Məhkəmə qərarları › İş №2(106)-1359/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1359/2025

03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1359/2025 03.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi, öhdəliyinin icrası” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 15/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şərafəddin qızından vurulmuş maddi zərərin əvəzi olaraq təmir xərclərinin qarşılanması məqsədilə 3000 manat məbləğində pul vəsaitinin birdəfəlik qaydada tutularaq ona ödənilməsi, təmir zamanı evdə yaşayış olmayacağı nəzərə alınaraq həmin şərtlərə cavab erə biləcək kirayə mənzilin 1 aylıq qiyməti olan 500 manat məbləğində pul vəsaitinin və müvəqqəti olaraq əşyaların daşınması və onların 1 ay müddətə müvafiq saxlanc yerində saxlanılaraq yenidən təmirdən sonra evə gətirilməsi, həmçinin evin təmizlik xidmətlərinə görə ümumi olaraq əlavə xərc kimi 450 manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tam şəkildə birdəfəlik qaydada tutularaq ona ödənilməsi, gələcəkdə də oxşar hadisənin baş verməməsi üçün su axıntısının səbəbinin usta tərəfindən cavabdehin şəxsi vəsaitləri hesabına müəyyən edilərək qarşısının alınmasıtəmir etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 40 saylı mənzil ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına həmin mənzilə dair RX seriyalı, ******* saylı çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixində ona məxsus ünvan 1 ünvanındakı 40 saylı mənzilin yuxarı mərtəbəsində yerləşən ünvan 1 ünvanındakı 43 saylı mənzildən onun evinə suyun axıdılması nəticəsində ciddi şəkildə zərər dəymişdir. Suyun axıdılmasından sonra dəymiş zərər evə baxış keçirən ustalar tərəfindən 3000 manat müəyyən edilmişdir. Bundan əlavə olaraq evdə təmir müddəti 1 ay müddətində olacağı bildirilmiş, ondan evdə yerləşən əşyaları evdən çıxarmağı və evdə yaşayışın dayandırılması tələb edilmişdir. Müraciəti əsasında xx.xx.2023-cü il tarixində 138 saylı MKİS tərəfindən də müvafiq akt tərtib edilmişdir. Zərərin əvəzini cavabdehdən mülki qaydada - məhkəmədən kənar tələb etdikdə o, bundan imtina etmişdir. Müvafiq ixtisaslı ekspert tərəfindən evə baxış keçirildiyi təqdirdə vurulmuş zərərin əhatə dairəsinin daha çox olması müəyyən ediləcəkdir. Həmçinin cavabdehin həmin mənzilin mülkiyyətçisi olması da aktda öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən ona dəymiş zərərim heç bir formada qarşılanmadığına görə hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evin digər təmir materialları hazırda bazarda satışda olan materiallarla eynilik təşkil etsə də, parket hissə eynilik təşkil etmir. Hadisədən sonra evin parket döşəmə hissəsinin 12 kv.m hissəsi ciddi şəkildə zədələnmişdir. Həmin parket döşəmə tərəfindən 6-7 il öncə alınmış və evdə istifadə edilmişdir. Hazırda həmin otağın parketinin (12 kv.m olan sahənin) təkcə dəyişdirilməsi mümkünsüzdür. Həmin məhsuldan hazırda satış həyata keçirən mağazalarda yoxdur. Təkcə otağın parketinin dəyişdirilməsi isə evin təmir proyektinin interyer və dizaynını pozur. Hesab edir ki, Cavabdeh Şərafəddin qızından vurulmuş maddi zərərin əvəzi olaraq təmir işlərinin qarşılanması məqsədilə 3000 manat məbləğində pul vəsaitinin, təmir zamanı evdə yaşayış olmayacağı nəzərə alınaraq həmin şərtlərə cavab verə biləcək kirayə mənzilin 1 aylıq qiyməti olan 500 manat məbləğində pul vəsaitinin və müvəqqəti olaraq əşyaların daşınması və onların 1 ay müddətə müvafiq saxlanc yerində saxlanılaraq yenidən təmirdən sonra evə gətirilməsi, həmçinin evin təmizlik xidmətlərinə görə ümumi olaraq əlavə xərc kimi 450 nanat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin birdəfəlik qaydada cavabdehdən tutularaq ona ödənilməsi xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 25 ildir dil və ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərir. İddiaçı ona deyəndə ki, onun mənziinldən su axıdır narahat olmuş, dərhal maklerə zəng vurmuşdur. Makler mənzilə qalxaraq ona video zəng edərək mənzildə heç bir axıntı olmadığını, mənzilin tam quru olduğunu bildirmiş və göstərmişdir. Onun evində kirayəçi olaraq tələbələr qalırdı, amma bu hadisə onlar yay tətilində olduqları zaman baş verib, yəni həmin müddətdə evdə yaşayış olmayıb. Bu evdə yaşayış olmadığına görə su hardan və necə axa bilər deyə bildirmiş və göstərilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsi ilə (Hakim: Xaliq İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçının mənzilinə dəymiş maddi ziyanın əvəzi olaraq 2578 (iki min beş yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cavabdehin təqsirini tam sübuta yetirmədən zərərin ödənilməsinə qərar vermişdir. Ekspert rəyində axıntının dəqiq səbəbi məlum deyil, kanalizasiya və su borularında heç bir qüsur aşkar edilməyib. Məhkəmə yalnız ekspert rəyində göstərilən məbləği (2578 manat) nəzərə alsa da, həmin rəyin özü dəqiq səbəb göstərmir və bu səbəbdən cavabdehə məsuliyyət yükləmək MM-in 21-ci maddəsinə ziddir. Məhkəmə ekspert rəyini tək sübut kimi qəbul etmiş, cavabdehin təqdim etmək istədiyi, heç kimin mənzildə olmamasını sübut edən kirayə müqaviləsinə, video görüntülərə əhəmiyyət vermədən və suyun mənşəyi barədə qeyri-müəyyənlikləri nəzərə almadan birtərəfli qiymətləndirmə aparmışdır. Bu, obyektivlik və tamlıq prinsipini pozur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, ekspert rəyində açıq yazılıb ki, 40 nömrəli mənzilə 43 nömrəli mənzildən su axmışdır. Borularda aşkar qüsur aşkarlanmasa belə, qanunvericilikdə (MM-in 1111.2-ci maddəsi) “binadan axıdılan su nəticəsində zərərə görə müvafiq otağı tutan şəxs məsuliyyət daşıyır” deyilir. MM-in 1096 və 1097-ci maddələri: Zərər realdır və 2578 manat məbləğində müəyyən olunub. Bu, iddiaçının hüquqlarının pozulduğunu sübut edir. Video görüntülər və kirayə müqaviləsi: Bu sübutlar hadisənin mənbəyini dəyişmir. Mənzilin mülkiyyətçisi cavabdeh olduğuna görə kirayəçilərin olub-olmaması hüquqi məsuliyyəti aradan qaldırmır. Cavabdeh ümumi sistem və ya başqa mənzilləri göstərsə də, ekspert rəyində birbaşa 43 saylı mənzildən sızma olduğu qeyd olunub. Cavabdeh istədiyi əlavə sübutları təqdim etməyibsə, bu onun öz prosessual öhdəliyidir (MPM 77.1). Ekspert rəyi “yalnız ehtimal” kimi qiymətləndirilmir, çünki rəy açıq şəkildə zərərin mənbəyini göstərib. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir. Qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, mübahisələndirilən hissədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/688 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 40 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, 40 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 43 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 40 saylı mənzilə su sızması 43 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 43 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilmə səbəbindən baş verə bilər. ünvan 4 ünvanında yerləşən 40 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2578,0 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus ünvan 1 ünvanındakı 40 saylı mənzilin yuxarı mərtəbəsində yerləşən ünvan 1 ünvanındakı 43 saylı mənzildən iddiaçının evinə suyun axıdılması nəticəsində ziyan dəymişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/688 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 40 saylı mənzilə dəymiş ziyan 2578 manat müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə ekspert rəyini tək sübut kimi qəbul etmiş, cavabdehin təqdim etmək istədiyi, heç kimin mənzildə olmamasını sübut edən kirayə müqaviləsinə, video görüntülərə əhəmiyyət vermədən və suyun mənşəyi barədə qeyri-müəyyənlikləri nəzərə almadan birtərəfli qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş 138 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi M.Məmmədli, mühəndis B.Məhərrəmov və sahə nəzarətçisi F.Hüseynovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, baxış zamanı binanın 6-cı mərtəbəsində mənzil 43 də yaşayan Cavabdeh məxsus olan mənzildən 5-ci mərtəbədə yaşayan İddiaçınin mənzilinə su axıdılması müəyyən edilmişdir. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti isə əsaslandırılmamış və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-15/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar