Məhkəmə qərarları › İş №2(106)-1376/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1376/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1376/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11 sentyabr 2023-cü il tarixli **********79 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılmasına və əldən çıxmış faydanın əvəzi olaraq 17000 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Suluçeşmə kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Onun və ailə üzvlərinin mülkiyyətlərinə Suluçeşmə kəndində 1,89 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli **********79 reyestr nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyətləri kimi Dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmişdir. Lakin Cavabdeh onun ailə üzvlərində birlikdə Bakı şəhərində yaşamaqlarından istifadə edərək həmin torpaq sahəsini 10 ildən artıq müddətdir ki, zəbt edərək torpaq sahəsində əkin işləri aparır və onu torpaq sahəsindən istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz əməllərinə görə mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh uzun müddətdir ki, mülkiyyətdə olan torpaq sahəsini zəbt etdiyi üçün o, torpaq sahəsindən istifadə edib qazanc götürə bilməmiş və buna görə də 17000 manat əldən çıxmış faydadan məhrum olmuşdur. Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı 10000 manat məbləğdə pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə ona qarşı qaldırdığı iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Əksinə, onun verdiyi və nağd pulla aldığı torpaq sahəsinə görə 10000 manat məbləğində pulunu geri qaytarmalıdır. O həmin torpaq sahəsini 10 min manat pula almışdır. 2011-ci ildə dayısı oğlu Məmmədov Daməd onlara gələrək demişdir ki, “xahiş edirəm mənim də 2 ha torpaq sahəm var, onu al, çünki təcili olaraq mənə pul lazımdır”. O X10 və dostu X3 yanında 10000 manat pul verib, əvəzində torpaq sahəsinin sənədlərinin əslini almış, onlar razılaşdılar ki, sonra vaxtları olanda rəsmiləşdirib qeydiyyata alarlar. O vaxtdan torpağı o əkib becərməyə başlamış və bu günə kimi istifadə edir. Dayısı oğlu Daməd vəfat edəndən sonra dayısının ailəsi insafsızlıq edərək onu məhkəməyə verib torpağı tələb edir, belə olan halda o da verdiyi 10000 manat pulu tələb edir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) ilk iddia qismən təmin edilərək cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Sulu- Çeşmə kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 6480 (altı min dörd yüz səksən) manat pul və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb iddiaçı (qarlışılıq iddia üzrə cavabdeh) İddiaçı verilməsi, ilk iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş; X17 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun əridir. 2011-ci ildə Cavabdeh dayısı oğlu Daməd Məmmədov onlara gələrək, torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Daməd Məmmədovla razılaşdıqdan sonra Cavabdeh Daməd Məmmədovdan 10000 manat pulu düzəltmək üçün vaxt istəmiş və bir neçə gün ərzində həmin məbləği tamamlamışdır. Bundan bir neçə gün sonra Daməd Məmmədov arvadı Ağgul Məmmədova ilə onların yaşadığı evə gəlmiş və əri Cavabdeh 10000 manat pulu onun iştirakı ilə sayaraq Daməd Məmmədova və arvadı İddiaçı vermişdir. Bundan sonra Daməd Məmmədov və İddiaçı çıxıb getmişlər. X1 verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun yaxın dostu və qohumudur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh dayısı oğlu Daməd Məmmədovu da tanımışdır. 2011-ci ildə Cavabdeh ona dayısı oğlu Daməd Məmmədovun özünə məxsus torpaq sahəsini satdığını və həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Buna görə də, Cavabdeh kömək edərək onun heyvanlarını satmışlar və torpağın pulu düzəltmişlər. Həmin vaxt Cavabdeh alqı-satqını rəsmiləşdirməsini tövsiyə etmişdir. Bir neçə gün sonra isə Daməd Məmmədov arvadı İddiaçı ilə gəlmiş və Cavabdeh öz yanında onun yanında 10000 manat pulu Daməd Məmmədova və İddiaçı vermişdir. JN-148 (Kod ********) saylı Dövlət Aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Cəlilabad rayonunun Sulu-Çeşmə kəndinin ərazisindən 2.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X5, X6, X7 və X13 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X20 Şəxsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Sulu-Şeşmə kəndinin ərazisindən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, İddiaçı, X6, X7 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. Cəlilabad rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən X18 xx.xx.2020-ci ildə ölmüşdür. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-143/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X12 qarşı 10000 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı Cavabdeh X12 qarşı 10000 manat məbləğdə pulun alınaraq ona verilməsi tələbinə dair mülki işə 11 yanvar 2024-cü il tarixdə mahiyyəti üzrə baxılmış və Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(073-143/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh həmin torpaq sahəsini 10000 manat müqabilində əldə etmiş və həmin pulun cavabdehə qaytarılmaması ona dəyən zərər hesab edilir. Cəlilabad Rayon Məhkəməsi cavabdehin həmin torpaq sahəsini hansı əsasla əldə edərək istifadə etməsini və 2011-ci il tarixdən bu günə kimi ona torpaqdan istifadəyə qarşı heç bir etiraz edilməmişdir. Məhkəmə iddiaçının 12 il ərzində əmlakından faydalanmaması qənaətinə gəlsə də, cavabdehin həmin müddət ərzində mübahisəli torpaq sahəsini iddiaçının ailə üzvü hesab edilən mərhum X8 pul müqabilində əldə etməsini və bundan bütün ailə üzvlərinində bundan xəbərdar olmasını nəzərə almamışdır. Bundan əlavə məhkəmə cavabdehin vəsatəti əsasında ifadələri alınmış şahidlərin cavabdehlə yaxınlıq münasibətinə görə sübut kimi qəbul etməmişdir. Məhkəmənin qətnamədə göstərmiş olduğu nəticə işin hallarına uyğun deyildir. Belə ki, cavabdehin həmin torpaq sahəsini 2011-ci il tarixdən istifadə etməyə başlamış mərhum X18 da vəfat etdiyi günə, yəni xx.xx.2020-ci il tarixə kimidə bu barədə heç bir məhkəmə mübahisəsi olmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini 2011-ci ildə 10000 manat məbləğində pul vəsaiti verərək Damət Hüseynovdan, yəni hazırkı iş üzrə iddiaçının arvadından almışdır. İddiaçı ilə qohumluq münasibətindədirlər. Belə ki, iddiaçı onun dayısı oğlu Damət Hüseynovun arvadıdır. Damət Hüseynov 2020-ci ildə vəfat etmişdir. Sağ olarkən o, torpaq sahəsinin pulunu elə iddiaçı ilə Damət Hüseynova vermişdir. Lakin torpaq sahəsini alarkən həmin torpaq sahəsinə öz adına çıxarış almamışdır. Bunun da səbəbini torpaq sahəsini alan zaman Damət Hüseynovun ona torpaq sahəsinə aid zəruri sənədlər əldə etdikdən sonra o, müvafiq qurumda onun adına tam mülkiyyət hüququ ilə çıxarış əldə edəcəyini deməsi olmuşdur. Damət Hüseynovun şəxsiyyətinə böyük hörmət bəslədiyindən hazırkı vəziyyətə gəlməsini güman etməmişdir. Belə ki, Damət Hüseynov vəfat etdikdən sonra qohum olduqları üçün yenə də bu inamı qalmışdır. Lakin iddiaçı sonralar maneələr yaradaraq onun bu torpaq sahəsindən istifadəsini demək olar ki, mümkünsüz hala gətirmişdir. Bundan sonra o, həmin torpaq sahəsini almaq üçün vermiş olduğu 10000 manat pulun iddiaçıdan alınması, əvəzində isə torpaq sahəsini iddiaçıya qaytarmasına dair məhkəmədə iddia qaldırmışdır. Ondan sonra hazırkı iş üzrə iddiaçı zəbt olunmuş torpaq sahəsinin qaytarılması və əldən çıxmış faydanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2011-ci ildən 2023-cü ilə qədər torpaq sahəsi onun istifadəsində olmuşdur. Hal-hazırda həmin torpaq sahəsini heç kim istifadə etmir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(073)-268/2024 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsi Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 6480 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya icraatında mübahisələndirilən hissə üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarına əsasən mübahisəli torpaq sahəsi 2011-ci ildən Cavabdeh istifadəsindədir və Cavabdeh həmin vaxtda torpaq sahəsini əkib-becərməklə faydalanır. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh İddiaçı son 12 il ərzində əmlakından, yəni mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olmaqla, onu buğda əkməklə əldə edəcəyi (orta hesabla hər il üçün 540 manat) 6480 manat məbləğdə gəlirdən məhrum etmişdir. Kollegiya Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsinin əldən çıxmış faydanın əvəzi olaraq 6480 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsinə dair bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İşin müəyyən edilmiş hallarından aşkar olur ki, 2011-ci ildən 2023-cü ilə qədər mübahisəli torpaq sahəsi Cavabdeh istifadəsində olmuşdur. Onun pul tələbinə dair iddia tələbi rədd edilməsinə baxmayaraq o, torpağın öz mülkiyyətində olduğunu zənn etmiş, etirazsız şəkildə və fasiləsiz olaraq ondan istifadə etmişdir. O da nəzərə alınmalıdır ki, torpaq sahəsi tərəflərin yaşadığı yerdə yerləşmiş və özləri də həmin ünvanda yaşamışlar. Habelə onlar arasında qohumluq münasibəti mövcuddur. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdi0r. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Beləcə, Cavabdeh mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bilməmiş və buna dair mübahisə olduqdan sonra həmin sahəni qaytararaq oradan istifadəni dayandırmışdır. Bu baxımdan, hazırkı tələb üzrə Cavabdeh hər hansı zərərin əvəzinin ödənilməsinin hüquqi əsası mövcud deyildir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə, qeyd edilməlidir ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsində sübut qismində istinad edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X27 Mərkəzinin 13 mart 2024-cü il tarixli rəyi iş materiallarından göründüyü kimi məhkəməyə hazırlıq iclasında deyil, məhkəmə baxışında təqdim edilmişdir (səh. 65). Halbuki, iş üzrə 12 fevral 2024-cü il tarixli qərardadla işin məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır (səh. 47). Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan digər dəllilərini əsassız hesab edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsi Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 6480 manat pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(073)-268/2024 saylı qətnaməsi Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 6480 (altı min dörd yüz səksən) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar