Məhkəmə qərarları › İş №2(105)-943/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-943/2024

10.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-943/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X13, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 1 nömrəli X22 Mərkəzində “Dərnək rəhbəri” vəzifəsinə işə qəbul edilmişdir. Bildirişdə əmək müqaviləsinin növü müddətsiz qeyd olunmuşdur.

2. Sumqayıt şəhər 1 nömrəli X9 üzrə xx.xx.2019-cu il tarixli 72 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə müddətli müqavilə üzrə Əmək Məcəlləsinin 47-ci maddəsinin a bəndinə əsasən xx.xx.2019-cu il tarixindən əmək müqavilə bağlanmaqla işə qəbul edilmişdir.

3. xx.xx.2019-cu il tarixli “Əmək Müqaviləsi”ndən görünür ki, İddiaçı ilə Sumqayıt şəhər 1 nömrəli X4 xx.xx.2019-ci il tarixdən “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər bağlanmışdır.

4. xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsi”ndən görünür ki, İddiaçı ilə Sumqayıt şəhər 1 nömrəli X4 xx.xx.2022-ci il tarixdən “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətli olmaqla xx.xx.2023-cü il tarixə qədər bağlanmışdır.

5. Sumqayıt şəhər 1 nömrəli X9 üzrə xx.xx.2023-cü il tarixli 93 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı mərkəzin dərnək rəhbəri ilə analıq məzuniyyəti yerinə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

6. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron bildirişin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

7. ******* saylı, xx.xx.2019-cu il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 1 nömrəli X6 analıq məzuniyyəti yerinə 6 saat dərs yükü ilə xx.xx.2019-cu il tarixindən “Dərnək Rəhbəri” təyin olunmaqla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 93 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi A.B.Bədəlov Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X17 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 1 saylı X5 direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmrinin ləğv olunması, onun öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, maddi ziyan məbləği olaraq 01 sentyabr 2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1684/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildən etibarən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil idarəsinin (bundan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi adlandırılacaq) Sumqayıt şəhər 1 nömrəli X4 dərnək rəhbəri olaraq işləmişdir. Həmin işlə bağlı onunla cavabdeh arasında hər il əmək müqaviləsi bağlanılmışdır. Sonuncu dəfə onunla bağlanılmış 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə cavabdeh hər hansı hüquqi əsaslar olmadan və o, qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqailəsinin müddətinin başa çatması əsası ilə) 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmrlə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyinə dair məlumat daxil edilmişdir. Halbuki, onun tərəfindən sözügedən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə hər hansı müraciət olunmamışdır. Cavabdeh tərəfindən də onunla bağlanmış əmək müaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüs barədə ona hər hansı məlumat verilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilməsi barədə 93 saylı əmrin 01 sentyabr 2023-cü il tarixində verildiyi qeyd edilsə də, mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yalnız 21 sentyabr 2023-cü il tarixdə daxil edilmişdir ki, bu da hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş əmək qanunveriiliyinin növbəti kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatmışdırsa belə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bir həftə ərzində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməli idi ki, cavabdeh bu bildirişi 21 gündən sonra sistemə daxil etmişdir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdehin mübahisələndirdiyi 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmri barədə ona qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı məlumat verilməmiş və ona bu əmrin surəti bugünədək təqdim olunmamışdır. Eyni zamanda sonradan X15 Xidmətinə şikayət etdikdə ona bildirilmişdir ki, onun əmək müqaviləsi, ümumiyyətlə müddətsiz əmək müqaviləsi olmuşdur və həmin müqavilə bu əsasla ləğv oluna bilməzdi. O, cavabdehə bununla bağlı müraciət etdikdə törədilmiş qanunsuzluğun səbəbi barədə məmumat verilməsə də, o, bu işin arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin bəzi əməkdaşlarının olduğunu anlamışdır ki, bu yolla həmin şəxslər onunla şəxsi haqq-hesablarını çəkmək istəmişlər. Hətta onun müraciətinə baxmayaraq mübahisələndirilən əmrin surəti bugünədək hələ də ona təqdim edilməmişdir. O, pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ilkin olaraq cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsini qeyd etmiş, sonradan iddia ərizəsinə dəyişiklik edərək Sumqayıt şəhər 1 saylı X5 əlavə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında ilkin mediasiya prosesində ilk cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin iştirak etdiyi, əlavə cavabdeh Sumqayıt şəhər 1 saylı X9 isə mediasiya prosesinə cəlb olunmadığından, müvafiq mediasiya prosesi həyata keçirilənədək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7665/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra tərəfindən ilkin olaraq cavabdehə müvafiq mediasiya təklifi ünvanlanmış və sonradan mediasiya prosesinin həyata keçirilməsi üçün aidiyyəti üzrə mediasiya təşkilatına müraciət edilmişdir. Lakin cavabdehlə mübahisənin mediasiya qaydasında nizamlanması mümkün olmadığından, Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatoru E.Hüseynov tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" 16 yanvar 2024-cü il tarixli arayış təqdim olunmuşdur ki, müvafiq mediasiya sessiyasından sonra o, təkrarən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam edilməsi barədə əmrini qanunsuz və əsassız sayaraq onun ləğv edilməli olması qənaətindədir. Cavabdeh tərəfindən özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada və əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərini və qaydalarını gözləmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmaqla yanaşı, onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, 2019-cu ildən Sumqayıt şəhər 1 nömrəli X4 dərnək rəhbəri olaraq qüsursuz işləmiş bir mütəxəssis olaraq onun qanunsuz olaraq bu şəkildə işindən uzaqlaşdırmağını o, şəxsiyyətinə və hüquqlarına birbaşa zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də o, maddi ziyanla yanaşı, bu qanunsuz əməl nəticəsində ona vurulmuş mənəvi ziyanın da cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə qərarlıdır. Cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınmasına dair etdiyi təklifə cavabdeh tərəfindən hər hansı reaksiya verilməmiş və cavabdeh nümayəndəsini göndərməməklə mediasiya sessiyasında iştirak etməkdən belə yayınmışdır. Bu səbəbdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpa və müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Göründüyü kimi, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbləri gözlənilmədən sənədləşmə aparılmışdır. Cavabdehin bu hərəkəti hesab edir ki, ona maddi ziyan vurmaqla yanaşı, onda mənəvi sarsıntı yaratmağa, ixtisaslı peşəkar mütəxəssislərindən biri kimi onu gözdən salmağa, bir pedaqoq kimi işgüzar nüfuzuna xələl gətirməyə yönəlmişdir. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını və cavabdehin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri edir.

12. Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Xankişiyevə Fatma Abil qızı Sumqayıt şəhər 1 nömrəli X4 (bundan sonra mətndə Mərkəz) ilkdə dəfə əmək fəaliyyətinə xx.xx.2019-cu il tarixli 72 nömrəli əmrə və xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə dərnək rəhbəri vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlanılaraq, onun Mərkəzin dərnək rəhbəri vəzifəsində qalması müddəti uzadılmış, həmin müddətli əmək müqaviləsinin müddəti isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olmuşdur. Əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi və Mərkəzin dərnək rəhbəri X2 analıq məzuniyyətindən işə qayıtdığı üçün Mərkəzin xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçının nümayəndəsi qismində atası onun əmək kitabçasını xx.xx.2023-cü il tarixdə qeydiyyat jurnalına imza etməklə təhvil almışdır. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2023-cü il tarixdən bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” adlanan 3-cü maddəsinə əsasən əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci bənd). Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır (5-1-ci bənd). Göründüyü kimi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsidir. Əmək müqaviləsi bildirişi isə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qeyd olunanlardan göründüyü kimi, əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. İddiaçı ilə Mərkəz arasında qarşılıqlı razılıqla bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsidir. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək olmuşdur. Qarşılıqılı razılıqla bağlanlımış həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrdən çıxarışla da bu fakt təsdiqini tapır. Hazırki işdən də göründüyü kimi, iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra Mərkəz xx.xx.2023-cü il tarixli 93 nömrəli əmrlə müqaviləyə xitam verilməsini tələb etmişdir. Belə olan halda, həmin müqaviləyə xitam verilməsi barədə Mərkəz tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Həmçinin qeyd edirlər ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. Göründüyü kimi, iddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi sözlərlə əsaslandırmağa çalışmışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 2-ci hissəsinin b bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 76-cı maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 2-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi, 2-ci hissəsi, 294-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsinin 2-ci hissəsi, 3-cü hissəsi, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində əks olunmuş hüquq normasının məzmununu yanlış təfsir etməklə müvafiq hüquq normasını düzgün tətbiq etməmişdir. Maddədə əks olunmuş mövqeyinə görə Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Burada əsas araşdırılmalı məsələ İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi günün müəyyən edilməsidir. Məhkəmənin mövqeyinə görə əmrin verildiyi 01 sentyabr 2023-cü il tarixi iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündür. Məhkəmənin bu mövqeyini tamamilə yanlış hesab edir. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, İddiaçı bu günədək nə əmrin surəti verilmiş, nə də son haqq-hesab aparılmışdır. Əmək kitabçası isə 2023-cü ilin noyabr ayında aidiyyəti dövlət qurumuna şikayətlə müraciət edildikdən sonra iddiaçının atasına təhvil verilmişdir. Sadalanan hüquq normasından da görünür ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin,çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hesab edir ki, işə baxan məhkəmə sözügedən maddi hüquq normasının tələbləri baxımından İddiaçı əmək hüququnun cavabdeh tərəfindən aşkar şəkildə pozulmasına qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə sadalanan qanun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdeh tərəfindən hansı əsaslarla iddiaçının hüququnun pozulduğunu, sözügedən əmrin, son haqq-hesab sənədlərinin hansı səbəblərdən, o cümlədən qəsdən, bilə-bilə əmək müqaviləsi şərtlərini pozaraq iddiaçıya verilmədiyini aydınlaşdırmamış, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi vaxtla bağlı iş materiallarında olan və sübuta yetirilmiş hallara lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və nəticədə əsassız şəkildə İddiaçı iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarda əks etdirilmiş hüquqi mövqeyə görə “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).

18. Göründüyü kimi, məhkəmə iddia müddətinin tətbiq ediməsi barədə cavabdeh tərəfindən verilmiş ərizənin arxasına sığınaraq iş üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırma aparmadan tələm-tələsik iddia tələbinin rəddinə dair qətnamə çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən şərhində birbaşa göstərilmişdir ki, məhkəmə əvvəlcə iddiaçının hüququnun pozulub-pozulmadığını araşdırmalıdır. Buna baxmayaraq məhkəmə iddia müddətinin İddiaçı tərəfindən ötürüldüyünü hər hansı şəkildə əsaslandıra bilmədiyi halda, iddia müddətinin ötürüldüyü barədə nəticəyə gələrək iddia tələblərini rədd etmişdir. Məhhkəmə həm sadalanan qanun normasını, həm də Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən formalaşmış mövqeyini nəzərə almadan qanunsuz şəkildə iddia müddətini təbiq etmişdir ki, bu da son nəticədə qanunvericiliyin pozulmasına və iddia tələblərinin əsassız olaraq rədd edilməsinə gətirib çıxarmışdır.

19. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin sözügedən maddələrində əks olunmuş hüquq normalarının məzmununu yanlış təfsir etməklə müvafiq qanun normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddənin 2ci hissəsində əks olunmuş mövqeyinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydaların 2.1-ci bəndində də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Sadalananlardan anlaşılır ki, istər əmək müqaviləsi bağlanılarkən, istər əmək müqaviləsinə xitam verilərkən, istərsə də əmək müqaviləsində hər hansı dəyişiklik edilərkən elektron informasiya sisteminə müvafiq bildiriş daxil edilməlidir və həmin bildiriş qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. İşdə olan sənədlərdən də görünür ki, İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin müddətinin uzadılması barədə bağlanılmış 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə sonradan dəyişiklik edilərək həmin müqavilənin müddətsiz olması müəyyən edilmişdir. Bu hal elektron informasiya sistemində olan “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə öz əksini tapmışdır. Belə ki, həmin informasiya sisteminə cavabdeh tərəfindən adı çəkilən əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 11 fevral 2023-cü il tarixdə əmək müqaviləsinin bildirişi daxil edilmiş və həmin dəyişikliyə əsasən sözügedən əmək müqaviləsinin müddətsiz olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş sözügedən Qaydaların 8.1-ci bəndinə əsasən bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Göründüyü kimi, cavabdehin 01 sentyabr 2023-cü il tarixli əmri və 21 sentyabr 2023-cü il tarixdə elektron informasiya sisteminə daxil etdiyi əmək müqaviləsi bildirişinə əsasən xitam verdiyi 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi həmin vaxt elektron isformasiya sistemində müddətli deyil, müddətsiz əmək müqaviləsi kimi qeydiyyata alınmışdı. Həmin qeydiyyat da nə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməmiş, nə də məhkəmə qaydasında etibarsız sayılmamış, yaxud ləğv olunmuşdur. Cavabdehin elektron informasiya sisteminə sözügedən əmək müqaviləsinin müddətsiz olması barədə qeydin daxil edilməsinin səhvən texniki xətanın nəticəsi olması barədə bildirdikləri həmin qeydiyyatın özü ilə təkzib olunur. Belə ki, elektron informasiya sistemində cavabdeh tərəfindən aparılmış qeydiyyatdan görünür ki, əvvəlcə 26 sentyabr 2022-ci il tarixdə 23 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinin bağlanılması barədə qeydiyyat aparılmış, sonradan isə 11 fevral 2023-cü il tarixdə həmin əmək müqaviləsinə dəyişiklik edilərək müqavilənin müddətinin müddətsiz olaraq müəyyən edilməsi barədə qeydiyyat daxil edilmişdir. Belə olan halda cavabdehin müddətsiz əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq müddətli əmək müqaviləsi kimi birtərəfli qaydada xitam verdiyi aydın olur. Çünki əmək müqaviləsinə xitam verilərkən elektron informasiya sitemində İddiaçı ilə bağlanılmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olaraq qeyd edilmişdi və həmin qeydiyyatın mötəbərliyi şübdə altına alına bilməz. Təəssüf ki, məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verməmiş, iddaçı ilə bağlanılmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi olması və əmək qanunvericiliyinə əsasən birtərəfli qaydada ləğv edilməsinin qanunazidd olmasına əhəmiyyət verməmişdir.

20. Eyni zamanda cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 93 saylı əmrin 01 sentyabr 2023-cü il tarixində verildiyi qeyd edilsə də, mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqailəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yalnız 21 sentyabr 2023-cü il tarixdə daxil edilmişdir ki, bu da cavabdeh tərəfindən yol verilmiş əmək qanunvericiliyinin növbəti kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olsaydı və həmin müqavilənin müddəti başa çatsaydı belə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bir həftə ərzində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməli idi ki, cavabdeh bu bildirişi 21 gündən sonra sistemə daxil etmişdir. Cavabdehin mübahisələndirilən 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmri barədə İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı məlumat verilməmiş və ona bu əmrin surəti bugünədək təqdim olunmamışdır. Bu səbəbdən İddiaçı pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz və əsassız sayaraq ləğv edilməlidir.

21. Məhkəmə cavabdehlə bağlanılmış əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi olması və həmin müqaviləyə qanunvericiliyə zidd olaraq birtərəfli qaydada xitam verildiyinə dair İddiaçı tərəfindən bildirilmiş dəlillərə dair halları aydınlaşdırmamış, iddia müddətinin ötürülməsinə dair cavabdehin bildirdiklərinin hüquqi əsaslarını diqqətə araşdırmamış və ümumiyyətlə, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmədən verildiyini və bu səbəbdən əsaslı olaraq irəli sürüldüyünü müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi.

22. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübut və sənədlərlə təsdiq edilsə də, cavabdehin hərəkətləri nəticəsində F.Xankşiyevanın əmək hüququnun pozulmadığı barədə məhkəmənin gəldiyi nəticə mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edilməsi üçün nə iş üçün əhəmiyyət kəsb edən zəruri məlumatları əldə etməmiş,nə də iddiaçı tərəfindən təqdim edilmiş dəlilləri lazımi şəkildə qiymətləndirməyərək iddia tələblərinn rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən sözügedən iddia tələbləri ilə bağlı İddiaçı qanunvericiliklə müəyəyn edilmiş iddia müddətini ötürdüyünə dair əsassız nəticəyə gəlmişdir. Halbuki yuxarıda sadalanan hallardan da aydın olur ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən iddia müddəti hesablandıqda onun iddia müddətini ötürmədiyi görünür. Məhkəmə bununla da tərəflər arasında əmək mübahisəsinin yaranma tarixi ilə bağlı səhv nəticəyə gəlmişdir ki, məhkəmənin bu səhvi iddia tələbinin əsassız şəkildə rədd edilməsinə səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

30. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

31. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ... b) əmək müqaviləsinin müddətinin qurtarması; ...

34. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

35. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

36. Maddə 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

37. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

38. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsinin ləğvini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir.

48. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

51. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Sumqayıt şəhər 1 nömrəli X6 “dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmişdir. Həmin müqavilə müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər bağlanılmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixə qədər uzadılmışdır. İşçi tərəfindən xx.xx.2023-cü il tarixli 93 nömrəli əmr qəbul edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir.

52. Göründüyü kimi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərini əks etdirən yazılı əmək müqavilələr qarşılıqlı razılığa əsasən müddətli olmuşdur.

53. İddiaçı apellyasiya şikayətində əmək müqaviləsinin elektron informasiya sistemində müddətsiz kimi qeyd olunmasına istinad edərək, işəgötürən tərəfindən işçinin işdən azad olnmasını qanunvericiliyin pozulması ilə olduğunu bildirmişdir.

54. Kollegiya qeyd olunan dəlil ilə bağlı qeyd edir ki, iş materiallarında olan işçi və işəgötürən tərəfindən imzalanmış yazılı müqavilələrdən görünür ki, həmin müqavilələr müddətli olmuşdur. İşəgötürən tərəfindən səhvən əmək müqaviləsini müddətsiz kimi elektron informasiya sistemində qeyd olunması həmin müqavilənin müddətsiz olması anlamına gəlmir.

55. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

56. İşin hallarından görünür ki, iddiaçı ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasından keçmədiyindən, iddia məhkəmə tərəfindən xx.xx.2023-də baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-də Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, sonradan xx.xx.2024-cü il tarixində təkrarən məhkəməyə iddia vermişdir. İşdən həmçinin görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciət etmişdir.

57. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

58. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı mülki iş üzrə iddia müddəti ötürməmiş hesab edilməlidir. Buna baxmayaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün olduğundan, yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Odur ki, iddiaçı apellyasiya şikayətində işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

61. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar