Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1400/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)- 1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş ümumi paylı mülkiyyət hüququnda iddiaçının və uşaqlarının payının ayrılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1974-cü ildən rəsmi nikahdadır. 1980-ci ilə kimi Astara rayonunun Maşxan kəndində yaşamış və 1980-ci ildə Astara rayonunun Sığaloni kəndində torpaq sahəsi alaraq orada ev tikmişlər. Birgə nikah dövründə 5 övladları dünyaya gəlmişdir:1975-ci il təvəllüdlü X8, 1976-cı il təvəllüdlü X9 (1998-ci ildə Qarabağda şəhid olmuşdur), 1981-ci il təvəllüdlü X5, 1983-cü il təvəllüdlü X10 və 1985-ci il təvəllüdlü Nümayəndə1. Nikah dövründə torpaq və ev sahəsi əldə etmişlər. Buna baxmayaraq, Cavabdeh ev və torpaq sahəsini saxta yolla özəlləşdirmiş, iddiaçını və uşaqlarını qeydiyyata salmamışdır. Cavabdeh rəsmi sənədlə verilmiş 0,10 hektar torpaq sahəsinə əlavə olaraq 1,0 hektar torpaq sahəsini də zəbt etmişdir. Ötən müddət ərzində cavabdehlə birlikdə ailə üzvlərinin köməyi ilə sözügedən torpaq sahəsində 100-ə yaxın feyxoa, 350-yə qədər narıngi və onlarla limon, portağal və kinkan ağacları əkmişlər. Bununla belə, cavabdeh ailə zəminində iddiaçı ilə və uşaqları ilə həmişə mübahisə etmiş, kobud davranmış, döyüb təhqir etmiş və hətta bıçaq, balta və tüfənglə hədələmişdir. Bütün bunlarla bağlı Astara Rayon Polis Şöbəsinə müraciətlər olunmuş, araşdırmalar aparılmışdır. Cavabdeh ailə münasibətlərindən irəli gələn iddiaçının bütün hüquqlarını, o cümlədən mülkiyyət hüququnu da pozmuşdur. İş o yerə çatmışdır ki, cavabdeh iddiaçını döyüb evə buraxmamışdır. İddiaçı da çarəsizlikdən başqa yerlərdə yaşamışdır. O, birgə nikah dövründə malik olduqları əmlakdan məhrum edilmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi mülkiyyətdə olan daşınmaz əmlaklarda onun və uşaqlarının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X1, X2 və X3 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altıda bir) hissədə olmasının müəyyən edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən, Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində Cavabdeh və İddiaçı hər birinin paylarının ayrı-ayrılıqda ½ (ikidə bir) hissədə olmasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 2(018)-1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə nikahlarını 22 aprel 1974-cü il tarixdə qeyd etdirməklə ailə həyatı qurmuşdur. Həmin tarixdən bir evdə ər-arvad olaraq yaşayırlar. Birgə nikahdan 5 nəfər uşaqları, yəni 1975-ci il təvəllüdlü X8, 1976-cı il təvəllüdlü X9, 1981-ci il təvəllüdlü X5, 1983-cü il təvəllüdlü X10 və 1985-ci il təvəllüdlü Nümayəndə1 adlı uşaqları anadan olmuşdur. Uşaqlar yetkinlik yaşına çatmış və ayrı təsərrüfatda yaşayırlar. Uşaqlarından 1976-cı il təvəllüdlü X9 1998-ci ildə həqiqi hərbi xidmət zamanı xəstələnmiş və hərbi hissədə ölmüşdür. İddiaçı ilə ər-arvad münasibətləri normal olmuş, boşanmaq üçün heç bir əsaslı səbəb olmamışdır. Buna baxmayaraq, İddiaçı paylı mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Məhkəmə tərəfindən hüquq normasının bu tələblərinə əməl edilməmişdir. Əksinə, ailənin saxlanılmasına deyil, dağılmasına səbəb olan qərar qəbul etmişdir. İddiaçı ilə ər-arvad kimi yaşadıqları 49 il müddətində aralarında narazılıq olmamışdır. Yalnız son vaxtlar oğlu Nümayəndə1 cavabdehə qarşı nankorluq etməsini, nalayiq sözlərlə təhqir etməsini nəzərə almamış, onun təsiri ilə hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə1 dəfələrlə cavabdehi döymüş və xəsarət yetirmişdir. O, inzibati qaydada məhkəmə tərəfindən həbs edilmişdir. Nümayəndə1 onu öldürmək və olan-qalan əmlakını ələ keçirmək istəyir, tüfeyli həyat tərzi keçirir. Cavabdeh onun üçün Bakı şəhərində torpaq ev almışdır. Ailəsi ilə Bakıda yaşayırdı, lakin ailədə özünü yaxşı aparmadığına görə ayrılmışdır. İndi də atası ilə dava-dalaş edir. Yağışlı havalarda cavabdehin paltarlarını, yorğan-döşəyini çölə atır. Belə bir övladın təsiri ilə arvadı ümumi əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məqsədi də o olmuşdur ki, ona düşən payı həmin oğluna versin. Bütün bunlar onlar tərəfindən düzübquraşdırılmışdır. Nümayəndə1 cavabdehlə düşmənçilik edir, onunla bir evdə yaşamaq mümkün deyil. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qətnamənin qanuni və əsaslı olması dedikdə, onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi başa düşülür. Məhkəmənin qeyd edilən qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hansı əsaslara görə qeyd etdiyi sübutlara qiymət verilməsi qətnamədən aydın deyildir. Məhkəmə yalnız əsası olmayan izahata əsaslanaraq qətnamə qəbul etmişdir. İddia əsassız təmin edilmişdir. İddiaçı iddianı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci və 22.2.3-cü maddələrinə əsasən, nikah məhkəmə qaydasında pozularkən ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparılmalıdır. Məhkəmə qanunun bu tələblərinə əməl etməmişdir. Məhkəmə tərəfindən birtərəfli mövqe tutulmuş, iddianın təmin edilməməsi üçün kifayət qədər əsaslar olmasına əhəmiyyət verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(102)-1897/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 saylı qətnaməsi qismən – Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh, Nümayəndə1 Əli oğlu, İddiaçı, X5, X9 və X3 hər birinin payının 1/6 hissədə müəyyən edilməsi hissəsində ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 02 iyul 2024-cü il tarixli, 2(102)-1897/2024 saylı qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Astara rayonu, Sığaloni kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində tərəflərin hər birinin payını ½ hissədə müəyyən etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini mübahisəli hüquq münasibətinə düzgün tətbiq etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və cavabdehin kassasiya şikayəti üzrə əlavə araşdırma aparmağa lüzum görmür. Lakin kassasiya instansiyası məhkəməsi Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tərəflərin və onların övladlarının paylarının 1/6 hissədə müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır. Belə ki, əvvəla, iddia ərizəsindən və iddiaçının sonradan verdiyi ərizədən görünür ki, onun cavabdehə qarşı tələbi cavabdehlə ümumi mülkiyyətində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasından ibarətdir. İddia ərizəsinin məzmunundan və tərəflərin məhkəmə iclas protokolundakı izahatlarından isə görünür ki, onlar arasındakı hazırkı mübahisə cavabdehin adına qeyd alınmış 0,10 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi və əlavə olaraq 1,0 ha zəbt edilmiş torpaq sahəsi ilə bağlı yaranmışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehlə ümumi mülkiyyətlərində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasını iddia etsə də, konkret olaraq Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 149.2, 149.2.3-cü maddələrinin mənasına görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının verdiyi tələbləri dəqiqləşdirmədən, hazırkı mübahisə predmeti ilə bağlı həqiqətə nail olmaq üçün işin hərtəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmədən, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları qabaqcadan xəbərdar etmədən, başqa sözlə onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmədən, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə də dəyişdirilmədən saxlamışdır. Digər tərəfdən işdən görünür ki, tərəflərin övladları yetkinlik yaşına çatmışlar və onlar məhkəmədə onları təmsil etmək və onların adından da iddia qaldırmaq üçün iddiaçıya hər hansı səlahiyyət verməmişlər. Göründüyü kimi, tərəflərin övladları birgə mülkiyyətlərində olan 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən olunmasını iddia etmədikləri halda, işə baxan məhkəmələr hər hansı qanuna və orada göstərilən müstəsna hala istinad etmədən, onların da həmin torpaq sahəsindən paylarını müəyyən etmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinin mənasına görə, məhkəmə iddiadan kənara çıxa bilməz və işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə, o halda iddiadan kənara çıxa bilər ki, qanunda göstərilən hər hansı müstəsna hala istinad etmiş olsun. Daha sonra, işə əlavə edilmiş JN-0480 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Astara rayon AİK-nın 24 may 2003-cü il tarixli, 1 saylı qərarı ilə Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İddiaçı, X11, X9, X5, X10 və Nümayəndə1 birgə mülkiyyətlərinə verilmişdir. Eyni zamanda ölüm haqqında şəhadətnamədən görünür ki, qeyd olunan şəxslərdən X9 19 yanvar 1998-ci il tarixdə ölmüşdür. İşə baxan məhkəmələr qeyd olunan hallara diqqət yetirmədən, 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6 nəfər şəxsin deyil, 7 nəfər şəxsin birgə mülkiyyətlərinə verilməsini, onlardan X2 19 yanvar 1998-ci il tarixdən ölməsini və belə olan halda onun payının yalnız vərəsəlik qaydasında vərəsələrinə keçməsini, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinin tələblərinə görə bacı və qardaşlarının onun birinci növbəli vərəsəsi sayılmamalarını, ondan miras qalmış payın vərəsəlik qaydasında yalnız valideynlərinə keçməsini nəzərə almadan, 0,65 ha torpaq sahəsinin birgə mülkiyyətçi X6 paydan məhrum etməklə, eyni zamanda 19 yanvar 1998-ci il tarixdə ölmüş X7 torpaq sahəsindən 1/6 hissədə pay verməklə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 2(102)-1897/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2024-cü il tarixli, 2(106)-344/2024 saylı qətnaməsinin qismən – Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh, Nümayəndə1 Əli oğlu, İddiaçı, X5, X9 və X3 hər birinin payının 1/6 hissədə müəyyən edilməsi hissəsində ləğv edilərək, mülki işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh, Nümayəndə1 Əli oğlu, İddiaçı, X5, X9 və X3 hər birinin payının 1/6 hissədə müəyyən edilməsi hissəsində yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, onunla iddiaçı arasında hər hansı əmlak mübahisəsi olmasa da, iddiaçı oğlu Nümayəndə1 təkidi ilə ona qarşı hazırkı iddianı qaldıraraq əmlaklarda payların müəyyən edilməsini tələb edir. Nümayəndə1 ona qarşı düşmənçilik münasibəti bəsləyir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilən qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi “Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X1, X2 və X3 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altıda bir) hissədə olmasının müəyyən edilməsi” hissəsində ləğv edilməlidir. İşdəki Astara rayon Qeydiyyat şöbəsi tərəfindən 26 sentyabr 2023-cü ildə verilmiş 2249-05/70 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahı haqqında 22 aprel 1974-cü il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdəki Torpağa mülkiyyət hüququna dair JN:0480 (KOD********) nömrəli Dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonunun Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri İddiaçı, X4, X2, X1, X3 və Nümayəndə1 ümumi mülkiyyətinə verilmişdir. İşdəki AZ-İ 931343 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 19 yanvar 1998-ci ildə ölmüşdür. Məhkəmə kollegiyası bildirir ki, iddia ərizəsindən və iddiaçının sonradan verdiyi ərizədən görünür ki, onun cavabdehə qarşı tələbi cavabdehlə ümumi mülkiyyətində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasından ibarətdir. İddia ərizəsinin məzmunundan və tərəflərin məhkəmə iclas protokolundakı izahatlarından isə görünür ki, onlar arasındakı hazırkı mübahisə cavabdehin adına qeyd alınmış 0,10 ha həyətyanı torpaq sahəsi, onun üzərində olan fərdi yaşayış evi və əlavə olaraq 1,0 ha zəbt edilmiş torpaq sahəsi ilə bağlı yaranmışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehlə ümumi mülkiyyətlərində olan daşınmaz əmlaklarda onun və övladlarının paylarının müəyyən olunmasını iddia etsə də, konkret olaraq Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Halbuki, MPM-in 149.2, 149.2.3-cü maddələrinin mənasına görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı tərəf Astara rayonu, Siyəkü kəndində yerləşən 0,65 ha torpaq sahəsi ilə bağlı nəinki hər hansı tələb, hətta hər hansı dəlil belə irəli sürməmiş, həmin torpaq sahəsinə dair hər hansı sənədi iddia ərizəsinə əlavə etməmiş, sözügedən torpaq sahəsinə dair sənəd məhkəmə sorğusu nəticəsində əldə olunmuşdur. Birinci instansiya məhkəməsi həmin torpaq sahəsinə dair Dövlət aktını əldə etdikdən sonra da iddiaçının həmin əmlakla bağlı tələbinin olub-olmamasını dəqiqləşdirməmiş, iddiaçı tərəf isə həmin torpaq sahəsinə dair hər hansı tələb irəli sürməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin 13 noyabr 2023-cü il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, qeyd edilən sənəd məhkəmə iclasında elan edilmiş, həmin iclasda hər iki tərəf iştirak etmişdir. Bununla yanaşı, 06 noyabr 2023cü il tarixli məhkəmə baxış iclasında yalnız cavabdeh sözügedən torpaq sahəsində payın müəyyən edilməsini tələb etmədiyini qeyd etmiş, iddiaçı tərəf isə yenə də həmin torpaqla bağlı hər hansı tələb irəli sürməmişdir. Digər tərəfdən işdən görünür ki, tərəflərin övladları yetkinlik yaşına çatsalar da, məhkəmədə onları təmsil etmək və adlarından iddia qaldırmaq üçün iddiaçıya hər hansı səlahiyyət verməmişlər. Əksinə, iddiaçı özü oğlu Nümayəndə1 onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermişdir. Göründüyü kimi, tərəflərin övladları birgə mülkiyyətlərində olan 0,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən olunmasını iddia etmədikləri halda, işə baxan birinci instansiya məhkəməsi hər hansı qanuna və orada göstərilən müstəsna hala istinad etmədən, onların da həmin torpaq sahəsindən paylarını müəyyən etmişdir. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin maddənin mənasına görə, məhkəmə iddiadan kənara çıxa bilməz və işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə, o halda iddiadan kənara çıxa bilər ki, qanunda göstərilən hər hansı müstəsna hala istinad etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Beləliklə, MPM-in 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq, Astara rayonunun Siyəkü kəndində yerləşən 0,65 hektar torpaq sahəsi ilə bağlı iddiaçı tərəfin hər hansı bir tələbinin olmamasına baxmayaraq, həmin torpaq sahəsinə dair də payların müəyyən edilməsi ilə bağlı nəticəyə gəlmiş, həmin məsələyə də hüquqi qiymət vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Astara rayonunun Siyəkü kəndində yerləşən 0,65 hektar torpaq sahəsinə dair payları müəyyənləşdirərkən həmin torpaq sahəsi üzərində Babayev Şahan (Şahin) Əlif oğlunun da mülkiyyət hüququnun olmasını, eləcə də, digər mülkiyyətçi X2 19 yanvar 1998-ci ildə ölməsini nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 14 noyabr 2023cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi “Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X1, X2 və X3 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altıda bir) hissədə olmasının müəyyən edilməsi” hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, həmin torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürülmədiyindən, ləğv olunmuş həmin hissədə yeni qətnamənin qəbul edilməsinə zərurət yoxdur. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(018)-1405/2023 saylı qətnaməsi “Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə1, İddiaçı, X1, X2 və X3 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altıda bir) hissədə olmasının müəyyən edilməsi” hissəsində ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1400/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1400/2024
11.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver