Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-941/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Gəncalı qızının, Cavabdeh2 iştirakı ilə, İddiaçı Gəncalı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində dəymiş maddi zərərin tutulması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(031)- 714/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı Gəncalı qızına verilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Gəncalı qızı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 (dörd min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X2 Ağasiyevin həyat yoldaşı olmuşdur. Onlar 2019-cu ilin mart ayında boşanmışlar, qızı iki azyaşlı uşaqları ilə onlarda yaşayırlar. 2020-ci ilin dekabr ayında Babək bir illik aliment pulu 6000 manat gətirib ona vermişdi ki, Təhminə və uşaqları üçün ev alsın. Bu məqsədlə Siyəzən şəhərində ev axtarmağa başlamışlar. İnternetdə Elçin adlı şəxsin telefonuna rast gəlmişlər, ona zəng etmişlər, Elçin də onları prokurorluğun yanında olan evinə dəvət etmişdir. O, da qızı Təhminə və kürəkəni Babəklə Elçingilə getmişlər. Elçin də onlara demişdir ki, satmalı olduğu ev Şabran şəhərindədir. Ona görə Elçin və qaynanası Rəhimə ilə Şabran şəhərinə gəlmişlər, avtovağzalın yaxınlığında olan iki mərtəbəli binanın birinci mərtəbəsində iki otaqlı evə baxmışlar. Elçin evin 20000 manata satıldığını bildirmiş, o da demişdir ki, 6000 manat pulları vardır. Elçin də təklif etmişdir ki, əlinizdə olan pulu verin, qalan pulu da aprel ayında verərsiniz. Təklif səmərəli olduğu üçün razılaşmışlar və 6000 manat pulu onlara vermişlər. Evə qayıtdıqdan bir saat sonra fikirləşmişlər ki, həmin binada yaşayanlar azdır, qızı üçün orada yaşamaq çətin olacaqdır. Ona görə də Elçinə zəng edib bildirmişlər ki, evi almalı olmadılar, pulu qaytarmaq lazımdır. Həmin puldan 2000 manatı ala bilmişlər, qalan 4000 manatı Rəhimə deyir ki, borclarını vermişdir, evi satan kimi verəcəkdir. Bu minvalla bu vaxta kimi 4000 manat pulu cavabdehlərdən ala bilmirlər. Bu barədə Poliş Şöbəsinə də müraciət etmişlər, lakin nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin cavadeh Cavabdeh2 4000 manat pul alınaraq İddiaçı Gəncalı qızına verilməsi hissəsində ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və qanunu səhv təfsir etməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların hərtərəfli, tam araşdırmaması, Şabran Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və elə bu əsaslara görə qətnamə Cavabdeh2 aid hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Gəncalı qızı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İddiaçı Şabran şəhəri avtovağzal yaxınlığında 2 mərtəbəli yaşayış binasında 2 otaqdan ibarət evin alınması üçün Cavabdeh1 ilə razılaşaraq 6000 manat məbləğində pulu verməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi dəymiş maddi zərərin tutulması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir. İşdən görünür ki, tərəflər arasında mənzilin nisyə alqı-satqısı haqqında razılaşma olmuş və bu məqsədlə iddiaçı tərəfindən mənzilin mülkiyyətçisi Cavabdeh1 ilkin olaraq 6000 manat verilmiş və sonradan onların bu sövdələşməsi baş tutmamış və cavabdeh aldığı puldan 2000 manatını iddiaçıya qaytarsa da, yerdə qalan 4000 manatı hazırkı vaxtadək iddiaçıya qaytarmamışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı qarşısında Cavabdeh1 mülki məsuliyyəti yaranmış, digər Cavabdeh2 isə iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Həmin Məcəllənin 387.3. maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Qeyd olunduğu kimi Cavabdeh2 İddiaçı Gəncalı qızı qarşısında Mülki Məcəllənin 385.1., 386.1, 387.3-cü maddələrinin tələbləri baxımından heç bir vəzifə daşımır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh2 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 aid hissədə iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-941/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-941/2023
07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver