Məhkəmə qərarları › İş №2(105)-989/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-989/2023

13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-989/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması və s. tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-5193/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzili X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

2. X4 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 139 nömrəli ölüm akt qeydi tərtib edilmişdir.

3. Cavabdeh1 ünvan 3 xx.xx.2021-ci il tarixli 8İ-2336 reyestr nömrəli ərizə verərək, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilində yaşamış bacısı X4 vəfat etdiyindən bacısından miras qalmış həmin əmlakı qəbul etdiyini bildirmiş və başqa vərəsənin olmadığını qeyd etmişdir.

4. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V- 244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalı, şəhadətnamə verilən miras əmlak Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən 13A saylı evin 52 saylı mənzilindən ibarətdir.

5. Həmin mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona **********18-05101-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən 13A saylı evin 52 saylı mənzilində yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzili alıcı Cavabdeh3 30000 manata satmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən 13A saylı fərdi yaşayış evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı və Cavabdeh1 paylarının mütənasib şəkildə ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb olunmaqla və iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış AN-1 № ******* saylı, 15 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tartixdə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh kimi nəzərə alınmaqla və iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh “4 saylı Abşeron Ərazi İdarəsi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 doğma qardaşıdır. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X1 nikah haqqında akt qeydi aşkar edilməmiş, eyni zamanda, onun övladı yoxdur. X2 qanun üzrə vərəsələri qardaşı İddiaçı və bacısı Cavabdeh1 olmaqla iki nəfərdən ibarət olmasına baxmayaraq, ölümündən sonra Abşeron rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmış və mərhumun ünvan 1 ünvanında yerləşən miras əmlakına dair sadəcə Cavabdeh1 tam irs almışdır. İddiaçı vərəsəlik işinin açılmasından tam xəbərsiz olmuş və X1 doğma qardaşı olmasına baxmayaraq, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən vərəsəlik işinə cəlb olunmamışdır. İddiaçı vərəsəlik işinin açılmasından, Cavabdeh1 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından ünvan 3 göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavabdan sonra məlumatlı olmuşdur. Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı və Cavabdeh1 paylarının mütənasib şəkildə ayrılması barədə qərar qəbul olunması zərurəti yaranmışdır.

13. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, hüquqlarını müdafiə etdiyi şəxs olan iddiaçıdan maraqlanmış və iddiaçı ona bildirmişdir ki, Cavabdeh1 mərhum bacısı X4 ilə münasibəti olmamış, harda yaşadığını bilməmiş, uzun müddət bir-birlərini görməmiş və sübut olaraq, cavabdeh mərhuma dəstək olmamış, xəstə olanda yanında olmamışdır. İki bacı və bir qardaşın bir-birindən uzun müddət məlumatları olmamışdır. İki gün biri-biri ilə mehriban olan kimi, üçüncü günü mübahisələri olurdu. Bu səbəbdən də, iddiaçının mərhumun evinin olması ilə bağlı məlumatı olmamışdır. Əvvəldən məlumatı olmuş olsaydı, müvafiq tədbirlərini görmüş olardı. Hesab edir ki, cavabdeh özü də düzgün davranmamışdır. Belə ki, notariat qurumunda məlumat verildiyi halda, cavabdeh qardaşının, yəni, iddiaçının olduğunu bildirə bilərdi ki, bununla da təcrübədə notariuslar barəsində cinayət işi açılır. Həmçinin, elektron portala daxil olduqda şəxsin qohumunun kim olub-olmaması bəlli olur və bu, notariusun da vəzifəsidir ki, təlimatda da qeyd olunmuşdur. İddiaçının bacısının yas mərasimində iştirak edib-etməməsini o, bilmir, lakin dəqiqləşmə apara bilər. Hesab edir ki, iddiaçının məlumatı olsaydı, iştirak edərdi. Saidanın oğlu zəng edərək, dayısı ilə razılığa gəlmək istədiyini və 10000-15000 manat verib məsələni həll etməyi bildirmişdir. Mənzil 50000 manata satılmış və notariusun bütün bunlardan da məlumatı olmuşdur. Mənzilə cavabdehin adına çıxarış alındıqdan sonra mənzil Cavabdeh3 satılmışdır. Hazırda, həmin mənzilin üzərinə həbs qoyulmuşdur. İddiaçı ona bu barədə müraciət etmiş və sorğu ilə müraciət edəndən sonra həmin hallar aşkara çıxmış, vərəsəlik işinin açılması və əmlakın olması barədə məlumatlı olmuşdur. Sübuta qaldıqda, məlumatlı olsaydılar, hər halda daha tez məhkəməyə müraciət edilərdi. Ümumiyyətlə, bu bacı-qardaş arasında soyuq münasibətlər olmuş, bir-birilərini xeyir-şər işlərində görərmişlər. Mərhumun harada yaşaması barədə onun məlumatı yoxdur və hesab edir ki, bu suala iddiaçı şəxsən özü cavab verə bilər. Bununla belə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

14. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı mərhumun evi ilə bağlı vərəsəlik işinin açıldığını, yalnız cavabdehin vərəsə kimi qeydə alındığını, notariat kontoruna sorğu verdikdən sonra məlumat aldığını bildirmişdir. Mərhum 2000-ci ildə miras əmlakı satın almış və həmin yerdə tək yaşamaqla son illərinin üç ilini xəstə olduğundan bacısı ona kömək olmuşdur. Cavabdeh ölən günədək bacısına qulluq etmişdir. Halbuki, 22 il bundan əvvəl mənzil alınıbsa deməli, iddiaçının da bundan məlumatı olmuşdur. Lakin hesab edir ki, bunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ olduğu halda, iddia tələbində sözügedən sənədin ləğvi tələbi qoyulmuşdur. Halbuki, qanunvericiliklə vərəsəlik şəhadətnaməsi mübahisələndirildikdə etibarsızlıq tələbi qoyulmalı idi. Mülki Məcəllənin 1146-cı maddəsinin tələblərinə əsasən, miras açılıbsa mirasın qəbul edilməsi proseduru başlanılır. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı mirası qəbul etməmiş, buna cəhd göstərməmiş, faktiki qəbul etməmiş, notariat qurumuna müraciət etməmiş və bununla da, mülki qanunvericiliyin 1272-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə də, iddiaçı vərəsəlik hüququnu bilə-bilə itirmişdir. Hesab edir ki, notariat kontorunun vərəsənin axtarılması ilə bağlı vəzifəsi yoxdur, lakin qanuna əsasən, ərazi üzrə məlumatı olmayan vərəsə olduqda göstərilən vəzifəni icra edir. İddiaçının mərhumun vəfatından məlumatı olmuş, yas mərasimində iştirak etmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir. Mərhum yataq xəstəsi idi, hər gün ona bacısı qulluq edirdi. İddiaçı isə bir dəfə də olsun, bacısı ilə maraqlanmamışdır. Cavabdeh sonradan miras qalmış əmlakı digər cavabdehə satmışdır ki, bu da onun hüququdur. İddiaçını “susmuş vərəsə” hesab etməsinin səbəbi odur ki, iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçı bundan məlumatlı olmuşdur. İddiaçının mərhum bacısının mənzilinin olması barədə məlumatsız olması inandırıcı deyildir.

15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-5193/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi sübut edilmədiyindən təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1255-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməlidir. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilmir və həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsinin məhkəmə qaydasında həll edilməli olduğu, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başladığı qeyd olunmuşdur. Yenə həmin məhkəmə qətnaməsində Cavabdeh1 ünvan 3 ünvanladığı xx.xx.2021-ci il tarixli 8İ-2336 reyestr nömrəli ərizədə onun, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzildə yaşamış bacısı X4 vəfat etdiyindən bacısından miras qalmış həmin əmlakı qəbul etdiyini bildirmiş olması və başqa vərəsənin olmadığını qeyd etdiyi vurğulanmışdır. İşin hallararından da göründüyü kimi cavabdeh tərəfindən bilərəkdən notariat orqanına yalnış məlumat verilməklə digər vərəsənin varlığı pərdələnmiş və 1 saylı notariat orqanı tərəfindən də qeyd olunan məsələ ilə bağlı heç bir araşdırma aparılmadan, sadəcə X2 ərizəsi ilə kifayətlənməklə xx.xx.2021-ci il tarixli 2V- 244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı vərəsəlik işinin açılmasından tam xəbərsiz olmuş və X1 doğma qardaşı olmasına baxmayaraq, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən vərəsəlik işinə cəlb olunmamışdır. İddiaçı vərəsəlik işinin açılmasından, Cavabdeh1 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından ünvan 3 göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavabdan sonra məlumatlı olmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixli sorğuya notariat orqanı tərəfindən verilmiş cavab məktubu qoşmaya əlavə olunsa da məhkəmə qətnaməsində qeyd olunan sənədin sübut qismində təqdim olunmadığı qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. (...)

Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: (...) 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. (...)

Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 bir ailənin üzvü olmaqla onların mərhum bacıları X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzili miras əmlak olaraq qalmış və həmin əmlak üzərində Cavabdeh1 vərəsəlik hüquqları tanınaraq bu barədə sonuncuya Abşeron rayonu 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik hüquqları tanınmış Cavabdeh1 həmin əmlakı alıcı Cavabdeh3 ilə bağladığı xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 30000 manata satmış və daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış əsasında sözügedən əmlaka münasibətdə Cavabdeh3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı həmin şəhadətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməklə onun da miras qalmış əmlak üzərində vərəsə kimi tanınmasını məhkəmədən xahiş etmişdir.

28. İddia tələbinin digər hissələri vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunub-olunmaması ilə bağlı olduğundan, kollegiya ilk öncə həmin məsələyə münasibət bildirərək qeyd edir ki, fiziki şəxs öldükdən sonra miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsə miras əmlakın qəbul edilməsi ilə bağlı müəyyən hərəkətlər etməlidir.

29. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər.

30. Hazırkı işdən görünür ki, iddiaçı miras əmlakı əldə etməklə bağlı iradə ifadəsini hər hansı şəkildə nümayiş etdirməmişdir.

31. İddiaçı tərəfin izahatı ilə müəyyən olunur ki, iddiaçının bacıları ilə münasibəti yaxşı olmamışdır. Belə olan halda, onun miras əmlakı faktiki qəbul etmədiyi mübahisə doğurmur.

32. Mirasın notariat ofisinə ərizə verərək qəbul edilməsi ilə bağlı bildirilir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

33. Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

34. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

35. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).

36. Qanunvericilik mirasın qəbul edilməsi üçün altı ay müddət müəyyən etmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı isə iki qayda müəyyən etmişdir. Bunlardan birincisi mirası qəbul etmiş vərəsələrin razılaşması ilə, ikinci isə bu razılaşma olmadıqda isə məhkəmə qaydasında həll edilməlidir.

37. İddiaçı isə miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində mirası qəbul etməmiş, həmçinin mirasın açılmasından sonrakı müddət ərzində buraxılmış müddətin bərpa edilməsi barədə hər hansı iddia qaldırmamış, bununla da, miras əmlaka hər hansı hüquqi və faktiki bağlılıq nümayiş etdirməmişdir.

38. İddiaçının əksinə olaraq Cavabdeh1 miras əmlakı həm faktiki qəbul edərək, həm də notariat ofisinə qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə müraciət edərək qəbul etmişdir.

39. İddiaçının mərhum bacısı ilə münasibətinin yaxşı olmaması səbəbindən onun mənzilinin olması ilə bağlı məlumatının olmadığı, onun ölümündən xəbərsiz olması barədə dəlilləri ilə bağlı sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlilləri inandırıcı hesab etmir. Əksinə, yardıma ehtiyacı olanlara kömək etməyin ilk növbədə onların ailə üzvlərinin borcu olması, mərhumun mübahisəli mənzilidə uzun müddət tək yaşaması, ömrünün son illərində xəstə olması, iddiaçının özünün də göstərdiyi kimi “İki gün biri-biri ilə mehriban olan kimi, üçüncü günü mübahisələri olurdu” kimi göstərdiyi hallar, onun miras əmlakdan məlumatlı olmamasını istisna edir. Digər tərəfdən işdən görünür ki, cavabdeh tərəf iddiaçının yas mərasimində də iştirak etdiyini bildirmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mübahisəli mənzilə dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə iddia tələbi əsassızdır.

41. İddia tələbinin Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış AN-1 № ******* saylı, 15 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, digər hissədə iddia tələbi əsassız olduğundan və X1 miras əmlakına iddiaçının hər hansı hüququ olmadığından, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı, o cümlədən mənzildə payların mütənasib şəkildə ayrılması barədə tələbləri də əsassızdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları təqdim etmədiyindən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunduğundan, toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-5193/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar