Məhkəmə qərarları › İş №2(106)-1102/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1102/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1102/2024 20.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1115/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 07 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş X1 doğulması və onun 17 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1115/2024 saylı qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda göstərilmişdir ki, ərizəçi bir-biri ilə bağlı olmayan tələbləri (doğum və ölüm) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələbinə riayət etməmişdir. Qərardaddan ərizəçi elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsi ilə 16 may 2024-cü il tarixdə şikayət vemişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 ilə nikahlarını 29 yanvar 1983-cü il tarixdə rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 07 mart 1987-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Onların səhlənkarlığı nəticəsində doğumunu müvafiq icra hakimiyyəti orqanında qeydə aldırmamışlar. 10 gün sonra, yəni 17 mart 1987-ci il tarixdə X2 rayonu Şorsulu kəndində vəfat etmişdir. 07 mart 1987-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olmuş X1 həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda doğum və ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş, doğum və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. X1 doğumu və ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Oğlunun doğumunun və ölümünün qeydə alınması torpaq sahələrinin rəsmiləşdirilməsi üçün lazımdır. O, məhkəmənin qərardadı ilə razı deyildir və verdiyi ərizə bir-biri ilə bağlı olan tələbdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1115/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1115/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-1115/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, məhkəmə Ərizəçi tərəfindən bir-biri ilə bağlı olmayan tələblərlə (doğum və ölüm) məhkəməyə müraciət etməklə MPM-in tələblərinin pozulmasını göstərsə də, əslində ərizəçi eyni şəxsə - X6 aid olan hüquqi əhəmiyyəti faktların - X5 07 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində doğulması və onun 17 mart 1987-ci ildə Salyan rayonu Şorsulu kəndində ölməsinin müəyyən edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, hazırkı halda yuxarıda qeyd edilən tələblərə birlikdə baxılmasına formallıqdan kənar qiymət verilməlidir. Belə ki, eyni şəxsin doğumu və ölümü faktlarının müəyyən edilməsinə bir icraat çərçivəsində baxılması prosessual səmərəlilik və qənaət tələblərinə cavab verməklə, məhkəmə icraatının səmərəli olmasına xidmət edir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(057)-1115/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Salyan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar