Məhkəmə qərarları › İş №2(105)-94/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-94/2023

01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-94/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş 10000 (on min) manat məbləğində maddi ziyanın və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan məbləğinin və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsi ilə bağlanmış torpaq icarə müqavilələri əsasında Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi müvafiq olaraq 600 kvadrat metr və 400 kvadrat metr olan torpaq sahələri iddiaçının icarəsinə verilmişdir. İddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. Eyni zamanda həyətinə daxil olmaq üçün qoyduğu darvazanın qarşısında ona yaxın ağac əkərək abadlıq işlərini də görmüşdür. Lakin iddiaçı bir müddət səhhətində yaranmış problemlərlə əlaqədar olaraq torpaq sahəsinə gedə bilməmişdir. Torpağa sonradan baxmağa gedərkən əkdiyi ağacların çıxarıldığını, darvazanın qarşısındakı həmin yerdə başqa ağacların əkildiyini və həmin torpaq sahəsinin hasarlandığını aşkar etmişdir. Bunu kimin etdiyi ilə maraqlandıqda müəyyən etmişdir ki, bu hərəkətlər qonşu torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədlər olmadan istifadə edən Cavabdeh və onun ailə üzvləri tərəfindən törədilmişdir.Cavabdehlə arasında yaranmış mübahisə qarşılıqlı anlayışla həll edilmədiyindən, iddiaçı məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpasını tələb etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçının icarəsində olan torpaq sahəsinə giriş-çıxışı məhdudlaşdırılmış və torpaqdan istifadəsinə maneələr yaradılmışdır. Cavabdeh istifadəsində olan torpaq sahəsinin guya "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 10 saylı X6 Müəssisəsinin balansında olduğunu, həmin torpaq sahəsinin sonuncu tərəfindən bağ- bostan bitkilərinin becərilməsi üçün X3 ayrıldığı, adı çəkilən şəxsin də etibarnamə ilə bu torpağı Cavabdeh verdiyini bildirmişdir. Halbuki, cavabdeh torpaq sahəsindən bağbostan kimi deyil, qanunsuz olaraq fərdi yaşayış evi tikərək həyətyanı torpaq sahəsi kimi istifadə etməkdədir. Eyni zamanda, onun mübahisələndirdiyi torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hasarı daxilində deyil, hasarın xaricində onun darvazasının qarşısında yerləşir ki, bu torpaq sahəsinə onun hər hansı aidiyyəti yoxdur. Cavabdehin əsl niyyəti mübahisələndirilən torpaq sahəsini əvvəlcə ağac əkməklə və hasarlamaqla zəbt sonra isə istifadəsində olan torpaq sahəsinə qatmaqdır. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını və əkdiyi ağacları çıxararaq torpağı əvvəlki vəziyyətə gətirməsini tələb etsə də, o, bu günədək zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Cavabdehin zəbt etdiyi torpaq sahəsindən istifadə etməsinə əsas verən hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o, iddiaçının icarəsində olan torpağın qarşısında yerləşən torpaq sahəsini zəbt etmiş və qanunsuz əməllərinə bu günədək son qoymamışdır. Yaranmış problemin həlli üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsə də, bunun hər hansı bir nəticəsi olmamış və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bütün bunları nəzərə alaraq, iddiaçı öz hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etməyi lazım bilmişdir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması, iddianın verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manatının əvəzinin Cavabdeh alınaraq iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna verilməsi, qalan 20 manatın iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüsyenov). Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi 600 kv.m və 400 kv.m olan torpaq sahəsi mülkiyyət qüququ və icarə müqavilələrinə əsasən iddiaçıya verilmiş,iddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. İddiaçıya aid olan torpaq sahəsinin fasad hissəsində giriş qapısı mövcuddur, həmin giriş qapısı ilə üz-üzə dayandıqda fasad hissənin divarına bitişik boş sahə cavabdeh tərəfindən təxminən 1 m hündürlükdə taxta materialla çəpərlənmiş və çəpər arası 04 ədəd 4 mişar daşı hündürlüyündə tumbalar inşa edilmişdir. Qeyd edilən sahənin cavabdeh tərəfindən çəpərlənməsi iddiaçıya torpaq sahəsinin fasad divarında müəyyən yeniləmə (boyalama və s. işlərin) aparılmasına maneələr yaradır, iddiaçı tərəfindən özünə məxsus sahənin fasad hissəsindən sərbsət istifadəsini məhdudlaşdırır. Cavabdehin çəpərlədiyi sahəyə heç bir hüququ mövcud deyil. Eyni zamanda cavabdehin özünə məxsusluğunu bildirdiyi, iddiaçıya məxsus torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinədə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Həmçinin iddiaçıya maddi və mənəvi zərərin dəyməsini sübuta yetirəcək əsasların və faktların olması ilə bağlı sübutların məhkəməyə təqdim olunması izah olunmuş, lakin iş üzrə iddiaçının iddiasının sübutu kimi heç bir sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə müəyyən etdiyi əsaslarla iddianı qismən təmin edərək cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın sökülərək əvvəlki vəziyyətə qaytarılması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 178.1, 180.4, 238.3, 21.1, 21.2, 1096.1, 1097.1,1115, Torpaq Məcəlləsinin 5, 111-ci maddəsinə istinad edırık əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə iclasında "xxxx" QSC -yə ünvanladığı sorğuya cavabı təqdim edərək onların 3-cü şəxs qismində məhkəmə iclasına cəlb edilməsinin xahiş etsə də məhkəmə buna heç bir əhəmiyyət verməmişdir. Halbuki, həmin cavabda mübahisəli ADDY Pirşağı- Sumqayıt mənzilinin 48 km pk 3+80 m-dən PK 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində olan torpaq sahəsinin dəmir yolunun təhkim zolağında yerləşməsi, dövlət mülkiyyətində olmaqla dəmir yolunun istifadəsində olması bildirilmişdir ki, bu hallara əhəmiyyət verilməmişdir. Həmçinin ADDY Pirşağı- Sumqayıt mənzilinin 48 km pk 3+80 m-dən PK 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində olan torpaq sahəsinin bələdiyyə və yaxud dəmir yolunun balansında olmasını müəyyən edilməsi üçün məhkəmədən ekspertiza keçirilməsini tələb etsə də bu vəsatətinə də əhəmiyyət verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, torpaq sahəsindən ona X5 tərəfindən verilmiş etibarnamə əsasında istifadə edir. Ekspertiza keçirilmədən iş üzrə qətnamə qət edilib. İddiaçının həmin torpaq sahəsinə heç bir iddiası ola bilməz. Torpaq sahəsi "xxxx" QSC-nin balansındadır. Torpaq sahəsinin ətrafına hasarı o çəkməyib. Ona etibarnamə verən şəxsin arvadı çəkib. Həmin ərazi 26 metr hissədə mühafizə zonasıdır. Həmin 26 metrin 17 metri iddiaçının hasarının daxilindədir. 9 metr sahə onun istifadəsindədir. O,mühafizə zonasında heç bir tikinti işi aparmamışdır. Ancaq ağac və gül əkib. Bələdiyyəyə qarşı iddiası başqa torpaq sahəsi ilə bağlı olub. Qeyd etdiklərinə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Torpaq "xxxx" QSC-nin balansında olsa da, "xxxx" QSC və Sumqayıt Bələdiyyəsi tərəf kimi işə cəlb olunmayıb. Cavabdeh iş üzrə əsl tərəf deyil. O, torpaqdan etibarnamə əsasında istifadə edib. Torpaq etibar edənə mülkiyyətçi tərəfindən bağçılıq təyinatı ilə etibarnamə əsasında verilib. Etibar edənin arvadı X1. İş üzrə əsl tərəf də o olmalıdır. Cavabdeh iddiası məhkəmədə onun subyektiv hüququnun olmaması səbəbindən rədd edilmişdir. Bundan əlavə bələdiyyə rəsmi sorğularına cavab verməkdən yayınır. DƏDRX isə yazır ki, torpaq dövlət torpağıdır, amma bələdiyyənin adına qeydiyyata alınıb. