Məhkəmə qərarları › İş №2(106)-1249/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1249/2024

25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1249/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh5 və onun vəkili Vəkil2 iştirakı ilə, Birləşdirilmiş birinci iş üzrə İddiaçı - cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» tələbinə dair, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 - cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsindən birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 noyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı üçün ödənilmiş 5500 (beş min beş yüz) manat və torpağa çəkilmiş xərclər üçün 20000 (iyirmi min) manat, ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 2010-cu ilin oktyabr ayında cavabdehlər Cavabdeh1 (mərhum), Rzayeva (Tanrıverdiyeva) Ruhiyyə Rza qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən pay torpaq sahəsini satdıqlarını bəyan etmişlər. Bundan sonra həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı onun ilə cavabdehlər arasında razılıq əldə edilmişdir və xx.xx.2010-cu il tarixdə Sabirabad rayon dövlət notarius ofisində alqı-satqını rəsmiləşdirilməsi üçün cavabdehlər iddiaçının adına etibarnamə və torpağa dair sənədlərini ona təqdim etmişlər. Həmin vaxt notarius ofisində o, da öz növbəsində torpağın alqı-satqına dair 5500 manat pulu sayaraq cavabdehlərə ödəmişdir. Torpağın faktiki alqı-satqısından sonra cavabdehlər torpağı ona təhvil vermişlər. Həmin vaxtdan bu günədək Sabirabad rayonu Qaratəpə kəndində yerləşən pay torpaq sahəsi onun faktiki mülkiyyətində olmuşdur. Qeyd edilən torpaq sahəsi yararsız halda olduğu üçün o torpağa aqrotexniki qulluq göstərərək torpağı əkin üçün yararlı vəziyyətə gətirmişdir. Belə ki, o torpağın yaxşılaşdırılması ilə bağlı mütəxəssis dəvət etmiş, torpağın ilkin olaraq səthinin hamarlanması, daha sonra şoran hissəsinin yuyulması, gübrə, peyin və əlavə yüksək katyiqoriyalı torpaq gətirilmişdir. Bütün görülən işlərlə bağlı onun tərəfindən ümumilikdə 20000 manat məbləğində vəsait xərclənmişdir. Onun tərəfindən torpağın alqı-satqısı üçün 5500 manat və torpağın yaxşılaşdırılması üçün aqrotexniki qulluq işlərinə sərf edilən vəsait 20000 manat, cəmi 25500 manat vəsait xərcləmişdir. Qeyd edilənlərə baxmayaraq cavabdehlər müxtəlif bəhanələr gətirərək, torpağın yaxşılaşdırıldığını görərək sözügedən torpaq sahəsini iddiaçının adına rəsmiləşdirilməsindən imtina etmişlər. Həmçinin torpaq sahəsini iddiaçının əlindən alaraq yüksək qiymətə başqa şəxslərə satmaq niyyətindədirlər. Belə olan hesab edir ki, onun qanunla qorunan hüquqları cavabdehlər tərəfindən pozulmuşdur.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Eyni zamanda Cavabdeh5 - cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə verilmiş 2.8515 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı tərəfindən qanunsuz istifadənin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla mülkiyyətinə 2.8515 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətinə verilmiş 2.8515 ha. torpaq sahəsini Sabirabad rayonu Qaratəpə kəndində qeydiyyatda olan və hazırda Sabirabad rayonu Əhmədabad kəndində yaşayan cavabdeh İddiaçı uzun müddətdir ki, zəbt edib və qanunsuz istifadə edir. Cavabdehlə dəfələrlə əlaqə saxlayaraq, ona məxsus olan torpaq sahəsini boşaltmasını xahiş etmiş, lakin cavabdeh torpaq sahəsindən qanunsuz istifadəni davam edərək, ona aid olan torpaq sahəsini qaytarmayacağını bildirir. Odur ki, iddianın təmin olunması xahiş edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hər iki iddia tələbləri üzrə mülki işlər bir icraatda birləşdirilərək, işə e-2(056)-189/2024 nömrəli mülki iş üzrə icraatda baxılması qərara alınmışdır. Həmçinin İddiaçı nümayəndəsi - vəkil Nümayəndə ərizəsi əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 ölməsi səbəbindən «dəymiş zərərin pul əvəzinin ödənilməsi» barədə iddia tələbi üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir Məhkəmə iclasında iştirak etmiş İddiaçı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» barədə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddiasının təmin edilməsini, eyni zamanda Cavabdeh5 ona qarşı olan «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddiaya qarşı etiraz edərək, ona dəymiş zərərin ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat pul əvəzi tam həcmdə ödənildiyi halda torpağı qaytaracağını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh5 ona və digər cavabdehlərə qarşı İddiaçı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» tələbinə etiraz edib, həmin tələbin rədd edilməsini, həmçinin İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» barədə iddia tələbini müdafiə edib, iddiasına uyğun məzmunda izahat verərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh5, özünün iddiası ilə bağlı əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsindən istifadəyə görə İddiaçı onun mərhum atasına 5500 deyil, məhz 5000 manat pul vermiş və təqribən iki il əvvəl o, halallıq naminə həmin mübahisəli torpağın ona qaytarılması şərtilə 5000 (beş miş) manat pul vəsaitini İddiaçı təklif etsə də, o, onun bu təklifini qəbul etməmiş və torpağı qaytarmaqdan yayınmışdır. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi (Hakim: Nurəddin Bağırov) ilə, İddiaçı - cavabdehlər X2, Cavabdeh3, Nəsirova X12, Cavabdeh6 və Cavabdeh5 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» barədə iddia tələblərinin qismən təmin edilməsi, Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 28515 ha. torpaq sahəsinin alqı-satqısına dair tərəflərin bağlanması güman edilən etibarsız əqd əsasında ödənilmiş 5000 (beş min) manat pul vəsaitinin cavabdehlər X1, Cavabdeh3, Nəsirova X7, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilməsi, iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma» barədə iddia tələbinin təmin edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2023-cü il) Çıxarış əsasında tam mülkiyyət hüququ üzrə iddiaçı Cavabdeh5 məxsus Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 28515 ha. torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılaraq, həmin torpaq sahəsindən istifadənin dayandırılması vəzifəsi onun üzərinə qoyulması, qətnamənin 5000 (beş min) manat pul vəsaitinin X1, Cavabdeh3, Nəsirova X7, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilməsi ilə, Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 28515 ha. torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin qismən dəyişdirilməsini, İddiaçı- cavabdehlər Cavabdeh2, Cavabdeh3,Nəsirova X12, Cavabdeh6 və Cavabdeh5 qarşı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» barədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflərin bir-birlərinin apellyasiya şikayətinə etirazı daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin qismən dəyişdirilməsini, İddiaçı- cavabdehlər Cavabdeh2, Cavabdeh3,Nəsirova X12, Cavabdeh6 və Cavabdeh5 qarşı «dəymiş zərərin pul əvəzinin ödənilməsi» barədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 və onun vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 apelyasiya şikayətlərinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 14.1 maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.7 maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 1091.1 maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən, qarşılıqlı iddia tələbini isə tam təmin etmiş, ilkin iddianın qismən, yəni yaxşılaşdırılma ilə bağlı çəkilən xərclərin ödənilməsi hissəsində təmin etməyərək hesab etmişdir ki, İddiaçı torpağın onun istifadəsində olduğu müddətdə torpağın istifadəçisi kimi onun tərəfindən müəyyən yaxşılaşdırma və abadlaşma işləri aparıb və bunun üçün müvafiq xərc çəksə də, bunlar onun tərəfindən torpaq sahəsindən cari istismar və istifadə (əkilməsi, məhsul götürməsi və s.) ilə bağlı görülən zəruri tədbir olmuşdur. Bu cür zəruri tədbirlərə sərf olunan məsrəflər isə müvafiq torpaq sahəsindən müəyyən məhsul götürməyə yönəldilmiş işlərlə bağlıdır ki, torpağa sahiblik edən İddiaçı görülən işlərin müqabilində müəyyən məhsul əldə edərək, faydalanmışdır. Belə məsrəflər nəticəsində isə torpaq istifadəçisi İddiaçı zənginləşməsi güman edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı ilkin iddia tələbinin tam, yəni yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində tam təmin edilməsini xahiş etmiş, Cavabdeh5 isə apelyasiya şikayəti verərək ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin torpağın yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmiş, nəticədə iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apelyasiya qaydasında qismən ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Kollegiya apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı müraciəti ilə, o, pul müqabilində Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 2.8515 ha. torpaq sahəsini əvvəlcə şumlayıb, sonra isə oraya torpaq daşıyıb, çuxur yerləri dolduraraq, torpağı ütüləmək üsulu ilə hamarlamış və daha sonra peyin daşımışdır. Hamarlama işlərinə görə 1500 manat, digər işlərə görə isə 2000 manat xidmət haqqı almışdır. O, bu işləri müxtəlif illərdə, bir necə dəfə görmüşdür. O, sözügedən torpaq sahəsinin sahibinin İddiaçı olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, İddiaçıla qohumdur. İddiaçı müraciəti ilə, o, Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 2.8515 ha. torpaq sahəsini 6-7 il olar ki suvararaq, hər dəfə 100-120 manat zəhmət haqqı almışdır. O, sözügedən torpaq sahəsinin sahibinin İddiaçı olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində onun, İddiaçı oğlu olduğunu, Sabirabad rayonu Qaratəpə kəndində yerləşən mübahisəli 2.8515 ha. torpaq sahəsinin 2010-cu ildə atası tərəfindən aldığını, həmin torpaq sahəsini atası ilə birlikdə uzun illər abadlaşdırdıqlarını, əvvəlcə oraya torpaq və peyin daşıtdırdıqlarını, çuxur yerləri doldurduqlarını, torpağı ütüləmək üsulu ilə hamarladıqlarını, sonra şumlatdırdıqlarını və oraya su xətti çəkdirdiklərini, bu işlərə xeyli miqdarda xərc çəkdiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.1998-ci il tarixli JN:822 seriyalı 90918018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət AKTının surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 25 may 1998-ci il tarixli 13/3 saylı qərarı ilə Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 2.88 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Cavabdeh1 və ailə üzvləri X4, Rzayeva (Tanrıverdiyeva) Ruhiyyə Rza qızının, Cavabdeh5nın, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş və dövlət aktı qeydiyyat kitabında 10344 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X.R.Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli etibarnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixli JN:822 seriyalı 90918018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət AKTı əsasında Cavabdeh1, X10, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 məxsus Sabirabad rayonu Qaratəpə kəndində yerləşən torpaq sahəsi onlar tərəfindən torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, girov qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, zəruri rəsmiləşdirmə işlərini aparmağı və hər hansı sair hərəkətləri etməyi 90 (doxsan) il müddətinə İddiaçı etibar etmişlər. İş materiallarına əlavə edilmiş notariat işinin təsdiq edilmiş surətindən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********48; qeydiyyat nömrəsi:**********) Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri X13, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 (mülkiyyətçilərdən X5 xx.xx.2006-cı il tarixdə vəfat etməsi nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 2.8515 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/5 hissədə irs almış və sonradan həmin 2.8515 ha. torpaq sahəsi tam payla xx.xx.2023-cü il qeydiyyat tarixi ilə Cavabdeh5 mülkiyyətinə verilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.1998-ci il tarixli JN:822 seriyalı 90918018 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət AKTı əsasında Cavabdeh1, X13, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ əsasında özlərinə məxsus Sabirabad rayonu Qaratəpə kəndində yerləşən 2.88 ha. torpaq sahəsini 5000 (beş min) manat pul müqabilində torpaq sahəsinin üzərində tam sərəncam verməsinə dair İddiaçı 90 (doxsan) il müddətinə etibar etmələri barədə Sabirabad rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X.R.Məmmədov tərəfindən rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli etibarnamə vermək yolu ilə, yəni torpağı hər hansı qaydada özgəninkiləşdirməsi üçün İddiaçı şərait yaradıb belə bir imkan verməklə, bununla da xx.xx.2010-cu il tarixdə faktiki olaraq 5000 (beş min) manat pul müqabilində torpağı İddiaçı satmışlar və torpaq sahəsi xx.xx.2010-cu il tarixdən bu günədək İddiaçı sahibliyi və istifadəsində olmuş, həmin dövr ərzində İddiaçı özünü torpağın qanuni mülkiyyətçisi və sahibi hesab edərək, torpağın abadlaşdırılması məqsədilə ona qulluq etmiş və bunun nəticəsində müvafiq pul vəsaiti xərcləmişdir. Lakin İddiaçı mülkiyyətçilər tərəfindən ona verilmiş xx.xx.2010-cu il tarixli etibarnamə əsasında buna imkanı və səlahiyyəti olduğu halda, özünü torpağın mülkiyyətçisi kimi zənn edərək, daşınmaz əşyaların özgəninkiləşdirməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun qaydada torpağı öz adına rəsmiləşdirilməsinə dair hər hansı hərəkət etməmişdir. xx.xx.2010cu il tarixdən 13 il müddət keçdikdən sonra torpağın əvvəlki ümumi birgə və hazırda tam pay hüquqlu mülkiyyətçi Cavabdeh5 hazırkı iddia ilə məhkəməyə müraciət edərək, torpağı İddiaçı sahibliyindən alınaraq onlara qaytarılmasını tələb edir və iddia tələbinin əsası kimi həmin torpağı daimi deyil, məhz müvəqqəti olaraq İddiaçı verilməsi hallarına əsaslanır. Eyni zamanda İddiaçı özünü vicdanlı alıcı hesab edərək, ona qarşı olan iddiaya etiraz edib və xx.xx.2010-cu il tarixli etibarnaməyə istinad edərək, özünü torpağın qanuni mülkiyyətçisi və sahibi hesab edib, torpağın alınmasına 5500 (beş min beş yüz) manat və 13 ildən çox müddət ərzində torpaq sahəsinin abadlaşdırılmasına 20000 (iyirmi min) manat pul xərcləməsi hallarına əsaslanmaqla məhkəməyə verdiyi iddia ərizəsi ilə ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat çəkdiyi xərcin əvəzini tələb edir. Kollegiya qeyd edir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 arasında Sabirabad rayonu Qaratəpə kəndində yerləşən mübahisəli torpaq sahəsinə dair tərəflər arasında faktiki olaraq alqı-satqı niyyətlərinin olması və özləri üçün müəyyən edilmiş alqı-satqı hərəkətlərinin (pul müqabilində etibarnamə verilməsi) keçirilməsinə baxmayaraq, lakin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın alqı-satqısı məhz bu qəbildən olan əqdlər üçün müəyyən olunmuş müvafiq prosedura əməl edildiyi halda tanına bilər. Belə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin bağlanmış sayılması üçün yuxarıda istinad olunan Mülki Məcəllənin 647.1-ci maddəsi ilə müəyyən olunmuş qaydaya riayət olunması mütləqdir. Hazırkı mübahisə tərəfləri arasında Sabirabad rayonu Qaratəpə kəndində yerləşən mübahisəli torpaq sahəsinin alqı-satqısının özləri üçün müəyyən edilmiş qaydada (pul müqabilində etibarnamə verilməsi) faktiki olaraq həyata keçirilməsinə baxmayaraq, lakin həmin tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi olmadığından, alqı-satqı müqaviləsi bağlanmış və etibarlı əqd kimi hesab edilə bilməz. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh5 torpaq sahəsinin mülkiyyətçisi kimi tanımış və torpağın onun mülkiyyətində olması halında İddiaçı mübahisəli torpağa sahibliyinin qanunsuz olması qənaətinə gəlmişdir. Cavabdeh5 iddia edilən torpaq sahəsinin məhz cavabdeh İddiaçı sahibliyində olan ərazidə yerləşməsi də mübahisələndirilmir. Birinci instansiya məhkəməsi Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən mübahisəli torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında bağlanmış etibarsız əqd əsasında torpağın mülkiyyət subyekti dəyişdirilmədiyindən və torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********48; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi xx.xx.2023) Çıxarış əsasında Cavabdeh5 mülkiyyəti olduğundan, habelə tərəflərdən hər biri etibarsız əqd üzrə aldığını hamısını digər tərəfə qaytarmalı olduğundan, həmin torpaq sahəsi cavabdeh İddiaçı sahibliyindən alınıb iddiaçı Cavabdeh5 verilməsi, eyni zamanda torpağın ona satılması müqabilində İddiaçı ödədiyi 5000 manat pul vəsaiti isə ona qaytarılması qənaətinə gəlmişdir. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin Cavabdeh5 mülkiyyətinə qaytarılması, eyni zamanda torpağın İddiaçı satılması müqabilində onun ödədiyi 5000 manat pul vəsaitinin qaytarılması ilə bağlı düzgün nəticəyə gəlsə də, məhkəmə torpağın yaxşılaşdırma ilə bağlı İddiaçı tərəfindən çəkilən xərclər hissəsində işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçının həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Hazırki işdə də İddiaçı iddia ərizəsində xx.xx.2010-cu il tarixdə Sabirabad rayon dövlət notarius ofisində cavabdehlər Cavabdeh1 (mərhum), Rzayeva (Tanrıverdiyeva) Ruhiyyə Rza qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən pay torpaq sahəsini ona satdıqdan sonra həmin vaxtdan bu günədək torpaq sahəsi yararsız halda olduğu üçün o torpağa aqrotexniki qulluq göstərərək torpağı əkin üçün yararlı vəziyyətə gətirmişdir. Belə ki, o torpağın yaxşılaşdırılması ilə bağlı mütəxəssis dəvət etmiş, torpağın ilkin olaraq səthinin hamarlanması, daha sonra şoran hissəsinin yuyulması, gübrə, peyin və əlavə yüksək katyiqoriyalı torpaq gətirilmişdir. Bütün görülən işlərlə bağlı onun tərəfindən ümumilikdə 20000 manat məbləğində vəsait xərclədiyini göstərmişdir. Apelyasiya icraatı zamanı məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən yaxşılaşdırılmalarla bağlı çəkilən xərclərin müəyyən edilməsi (torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərqi müəyyən etmək üçün) müstəqil qiymətləndirici təyin etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 131/Mİ/24 saylı, 11 oktyabr 2024-cü il tarixli qiymətləndirici rəyində qeyd edilmişdir ki, torpaq sahəsinin hazırkı uyğun analoji xam formada yaxşılaşdırılmamış vəziyyətdə orta bazar dəyəri 10080 (on min səksən) manat, yaxşılaşdırılmasından sonra, yəni hazırkı bazar dəyəri 17280 (on yeddi min iki yüz səksən) manatdır. Aradakı fərq 17280-10080=7200 manat təşkil edir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində iddia tələbi üzrə işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Qiymətləndirici rəyindən də görünür ki, İddiaçı tərəfindən torpaq sahəsinə yaxşılaşdırma ilə bağlı çəkilən xərclərin ümumi miqdarı 7200 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddianın (iddiada torpaq sahəsinə yaxşılaşdırma ilə bağlı çəkilən xərc olaraq 20000 manat tələb olunur) təmin olunmayan hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi torpaq sahəsinə yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsindən qismən təmin edilməli, İddiaçı tərəfindən torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən 7200 manat pul vəsaiti cavabdehlər X1, Cavabdeh3, Nəsirova X7, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-189/2024 saylı, 19 mart 2024-cü il tarixli qətnaməsi qismən, yəni birləşdirilmiş birinci iş üzrə iddianın təmin olunmayan hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi torpaq sahəsinə yaxşılaşdırma ilə bağlı çəkilən xərclər hissəsində qismən təmin edilsin. İddiaçı tərəfindən torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən 7200 manat pul vəsaiti cavabdehlər X1, Cavabdeh3, Nəsirova X7, Cavabdeh6 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilsin. Birləşdirilmiş birinci iş üzrə iddia (torpaq sahəsinə yaxşılaşdırma ilə bağlı çəkilən xərc) qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar