Məhkəmə qərarları › İş №2(106)-1254/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1254/2024

31.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1254/2024 31.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X6 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-635/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun iddiaçının himayəsində olmasının nəzərə alınaraq uşağa hədiyyə olunmuş anası Cavabdeh adına rəsmiləşdirilmiş çıxarış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24 may 2022-ci il olan Masallı şəhərində 0,052 ha həyətyanı torpaq sahəsinin və “Hyundai Elantra” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh alınaraq X4 yetkinlik yaşına çatana qədər iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı şəhər sakini Cavabdeh ilə qeyrirəsmi ailə qurub ayrılmışdır. Cavabdeh ilə birgə yaşadıqları müddətdə 27 yanvar 2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdeh ilə rəsmi nikahları olmamışdır. Cavabdeh ilə ayrıldıqdan sonra uşaq anasının yanında qalmış, o, bir ata kimi uşağın saxlanılması üçün bütün xərcləri çəkərək vaxtlı-vaxtında uşaqla görüşərək ata qayğısı göstərmişdir. X1 üçün bir neçə daşınmaz əmlak və uşağın məktəbə aparılması üçün avtomobil alıb hədiyyə etmişdir. X1 anası Cavabdeh himayəsində olduğu üçün hədiyyə etdiyi evi, 0,052 ha həyətyanı torpaq sahəsini və “Hyundai Elantra” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh mülkiyyətinə keçirmişdir. Ondan ötrü ki, gələcəkdə X1 yetkinlik yaşına çatdıqda hədiyyə etdiyi əmlaklar rəsmi olaraq Cavabdeh adından oğlu Rauf Süleymanovun adına rəsmiləşdirilsin. X1 üçün aldığı hədiyyə əmlakları cavabdehin adına rəsmiləşdirdikdən sonra cavabdeh uşaqla kobud davranaraq ona işgəncə vermiş, oğlu Rauf Süleymanov bu səbəbdən anasının yanından çıxıb onunla qalmaq qərarına gəlmişdir. X1 iddiaçı ilə birgə yaşamağa gələndən sonra onu himayəsinə götürərək rəsmi atalıq vermişdir. X1 yetkinlik yaşına çatmadığı üçün onun himayəsindədir. Masallı RPŞ-nin tədqiqat araşdırması zamanı cavabdeh əmlakların iddiaçı tərəfindən X1na alındığını etiraf etmişdir. Cavabdeh iddiaçının övladına hədiyyə etdiyi əmlakları vermək istəmir. Əldə etdiyi məlumata görə, övladına hədiyyə etdiyi Masallı şəhərindəki 0,052 ha həyətyanı torpaq sahəsini və “Hyundai Elantra” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobili cavabdeh satmaq niyyətindədir. X4 iddiaçının himayəsində olduğuna görə uşağın razılığı ilə yetkinlik yaşına çatana kimi saxlanılması üçün 0,052 ha həyətyanı torpaq sahəsinin və “Hyundai Elantra” markalı, **- RF-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-55.7-ci maddələrinə istinad etmişdir. Masallı Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(050)-635/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(050)-635/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, o, cavabdeh ilə qeyrirəsmi ailə qurmuş və birgə yaşadıqları dövrdə 27 yanvar 2010-cu il təvəllüdlü Rauf adlı uşaqları anadan olmuşdur. Oğlu Rauf üçün bir neçə daşınmaz əmlak, ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsi və onun məktəbə aparılması üçün “Hyundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və oğluna hədiyyə etmişdir. Övladı ana himayəsində olduğu üçün həmin əmlakların hamısını Cavabdeh adına rəsmiləşdirmişdir. Əslində həmin əmlakları iddiaçı oğluna hədiyyə etmişdir. Anası Cavabdeh oğluna işgəncə verərək onunla kobud davrandığı üçün oğlu Rauf onun himayəsinə keçmiş və ona atalıq vermişdir. Cavabdeh da özü həmin əmlakların ona yox, oğlu Rauf üçün alındığını və hədiyyə olunduğunu Masallı RPŞ-də etiraf etmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh həmin əmlakların iddiaçı tərəfindən alınmasını etiraf etmiş, lakin onun üçün alındığını göstərmişdir. Halbuki, belə olan halda cavabdeh sübut etməlidir ki, əmlaklar onun üçün alınmışdır. Məhkəmə Masallı RPŞ-də toplanmış material üzrə qərarı ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuş və mülkiyyətindən məhrum olunmuşdur. Məhkəmə sübutları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların tamlığı pozulmuş, preyudisial əhəmiyyətə malik sübutlar nəzərə alınmamışdır. Məhkəmə həmin əmlakların kimin üçün alınmasını, cavabdehin əmlakların Raufa məxsus olmasını etiraf etməsini, əmlakların formal olaraq Cavabdeh mülkiyyətinə keçirilməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən həmin əmlakların cavabdehin mülkiyyətində olması müəyyən olunsa da, həmin əmlakların cavabdehin mülkiyyətinə hansı əsasla keçməsi, əslində əmlakların oğlu Raufa hədiyyə olunması sübuta yetirilməmişdir. Halbuki, Masallı RPŞ-də cavabdeh özü həmin əmlakların oğlu Raufa hədiyyə olunmasını etiraf etmişdir. Məhkəmə tərəfindən göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Məhkəmə avtomobilin və torpaq sahəsinin oğlu Raufa hədiyyə olunmasını ümumiyyətlə nəzərə almamışdır. Cavabdeh özü də məhkəmədə həmin əmlakların müəyyən hissəsinin iddiaçı tərəfindən alınmasını və pulun iddiaçı tərəfindən verilməsini etiraf etmişdir. Lakin məhkəmə həmin halları nəzərə almamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 çıxış edərək bildirdi ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi nikah münasibətində olmuş, onların faktiki nikahlarından 2010-cu ildə Rauf adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflər arasında münasibətlər korlandığından onlar ayrılmışlar. Qeyd etdi ki, iddiaçı oğlu üçün 1 ədəd avtomobil və torpaq sahəsi alıb hədiyyə etmiş, həmin əmlakları oğlu yetkinlik yaşına çatmadığına və anasının himayəsində olduğuna görə cavabdehin adına sənədləşdirmişdir. O, verilmiş suala cavab olaraq bildirdi ki, belə müqavilələr mövcud olmadığına görə məhkəməyə hər hansı bir bağışlama müqaviləsi təqdim edə bilmir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həqiqətən də iddiaçı ilə nikaha daxil olmadan qeyri-rəsmi birlikdə yaşamışlar və bu münasibətlərindən 2010-cu ildə Rauf adlı uşaqları doğulmuşdur. Lakin iddiaçının apellyasiya şikayətində qeyd etdikləri həqiqətə uyğun deyil. Belə ki, onun özü saç-makyaj ustası kimi gözəllik salonunda işlədiyinə görə hər ay maaşından kənara pul qoymuş, bundan sonra maşın almışdır. Maşının alınmasında iddiaçı iştirak etməmiş, maşının kimdən və necə alınmasından onun məlumatı olmamışdır. İddiaçı sadəcə ona müəyyən məbləğdə köməklik göstərmişdir. Eyni zamanda, torpaq sahəsini də öz pulu ilə almış, iddiaçı yenə də ona müəyyən köməklik göstərmişdir. Hər iki əmlakı o, özünün vəsaiti hesabına almış, bu zaman iddiaçı ona müəyyən köməklik göstərmiş, lakin iddiaçı ona və ya oğluna hər hansı əmlak hədiyyə etməmişdir. Həmçinin, qeyd etdi ki, uşağı ana kimi özü böyütmüş, lakin 1 il bundan əvvəl iddiaçı oğlunu ona maşın sürməyi öyrədəcəyinə və futbola qoyacağına dair vədlər verərək aparmışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Masallı Rayon Polis şöbəsinin 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində 12 avqust 2020-ci il tarixdən 2012-ci il buraxılışlı “Hyundai Elantra” markalı, **-RF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mövcuddur. İşdə surəti olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 01 fevral 2024-cü il tarixli məktubundan görünür ki, “Hyundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20 yanvar 2024-cü ildə Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. İşdə surəti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsi 24 may 2022-ci ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehlə qeyri-rəsmi nikah münasibətində olmuş, bu nikahdan Rauf adlı oğlu olmuş, oğlu üçün “Hyundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Masallı şəhərində 0,052 hektar torpaq sahəsi alaraq ona hədiyyə etmiş, lakin oğlu yetkinlik yaşına çatmadığından və anasının himayəsində olduğundan, həmin əmlakları Cavabdeh adına sənədləşdirmiş, Cavabdeh isə həmin əmlakların oğlu üçün alındığını Masallı RPŞ-də aparılan araşdırma zamanı etiraf etmişdir. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçının oğlu yetkinlik yaşına çatmadığına görə əmlakı onun adına sənədləşdirə bilməməsi ilə bağlı bildirdikləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. MM-in 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-ci bəndində qeyd olunur ki, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərin adından əqdləri yalnız onların qanuni nümayəndələri olan valideynləri, övladlığa götürənləri və qəyyumları bağlaya bilər. Müqavilədə yetkinlik yaşına çatmamış şəxsin yaşı, habelə müqaviləni onun adından bağlayan şəxslərin səlahiyyəti (qohumluq əlaqəsini təsdiq edən sənəd və ya məhkəmə qətnaməsi, yaxud qəyyumluq və himayəçilik orqanının qərarı əsasında) barədə məlumat əks olunur. Bu müqavilə qanuni nümayəndə və ya qəyyum tərəfindən imzalandıqdan sonra notariat qaydasında təsdiq edilir. Qeyd edilən müddəalar onu göstərir ki, iddiaçı tərəfindən oğluna hədiyyə edildiyini iddia etdiyi torpaq sahəsinin və nəqliyyat vasitəsinin yetkinlik yaşına çatmayan oğlunun adına sənədləşdirilməsi üçün qanunvericilikdə heç bir qadağa mövcud deyil. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxs kimi Rauf Süleymanovun adından əqdləri onun qanuni nümayəndəsinin bağlamaq imkanı olsa da, iddia edilən şəkildə hər hansı bir bağışlama müqaviləsi bağlanmamışdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi olan vəkil də hər hansı bir bağışlama müqaviləsi təqdim edə bilməyəcəklərini qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi baxımından tələb edilən avtomobilin və torpaq sahəsinin onun vəsaiti hesabına alınaraq oğluna hədiyyə edilməsinin sübut edilməsi vəzifəsini iddiaçı daşıyır. Lakin iddiaçı həmin halın təsdiq edilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız Masallı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarına istinad etmiş, həmin zaman araşdırma aparılarkən cavabdehin mübahisəli əmlakların iddiaçı tərəfindən oğlu üçün alındığını etiraf etdiyini bildirmişdir. Məhkəmə kollegiyası həmin qərarın və orada əks olunanların hazırkı iş üzrə preyudisial əhəmiyyətinin olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə 17 fevral 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MPMin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Masallı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımadığına görə həmin vaxt aparılan araşdırma zamanı Cavabdeh bildirdikləri də mötəbər sübut olaraq qəbul edilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə apellyasiya məhkəməsinin iclasında cavabdeh ona və ya oğluna iddiaçı tərəfindən hər hansı hədiyyə əmlak alınmadığını, avtomobili və torpaq sahəsini öz maaşından yığdığı pul ilə aldığını, bu zaman iddiaçının sadəcə müəyyən köməklik göstərdiyini qeyd etmişdir. Beləliklə, hazırda iddiaçı onun tərəfindən “Hyundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsinin nə oğluna, nə də cavabdehə hədiyyə edilməsinə dair hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə kifayətlənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.4-cü maddəsinə əsasən, uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. Ailə Məcəlləsinin 55.6-cı maddəsinə əsasən, uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Tələb edilən əmlaklar isə xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına qeydə alındığından (hazırda avtomobil cavabdehin adından qeydiyyatdan çıxarılmışdır) və iddiaçının və ya oğlunun həmin əmlaklar üzərində hər hansı bir hüququ müəyyən edilmədiyindən, sözügedən əmlakların cavabdehdən alınıb iddiaçıya verilməsinə dair iddia tələbi əsaslı hesab edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(050)-635/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar