Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1064/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(057)-1745/2025 saylı qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə olan Təcili və X2 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yaşayan 47 yaşlı X4 həkimə qədər ölmüşdür. Salyan Rayon Məhkəməsinin iş üzrə 12 may 2025-ci il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Qərardadda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə görə “ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2-ci bəndinə görə ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər (zorakı ölümə şübhə olduğu və ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda) istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Məhkəmə hesab etmişdir ki, X1 08 mart 2025-ci il tarixdə Bakı şəhərində ölməsi ilə bağlı olaraq tibbi sənəd (xəbərdarlıq vərəqəsi) mövcud olduğundan və ərizəçi həmin tibbi sənəd əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə müvafiq tibb müəssisəsinə müraciət etməli olduğundan və işə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçi qərardaddan şikayət vermiş, onun ləğv edilərək işə baxılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırkı lazımi sənədlərin – ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsi üçün ərizəçi bu barədə ilk öncə müvafiq tibb müəssisəsinə müraciət etməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayəti təmin edilməməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutub QƏRARVERDİ: Şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(057)-1745/2025 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1064/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1064/2025
02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver