Məhkəmə qərarları › İş №2(105)-986/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-986/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-986/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Xudiyev Məhəmməd İslam oğlu, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4 Məhəmməd qızı, Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və iddiaçının mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-167/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) İddiaçı cavabdehlər Xudiyev Məhəmməd İslam oğluna və qeyrilərinə qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbi təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 Məhəmməd qızı, Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 56 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlər Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilinə köçürülməyi və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən 1998-ci ilədək Sumqayıt Boru Prokat zavodunun nəzdində olan “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsində işləmiş, həmin müəssisədə işlədiyi zaman, yəni 1993-cü ildə müəssisə tərəfindən ona Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzili ayrılmış və müvafiq order verilmişdir. Sözügedən mənzilin ona və ailə üzvlərinə yaşamaq üçün verilməsinə baxmayaraq, bir gün olsun belə həmin ünvanda yaşamaq qismət olmamışdır. Çünki Zəngilan rayonundan məcburi köçkünlər olan Cavabdeh4 Məhəmməd qızı, Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 ona məxsus mənzili qanunsuz olaraq zəbt etmiş və uzun illərdir ki, heç bir hüquqları olmadan orada yaşayırlar. O, ailəsilə birlikdə neçə illərdir ki, müxtəlif ünvanlarda yaşayır. Övladı Nümayəndə ailəlidir və üç uşaqla birlikdə kirayə mənzildə yaşayır. Hal-hazırda sözügedən mənzili ailəsilə birlikdə istifadə etmək istəsə də, cavabdehlər mənzili könüllü olaraq boşaltmadıqlarından, bu mümkün olmur. Dəfələrlə cavabdehlərə müraciət edərək mənzili boşaldıb ona təhvil vermələrini xahiş etmiş, lakin cavabdehlər onun xahişinə məhəl qoymamışlar. Bu səbəbdən də cavabdehlərin məhkəmə qərarı əsasında mülkiyyətində olan mənzildən çıxarılması qərarına gəlmişdir. Ona görə də məhkəməyə müraciət edir. O, hal-hazırda da ünvan 2 ünvanında qeydiyyatdadır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-167/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi tam əsassız və qanunsuz çıxarılmış, məhkəmə işə birtərəfli qaydada baxaraq, işi hərtərəfli araşdırmamış, yalnız cavabdehlərin maraqlarını nəzərə almış, mülkiyyətçi olaraq onun mənafeyi isə diqqətdən kənarda qalmışdır. İlk öncə onu vurğulamaq istəyir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, 56 saylı evin 14 saylı mənzili 1993-cü il tarixli order əsasında onun istifadəsinə verilmişdir. Mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan, mülkiyyətçi olaraq ona məxsus əmlakdan istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Çünki istifadəsində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, 56 saylı evin 14 saylı mənzili Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Bu da onun Konstitusion hüququnun pozulması deməkdir. Belə ki, Konstitusiyanın 13-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2018-ci ildə Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilinə pasport qeydiyyatına alınmağı öhdəliyinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-361/2018 nömrəli, 08 fevral 2018-ci il tarixli qərarına əsasən, iddia tələbi təmin olunmamışdır (X6). İddia tələbinin təmin olunmamasına baxmayaraq, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilinin “Metallurqtəmir Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən 03 (üç) nəfər ailə üzvüylə birlikdə ona ayrılması öz təsdiqini tapmış və buna məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Daha sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-361/2018 nömrəli, 08 fevral 2018-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-273/2018 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş və onun Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilinə pasport qeydiyyatına alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Hal-hazırda da ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-273/2018 nömrəli qərarında da Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilinin “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən 03 (üç) nəfər ailə üzvüylə birlikdə ona ayrılması öz təsdiqini tapmış və buna məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bir daha vurğulamaq istəyir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzilin ona məxsus olması həm Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-361/2018 nömrəli, 08 fevral 2018-ci il tarixli qərarında, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(105)-273/2018 nömrəli qərarında öz təsdiqini tapmış və buna hər iki məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Xudiyev Məhəmməd İslam oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının cavabdehlərin mənzildən çıxarılması tələbinə dair vindikasiya iddiasının Mülki Məcəllənin müvafiq maddələrinin dispozisiyasına cavab vermədiyi və qanunsuz sahiblik mövcud olmaması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.8-ci maddələrinə istinad etmiş, bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmək əvəzinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən 1993-cü ildə iddiaçıya Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 56 saylı evin 14 saylı mənzilin ayrılması və mövcud məhkəmənin qərarı əsasında sonuncunun həmin mənzildə hüququnun yaranması işin mübahisəsiz halıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). Tərəflər arasında mübahisə predmeti təşkil edən (dövlət mənzil fonduna aid) mənzil ilə bağlı hüquq münasibəti 2000-ci il tarixdən əvvəl yarandığından məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il redaksiyalı) müddəalarına uyğun baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli mənzil “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş 03 saylı (müvafiq təşkilatın məktubuna əsasən 1993-cü ildə) order əsasında İddiaçı verilmiş və sonuncu ilə bərabər 3 nəfər ailə üzvü də həmin ünvanda qeydiyyatdadırlar. Bu isə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını qaçılmaz edir. İşdən görünür ki, 16 avqust 1960-cı il təvəllüdlü İddiaçı 1982-ci ildən 1998-ci ilədək “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsində ("xxxx" MMC) işləmiş və işlədiyi dövrdə, yəni 1993-cü ildə İddiaçı (ailə üzvləri: Bayramova Gülnarə - həyat yoldaşı, Bayramova Xəyalə - qızı və Nümayəndə - oğlu) "Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi ("Metallurq-təmir-1” MMC) tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, 56 saylı evin 14 saylı mənzili ayrılmış və ona müvafiq order verilmişdir. Lakin həmin mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan, o həmin mənzilə köçə bilməmişdir. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilmiş hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz (Mənzil Məcəlləsinin 10-cu maddəsi). Mənzil Məcəlləsinin 42 və 48-ci maddələrinə əsasən yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Lakin hazırkı iş üzrə iddiaçıya məxsus mənzil məcburi köçkün ailəsi, yəni cavabdehlər tərəfindən tutulduğundan, onlar Mənzil Məcəlləsinin 53, 54-cü maddələrində nəzərdə tutulmuş qaydada iddiaçının ailə üzvü olmadıqlarından, mübahisəli mənzil üzərində hər hansı müstəqil hüquqa malik deyillər. Mənzil Məcəlləsinin 89 və 98-ci maddələrinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, “Metallurqtəmir” Təmir Tikinti Quraşdırma İdarəsi tərəfindən 1993-cü il tarixli order ilə mübahisəli mənzil iddiaçının üç nəfər ailə üzvləri nəzərə alınmaqla ona verildiyindən, mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan maddələrin tələbi baxımından orderə adları daxil edilmiş şəxslərin, o cümlədən də iddiaçının həmin mənzil üzərində yaşayış sahəsinə hüququ yarandığından, sonuncu cavabdehlərin həmin mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdehlərin həmin mənzildən yaşamaları üçün heç bir hüquqi əsas olmadığından, onların həmin mənzildə qalması iddiaçının mübahisəli mənzil üzərindəki sahiblik və istifadə hüququnun pozulmasını qaçılmaz edir. Məhkəmə kollegiyası cavabdehlərin mənzili zəbt etməmələri, 1995-ci ildə Sərdar və Mahirə adlı şəxslərdən almaları, Sərdar və Mahirədən əvvəl isə mənzil Allahverdi və Elmira adlı şəxslərin istifadəsində olması barədə dəlilinə gəldikdə isə hesab edir ki, qeyd olunan mənzil dövlət mənzil fonduna aid olduğundan və bu mənzil müstəqil alqı-satqının predmeti olmadığından, cavabdehlərin həmin mənzilə dair qeyd etdikləri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlər mənzildən çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Xudiyev Məhəmməd İslam oğlu, X2 və Cavabdeh1 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 56 saylı evin 14 saylı mənzilindən çıxarılsın, İddiaçı həmin mənzilə köçürülsün və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar