Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1121/2025 30.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(073)-761/2024 saylı qətnaməsindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 87480 manat, mənəvi zərərə görə ******* manatın alınaraq İddiaçı verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İbiyev X1 rayonunun Qarğılı kəndində qeydiyyatdadır, lakin daimi olaraq Cəlilabad şəhəri Uzuntəpə kəndində yaşayır. İddiaçı 27 oktyabr 2020-ci il tarixdə özünə məxsus olan “VAZ-21074” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərində axşam saatlarında hərəkətdə olarkən Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmaqla avtomobil ondan alınmış, özü polis əməkdaşları onun avtomobilində Şöbəyə gətirilmişdir. Şöbənin inzibati binasında Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləmiş Rövşən Quliyev başda olmaqla bir qrup polis əməkdaşları onu vurmuş, təzyiqlər göstərmiş, ona qarşı şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişlər. Onların əsas məqsədi bundan ibarət olmuşdur ki, onlar İddiaçı etirafedici izahat almaq yolu ilə avtomobildə külli miqdarda narkotik vasitə olmasını etiraf etsin. Lakin İddiaçı onlarla razılaşmamış və avtomobildə heç bir narkotik vasitə olmamasını bildirmişdir. Cinayət işinin materialları ilə mübahisəsiz qaydada sübut olunur ki, qeyd edilmiş tarixdə İddiaçı Polis şöbəsinə gətiriləndən 2 saat sonra avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən bir ədəd bükümdə təmiz çəkisi 193.066 qram psixotrop maddə metamfetamın və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Baxış zamanı və ibtidai istintaq zamanı və məhkəmələrdə verdiyi bütün ifadələrində İddiaçı həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmasını bildirmişdir. Bütün bunlara baxmayaraq əməliyyat-axtarış tədbirinin nəticəsi olaraq İddiaçı 48 saat müddətində şübhəli şəxs kimi saxlanılmışdır. Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və məhkəmənin 29 oktyabr 2020-ci il tarixli 4-(073)-232/2020 saylı qərarına əsasən onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan verdiyi şikayətə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 4(106)-113/2020-ci il tarixli qərarına əsasən Cəlilabad Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 5(073)-187/2020 nömrəli qərarına əsasən İddiaçı barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 5(106)-01/2021 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilmədən və Cəlilabad Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli 4(073)-44/2021 nömrəli qərarına əsasən İddiaçı həbsdə saxlama müddəti 3 ay müddətinə uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli 4(l06)- 22/2021 nömrəli qərarına əsasən Cəlilabad Rayon Məhkəməsinin həmni qərarı dəyişdirilmədən saxlanılmaqla apellyasiya şikayəti təmin edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 4(073)-121/2021 nömrəli qərarına əsasən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı həbsdə saxlama müddəti bir ay müddətinə - 27 iyun 2021-ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli 4(106)-43/2021 qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 4(073)- 153/2021 nömrəli qərarına əsasən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı həbsdə-saxlama müddəti 3 ay müddətinə - 27 avqust 2021-ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 4(106)-52/2021 nömrəli qərara əsasən tərəflərindən verilmiş apellyasiya şikayəti təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin həmin qərarı ləğv edilmiş, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilməmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində 27 avqust 2021-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal həbsdən azad edilmişdir. İbtidai istintaq vaxtı dəfələrlə vəsatət verərək İddiaçı əsassız olaraq Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verildiyini və bu səbəbdən də onun barəsində olan cinayət işinə bəratətverici əsaslarla xitam verilməsini xahiş etsələr də, vəsatətləri təmin edilməmişdir. Beləliklə, əsassız olaraq İddiaçı azadlıq hüququndan qanunsuz və əsassız olaraq məhrum edilmişdir. Hətta uzun müddət Cəlilabad RPŞ-nin MSY-də təhqirlərə və işgəncələrə məruz qalmış, ancaq ondan etirafedici ifadələr ala bilməmişlər. Beləliklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-20/2022 nömrəli hökmünə əsasən İddiaçı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cəzasının çəkilməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 1106)-356/2022 nömrəli hökmünə əsasən İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-793/2023 nömrəli qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan mübahisəsiz qaydada məlim olur ki, İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixə və xx.xx.2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixə qədər olan 17 ay 9 gün müddətdə həbsdə, 13 iyul 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 7 ay müddətində isə həbs qətimkan tədbirinin əvəzi hesab olunan ev dustaqlığında olmuşdur. Beləliklə, İddiaçı azadıq hüququ 24 ay 9 gün müddətində təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində əlindən alınmış və digər formada məhdudlaşdırılmışdır. İddiaçı həbs olunana qədər taksi kimi fəaliyyət göstərməklə gündəlik olaraq Cəlilabad rayonundan Bakı şəhəri ətrafi ərazilərdə yerləşən daş karxanalarına sərnişin aparıb-gətirmişdir. Hər həftənin yeddi günü həmin fəaliyyətlə məşğul olmuşdur. O, Cəlilabad rayonundan Bakı şəhərinə hər gün 4 nəfər sərnişin aparmış və 4 nəfər sərnişini Bakı şəhərindən Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər qaytarması nəzərə alınmaqla, 8 nəfərdən gündə 120 manat qazanmışdır. 24 ay 9 gün müddətində İddiaçı təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində (729 gün x120 manata = 87.480 manat) 87480 (səksən yeddi min dörd yüz səksən) manat qazancdan məhrum olmaqla ona zərər dəymişdir. Təhqiqat, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində İddiaçı ******* (bir milyon) manat mənəvi zərər dəymişdir. İddiaçı barəsində olan işdə də təhqiqat, istintaq, prokurorluq orqanlarının qanunazid hərəkətləri və qəbul etdikləri qanunsuz prosessual qərarlar nəticəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum etmə azasınn məhkum edilmişdir. Əgər tərəflərindən apellyasiya şikayəti verilməsəydi, hazırkı vaxta qədər olan müddət ərzində İddiaçı qanunsuz olaraq həbsdə olacaqdı. Azadlıq hüququndan məhrum olunmaqla mərhumiyyətlərə düçar olub, qoca və xəstə anası ilə ünsiyyətdə ola bilməyəcəkdi. İddiaçı həbsdə olduğu bütün müddət ərzində qoca və xəstə anası çarəsiz şəkildə göz yaşlarını axıdır, qardaş və bacılan iztirab keçirirdi. İddiaçı həbs olunana qədər nişanlanmışdı. Həbsdə olarkən nişanlısının valideynləri nişanı qaytarmışlar və “narkomana qız verməyəcəklərini” bildirmişlər. Narkoman olması adı altnda nişanının qaytarılması İddiaçı bütün ömrü boyu silinməz izlər buraxmışdır. Artıq ikinci ildir ki, məhkəmə tərəfindən ona bəraət verilmiş, lakin hazırkı vaxta qədər İddiaçı digər hər hansı bir qızı sevə bilmir və qəlbində bu barədə boşluq yarandığını bildirir. Beləliklə, İddiaçı təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və qərarları nəticəsində yuxanda qeyd edilmiş ülvi hisslərdən məhrum olunmuşdur. Bunu heç nə ilə kompensasiya etmək olmaz. Çünki həmin hisslər eyni zamanda həm də ilahi hisslərdir. İbtidai araşdırma zamanı alınmış ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 874 saylı rəyindən görünür ki, müayinə zamanı İddiaçı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Tərəflərindən israrlı şəkildə tələb edildikdən sonra verilmiş vəsatətə əsasən iş üzrə təkrar komissiyon məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Həmin ekspertin xx.xx.2021-ci il tarixli 264 saylı komissiyon rəydən isə məlum olur ki, müayinə zamanı İddiaçı psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı İddiaçı narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində İddiaçı 24 ay 9 gün müddətində əsassız həbsdə və azadlıq hüququ digər qaydada əsassız şəkildə məhdudlaşdırılması ona bəraət verilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə öz təqdiqini tapdığından ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. İddiaçı də törətmədiyi cinayət əməlinə görə Cəlilabad RPŞ-də əsassız və qanunsuz olaraq saxlanılması, şübhəli şəxs kimi tutulması, ona ağır maddələrlə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəmənin qərarı ilə barəsində dəfələrlə həbs qətimkan tədbirinin seçilməsi, əsassız olaraq narkoman hesab edilərək bu barədə rəy alınması, qurulması nəzərdə tutulan ailənin dağılması, məhkəmə tərəfindən 8 il 6 ay müddətinə həbs cəzası kəsilməsi də daxil olmaqla, inayət qanununun pozulması nəticəsində mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsassız hüquqları xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi zərər yetirilən şəxs olması başa düşülür. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-761/2024 saylı qətnaməsi ilə (hakim Osman Vəliyev) Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçıya dəymiş maddi zərərə görə 86280 manat, mənəvi zərərə görə 20500 manat, cəmi 106780 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X4 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Cəlilabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 4(073)-232/2020 saylı qərarından görünür ki, İddiaçı barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 4(106)-113/2020-ci il tarixli qararından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli 4(073)-44/2021 nömrəli qərararından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 3 ay müddətinə - 27 may 2021ci il tarixədək uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 4(l06)22/2021 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 4(073)-121/2021 nömrəli qərarından görünür ki, İddiaçı həbsdə saxlma müddəti bir ay müddətinə - 27 iyun 2021-ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli 4(106)-43/2021 qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 4(073)-153/2021 nömrəli qərarından görünür ki, İddiaçı həbsdə saxlama müddəti 2 ay müddətinə - 27 avqust 2021ci il tarixə qədər uzadılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 4(106)-52/2021 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilməmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, onun barəsində 27 avqust 2021-ci il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal həbsdən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(099)-20/2022 nömrəli hökmündən görünür ki, İddiaçı CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, cəzasını çəkməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(106)-356/2022 nömrəli hökmündən görünür ki, İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-793/2023 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə pretenziya məktubundan görünür ki, idddiaçı cavabdehdən mənəvi zərərə görə ******* manat, maddi zərərə görə 87480 manat pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 20500 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı az ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Fikrimizcə Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 20500 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. İddiaçı tərəfindən ona dəymiş maddi ziyanla bağlı mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq məhkəmə iddiaçının 86280 manat məbləğində qazancdan məhrum olması qənaətinə gəlmişdir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qətnamədə qeyd edilən hallar qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, qeyri-mötəbər və ziddiyyətli sübutlara istinad olunmuşdur. Mübahisələndirilən qətnamədə iddiaçının saxlanılmazdan əvvəl hər gün Cəlilabad rayonundan Bakı şəhəri Qaradağ rayonuna müştəri gətirdiyini və yenidən müştəri götürərək yaşadığı rayona qayıtdığı qeyd edilmişdir. İddia tərəfinin irəli sürdüyü fərziyyələr və şahidlərin izahatları əsasında Maliyyə Nazirliyi tərəfindən maddi zərərin ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iddiaçının gündəlik qazancının 120 manat müəyyən edilməsi absurd olmaqla yanaşı, ədalətlilik və mütənasiblik meyarları baxımından həqiqəti əks etdirmir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mübahisəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəli qətnamə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yoxlanılır. Beləcə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır və dispozitivlik prinsipinin tələblərinə uyğun olaraq qətnamənin digər hissələrinə toxunmur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin tələbinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adına mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdı. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MM-in 1101.1 və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir; Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-5-ci maddəsinə görə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır; Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6.1-ci bəndinə əsasən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Adıçəkilən Qanunun 7-ci bəndinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Qanunun 12-ci maddəsinə əsasən isə fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. MƏHKƏMƏ TƏRKİBİNİN MÖVQEYİ: Məhkəmə tərkibi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Qanunun 6-cı maddəsində qeyd edilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bununla yanaşı, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləcə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Habelə nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır. Hazırda baxılan mülki işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Birinci instansiya məhkəməsi mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissədə qismən - 20500 (iyirmi min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, mənəvi zərər - adətən zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Tərkib hesab edir ki, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məhkəmə tərkibi dispozitivlik prinsipinin tələblərini gözləməklə hesab edir ki, qətnamənin həmin hissədə ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 13 iyul 2021-ci il tarixə, habelə xx.xx.2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixə qədər - 17 ay 9 gün müddətində həbsdə olmuşdur. Həmin müddət üçün mövcud məhkəmə təcrübəsi (bir aya görə 1000 manat) nəzərə alınmaqla mənəvi zərərin həcmi (17300 manat) müəyyən edilməlidir. Eyni zamanda işdən göründüyü kimi, İddiaçı 13 iyul 2021-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər – 6 ay 20 gün ay müddətində ev dustaqlığında olmuşdur. Həmin müddət üçün də hazırkı məhkəmə təcrübəsi (bir aya görə 500 manat) nəzərə alınmaqla mənəvi zərərin həcmi (3320 manat) müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş - İddiaçı vurulmuş mənəvi zərərin həcminin (20500 manat) cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilməsi mümkün deyildir. Bundan əlavə, məhkəmə tərkibi cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin maddi zərərlə bağlı hissəsinə diqqət çəkməyi zəruri hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilinə görə məhkəmə tərəfindən maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismdə zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd edilməlidir ki, MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Birinci instansiya məhkəməsi tələbin maddi zərərlə bağlı hissəsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon sakinləri olan müxtəlif şəxslər tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, İddiaçı özünə məxsus olan “VAZ-21074” markalı avtomobillə 2012-ci ildən 2020-ci ilin oktyabr ayının 27dək onları (Cəlilabad rayon sakinlərini) mütəmadi olaraq Cəlilabad rayonundan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Daş Karxanasına hər gün 4 nəfər sərnişin olmaqla aparmış və oradan 4 nəfər sərnişini Cəlilabad rayonuna gətirmişdir. Hər sərnişini Cəlilabad rayonundan Bakı şəhərinə 15 manata aparmış, hər sərnişini Bakı şəhərindən Cəlilabad rayona 15 manata gətirmişdir. Hər gedişdə 4 nəfər aparıb 4 nəfər geri gətirməklə gündə 120 manat qazanmışdır. Habelə birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirmişdir ki, iddiaçını xeyli müddətdir tanıyır, o və iddiaçı taksi fəaliyyəti ilə məşğul olurlar. Uzun müddətdir ki, gediş haqqı bir adam üçün 15 manatdır və onlar hər gün səhər Bakının Qaradağ rayonunda yerləşən daş karxanasına bəlli müştəriləri aparırlar və axşam da gətirirlər. Gündəlik qazancları 120 manat təşkil edir. Digər şahidlər X6 və X3 da eyni məzmunlu ifadə vermişlər. Bununla əlaqədar qeyd edilməlidir ki, işdə olan sübutlarla iddiaçının həbs edilməzdən öncə taksi fəaliyyəti ilə məşğul olması və hər gün davamlı olaraq 120 manat qazanması ağlabatan və əsaslı sayıla bilməz. Çünki, ilk olaraq, iddiaçı taksi fəaliyyətinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin dindirilmiş şahidlərin belə bu barədə müvafiq icazə sənədi mövcud deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən bir neçə şəxsin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli izahatlarına istina edilmişdir ki, eynilə onların da adıçəkilən icazə sənədləri mövcud deyil və qeyd edilən “izahat” şahid ifadəsini əvəz edə və onlar da, beləcə, mötəbər sayıla bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 62-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Habelə MPM-in 104.1-104.2-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Beləliklə, iş materiallarından da aşkar olduğu kimi, İddiaçı 27 oktyabr 2020-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixə qədər həbsdə və ev dustaqlığında olmaqla azadlıq hüququndan məhrum olmuşdur. Ancaq həmin müddətdən öncə iş yerinə dair hər hansı məlumat yoxdur. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, iddiaçının maddi zərər tələbinin həcmi müəyyən edilərkən həmin dövrlər üzrə minimum aylıq əmək haqqının məbləği nəzərə alınmalıdır. Belə ki, məlum olduğu kimi, minimum aylıq əmək haqqı 2019-cu ilin 1 sentyabrından 250 manat, 2022-ci ilin 1 yanvarından 300 manat, 2023-cü ilin 1 yanvarından 345 manat müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı azadlıq hüququndan məhrum olduğu 27 oktyabr 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək minimum aylıq əmək haqqının məbləği 250 manat, 01 yanvar 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək isə minimum aylıq əmək haqqının məbləği 300 manat təşkil etmişdir. Buna görə də, tələb edilən maddi zərərin həcmi 27 oktyabr 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ötən 14 ay 4 gün üçün hər ay üçün 250 manat əsasında hesablanmaqla həmin dövr üçün məbləğ 3533 manat, 01 yanvar 2022-ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək ötən 9 ay 25 gün üçün hər ay üçün 300 manat əsasında hesablanmaqla həmin dövr üçün məbləğ 2950 manat müəyyən edilməlidir. Bununla da, məhkəmə tərkibi hesab edir ki, hazırkı mülki iş üzrə iddia tələbi maddi zərər hissədə ümumilikdə 6483 manat müəyyən edilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərkibi dispozitivlik prinsipini əsas tutaraq diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlillərini üzrə çəkişmə prinsipinin tələblərini gözlənilməklə mübahisələndirilən hissədə yoxlayarkən qətnamənin ləğvi üçün əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə tərkibi iş tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qətnamə dəyişdirilməli, maddi zərərin məbləği dəyişdirilərək 6483 (altı min dörd yüz səksən üç) manat müəyyən edilməli, maddi və mənəvi zərər Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmalı, qətnamə qalan hissədə dəyişdirilməməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(073)-761/2024 saylı qətnaməsi dəyişdirilsin: Maddi zərərin məbləği dəyişdirilərək 6483 (altı min dörd yüz səksən üç) manat müəyyən edilsin. Maddi və mənəvi zərər Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1121/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1121/2025
30.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver