Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-972/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1 Robertovnanın və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı1 Robertovnanın nümayəndəsi, eyni zamanda İddiaçı3 nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı3, İddiaçı1 Robertovna və İddiaçı2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi cə cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və yolu bağlayan darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Qusar rayonu Köhnə Xudat kəndində yerləşən torpaq sahəsi İddiaçı3 mülkiyyətindədir. Həmin publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Qusar rayonu Köhnə Xudat kəndində yerləşən torpaq sahəsi digər İddiaçı1 mülkiyyətindədir. Həmin ərazidəki yol isə X3 mülkiyyətindədir. X3 xx.xx.2005-ci il tarixli iclasının 12 saylı protokolu və xx.xx.2005-ci il dəyişdirmə müqaviləsinə əsasən Qusar rayonu Köhnə Xudat kənd ərazisində yerləşən su anbarını əhatə edən torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilsə də ora gediş-gəliş yolu açıq qalmalı idi. Lakin Cavabdeh göstərişi ilə onun oğlu X2 Xudat kəndində su gölünə gedən yolun ortasına, xx.xx.2005-ci il tarixli 12 saylı qərarına əsasən bələdiyyə mülkiyyətində olan yolun giriş hissəsinə dəmir darvaza quraşdıraraq, qıraqlarına isə setka çəkərək yolu bağlamışdır. Bu da kənd camaatının narazılığına səbəb olmuşdur. Onların həyətyanı sahələrinə və tikilmiş evlərinə gediş-gəliş məhdudlaşdırılmışdır. Bu göl həm də Köhnə Xudat kənd sakinlərinin gündəlik istifadə etdiyi su anbarıdır. Hətta yanğın söndürən maşınlar da bu gölün suyundan istifadə edir. Bir neçə dəfə yolun açıq saxlanılması ilə əlaqədar olaraq Qusar Rayon İcra hakimiyyətinə müraciət olunmuş, Cavabdeh xəbərdarlıq gəlsə də yol hələ də açılmamışdır. Beləliklə, iddiaçılar öz torpaq sahələrindən istifadə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
3. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Qusar rayonu Köhnə-Xudat Bələdiyyəsinin qərarına, rəsmi notariat qaydada təsdiq edilmiş xx.xx.2005-ci il tarixli dəyişdirmə müqaviləsinə və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03 may 2005-ci il, 1MK-2796/2005 saylı qətnaməsinə əsasən Qusar rayonu Köhnə-Xudat kəndi ərazisindən 30000 kv.metr torpaq sahəsi sahibkarlıq fəalyyəti məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planına əsasən həmin torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hazırki mübahisənin predmetini təşkil edən yol sahəsi ümumiyyətlə mövcud olmamışdır. Sonradan təxminən 2021-2022-ci illərdə Qusar rayonu Köhnə-Xudat Bələdiyyəsi tərəfindən hazırki iş üzrə iddiaçılar İddiaçı1 Robenovaya və İddiaçı3 hər birinə 0,12 ha, ümumilikdə 0,24 ha həyətyanı torpaq sahəsi satılmış və həmin həyətyanı torpaq sahələrinin yolunu isə X7 xüsusi mülkiyyətinə verilmiş 30000 kv metr torpaq sahəsi hesabına salmışdır. 2005-ci ildə qeyd edilən 30000 kv.metr torpaq sahəsi Cavabdeh ayrılarkən həmin ərazinin baş planında mübahisəli yol olmamış və gələcəkdə də bu ərazidə hər hansı yolun salınması nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən dəmir torla bağlanmış ərazi özünə məxsusdur və qoyulmuş darvaza həmin torpaq sahəsi daxilindədir. Odur ki, iddiaçılar İddiaçı1 Robenovanın, İddiaçı2 və İddiaçı3 cavabdeh ona qarşı qanunsuz hərəkətlərin qarşısının alınmasına və yolu bağlayan darvazanın cavabdehin hesabına sökülməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) iddiaçılar İddiaçı3 və İddiaçı1 Robertovnanın iddiası təmin edilmiş, iddiaçılar İddiaçı3 və İddiaçı1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş, Qusar rayonu X3 mülkiyyətinə aid yol sahəsində Cavabdeh tərəfindən quraşdırılmış darvazanın Cavabdeh hesabına sökülməsi, yol sahəsindən istifadəyə törədilən maneçiliklərə son qoyulması, İddiaçı2 iddiasının rədd edilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşməklə bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsinin daxilində yerləşən və iddiaçılar İddiaçı1 ilə İddiaçı3 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsində heç bir qanuni əsas olmadan darvaza quraşdırmışdır. Bu isə iddiaçılar İddiaçı1 ilə İddiaçı3 öz mülkiyyətlərində olan həyətyanı torpaq sahələrindən istifadə etmələrini mümkünsüz etməklə həmin şəxslərin torpaq sahələrinə dair mülkiyyət hüquqlarının tərkib elementi olan istifadə hüququnu pozmuşdur. Cavabdeh iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan ərazilərinin yaxınlığında inşa etdiyi tikilinin (qapının) onun əmlakı olduğu və öz vəsaiti hesabına tikdiyini bildirsə də tikintinin yerləşdiyi ərazi də hər hansı bir hüquqla ona məxsus olmamışdır. İddiaçı2 mübahisəli yol sahəsinə dair hər hansı əmlak hüququ mövcud olmadığından, eyni zamanda Cavabdeh tərəfindən həmin şəxsin hər hansı əmlak hüququ pozulmadığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan yol sahəsi Qusar rayonu X3 mülkiyyətinə aid torpaq sahəsinin daxilindədir və İddiaçı2 həmin bələdiyyənin sədri olsa da iddianı bələdiyyənin adından qaldırmamış, hazırkı iddia tələbini fiziki şəxs kimi öz adından qaldırmışdır.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13, Mülki Məcəllənin 157.4, Torpaq Məcəlləsinin 18, 47, 111, MPM-nin 4.1, 77.1-ci maddələrinə edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız qəbul olunmuşdur. Belə ki, Qusar Rayonu Köhnə-Xudat Bələdiyyəsi qərarına, rəsmi notariat qaydada təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Dəyişdirmə Müqaviləsinə və Azərbaycan Respublikası Appelliyasiya Məhkəməsinin 03 may 2005-ci il tarixli, 1MK-2796/2005 saylı qətnaməsinə əsasən Qusar Rayonunun Köhnə Xudat kəndi ərazisindən 30000 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planına əsasən həmin torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hazırki mübahisənin predmetini təşkil edən yol sahəsi ümumiyyətlə mövcud olmamışdır. Sonradan təxminən 2021-2022-ci illərdə Qusar Rayonu Köhnə Xudat Bələdiyyəsi tərəfindən hazırki iş üzrə iddiaçılar İddiaçı1 Robenovaya və İddiaçı3 hər birinə 0,12 ha, ümumilikdə 0,24 ha həyətyanı torpaq sahəsi satılmış və həmin həyətyanı torpaq sahələrinin yolunu isə onun xüsusi mülkiyyətinə verilmiş 30000 kv.metr torpaq sahəsi hesabına salmışdır. 2005-ci ildə qeyd edilən 30000 kv.metr torpaq sahəsi ona ayrılarkən həmin ərazinin baş planında mübahisəli yol olmamış və gələcəkdə də bu ərazidə hər hansı yolun salınması nəzərdə tutulmamışdır. Onun tərəfindən dəmir torla bağlanmış ərazi özünə məxsusdur və qoyulmuş darvaza həmin torpaq sahəsi daxilindədir. Qusar Rayonu Köhnə Xudat Bələdiyyəsi iddiaçılara torpaq sahələrini ayrılması, o cümlədən yolun çəkilməsi zamanı, onun mülkiyyətinə verilmiş torpaq sahəsi üzrə hüquqları nəzərə almalı idi, torpaq sahələrin seçimi və ayrılması zamanı digər şəxslərin artıq mövcud olan hüquqlarını pozmamalı və lazımsız olaraq məhdudlaşdırılmamalı idi. Əlavə olaraq iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil, ekspert rəyində istifadəsində olan 30000 kv.metr torpaq sahəsinin koordinatları dəqiq müəyyən olunmamış, həmin torpaq sahəsi ilə mübahisəli yol sahəsinin üst-üstə düşüb-düşməməsi müəyyən olunmamış, rəydə yalnız həmin torpaq sahəsinə mülkiyyət sənədinin verilməməsinin qeyd olunması ilə kifayətlənilmişdir. Bununla da hesab edir ekspert qarşısında qoyulan suallar və onların əsasında verilmiş ekspert rəyi iş üzrə ədalətli qərarın verilməsi üçün kifayyət deyil.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən 2005-ci ildə təmsil etdiyi şəxsə təhvil verilmişdir. Hesab edir ki, darvaza Cavabdeh məxsus 30000 kv.metr torpaq sahəsində quraşdırılmışdır.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Robertovnanın nümayəndəsi, eyni zamanda İddiaçı3 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf bələdiyyə mülkiyyətində olan yolun giriş hissəsinə dəmir darvaza quraşdıraraq, qıraqlarına isə dəmir tor çəkərək yolu bağlamışdır. Nəticədə təmsil etdiyi şəxsin torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Əlavə olaraq qeyd etmək istər ki, cavabdehin sözügedən torpaq sahəsinə çıxarışı yoxdur, yalnız qərar var.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı2 Fizuli qızına rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır.
14. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9760 saylı ekspert rəyindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planında göstərilən 30000 kv.metr torpaq sahəsinə Cavabdeh adına mülkiyyəti təsdiq edilmiş sənəd verilməmişdir. Cavabdeh tərəfindən Qusar rayonu Köhnə Xudat kəndi ərazisində quraşdırılmış darvazanın 6.94 metr hissəsi Qusar rayonu X5 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 3.09 metr hissəsi isə Qusar rayonu X5 məxsus yaşayış məntəqələrinin torpaq sahəsində yerləşir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planında göstərilən, Cavabdeh məxsus 30000 kv.metr torpaq sahəsi ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hər hansı yol nəzərdə tutulub-tutulmaması haqqında hər hansı məlumat mövcud deyildir. İddiaçılar İddiaçı3 və İddiaçı1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Qusar rayonu X5 məxsus torpaq sahəsinin daxilindədir. Tətbiq edilən hüquq
16.Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;
Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsi qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə aid hissədə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Qusar rayonu Köhnə Xudat kəndi ərazisində bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsinin daxilində yerləşən və iddiaçılar İddiaçı1 ilə İddiaçı3 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsində heç bir qanuni əsas olmadan darvaza quraşdırmış, bu isə iddiaçılar İddiaçı1 ilə İddiaçı3 öz mülkiyyətlərində olan həyətyanı torpaq sahələrindən istifadə etmələrini mümkünsüz etməklə həmin şəxslərin torpaq sahələrinə dair mülkiyyət hüquqlarının tərkib elementi olan istifadə hüququnu pozmuşdur.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspert qarşısında Cavabdeh tərəfindən Qusar rayonu Köhnə Xudat kəndi ərazisində quraşdırılmış darvazanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planında göstərilən, Cavabdeh məxsus 30000 kv.metr torpaq sahəsində və yaxud Qusar rayonu X5 məxsus, ümumi istifadə üçün nəzərdə tutulmuş, iddiaçılar İddiaçı3 və İddiaçı1 həyətyanı torpaq sahələrinə gediş-gəliş yolunda inşa edilib-edilməməsi ilə bağlı sual qoyulmuş və alınmış ekspert və mütəxəssis rəyləri ilə isə Cavabdeh tərəfindən Qusar rayonu Köhnə Xudat kəndi ərazisində quraşdırılmış darvazanın 6.94 metr hissəsinin Qusar rayonu X5 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 3.09 metr hissəsinin isə Qusar rayonu X5 məxsus yaşayış məntəqələrinin torpaq sahəsində yerləşməsi təsdiqini tapmışdır ki, bununla da cavabdehin qoyulmuş darvazanın onun istifadəsində olan 30000 kv.metr torpaq sahəsində yerləşməsi ilə bağlı şikayətinin dəlili əsassız olmuşdur.
24. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən quraşdırılmış darvaza onun istifadəsində olan torpaq sahəsində deyil, bələdiyyəyə məxsus torpaq sahəsi üzərində yerləşməklə, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gediş-gəliş yolunun üzərində qoyulmuşdur ki, bu hal da iddiaçılarına mülkiyyətlərindən maneəsiz istifadə etməsinə məhdudiyyət yaratmışdır.
25. Şikayətin digər dəlili, yəni ekspert rəyi ilə razı olmamasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi əsaslı və qanuni hesab olunur.
26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilələrlə razılaşaraq hesab edir ki, qətnamə apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(029)-26/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.