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh birinci instansiya məhkəməsində hakimin sualına cavab olaraq bildirmişdir ki, Rəşid Absəlimovun arvadı ölüb. İndi bu faktı inkar edirlər. Onun torpaq sahəsinə xüsusi mülkiyyət hüququ var. Üçüncü şəxslə də müqaviləsi var. Müqaviləni məhkəməyə təqdim edib. Əvəzində üçüncü şəxsin əməkdaşları onun torpaq sahəsini əvəzsiz hasara aldılar. Mütəxəssis rəyi üçün ödədiyi 96 manatın da ona geri ödənilməsini xahiş edir. Torpaq sahəsini zəbt etməyib, zəbt Cavabdeh tərəfindən həyata keçirildiyi üçün cavabdeh kimi o cəlb olunub. Nəzakət Absəlimovanı tanımır. Cavabdehin istifadə etdiyi torpaq onun mülkiyyətində deyil, mühafizə zolağıdır. Onun mülkiyyətində olan torpaq sahəsinə cavabdeh müdaxilə etməyib. Qapısının qarşısıdır. Hesab edir ki, hasar sökülməlidir. Çünki vizual olaraq qapının qarşısı yaxşı görünmür. Qapının yeri də cavabdeh hasar çəkdiyinə görə olmalı olduğu yerdə deyil. Bununla bağlı rəsmi müraciətləri olub. Qapı əslində sağ tərəfdən olmalıdır. Evi 2014-cü ildə tikib. Cavabdehin evi 2018-ci ildə tikilib. Qapını qoyanda ölkədə deyildi. Gəlib görüb ki, düz qoymayıblar. Qapını "xxxx" QSC səhv qoyub. Qeyd etdiklərinə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, təmsil etdiyi quruma hazırki mübahisə ilə bağlı sorğular daxil olmuşdur. Müraciətlərə rəsmi qaydada cavab verilib. Mübahisəli ərazi təmsil etdiyi qurumun 26 metr ölçüsündə olan mühafizə zolağına düşür. Mühafizə zolaqları barədə Nazirlər Kabinetinin 2005-ci il tarixli qərarı var. Həmin qərara əsasən mühafizə zolağına daxil olan torpaqlarda yalnız əkinçilik və bostançılıqla məşğul olmaq olar. Orada hər hansı tikinti işi aparmağa icazə yoxdur. Apellyasiya şikayətinə münasibəti belədir ki, torpaq sahəsi dəmir yolunun mühafizə zolağıdır. Ondan istifadə olunması təşkilatın hüququnu pozur. Həmin torpağı etibarnamə əsasında keçmiş dəmiryolçu Absəlimov Rəşidə verilib. Rəşid Absəlimovun arvadı da dəmiryolçudur. Absəlimov etibarnamə əsasında torpağı əkinçilik və bostançılıq fəaliyyətinin icrası üçün Cavabdeh verib. Cavabeh etibaredənin yaxın qohumudur. Etibarnamənin kimə verilməsindən asılı olmayaraq torpaqdan tikinti və qeyri məqsədlərlə istifadə oluna bilməz. Həmin torpaqlar bu günə qədər ancaq əkinçilik və bostançılıq məqsədi ilə istifadə olunub. Burada məqsəd torpağın möhkəmləndirilməsinə nail olmaqdır. Cavabdehin istifadə etdiyi taxta hasarın torpaq sahəsinə bir ziyanı yoxdur. Amma daş hasar çəkmək olmaz. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.4-cü maddəsinə əsasən - tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər 238.3-cü maddəsinə əsasən - Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir: Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (1). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3). 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (3). Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən - Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1515 saylı Sumqayıt Bələdiyyəsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, iddiaçının müraciətinə əsasən tədbir görülməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinə 2668 nömrəli məktub, Sumqayıt Şəhər Prokurorluğuna həmin tarixdə 2669 nömrəli məktub göndərilmişdir. xx.xx.2018-ci il tarixli, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu ilə "xxxx" QSC arasında bağlanmış Bakı-Sumqayıt-Bakı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar tikinti müddəti ərzində Sumqayıt şəhəri, 50-ci məhəllə, Sumqayıt-Pirşağı mənzili, 48 km pk 5 ünvanında yerlşən torpaq sahələrindən "xxxx" QSC-nin istifadə etmək ehtiyacı yaranmışdır. Fiziki şəxs həmin torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında sahəyə əşya hüquqlarına malikdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0281 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, 50-ci məhəllə, 0,06 ha torpaq sahəsi 01 saylı, xx.xx.2016-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi xx.xx.2016-cı il tarixindən xx.xx.2035-ci il tarixinədək Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun xeyrinə hüquq yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, Sumqayıt şəhəri, 50-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsi Sumqayıt şəhər 4 saylı NK-nın xx.xx.2017-ci il tarixdə 3M-19 nömrəsilə təsdiq etdiyi Sumqayıt Bələdiyyəsinin 06 saylı, 12.0102017-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixindən xx.xx.2037-ci il tarixinədək Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun xeyrinə hüquq yüklü edilmişdir. Fotoşəkillərdən görünür ki, Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna məxsus torpaq sahəsinin qarşısı hasarlanmışdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Sumqayıt şəhəri, Yaşıl Dərə massivində yerləşən torpaq sahəsində abadlaşdırma işləri məqsədilə ağaclar əkilmiş, lakin mübahisəli torpaq sahəsində hər hansı çəpər işlərinin görülməsi ilə bağlı görüntü əks olunmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhərinin 50-ci məhəlləsi ərazisində yerləşən sahəsi 600 kv.m və 400 kv.m olan torpaq sahəsi mülkiyyət hüququ və icarə müqavilələrinə əsasən iddiaçıya verilmiş, iddiaçı bu torpaq sahələrini hasarlayaraq istifadə edir. İddiaçıya aid olan torpaq sahəsinin fasad hissəsində giriş qapısı mövcuddur, həmin giriş qapısı ilə üz-üzə dayandıqda fasad hissənin divarına bitişik boş sahə cavabdeh tərəfindən təxminən 1 m hündürlükdə taxta materialla çəpərlənmiş və çəpər arası 04 ədəd 4 mişar daşı hündürlüyündə tumbalar inşa edilmişdir. Qeyd edilən sahənin cavabdeh tərəfindən çəpərlənməsi iddiaçıya torpaq sahəsinin fasad divarında müəyyən yeniləmə (boyalama və s. işlərin) aparılmasına maneələr yaradır, iddiaçı tərəfindən özünə məxsus sahənin fasad hissəsindən sərbəst istifadəsini məhdudlaşdırır. Cavabdehin çəpərlədiyi sahəyə heç bir hüququ mövcud deyil. Eyni zamanda cavabdehin özünə məxsusluğunu bildirdiyi, iddiaçıya məxsus torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinədə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Həmçinin iddiaçıya maddi və mənəvi zərərin dəyməsini sübuta yetirəcək əsasların və faktların olması ilə bağlı sübutların məhkəməyə təqdim olunması izah olunmuş, lakin iş üzrə iddiaçının iddiasının sübutu kimi heç bir sübut məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, bu səbəbdən həmin torpaq sahəsinə görə iddia qaldırmaq hüququnun olmaması cavabdeh tərəfindən mübahisələndirilmiş, mübahisənin araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməsini xahiş etmişdir. Mübahisənin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-905/2022 nömrəli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5354 saylı ekspert rəyindən görünür ki, RX seriyalı ******* saylı çıxarışa əsasən Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50 ci məhəllə, 0.06 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. RX seriyalı ******* saylı çıxarışa əsasən Xəlilov Məhəmməd-Mehdi Soltan oğluna icarəyə verilmiş Sumqayıt şəhəri, 50 ci məhəllə ünvanında yerləşən, 0.04 ha torpaq sahəsinin (naturada) koordinatları müəyyən edilmişdir. Zəbt edildiyi iddia olunan torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. ******* saylı və RX seriyalı ******* saylı çıxarışlı torpaq sahələri zəbt edilməmişdir. Heç bir tikinti və yenidən qurma işləri aparılmayıb. İddia olunan torpaq sahəsi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə bağladığı torpaq sahəsinin giriş hissəsi olduğu müəyyən edilmişdir. Zəbt edildiyi iddia olunan torpaq sahəsinin bələdiyyənin 2019-cu ildə təsdiq olunmuş xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən zəbt edilməsi qeyd edilən torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. İddiaçıya məxsus ******* saylı və RX seriyalı ******* saylı çıxarışlı torpaq sahələri zəbt edilməmiş, həmin sahəsədə heç bir tikinti və yenidən qurma işləri aparılmayıb. İddia olunan torpaq sahəsi Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun icarə bağladığı torpaq sahəsinin giriş hissəsi olduğu müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş, ona məxsus torpaq sahəsində hər hansı tikinti işləri aparılmamışdır. Həmçinin zəbt edildiyi iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 iştifadəsinə verilmiş dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 48 km pk3-80 m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestriondə qeydiyyatdan keçməmişdir. Həmçinin elektron kadastr məlumat bazasında yoxlanan zaman torpaq sahəsinin dəmir yolunun mühafizə zolağında yerləşməsi və mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti olması müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, dəmir yolunun 48 km pk3-80 m-dən pk 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində təhkim zolağında olan torpaq sahəsi təhkim zolağına düşür, dövlət mülkiyyətinə məxsus olmaqla dəmir yolunun istifadəsindədir, bununla yanaşı bu ərazinin dəmir yolu tərəfindən istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli Qərarı ilə tənzimlənir. Həmin qərara əsasən dəmir yolunun həmin yerdə təhkim zolağının eni 26 metr müəyyən olunmuş və bu məsafə daxilində ərazinin özəlləşdirilməsinə, təyinatından kənar məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin zəbt etdiyi iddia olunan torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühafizə zonasında olmaqla bələdiyyə mülkiyyətində olduğundan həmin torpaq sahəsinə görə hazırki iş üzrə iddiaçının torpaq sahəsinin boşaldılması ilə bağlı iddia qaldırmaq hüququ olmamışdır. Bundan başqa cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsindən o deyil, X4 istifadə edir. O Səadətə bitkilərin əkilməsində, qulluq edlməsində köməklik edir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ Sumqayıt Bələdiyyəsinə məxsus olmasına baxmayaraq, Xəlilov Məhəmməd-Mehdi Soltan oğlu hazırki iddianı qaldırmışdır. Lakin iş materiallarında onun Sumqayıt Bələdiyyəsi adından iddia qaldırmaq hüququnun olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi iddia qaldırmaq hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin digər hissəsi, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş 10000 (on min) manat məbləğində maddi ziyanın və 50000 (əlli min) manat məbləğində mənəvi ziyan məbləğinin ödənilməsi iddia tələbinin Cavabdeh tərəfindən Sumqayıt şəhərinin 50ci məhəlləsi ərazisində zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində özbaşına quraşdırılmış hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması hissəsi ilə birbaşa əlaqəli olduğundan və iddia tələbi həmin hissədə təmin edilmədiyindən tələb maddi və mənəvi zərər dair hissədə də təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənnilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, hüquq normalarını düzgün tətbiq etməməklə səhv qətnamə çıxarmışdır. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh eilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(060)-7860/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat pul iddiaçı Xəlilov Məhəmməd-Mehdi Soltan oğlundan tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar