Məhkəmə qərarları › İş №2(105)-997/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-997/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-997/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 mart 1966-cı il təvəllüdlü həyat yoldaşı X1 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunması, ərizəçiyə ölüm faktının qeydiyyatını aparan müvafiq dövlət qurumuna müraciət etmək, həmin müraciətin nəticəsindən asılı olaraq inzibati qaydada yuxarı orqana müraciət etmək və ya müraciətin nəticəsini ərazi vahidi üzrə inzibati məhkəmə qaydasında mübahisələndirmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Ərizəçi şikayət verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi ərizənin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əsas olan hallar nəzərə alınmadan Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunması barədə qərardad qəbul edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Normativ hüquqi akt olan Nazirlər Kabinetinin qərarından görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Onun Abşeron rayon X3 Hüquqi şəxsinə həyat yoldaşının adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilməsi barədə məktubu da ərizəyə əlavə etmişdir. Qanunvericiliyin tələbi açıq aydın göründüyü halda məhkəmə qanunsuz və əsassız olaraq ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Hər hansı bir faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsini məhkəmə nəzərə almamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 05 yanvar 2023-cü il tarixdə qəbul edildikdən sonra Abşeron rayon X3 Hüquqi şəxsinə və Maraqlı şəxsnə müraciət edilmişdir. Buna baxmayaraq müraciətlərinə imtina cavabları verilmişdir. Lakin məhkəmə həmin imtina məktublarının tarixlərinə diqqət yetirməmiş və nəticədə qanunsuz və əsassız olaraq X2 Abşeron rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ilə ölməsi təsdiq olunduğundan yenidən həmin faktın təkrarən məhkəmə qaydasında müəyyən olunmasının qeyd olunan qanunvericilik normalarına zidd olduğuna görə iddia ərizəsinin yolverilməzliyinə görə imtina etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1664/2023 saylı qərardadının ləğv edilməsi, onun şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X2 Abşeron rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ilə ölməsi təsdiq olunduğundan yenidən həmin faktın təkrarən məhkəmə qaydasında müəyyən olunması qeyd olunan qanunvericilik normalarına ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, hazırki tələbdən görünür ki, ərizəçi 12 mart 1966-cı il təvəllüdlü həyat əri X2 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarındaa olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 qıcolma tutması nəticəsində ölməsi faktı ilə əlaqdar toplanmış materialda cinayət hadisəsi müəyyən deilmədiyindən 457-C-22 nömrəl material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş əlavə edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün məhkəməyə müraciət edilməsi tövsiyytə edilmişdir. Abşeron rayon X3 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, M.Elbrusun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təstiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinertinin 31 oktyabr 2003-cü il tarixli 145N-li Qərarı ilə təsdiq edilmiş qərarının 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 9.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində Ali Məhkəmənin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin X2 Abşeron rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ilə ölməsi təsdiq olunduğundan yenidən həmin faktın təkrarən məhkəmə qaydasında müəyyən olunmasının qanunvericilik normalarına zidd olması barədə gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, qanunvericilikdə ölüm faktının müəyyən edilməsi tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, həmin sənəd olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilir. İş materillarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron rayon X3 Hüquqi şəxsinə müraciət etmiş, ölümün səbəbi məlum olmadığından tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, tibbi şəhadətnamə təqdim edilmədiyi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla da müəyyən edilir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən ölüm faktının müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmamışdır. Ərizəçi ərinin ölüm haqqında tibbi şəhadətnaməni əldə edə bilmədiyindən hazırki faktı müəhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də şikayət təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar