Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1249/2025 19.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızının mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 14 aprel 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişinin “Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 aprel 2015-ci il təvəllüdlü X1 ikinci tərəf, yəni Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı ilə istənilən vaxt görüşməsinə, ünsiyyətlərinə razılıq verdi” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarından 14 dekabr 2013-cü il təvəllüdlü X5 və 20 aprel 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs ilə aralarında 14 aprel 2023-cü il tarixdə mediasiya prosesində MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 aprel 2015-ci il təvəllüdlü X1 ikinci tərəf, yəni onunla (hazırda Şükürova) istənilən vaxt görüşməyinə, ünsiyyətinə razılıq vermişdir. Lakin maraqlı şəxs müxtəlif bəhanələrlə uşaqlarla ünsiyyətinə şərait yaratmır. Odur ki, Maraqlı şəxs ilə 14 aprel 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs 11 iyun 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizəyə etiraz göndərmişdir. Etirazı onunla əsaslandırmışdır ki, Ərizəçi ona qarşı məhkəmədə xüsusi icraat qayadasında ərizə verərək mediasiyada bağladıqları barışıq sazişinin qismən, yəni uşaqlarla Ərizəçi ünsiyyətdə olması hissəsində məhkəmənin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, o, Ərizəçi ilə Masallı rayonunda mediator işləyən Nizami Alışovun yanına getmişlər və orada barışıq sazişi bağlayan zaman mediator Nizami Alışov uşaqları dinləmədən və onun fikrini almadan özü-özlüyündə sazişdə yazmış ki, “1.2.3. Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 ikinci tərəf, yəni anaları X4 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verir” cümləsi ilə saziş yazmışdır. Birincisi, o, bu saziş üzrə qeyd edilən bənddə hər hansı bir öhdəlik götürməmiş və eyni zamanda qeyd edilən bənd uşaqlarının hüquqlarını pozmuşdur. Belə ki, barışıq sazişində uşaqların hansı gündə, hansı saatda anaları ilə ünsiyyətdə olacağını, hansı vaxtlarda ünsiyyət müddətinin bitməsi, eyni zamanda, barışıq sazişi bağlanarkən uşaqların maraqlarına toxunan halların aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmamış, uşaqların fikri dinlənilməmişdir. Bununla da barışıq sazişində ananın istənilən vaxt uşaqla ünsiyyətdə olması absurd bir formadır. Çünki uşaqlar məktəbdə oxuyurlar, boş asudə vaxtlarında idmana gedirlər, eyni zamanda, təhsilləri ilə bağlı müəllim yanına gedirlər. Lakin sazişdə ananın uşaqları ilə istənilən vaxt görüşməsi məsələsi belə çıxır ki, ana haçan istəsə, uşaq məktəbdə belə olsa, təhsil də alsa, mütləq anaları ilə ünsiyyətə getməlidirlər. Bu da uşaqlarının hüquqlarını pozur. Göründüyü kimi qeyd edilən barışıq sazişi mövcud qanunvericiliyə zidd tərtib edilmiş, uşaqların maraqları və həyat şəraitləri nəzərə alınmamış, Qəyyumluq komissiyasının rəyi alınmadan saziş təsdiq edilmişdir. Hesab edir ki, qeyd edilən barışıq sazişi qanunvericiliyə zidd olduğundan və uşaqların maraqlarına ciddi ziyan vurduğundan məhkəmə qaydasında təsdiq edilməkdən imtina edilməlidir. Artıq övladları 10 yaşından yuxarı böyümüşlər, onlarda analarının yüngül həyat tərzi keçdiyini, uşaqlarına qarşı laqeyd olduğunu, ərini və övladlarını yad kişilərlə aldatdığını, işlədiyi Masallı Rayon Məhkəməsində çalışan (adlarını çəkmək istəmədiyi) cavan oğlanlarla gəzdiyini yaxşı bilirlər və övladlarında öz fikirlərini məhkəmə qarşısında bildirmək istəyirlər. Əlbəttə, bu məsələ ilə bağlı o da Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, cənab Prezidentə şikayətlər etmiş, belə bir yüngül həyat tərzi keçirən qadının ədalətin bərqərar olduğu, cəmiyyətinin güvən və inam yeri olan məhkəmə sistemində necə çalışdığının araşdırılmasını və barışıq sazişinin mahiyyəti üzrə həll edilməsinin nəzarətə götürülməsini xahiş edəcəkdir. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır. Odur ki, Ərizəçi ərizəsi uşaqların hüquqlarına toxunduğundan mediasiyada bağlanmış 14 aprel 2023-cü il tarixli MŞL/MT014/2023-00771 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsi ilə (Hakim: Elşən Hüseynov) ərizənin təmin edilməsi, Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 aprel 2023-cü il tarixli, MŞL/MT 014/2023-00771 nömrəli barışıq sazişinin aşağıdakı hissədə təsdiq edilməsi: “Birinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra övladları 14 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 aprel 2015-ci il təvəllüdlü X1 ikinci tərəf, yəni anaları X4 ilə istənilən vaxt görüşməsinə ünsiyyətlərinə razılıq verdi” qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətində bildirmişdir ki, bu saziş üzrə qeyd edilən bənddə hər hansı bir öhdəlik götürməmişdir və eyni zamanda qeyd edilən bənd uşaqlarının hüquqlarını pozmuşdur. Belə ki, barışıq sazişində uşaqların hansı gündə hansı saatda anaları ilə ünsiyyətdə olacağını, hansı vaxtlarda ünsiyyət müddətinin bitməsi, eyni zamanda barışıq sazişi bağlanarkən uşaqların maraqlarına toxunan halların aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmamış, uşaqların fikri dinlənilməmişdir. Bununla da barışıq sazişində ananın istənilən vaxt uşaqla ünsiyyətdə olması absurd bir formadır. Çünki uşaqlar məktəbdə oxuyur, asudə vaxtlarında idmana gedir, eyni zamanda təhsilləri ilə bağlı müəllim yanına gedirlər. Lakin sazişdə ananın uşaqları ilə istənilən vaxt görüşməsi məsələsi belə çıxır ki, ana nə vaxt istəsə, uşaq məktəbdə də olsa, təhsil də alsa, mütləq anaları ilə ünsiyyətə getməlidirlər. Bu da uşqlarının hüquqlarını pozur. Göründüyü kimi qeyd edilən barışıq sazişi mövcud qanunvericiliyə zidd tərtib edilmiş, uşaqların maraqları və həyat şəraitləri nəzərə alınmamış, Qəyyumluq komissiyasının rəyi alınmadan saziş təsdiq edilmişdir. Hesab edir ki, qeyd edilən barışıq sazişi qanunvericiliyə zidd olduğundan və uşaqların maraqlarına ciddi ziyan vurduğundan məhkəmə qaydasında təsdiq edilməkdən imtina edilməlidir. Məhkəmə qətnaməsində iddiaçının uşaqları görmək istədiyni qeyd etsə də, uşaqların fikri öyrənilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Maraqlı şəxs apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçi Şükürova (əvvəl Məmmədova) Gülər Tofiq qızı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 881.1 və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi bu Məcəllənin vəzifələrindən biridir. 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3-cü maddəsinə əsasən uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın... Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir... Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar. Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələri ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir... “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Mediasiya prosesində bağlanan barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulması zamanı həll edilməli olan məsələlərə təsiri ilə bağlı qeyd olunmalıdır ki, boşanma üzrə meydana gələn mübahisələr əsasən məhkəmə araşdırması və məhkəmə tərəfindən qərar qəbul olunması ilə həll olunur. Lakin “Mediasiya haqqında” Qanunla mübahisələrin alternativ həlli üsulu kimi mediasiya institutu təsis edilmişdir. Mediasiyanın məqsədi, tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir. Eyni zamanda, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması pozulmaz şərt kimi müəyyən edilmiş, bu qaydaya riayət olunmadan məhkəməyə verilən iddianın baxılmamış saxlanması təsbit edilmişdir. 65. Ailə münasibətləri baxımından mediasiyanın mahiyyəti, ərarvadın məhkəməyə getmədən könüllülük, hüquq bərabərliyi və əməkdaşlığı, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında ailə münasibətləri üzrə fikir ayrılıqlarının həllinə çatmaqdır. Qanun mübahisənin bu cür həllini ilkin olaraq tərəflərin iradə ifadələrinə uyğun hesab etməklə, ona məcburi qüvvə verir və razılaşdırılmış məsələ ilə bağlı məhkəməyə müraciət olunmasının xüsusi qaydasını müəyyən edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə daxil olduqdan sonra 10 gün müddətində baxır və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (MPM-nin 355-25.1 və 355-25.3-cü maddələri). İş materiallarından görünür ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən 14 dekabr 2013-cü il təvəllüdlü X5 və 20 aprel 2015-ci il təvəllüdlü X3 ataları Maraqlı şəxs yanında qalmaqla onun himayəsinə verilmişdir. 14 dekabr 2013-cü il təvəllüdlü X2 və 20 aprel 2015-ci il təvəllüdlü X1 anaları Məmmədova (hazırda Şükürova) Gülər Tofiq qızı ilə istənilən vaxt görüşməsinə və ünsiyyətdə olmağına Maraqlı şəxs həmin barışıq sazişinə əsasən razılıq verməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində ünsiyyət öhdəliyini könüllü icra etmədiyindən ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki işin araşdırması zamanı tərəflərin mediasiya prosesi zamanı bağladıqları barışıq sazişinin qanunazidd olması, eyni zamanda mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmir. Ona görə də birinci instansiya məhkəməsi sazişi təsdiq etməkdə haqlı olmuşdur. Maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, barışıq sazişində uşaqların hansı gündə hansı saatda anaları ilə ünsiyyətdə olacağını, hansı vaxtlarda ünsiyyət müddətinin bitməsi, eyni zamanda barışıq sazişi bağlanarkən uşaqların maraqlarına toxunan halların aydınlaşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmamış, uşaqların fikri dinlənilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibət bildirərək qeyd edir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). Yəni sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll edilmir. Hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-2177/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1249/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1249/2025
19.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver