Məhkəmə qərarları › İş №2(106)-1414/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1414/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1414/2025 10.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X3 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi xx.xx.1976-cı il təvəllüdlü əri Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü əri Tağıyev Rafiq Ramiz oğlu xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanda ölmüş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrinin idarəetmə birliyi Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur: "Sizin ərizənizə cavab olaraq, Sumqayıt şəhər Təcili və X2 Stansiyasının müdiriyyəti bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 08:48-də ünvan 3 ünvanına 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlu adına 1 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlunun meyitini aşkar etmişdir. Anasının deməsinə görə mərhum "Mədə xorası"dan illər öncə əməliyyat olunmuşdur, 12 b.b. xorasından müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir". Həmçinin ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X5 şəxsi Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 206 №-li arayışında qeyd olunmuşdur ki, xx.xx.1976-cı ildə doğulan və xx.xx.2024 cü il tarixində vəfat edən Tağıyev Rafiq Ramiz oğlu Sumqayıt şəhər 5 №-li Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmayıb. Ona görə də Maraqlı şəxs keçmiş mərhum əri Tağıyev Rafiq Ramiz oğluna ölüm haqqında şəhadətnamənin verilməsindən imtian etmiş və ona ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Eyni zamanda, Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cıı il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəzıyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda siz məhkəməyə müraciət edə bilərsiniz. Ərizəçi göstərmişdir ki, mərhum əri Tağıyev Rafiq Ramiz oğlunun ölüm haqqında şəhadətnaməsi mövcud olmadığına görə övladlarına ailə başçısını itirdiyinə görə müavinət ala bilmir. Odur ki, xx.xx.1976-cı il təvəllüdlü əri Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lənkəran Rayon Məhkəməsinin (hakim E.Ələsgərov) 03 iyul 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi geri qaytarılması, Ərizəçi inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Qərardaddan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim E.Ələsgərov) 16 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Ərizəçi MPM-in 307.2.8-ci maddəsinə əsasən (müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermiş, bu zaman hesab etmişdir ki, tələb mülki deyil, inzibati xarakterlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən mahiyyətcə doğru qənaətə gəlmişdir. Ərizəçi xx.xx.1976-cı il təvəllüdlü keçmiş mərhum əri Tağıyev Rafiq Ramiz oğlu xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanda ölmüş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuş ərinin ölməsi faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Qanunun tələbinə görə, ərizəçi xüsusi icraat qaydasında şəxsin ölməsi faktının müəyyən edilməsi barədə mülki mühakimə icraatı qaydasında o vaxt müraciət edə bilər ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müvafiq sənədlərlə, həkim arayışı və s. ilə müəyyən etmək mümkün olmasın. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin hallarından müəyyən edilir ki, ərizəçinin ərinin ölməsi ilə bağlı Sumqayıt şəhər Təcili və X2 Stansiyasının müvafiq arayışı vardır. Həmin arayışa görə, xx.xx.2024-cü il tarixdə saat 08:48-də ünvan 3 ünvanına 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlu adına 1 saylı çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlunun meyitini aşkar etmişdir. Sumqayıt tibbi müəssisədən verilən imtinanın əsas səbəbi ondan ibarət olmuşdur ki, ölən şəxs orada qeydiyyatda olmamışdır. Belə ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X5 şəxsi Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 206 №-li arayışında qeyd olunmuşdur ki, xx.xx.1976-cı ildə doğulan və xx.xx.2024 cü il tarixində vəfat edən Tağıyev Rafiq Ramiz oğlu Sumqayıt şəhər 5 №-li Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmayıb. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Göründüyü kimi ölüm faktı ilk növbədə tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydasının 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Qayda”nın 4.1-ci bəndinə əsasən, “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. “Qayda”nın 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Plenumun Qərarında da qeyd edildiyi kimi, nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlər onu deməyə əsas verir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Ərizənin məzmunundan və təqdim edilmiş sənədlərdən aydın olur ki, ərizəçinin tələbi inzibati xarakterlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən doğru qənaətə gəlmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qəraraaldı:

Ərizəçi şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(049)-1298/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar