Məhkəmə qərarları › İş №2(105)-948/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-948/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-948/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iş üzrə (Açar sözlər: ərizənin geri qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölüm faktının müəyyən edilməsi" tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)-3737/2025 nömrəli qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü Məmmədova Rəfiqənin xx.xx.1963-cü il tarixində Ağdam şəhərində vəfat etməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)-3737/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Ərizəçinin nümayəndəsi Nümayəndə qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(060)-3737/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3737/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.1963-cü il təvəllüdlü bacısı X2 xx.xx.1963-cü il tarixində vəfat etməsi faktının tanınmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Əsas kimi isə ölüm haqqında tibbi şəhadətnamənin əlavə edilməməsini göstərmişdir. Hesab edir ki, bu əsassızdır. Düzdür məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarına əsaslanmışdır. Amma hesab edir ki, hal-hazırkı iş üzrə bu qərara əsaslanıla bilməzdir. Belə ki, iş materiallarına qeydiyyat şöbəsinin imtina məktubu əlavə edilmişdir. Bu hal ölüm haqqında şəhadətnamənin verilə bilmədiyini təsdiq edir. Həmçinin ölüm faktının 1963-cü ildə baş verdiyi iddiası da qeyd edilmişdir. Həmin dövrlərdə ölüm haqqında tibbi arayışın verilmədiyi də məlumdur. Həmçinin iddia ərizəsində uşağın böyük ehtimal ki, evdə öldüyü də qeyd edilmişdir. Həmçinin ölən şəxs iddiaçıdan öncə anadan olmuş və onun anadan olmasından qabaq ölmüşdür. Məhkəmə bu halları nəzərə almalı idi. Bu günkü gündə heç bir xəstəxana, tibb müəsissəsi bu şəxslə bağlı ölüm haqqında tibbi arayış verə bilməz. Belə olan təqdirdə iddiaya mahiyyəti üzrə baxılması lazımdır.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)-3737/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)- 3737/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)-3737/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi ərizə və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı tibb müəssisəsinə müraciətini təsdiq edən sənədi məhkəməyə də təqdim etməmişdir. Məhkəmə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunmuş mövqedən çıxış edərək qeyd etmişdir ki, hazırkı işdə həmin sənədin məhkəməyə təqdim edilməsini zəruri edən hal ondan ibarətdir ki, tibb müəssisəsinə müraciət olunub tibbi şəhadətnamə alındığı təqdirdə artıq şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi zərurəti aradan qalxmış olur. Çünki ölüm haqqında tibbi şəhadətnamənin mövcudluğu “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsas olmaqla ölümün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsini istisna edir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və qərardadın ləğv edilərək işin işin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunan Qərarın 9.2-ci bəndinə əsasən Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, şikayətin dəlilləri əsassızdır. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2(060)-3737/2025 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar