Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1476/2023 25.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsindən (hakim E.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0.1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142.80 kv.metr fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (İddiaçı1 Sarxan qızına 10/35 pay, İddiaçı2 2/35 pay, X2 2/35 pay; X4 2/35 pay; İddiaçı3 1/35 pay; İddiaçı4 1/35 pay; Cavabdeh 1/35 pay; İddiaçı5 8/35 pay və X3 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(106)-1222/2023 saylı qərardadındakı göstəriş də icra edilməmişdir. Belə ki, qeyd olunan qarardada əsasən Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qeyri-mümkün hesab edilərək, iş materialları apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin göstəriş yerinə yetirilməmiş, apellyasiya şikayətinin qaytarılmasına dair qərardad qəbul edilməmişdir. İş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra cavabdeh müvafiq qaydada və məbləğdə ödənilmiş dövlət rüsumunu apellyasiya şikayəti ilə birlikdə birinci instansiya məhkəməsinə təqdim edərək mülki işin apellyasiya şikayətinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə öz növbəsində şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxladıqdan sonra apellyasiya instansiyasına göndərməli olduğu halda, bunu etmədən şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarına tikərək baxılmasından ötrü birbaşa apellyasiya instansiyasına göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Cavabdeh qətnaməndən yenidən verdiyi apellyasiya 4 avqust 2023-cü ildə Ağcabədi Rayon Məhkəməsində qeydiyyatdan keçmişdir. Qətnamənin 12 iyun 2023-cü il tarixində cavabdehə təqdim olunması (əvvəl verilən apellyasiya şikayətindəki qeydə əsasən), apellyasiya şikayəti verilməsinin son müddətinin 12 iyul 2023 tarixinin olması nəzərə alınaraq, 4 avqust 2023-cü il tarixində verilən apellyasiya şikayətinin 23 gün müddət pozuntusu ilə verildiyi müəyyən olunur. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayətini 23 gün müddət ötürülməklə vermiş, lakin buraxılmış prosessual müddəyin bərpa edilməsinə dair ərizə verməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 363.1.3-ü maddəsinə əsasən geri qaytarmalı olduğu, buraxılmış prosessual müddətin barpasına dair ərizə verilmədiyi halda, iş materiallarını 8 avqust 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, bunu etməmiş və apellyasiya şikayətini iş materiallarına tikərək göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən 4 avqust 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 363.1.3, 363.1.5, 366, 402.2.1-ci və 403-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ağcabədi Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən 4 avqust 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh verdiyi apellyasiya şikayəti MPM-in 363.1, 363.1.3, 363.1.5-ci maddələrinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Cahid İmanov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-1476/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1476/2023
25.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver