Məhkəmə qərarları › İş №2(106)-1184/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1184/2023

24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1184/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının yaşadığı evdən çıxarılmasını xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh məxsus yataq dəsti- taxt, şifoner, tumbalar, 2 ədəd xalça -4x5 metr ölçüdə, soyuducu-"Biryusa”, divan, stol, 4 ədəd stul, yazı masası və uşaq beşiyindən ibarət olan əmlakların İddiaçı məxsus Masallı rayonu Ləngan kəndində yerləşən yaşayış evindən götürülməsi və Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnamə 27 mart 2023-cü il tarixdə icraya yönəldilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Sonuncu qərardaddan Cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 14 iyul 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi cavabdehin iş materiallarında olan ünvanına göndərilmişdir. "xxxx" MMC-nin Masallı Poçt filialının 28 aprel 2023-cü il tarixli məktubundan görünür ki, həmin məktub ünvançının atası X2 xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Göründüyü kimi cavabdeh şikayəti qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətində verməli olduğu halda, 14 aprel 2023-cü il tarixdə, yəni 1 ay 23 gündən sonra vermiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə, Cavabdeh qətnamədən şikayəti müəyyən edilmiş şikayətvermə müddətini ötürməklə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-ci maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Cavabdeh müddəti ötürməklə yanaşı, müddətin bərpasına dair məhkəməyə ərizə də verməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2(050)-205/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar