Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1343/2023 27.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X6 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(017)-782/2023 saylı qətnaməsindən (hakim E.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X11 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 20000 manat məbləğində pulun cavabdehdən xeyrinə məcburi qaydada alınamsı, “Torpağa mülkiyyət hüququna dair” JN 123 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsində ona məxsus hissənin müəyyən edilib naturada ayrılması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması və dövlət rüsumuna görə ödənilmiş 246 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN 123 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə 0.5916 ha torpaq sahəsi verilmişdir. Uzun müddət torpaq sahəsindən istifadə edə bilməmiş, istifadəyə cəhd etdikdə isə cavabdeh ona torpaq sahəsinin verilmədiyini bildirmişdir. Ərizəsi əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu müəyyən edən şəhadətnamə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Qiyaməddinli kənd ərazi inzibati dairəsi üzrə nümayəndəsinin müavini X9 tərəfindən saxtalaşdırılmışdır. Ona məxsus şəhadətnamənin icra nümayəndəsinin müavini tərəfindən saxtalaşdırılmasına dair ərizəsi üzrə Ağcabədi rayon prokurorluğunun stajor-müstəntiqi tərəfindən Cinayət Məcəlləsinin 14.2, Cinayət Prosessual Məcəllənin 39.1.3, 212-ci maddələrinə istinadla “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 6 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı inzibati ərazi nümayəndəsinin müavini X9 “Torpağa mülkiyyət hüququna dair” JN 123 saylı şəhadətnaməyə Cavabdeh tərəfindən edilmiş düzəlişi nümayəndəliyə məxsus möhürlə təsdiq etdiyini etiraf etmiş, düzəlişi təsdiq etməkdə isə məqsədinin camaata həmin sahənin Cavabdeh məxsus olduğunu sübut etmək olduğunu bildirmişdir. Cavabdehin sənədləri saxtalaşdırması, torpaq sahəsindən 23 iyun 1997-ci il tarixdən halhazırkı vaxta qədər istifadə etməməsi nəticəsində 50000 manat ziyan çəkmiş, mülkiyyət hüquqları pozulmuşdur. Bundan başqa, iddiaçı uzun müddət müxtəlif instansiyalara şikayət ərizələri ilə müraciət etməyə, izahatlar verməyə məcbur olmuş, 20000 manat mənəvi ziyana məruz qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı X12 onun doğma qardaşıdır. Qardaşı Barat uzun müddətdir ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla Perm vilayəti, Qornozavodskiy rayonu, Tyoplaya qora f/q, Okunev küçəsi 2 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia ərizəsində iddiaçının adı X3 göstərilsə də, onun adı İddiaçı Şaumyan oğlu olmuşdur. 1989-cu ildə onun ata adı Şaumyandan Şamilə dəyişdirilmişdir. İddiaçı uzun müddət, hələ torpaq islahatı başlamamışdan da əvvəl, sovetlər birliyi dövründə Azərbaycandan çıxıb getmiş, Rusiya Federasiyasının vətəndaşı olmaqla, hazırda Perm şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli 7 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.55 ha torpaq sahəsi verilmişdir. Bu barədə adlarına “Torpağa mülkiyyət hüququna dair” JN 123 kod 60805028 nömrəli Dövlət aktı və həmin akt əsasında adlarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il olan və daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il olan çıxarışlar verilmişdir. Buna baxmayaraq iddiaçı X11 heç bir hüquqi əsası olmadan ona qarşı “maddi və mənəvi ziyanın alınması, torpaq sahəsinin müəyyən edilib naturada ayrılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırkı mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Mübahisəli torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmaqla onların xüsusi mülkiyyətindədir. İddiaçının iddiası qanunsuz və əsasızdır. Ağcabədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(017)-782/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikaəyti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "Torpağa mülkiyyət hüququna dair" JN 123 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə 0.5916 ha torpaq sahəsi verilmişdir. Uzun müddət torpaq sahəsindən istifadə edə bilməmişdir, istifadəyə cəhd etdikdə isə cavabdeh X7 torpaq sahəsinin verilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlar yoxdur (barəsində şikayət verilən məhkəmə aktı, səh 5 abz3). Məhkəmənin gəldiyi qənaət düzgün sayıla bilməz. Məhkəmənin təqdim edilmiş sübutlara tənqidi yanaşması, sübutları "şübhədənkənar sübutlar" tələbi baxımından qiymətləndirməməsi mülkiyyət hüququnu pozan məhkəmə aktının qəbulu ilə nəticələnmişdir. Mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Məhkəmə iclasında göstərdiyi kimi cavabdeh sənəd saxtalaşdırıb. Məhkəmənin hər hansı şübhəsi vardısa, əmlak barədə reyestr xidmətindən iddiaçıya aqrar islahat komissiyasının qərarı əsasında verilmiş pay torpaq sahəsi barədə arayış almaqla bu şübhəni aradan qaldıra bilərdi. Məhkəmə işin hallarının ətraflı araşdırmayıb. İş materiallarının məhkəmə qətnaməsində sadalanan hissəsindən görünür ki, məhkəmə cavabdehin dəlillərinə etirazlarını araşdırmaq üçün heç bir tədbir görməyib. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etdiyindən məhkəmə yardım etmək vəzifəsinə uyğun olaraq iş üzrə icraatın dayandırılması, təqdim edilmiş çıxarışla bağlı mübahisələndirmə aparılması hüququnu izah və təmin etməyə borclu idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X12 tərəfindən Şirvan İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakıq Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN 123 saylı Dövlət Aktında göstərilən 0.5916 ha torpaq sahəsinə dair Cavabdeh adına reyestrdə aparılmış qeydin ləğv edilməsi, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırılmışdır. JN 123 saylı Dövlət X1 barədə qeydin yanlışlıqla daxil edilməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəçi Cavabdeh ərizəsi üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(017)-1304/2021 saylı qətnaməsi tərəflərindən halhazırki vaxtadək apellyasiya qaydasında mübahisələndirilməmişdir. Cavabdeh məhkəmənin ünvanına teleqram vuraraq işə iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə qətnaməni tam olaraq mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri üzrə aparılmış məhkəmə araşdırmasının nəticəsində mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə biləcək hər-hansı bir hal müəyyən olunmamışdır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur; Torpağa mülkiyyət hüququna dair JN 123 kod 60805028 nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 23 iyun 1997-ci il tarixli 7 nömrəli qərarına əsasən Cavabdeh və 5 nəfər ailə üzvlərinə Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.55 ha pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri sırasında 5-ci yerdə əvvəlki qeyd pozularaq yerində X5 adı qeyd edilmişdir, həmin düzəlişin həqiqi olması Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir, X6 qardaşı X8 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” JN-123 nömrəli Dövlət Aktının saxtalaşdırılması ilə bağlı müraciəti əsasında aparılmış 159 C-21 nömrəli araşdırma materialı üzrə Ağcabədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Əlisahib Nəzərovun 6 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Ağcabədi rayonu Qiyaməddinli kəndinin icra nümayəndəsi vəzifəsində işləmiş X14 şəxsi niyyətlə vəzifə saxtakarlığına yol verərək adı səhvən Quliyevlər ailəsinin tərkibinə düşən X6 payına torpaq sahəsinin X5 adına keçirilərək həmin ailənin mülkiyyətinə alınması və kənd camaatının da buna inandırılması məqsədilə 2003-cü il tarixdə “Torpağa mülkiyyət hüququna dair” JN-123 Dövlət Aktında adı səhvən Cavabdeh ailə tərkibindəki şəxslərin siyahısına yazılmış X8 adının əlyazma üsulu ilə diyişdirilərək X2 yazılmış düzəlişi imzası və icra nümayəndəliyinin möhürü ilə təsdiq etmişdir, JN 123 saylı Dövlət X1 barədə qeydin yanlışlıqla daxil edilməsindən ibarət hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəçi Cavabdeh ərizəsi üzrə Ağcabədi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(017)-1304/2021 saylı qətnaməsindən görünür ki, ərizə təmin olunmuşdur, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1 sentyabr 2021-ci il tarixdə verilmiş **********16 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ümumi birgə mülkiyyət kimi Dövlət qeydiyyatına alınmışdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1 sentyabr 2021-ci il tarixdə verilmiş **********17 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən 0.9474 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ümumi birgə mülkiyyət kimi Dövlət qeydiyyatına alınmışdır, Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Nəqədərki, cavabdehin adına daşınmaz əmlakın Dövlət reyestrində aparılan qeydiyyat qüvvədədir və həmin qeydiyyat aparılarkən iddiaçı X6 adının mülkiyyətçilər sırasından çıxarılmasının əsasını isə qüvvədə olan məhkəmə qətnaməsi təşkil etmişdir və həmin qətnamə mübahisələndlirilməmişdir, hazırki mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən başqa cür hüquqi qiymət verilə bilməzdi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X8 apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(017)-782/2023 saylı qətnaməsi iddiaçı X6 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1343/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1343/2023
27.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver