Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1266/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2023-00665 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 2800 manat pulun və sazişin təsdiq edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ona borcu olduğundan razılaşaraq, mediasiya qaydasında barışıq sazişi bağlamışdır. Sazişə əsasən Maraqlı şəxs 12 ay müddətində 3000 manat pulu 2024-cü ilin avqust ayından ona ödəməyə başlamalı idi. Həmin sazişdə Maraqlı şəxs öhdəlik kimi 2024-cü ilin avqust ayından başlayaraq, üzərinə öhdəlik götürərək, ona o pulu hissə-hissə verməli, yəni 12 aydan sonra onun borcu bitməli idi. Lakin müqavilə bağladıqları vaxtdan 200 manat ona pul ödəmiş və digər qalan pulu daha ödəməmişdir. Hesab edir ki, aralarında bağlanmış saziş üzrə maraqlı şəxs öhdəlikləri pozduğundan məhkəmə qaydasında təsdiq edilməlidir. Odur ki, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və 2800 manat pulun Maraqlı şəxs alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə yoldaşı vasitəsilə tanış olmuş və yoldaşı ona borca pul vermişdir. Bir müddət borcundan ödənişlər etsə də, 2023-cü ilin mart ayından sonra ödənişlər dayanmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə onunla Maraqlı şəxs arasında 3000 manat borcun qalmasına dair barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2022-ci ildə pula ehtiyacı olduğu üçün ərizəçidən ilk dəfə 1300 manat faizə borc almışdır. Daha sonra əlavə olaraq yenidən borc almış və etdiyi ödənişlər çıxılmaqla hazırda ərizəçiyə 2700 manat borcu qalmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsi (Ellara Abbasova) ilə, ərizə rədd edilmiş, Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2023-00665 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsindən imtina edilmişdir. Qətnamədən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Ərizəçi apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizə üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apelyasiya şikayətinin dəlillərin şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini tərəflər arasında borc münasibətlərinin olmasının sübuta yetirilsə də, borc məbləği ilə bağlı mübahisə olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan MŞM/MT036/2023-00665 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür: Tərəflər, Ərizəçi bildirir ki, o bir neçə müddət bundan əvvəl Maraqlı şəxs borc pul vermiş, həmin puldan 3000 (üç min) manat ona borclu qalmışdır. İş üzrə ikinci tərəf Maraqlı şəxs bildirmişdir ki, o hazırda Ərizəçi qalan 3000 manat borcu 12 ay müddətinə qaytarmağa razıdır. Tərəflər tələblər üzrə aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi borclu qaldığı 3000 (üç min) manat pulu 2024-cü ilin avqust ayından başlayaraq 12 ay müddətində Ərizəçi qaytarmasına öhdəlik götürür. 2.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi 12 ay müddətində ödəyəcəyi 3000 manat pulu 5239 1517 5249 1731 saylı kapital bank kart hesabına ödəməsinə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-cü maddəsinə əsasən Mediasiya haqqında Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin məcəllənin 355-24 -cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşdə olan sübutlardan müəyyən edilir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, 3000 (üç min) manat pulu 2024-cü ilin avqust ayından başlayaraq 12 ay müddətində Ərizəçi qaytarması öhdəlik kimi götürülmüşdür. Göründüyü kimi barışıq sazişinin icra müddəti 12 ay, yəni 2024-cü ilin avqust ayından 2025-ci ilin avqust ayına qədər müəyyən edilmişdir. Lakin ərizəçi həmin müddəti gözləmədən 06 may 2025-ci il tarixdə barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan prosessual normanın dispozitiv şərtləri təsvir olunduqda müəyyən olunur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş müddətin bitməsi əsas şərt kimi müəyyən edilmişdir. Yəni barışıq sazişi bağlamış tərəflər üçün şərtlər sazişdə nəzərdə tutulmuş müddət bitdikdən sonra könüllü icra edilməli, könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasında imtina olunduqda barışıq sazişinin tərəfi olaraq tələbkar sazişdə nəzərdə tutulan öhdəliyin məcburi icrasını məhkəmə qaydasında tələb edə bilər. Halbuki hazırki işdə Ərizəçi sazişdə öhdəliyin icrası üçün müəyyən olunmuş müddəti gözləmədən həmin öhdəliyin məcburi icrasını məhkəmə qaydasında tələb etmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını düzgün təfsir etməyərək verilmiş ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul etmək əvəzinə, ərizəni təmin etməməklə prosessual normanın tələblərini pozmuşdur. Apellyasiya icraatı zamanı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tərəfi olan Maraqlı şəxs aralarında bağlanan sazişin təhdid altında bağladığını, sazişin şərtlərində göstərilən pul məbləğinin isə faizlə götürdüyünü, sazişdə qeyd edilən kimi borcun 3000 manat məbləğində olmamasını bildirərək, mediasiya bağladıqları xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəədə iddia qaldırmaq yolu ilə mübahisələndirəcəyini bildirmişdir. Həmçinin Ərizəçi isə apellyasiya icraatı zamanı verdiyi izahatında barışıq sazişinin vaxtından əvvəl məcburi icrasınl tələb etməsini borclunun 200 manat pul ödədikdən sonra sazişdə göstərilən qalan məbləğin ödəməyəcini və aralarında bununla bağlı mübahisənin olmasını əsas götürmüşdür. Kollegiya qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Başqa sözlə barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilə olmaqla tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Belə ki, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Göründüyü kimi məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. Başqa sözlə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Belə olan təqdirdə məhkəmənin sazişi qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsi baxımından bir nəticə doğurmur. Bu nəticə: yəni, tərəflərin hüquq və öhdəlikləri təsdiqə qədər barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir. Hətta məhkəmə ona təqdim olunan razılaşmanı təsdiqləməkdən imtina etsə, tərəflər öz iradələri (iddiadan imtina, iddia ərizəsinin baxılmamış saxlanılması və s.) ilə mülki prosesi sonlandırmaqla həmin saziş üzrə münasibətlərini davam etdirməkdə sərbəstdirlər (dispozitivlik prinsipi). Odur ki, ikinci halda tərəflərin məhkəmədən kənar əmələ gətirdikləri barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiqi yalnız prosessual hüquqi nəticələr doğurur. Bu nəticələr işin icraatına xitam verilməsi ilə mülki prosesin tamamlanması, buna müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə yenidən mübahisə açılmasının qarşısının alınması, habelə sazişin şərtləri pozulduqda onun məcburi icrasının təmin olunmasıdır. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə; 23 fevral 2024-cü il tarixli qəradadı) Göründüyü kimi barışıq sazişinin tərəfləri hər ikisi də sazişin şərtlərinin icra edilməməsini aralarında yaranmış mübahisə ilə əlaqələndirmişlər. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında borc məbləği ilə bağlı mübahisə olsa da ərizəçi məhkəməyə barışıq sazişində onun icrası üçün nəzərdə tutulan müddətin bitməsini gözləməli, həmin müddət bitdikdən sonra isə barışıq sazişinin məcburi icrasını tələb etməlidydi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Hazırkı işdə də iddiaçı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin icrası üçün müəyyən edilmiş müddəti gözləməmiş, bununla da işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1802/2025 saylı, 16 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1266/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1266/2025
18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver