaq sahəsinin Cavabdeh MMC tərəfindən zəbt olunduğunu və bağ salındığını aşkar etmişdir. Cavabdehin nümayəndəsi X4 torpaq sahəsinin dövlət aktına uyğun olaraq mülkiyyətçilərə məxsus olduğu bildirilsə də, torpaq sahəsi cavabdeh tərəfindən geri qaytarılmamışdır və onun əvəzinə heç bir kompensasiya ödənilməmişdir. xx.xx.2023-cü il tarixində X2 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və bağ salındığını bildirmiş və faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3-cü maddəsi ilə cinayət işinin başlanmasını xahiş etmişdir. Ərizə üzrə Qusar Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın təsviri hissəsində təsdiq edilir ki, Torpaq Sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidmətinin nümayəndəsinin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsində cavabdeh tərəfindən iki cərgə gilas ağacları əkilib. Eyni zamanda qərarda qeyd olunub ki, nümayəndə cavabdehin adına torpaq sahəsinə dair **********95 saylı çıxarışın olduğunu bildirmişdir. Bunu əsas götürərək, Qusar Rayon Polis Şöbəsi cinayət işinin başlanmasını rədd etmişdir. Lakin qeyd etmək lazımdır ki, çıxarış 60,82 ha torpaq sahəsini əhatə edir və onun iddianın predmeti olan 0.2948 ha torpaq sahəsini əhatə etdiyini təsdiq edən heç bir məlumat və ya sənəd təqdim olunmayıb. Yəni, Qusar Rayon Polis Şöbəsi Nümayəndənin şifahi sözlərinə əsaslanaraq, məsələni tam araşdırmadan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu hal, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməsi üçün əsasdır.
6. Cavabdeh MMC məhkəməyə etiraz ərizəsilə müraciət edərək, iddia tələbi ilə razı olmadığını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Qusar Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(029)-47/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsində onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3- 21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı ekspert rəyi ilə təkzib olunmuşdur.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.1, 157.2 və 157.4-cü maddələri, Torpaq Məcəlləsinin 66, 67, 68-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza nəticəsində məlum olunmuşdur ki, mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehə daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış (ümumi sahəsi 60.82 ha) verilmişdir. Halbuki həmin torpaq sahəsi üzrə ona və ailə üzvlərinə verilmiş JN-0258 nömrəli (kod ********) Dövlət Aktı qüvvədədir və həmin torpağı heç kimə satmamışlar. Beləliklə, eyni torpaq sahəsinə dair həm Torpağa mülkiyyət hüququna dair JN-0258 nömrəli (kod ********) Dövlət Aktı, həm də **********95 nömrəli çıxarış mövcuddur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında torpaq sahəsinin ixtisaslaşdırılmış təşkilat tərəfindən keçirilən açıq hərracda alındığını bildirmiş, eləcə də sanki torpağı özgəninkiləşdirənin mülkiyyətçi olmadığını əvvəlcədən bilirmiş kimi xüsusilə onun vicdanlı alıcı olduğunu vurğulamış, lakin çıxarışın verilməsinə əsas təşkil etmiş sənədlərin məhkəməyə təqdim edilməsindən imtina etmişdir. O, **********95 nömrəli çıxarışın mülkiyyətimdə olan torpaq sahəsinə aid hissədə ləğv olunması məqsədilə onun verilməsinə əsas təşkil etmiş sənədlərin mübahisələndirilməsi üçün onların tələb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin sənədlər iş üçün əhəmiyyətli olan halları, o cümlədən çıxarışın verilməsinin qanuniliyini, onun verilməsinə əsas təşkil etmiş sənədlərin etibarsız hesab edilməsi üçün əsasların mövcudluğunu və qeydiyyat zamanı reyestr xidməti tərəfindən mümkün qanun pozuntularına yol verilib-verilməməsini müəyyən etməyə imkan verəcəkdir. Lakin məhkəmə belə işlərin inzibati məhkəmələrin yurisdiksiyasına aid olduğunu əsas gətirərək, sənədləri tələb etməkdən imtina etmiş və bununla da çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozaraq, həmin sənədləri mübahisələndirməklə çıxarışı ləğv etmək imkanından onu məhrum etmişdir. Məhkəmə yanlış olaraq mübahisəni inzibati xarakterli hesab etmiş, halbuki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati akt sayılmır və belə işlərə mülki-məhkəmə qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Nəticə etibarı ilə məhkəmə iddianın əsasını təşkil edən halların sübuta yetirilmədiyi qənaətinə gələrək iddianı təmin etməkdən imtina etmiş və beləliklə, onun Konstitusiyada təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur. Məhkəmə qətnaməsində öz mövqeyini əsaslandırarkən, artıq qüvvədən düşmüş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarına istinad etmişdir. Bu vəziyyət qətnamənin etibarlılığını şübhə altına alır və qanunun düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən materiallar vaxtında təqdim edilmədiyindən ekspertiza rəyinin alınması 1 ilə yaxın gecikmişdir. Bundan əlavə, ekspert rəyinin mətnindən göründüyü kimi, ekspertiza heç bir müstəqil ekspert tədqiqatı aparılmadan keçirilmiş və rəy faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyinin sözbəsöz təkrarlanmasından ibarət olmuşdur. Buna baxmayaraq, məhkəmə rəyi “işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübüt” kimi qiymətləndirmiş və qətnaməni ona əsaslanaraq qəbul etmişdir. Bu, sübutların qiymətləndirilməsi prinsipinin pozulmasıdır. Mülki Prosessual Məcələsinə əsasən, məhkəmənin qərarı müşavirə otağında qəbul edilir və burada yalnız işə baxan hakim iştirak edə bilər. Güman edilir ki, müşavirə otağında hakim işin materiallarını diqqətlə öyrənməli və maddi hüquq normalarını işin halları ilə əlaqələndirməlidir. Əvəzində işə baxan hakim müşavirə otağına sözün əsl mənasında 10 saniyəlik daxil olmuş, daha sonra çıxıb qətnaməni elan etmişdir. Aydındır ki, bu müddət ərzində nə iş materiallarını öyrənmək, nə də işə tətbiq olunan hüquq normalarını yoxlamaq mümkün deyil. Hesab edir ki, bu vəziyyət iş materiallarının obyektiv və hərtərəfli araşdırılmadığını, əvvəlcədən formalaşmış mövqe əsasında qərarın qəbul edildiyini göstərir və ədalətli məhkəmə araşdırması prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
16. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
18. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
20. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Torpaq Məcəlləsinin
21. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
22. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
23. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
24. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
25. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
31. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
40. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
41. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.
42. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, JN-0258 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsindən hal-hazırda istifadə olunmadığından naturada olan ölçülərini təyin etmək mümkün olmamışdır. İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsinin künc koordinatlarını TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən etmək mümkündür. İddiaçı tərəfindən JN 0258 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddia olunan 258 Z planşet nömrəli 0.2948 hektar torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin xüsusi mülkiyyətinə aid olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 60.82 hektar olmaqla, **********95 reyestr nömrəli çıxarış verilmişdir.
43. İddiaçı tərəf mövcud ekspert rəyinin əsassızlığına dair məhkəməyə sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir.
44. Sadalananlardan göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədlərə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahəsinə dair sənədlər üzrə uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehin qanunsuz sahib olması barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
45. İddiaçının həmin torpaq sahəsindən cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərinin əvəzinin ödənilməsi barədə tələbi isə onun birinci tələbindən irəli gəldiyindən, həmin tələbin də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
46. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
48. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2025-ci il tarixli, 2(029)-47/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(029)-47/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.