Məhkəmə qərarları › İş №2(105)-975/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-975/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-975/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Zamin və «X9 Azərbaijan» MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi S.Muradzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın qismən təmin olunması, Cavabdeh1 iddiaçı «xxxx» ASC-nin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləğində cərimə olmaqla, cəmi 535.335,19 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia qalan hissədə cavabdeh Zamin və “X9.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: «xxxx» ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Zamin birgə qaydada iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz, 4.159,59 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 539.494,58 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2-yə məxsus xx.xx.2015-ci il tarixli, 1988/15 saylı girov müqaviləsinə əlavə 1-də qeyd edilən girov predimeti olan mallara yönəldilməsi, həmin malların satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və Bankın kredit tələbi satılmış malların hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “X9.Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1988/15 saylı təminatlı kredit müqaviləsinə əsasən MMC-yə 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtiylə 500.000 ABŞ dolları mələğində kredit verilmişdir. Sonradan “X9.Azerbaijan” MMC, “xxxx” ASC və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli hər üç tərəfin təsdiq etiyi öhdəçilik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “X9.Azerbaijan” MMC-nin “xxxx” ASC-yə kredit müqaviləsindən irəli gələn pul öhdəliyi Cavabdeh1 keçmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq C.Y.Quliyev ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq “xxxx” ASC ilə “X9.Azerbaijan” MMC arasında girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ümumi dəyəri 4155734.95 manat olan girov müqaviləsinə əlavə-1-də qeyd edilən mallar “xxxx” ASC-nin xeyrinə girov qoyulmuşdur. Hazırda cavabdehlərin banka 492317,21 ABŞ dolları əsas, 43017,78 ABŞ dolları faiz, 4159,59 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 539494,58 ABŞ dolları məbləğində borcu qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Kredit müqavilələri üzrə «X9.Azerbayjan» MMC-nin xx xxxxxx 2015-ci il tarixinə 945.218 ABŞ dolları kredit borcu öhdəlielərin verilməsi barədə müqavilə imzalanaraq P.Ə.Hacıyevə keçirilmişdir. Göründüyü kimi, P.Ə.Hacıyev öhdəliklərin verilməsi barədə müqaviləni imzalayaraq öz radə ifadəsini bildirmiş və «X9.Azerbaijan» MMC-yə məxsus 4 kredit müqaviləsi üzrə öhdəlikləri qəbul etmişdir. P.Ə.Hacıyev «Öhdəliçilik müqaviləsini» imzalanmaqla artıq Bankla yeni müqavilə münasibətlərin yaranmasını əsasını qoymuşdur. Eyni zamanda da C.Y.Quliyev ilə bağlanmış zaminlik müqaviləsinə xitam verilməmişdir. C.Y.Quliyev ilə imzalanmış «Zaminlik müqaviləsi» aksessor öhdəlikdir və əsas öhdəlikdən asılıdır. Hər 3 tərəfin razılığı əsasında kredit müqaviləsi üzrə öhdəliklər digər şəxsə ötürülmüşdür ki, əsas öhdəliyin ötürülməsi ilə yanaşı digər aksessor öhdəliklər də ötürülmüş hesab olunmalıdır. Lakin məhkəmə buna diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi Bankın iddia tələblərinin cərimə hissəsini əsassız olaraq qismən təmin etmişdir. Məhkəmə 4159,59 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair tələbini dəyişdirərək 20 ABŞ dolları məbləğində cərimə borcunun Bank xeyrinə tutulması düzgün deyil. Məhkəmə əsassız olaraq ipoteka predmetinə tutma yönəl Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsülü olaraq bank ilə cavabdeh «X9.Azerbaijan» MMC girov müqaviləsi bağlanmış və müqaviləyə Əlavə 1-də qeyd olunan mallar sözügedən cəmiyyət tərəfindən girov qoyulmuşdur. Məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(027)-858/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi E.B.İsmayılov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Zamin və «X9.Azerbaijan» MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış sübutlarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Muradzadənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında “X9.Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1988/15 saylı təminatlı kredit müqaviləsinə əsasən “X9.Azerbaijan” MMC-yə 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtiylə 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 1988/15 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq C.Y.Quliyev “X9.Azerbaijan” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. İşə əlavə olan xx.xx.2015-ci il tarixli Girov müqaviləsindən görünür ki, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq “xxxx” ASC ilə “X9.Azerbaijan” MMC arasında girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ümumi dəyəri 4 155 734,95 manat olan girov müqaviləsinə əlavə-1-də qeyd edilən mallar “xxxx” ASC-nin xeyrinə girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Öhdəçilik Müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 1988/15 saylı Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin Cavabdeh1 ötürülməsinə qərar verilmiş, bu barədə “X9.Azerbaijan” MMC, Cavabdeh1 və “xxxx” ASC arasında üç tərəfli Öhdəlik Müqaviləsi bağlanmışdır. “xxxx” ASC bu müqavilənin şərtlərini tanımış, “X9.Azerbaijan” MMC-nin xx.xx.2016-cı il tarixə 945 218 ABŞ dolları olan kredit məbləğinin və bundan sonra hesablanacaq faizlərin Cavabdeh1 tərəfindən ödənilməsinə etiraz etməmişdir. İşə əlavə olan “xxxx” ASC-nin “X9.Azerbaijan” MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda göstərilmişdir ki, bank digər müqavilələrlə yanaşı hazırkı iddianın predmeti olan xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə bank qarşısında yaranmış bütün öhdəlikləri Cavabdeh1 öz üzərinə götürmüş, “xxxx” ASC xx.xx.2015-ci il tarixində “X9.Azerbaijan” MMC və Cavabdeh1u arasında bağlanmış Müqavilənin şərtlərini tanıdığından bankın “X9.Azerbaijan” MMC-yə qarşı kreditin qaytarılmasına görə iddia tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(005)-10081/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X9.Azerbaijan” MMC-yə, C.Y.Quliyevə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı kredit borcunun birgə qaydada tutulması, tutmanın girov predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X9.Azerbaijan” MMC-dən və X1 ASC-nin xeyrinə 492317,21 ABŞ dolları əsas, 43017,78 ABŞ dolları faiz, 4159,59 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 539494,58 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın “X9.Azerbaijan” MMC-yə məxsus xx.xx.2015-ci il tarixli, 1988/15 saylı Girov müqaviləsinə Əlavə 1-də qeyd edilən girov predmeti olan mallara yönəldilməsi, həmin malların satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və Bankın kredit tələbinin satılmış malların hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin tələbində “X9.Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1988/15 saylı təminatlı kredit müqaviləsinə əsasən “X9.Azerbaijan” MMC-yə 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtiylə 500.000 ABŞ dolları mələğində kredit verildiyini, zaminlik müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq C.Y.Quliyevin “X9.Azerbaijan” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürdüyünü, girov müqaviləsinə əsasən isə ümumi dəyəri 4155734.95 manat olan girov müqaviləsinə əlavə-1-də qeyd edilən malların “xxxx” ASC-nin xeyrinə girov qoyulduğunu qeyd etmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı Ləğv prosesində olan “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X9.Azerbaijan” MMC-yə, C.Y.Quliyevə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 qarşı kredit borcunun birgə qaydada tutulması, tutmanın girov predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(005)-3116/2017 saylı qərardadına əsasən iddiaçı “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, C.Y.Quliyevə və “X9.Azerbaijan” MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına iddiaçının cavabdehlər C.Y.Quliyevə və “X9.Azerbaijan” MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində xitam verilməsi; Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində isə baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən olunmuşdur ki, “X9.Azerbaijan” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1988/15 saylı təminatlı kredit müqaviləsinə əsasən “X9.Azerbaijan” MMC-yə 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtiylə 500.000 ABŞ dolları mələğində kredit verilmişdir. Həmin tarixli və saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq C.Y.Quliyev “X9.Azerbaijan” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Girov müqaviləsi ilə Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq ümumi dəyəri 4155734,95 manat olan mallar “xxxx” ASC-nin xeyrinə girov qoyulmuşdur. Bundan sonra xx.xx.2015-ci il tarixli, 1988/15 saylı Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin Cavabdeh1 ötürülməsinə qərar verilmiş, bu barədə “X9.Azerbaijan” MMC, Cavabdeh1 və “xxxx” ASC arasında üç tərəfli Öhdəlik Müqaviləsi bağlanmışdır. “xxxx” ASC bu müqavilənin şərtlərini tanımış, “X9.Azerbaijan” MMC-nin xx.xx.2016-cı il tarixə 945 218 ABŞ dolları olan kredit məbləğinin və bundan sonra hesablanacaq faizlərin Cavabdeh1 tərəfindən ödənilməsinə etiraz etməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. Odur ki, iş üzrə cavabdehlər qismində cəlb edilmiş C.Y.Quliyev və “X9.Azerbaijan” MMC hissəsində iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı yönəltdiyi 492.317,21 ABŞ dolları əsas və 43.017,78 ABŞ dolları faiz məbləğində iddia tələbi əsaslı olmuşdur və təmin edilməsi düzgündür. İddiaçı həmçinin, 4.159,59 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, dəbbə pulunun tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 4.159,59 ABŞ dolları dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə kreditorun, yəni «xxxx» ASCnin gəliri, kredit müqaviləsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»xx xxxx 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X6rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələb edilən 4.159,59 ABŞ dolları cərimə növündə dəbbə pulu azaldılaraq, 20 (iyirmi) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdeh C.Y.Quliyevə qarşı iddianın təmin edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanun normalarının mənasından görünür ki, zaminlik öhdəliyin icrasının təmin edilməsi üçün nəzərdə tutulmuş bir institutdur. Qanunvericilik zaminliyin iki məsuliyyət formasını müəyyənləşdirir: 1) zaminin sübsidiar məsuliyyəti. Bu zaman zamin kreditor qarşısında borclunun məsuliyyətinə əlavə, yəni köməkçi məsuliyyət daşıyır. Belə halda kreditor öhdəliyin icrasını əvvəl borcludan tələb edir, borclu öhdəliyi icra etməkdən boyun qaçırdıqda, bu halda icranı zamindən tələb edə bilər. 2) zaminin kreditor qarşısında borclu ilə birgə məsuliyyəti. Bu zaman kreditor ödəliyin icrasını həm borcludan, həm də zamindən tələb edə bilər. Qanun eyni zamanda zaminliyə xitam verilməsi əsaslarınıi da müəyyən etmişdir ki, onlardan biri də Mülki Məcəllənin 477.0.1-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə kollegiyası qanunla zamin C.Y.Quliyevin zaminliyinə xitam verilməsi ilə əlaqədar hazırkı iddia cavabdeh C.Y.Quliyevə və “X9.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci i il tarixli 2(027)-858/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar