Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1559/2023 09.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, cavabdeh "OBA RETAİL CHAİN” MMC -in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "OBA RETAİL CHAİN” MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki işi üzrə; Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh "OBA RETAİL CHAİN” MMC -in nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi (Hakim: M.Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh "ObA REtAİL CHAİN” MMC icarəyə götürdüyü iddiaçı X2 mülkiyyətində olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli, qeydiyyat tarixi 15 dekabr 2009-cu il tarixli çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, 180 kvadrat metr hissəsindən bütün əşyaları ilə birlikdə çıxarılsın, həmin 180 kvadrat metr qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı X4 təhvil verilməsi, məhkəməyə müraciət olunduğu 19 avqust 2022-ci il tarixdən hər ay üzrə hesablanmaqla cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 70 (yetmiş) manat məbləğində pul cavabdeh "OBA RETAİL CHAİN” MMCdən alınıb, iddiaçı X4 verilməsi, iddia tələbi məhkəməyə müraciət olunduğu 19 avqust 2022-ci il tarixdən hər ay üzrə hesablanmaqla cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 230 (iki yüz otuz) manat məbləğində pul cavabdeh "OBA RETAİL CHAİN” MMC-dən alınıb, iddiaçı X4 verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Cavabdeh "OBA RETAİL CHAİN” MMC -nin nümayəndəsi X3 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "OBA RETAİL CHAİN” MMC-yə qarşı "Əmlakın boşaldılaraq təhvil verilməsi boşaltmağı tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə ilə müraciət edərək, onunla cavabdeh "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından bütün əşyaları ilə birlikdə çıxarılması, boşaldılaraq ona təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "OBA RETAİL CHAİN” MMC-dən alınmasına dair iddiası üzrə izahat verərək göstərmişdir ki, onun mülkiyyətində ünvan 1 ünvanında 373,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Bu barədə onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli çıxarışda tərtib edilmişdir. Həmin 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, 180 kvadrat metr hissəsini onunla "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən "OBA RETAİL CHAİN” MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə edilmiş 11 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən Azərbyacan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər. Azərbyacan Respublikasında 11 dekabr 2018-ci il tarixdən hal-hazıra kimi müəyyən miqdarda rəsmi infilyasiya dərəcəsi müəyyən edilmişdir. O, 16 may 2022-ci il tarixdə cavabdeh "OBA RETAİL ChAİN” MMC-ə rəsmi təklif göndərərək icarə haqqının artırılması məsələsinə baxmağı təklif etsə də cavabdeh "OBA RETAİL CHAİN” MMC-ə onun təklifinə cavab verməmişdir. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədənm xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və verdiyi izahatında göstərdi ki, izahat verərək bildirdi ki, iddiaçı X5 "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 180 kvadrat metr qeyri-yaşayış sahəsi "OBA RETAİL CHAİN” MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə edilmiş 11 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. Cavabdeh "OBA RETAİL CHAİN” MMC həmişə icarə müqaviləsinə əməl etmiş, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədənm xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Qətnamədən cavabdeh "OBA RETAİL CHAİN” MMC -in nümayəndəsi X3 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmişdir. Belə ki, həmin maddədə qeyd olunur ki, müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilədə nəzərdə tutulan icarə haqqının yenidən baxılmasını yəni icarə müqaviləsi üzrə icarə haqqı artımı məsələsi hal-hazırda şirkət tərəfindən uyğun görülmür. Müqavilənin 5-ci bəndində göstərilən “tərəflərin razılığına əsasən” ifadəsində şirkətin buna razı olmasına dair iradə ifadəsi əks olunmur. Bununla bağlı müqavilədə buna dair icarəyə verən qarşısında hər hansı bir öhdəlik götürülməmişdir. Cavabdeh tərəf olaraq icarə müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmiş, hər ay icarə haqqını ödəmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh "OBA RETAİL CHAİN” MMC -in nümayəndəsi X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə kollegiyası apelyasiya icraatı zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutların verilmiş iddianın qismən təmin olunmasına kifayət etməsi və təsdiq olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq normalarına əməl olunmamışdır. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. İddiaçı X2 cavabdeh "OBA RETAİL CHAİN” MMC-yə qarşı "Əmlakın boşaldılaraq təhvil verilməsi boşaltmağı tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə ilə müraciət edərək, onunla cavabdeh "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından bütün əşyaları ilə birlikdə çıxarılması, boşaldılaraq ona təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "OBA RETAİL CHAİN” MMC-dən alınmasına dair iddiası üzrə izahat verərək göstərmişdir ki, onun mülkiyyətində ünvan 1 ünvanında 373,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Bu barədə onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli çıxarışda tərtib edilmişdir. Həmin 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, 180 kvadrat metr hissəsini onunla "OBA RETAİL CHAİN” MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən "OBA RETAİL CHAİN” MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə edilmiş 11 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən Azərbyacan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər. Azərbyacan Respublikasında 11 dekabr 2018-ci il tarixdən hal-hazıra kimi müəyyən miqdarda rəsmi infilyasiya dərəcəsi müəyyən edilmişdir. O, 16 may 2022-ci il tarixdə cavabdeh "OBA RETAİL ChAİN” MMC-ə rəsmi təklif göndərərək icarə haqqının artırılması məsələsinə baxmağı təklif etsə də cavabdeh "OBA RETAİL CHAİN” MMC-ə onun təklifinə cavab verməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı həmçinin mübahisənin məhkəmədən qabaq həll edilməsi qaydalarına riayət edilməsi) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında icarə (qeyri yaşayış binasının) hüquq münasibətləri olduğundan apelyasiya baxışının predmeti olan icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi (müqavilənin 5-ci bəndində öhdəlik götürdükləri Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya (faiz)dərəcəsi nəzərə alınmaqla icarə haqqı müqaviləsinə yenidən baxıla bilməsi təklifindən imtina olunması ilə bağlı olmuşdur) səbəbindən icarə müqaviləsinin ləğvi və qeyri yaşayış binasının boşaldılaraq təhvil verilməsi olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 421.1, 423.2, 442, 443-cü maddələri təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə araşdırma aparmış, sübutlar əldə etmiş və hesab etmişdir ki, iddia qismən təmin edilməsi, cavabdeh qeyri-yaşayış binasından bütün əşyaları ilə birlikdə çıxarılmalı, boşaldılaraq ona təhvil verilməli, iddianın məhkəməyə müraciət olunduğu vaxtdan cavabdeh "OBA RETAİL CHAİN” MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 300 manat məbləğində pulun ödənilməsi hissəsində isə məhkəmə hesab etmişdir ki, müqavilə bağlandığı 11 dekabr 2018-ci il tarixdən keçən 4 il müddətində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin istehlak mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indekslərindən (əvvəlki ilə nisbətən, faizlə) cəmi məhsul və xidmətlər 2019-cu il üzrə 102,6 faiz, 2020-ci il üzrə 102,8 faiz, 2021-ci il üzrə 106,7 faiz və 2022-ci il üzrə 113,9 faiz dərəcəsi üzrə infilyasianı nəzərə alaraq iddia qismən təmin edilməli və həmin məbləğin 70 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin 180 kvadrat metr hissəsini 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsi əsasında "OBA RETAİL CHAİN” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti 24 noyabr 2024-cü il tarixə kimi müəyyən edilmişdir. İcarə müqaviləsinin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi icarəyə verənə aylıq icarə haqqı kimi 200 manat ödəmək şərti ilə icarəyə verir. Daha sonra tərəflər 11 dekabr 2018-ci il tarixdə icarə müqaviləsinə dəyişiklik etmişdir. Həmin müqavilənin 1.1-ci bəndində 24 noyabr 2016-cı il tarixli müqaviləsində tərəflər razılığa gəlirlər ki, 5-ci bənd aşağıdakı redaksiyada verilir. - İcarəyə götürən sahənin istifadəsinə görə: - İcarəyə götürən "xxxx" MMC icarəyə verən İddiaçı aylıq 350 manat icarə haqqı ödəyir. - xx.xx.2019-cu il tarixdən icarə haqqı ödənilir. İddiaçı qeyd olunan yeni redaksiyada verilən 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci bəndinə “ Tərəflər razılığa gəlirlər ki, müqavilə bağlandığı tarixdən iki il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər.” istinad edərək cavabdehə təklif göndərmişdir. Təklifdə qeyd olunur ki, xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən infilyasiya nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. Müqavilənin qeyd olunan bu şərtin yerinə yetirilməsi ilə bağlı icarə haqqının məbləğinin artırılması məsələsi barədə dəfələrlə OBA marketlər şəbəkəsinin baş ofisində müzakirələr aparılsada müqavilənin şərtlərinə əməl edilməmişdir. Bu səbəbdən də hesab edir ki, OBA marketlər şəbəkəsi tərəfindən müqavilənin standart şərtləri pozulmuş hesab olunur. Təklifdə daha sonra qeyd olunur ki, “Əgər aramızda icarə haqqının artırılması barədə razılaşma əldə edilmədikdə xx.xx.2022-ci il tarixədək qabaqcadan müvafiq gün təyin etməklə müqavilənin notarial qaydada ləğv edilməsi sizə təklif olunur. Qeyd olunan tarixədək icarəçi tərəfindən icarə haqqı barədə razılaşma əldə olunmazsa və ya icarə müqaviləsi notarial qaydada ləğv edilməzsə, yuxarıda qeyd olunan xx.xx.2016 və xx.xx.2018-ci il tarixli müqavilənin ləğvi barədə müraciət ediləcəkdir. İddiaçı tələbinin əsası kimi MM-in 423.2-ci maddəsini əsas göstərir. Məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı iddia irəli sürməzdən öncə aralarında olan icarə müqaviləsinin şərtlərini, icarə haqqının artırılması ilə bağlı cavabdehə ünvanlanmış təklifi Mülki Məcəllənin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsini tənzimləyən normaları ilə əlaqəli şəkildə tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirmə aparılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, tərəflər “xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış icarə müqaviləsinin 5-ci bəndində nəzərdə tutmuşlar ki, müqavilə bağlandığı vaxtdan iki il sonra infilyasiya baş verərsə, onlar qarşılıqlı razılaşdıqları icarə haqqının məbləğinə baxıla bilər” müddəası xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin 5-ci bəndi yeni redaksiyada verilmiş, həmin bənddə qeyd olunmuşdur ki, icarəyə götürən sahənin istifadəsinə görə, İcarəyə götürən "xxxx" MMC icarəyə verən İddiaçı aylıq 350 manat icarə haqqı ödəyir və ödəniş tarixinin başlanğıcı xx.xx.2019-cu il müəyyən olunur. İkincisi Mülki Məcəllənin 323.2-ci maddəsinin dispozitiv şərti kimi nəzərdə tutulan müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi iki halı yəni müqavilənin ləğv edilməsini və dəyişdirilməsini özündə ehtiva edir. Birinci halda müqavilənin ləğv olunması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitam olunmasını, ikinci halda isə müqavilənin dəyişdirməsi tərəflərin öhdəliklərinin dəyişdirilmiş şəkildə davam etməsini təmin edir. Göründüyü kimi müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin həm hüquqi əsaslar və həm də doğuracağı hüquqi nəticələr baxımından müxtəlifdir. İddiaçı cavabdehlə aralarında olan icarə müqaviləsinə xitam verilməsi barədə iddia qaldırmış, əsas kimi isə müqavilədə müqavilə bağlandığı vaxtdan iki il sonra infilyasiya baş verərsə, onlar qarşılıqlı razılaşdıqları icarə haqqının yenidən məbləğinə baxıla bilməsini şərt kimi şərtinə əməl etməməsini onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsindən yayınma kimi qiymətləndirir. Üçüncüsü iddiaçının iddia tələbinin mahiyyətindən aydın olmur ki, o, cavabdehlə aralarında olan icarə müqaviləsinin ləğvini yaxud dəyişdirilməsini arzulayır. İddiaçının cavabdehə ünvanladığı təklifdən müəyyən olunur ki, o, cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi ilə müəyyən edilən icarə haqqının artırılmasını istəyir və bunun əsası kimi isə aralarında olan xx.xx.2016-ci il tarixli müqavilənin 5-ci bəndini göstərir. Lakin iddiaçı nəzərə almır ki, istinad olunan müqavilənin 5-ci bəndi xx.xx.2018-ci il tarixli müqavilə yeni redaksiyada verilmiş və həmin bəndə bu şərt nəzərdə tutulmamışdır. Dördüncüsü o, da nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Beşincisi düzdür müqavilədə qeyd olunan bəndin nəzərdə tutulmaması tərəflərin müqavilə ilə müəyyənləşdidyi icarə haqqının sonradan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbilə icarə haqqının artırılması ilə bağlı təklif verilməsini istisna etmir. Həmçinin qeyd olunmalıdır ki, MM-nin 421-ci maddəsinin dispozitiv şərtləri təkcə tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozulması halı ilə deyil, həmdə bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilməsi halı ilə də, şərtləndirilmişdir. Bundan başqa iddiaçının cavabdehə ünvanladığı təklifdə icarə haqqının artırılmasını istənilsə də, artırmaq istədiyi icarə haqqının məbləğini konkret hansı məbləğdə olmasını göstərməmişdir. Göründüyü kimi iddiaçının cavabdehə göndərdiyi təklif qeyri müəyyəndir və kollegiya ayırd edə bilmir ki, iddiaçının tələb etdiyi müqavilənin ləğv edilməsi yaxud dəyişdirilməsi üçün əsaslar nədən ibarətdir. MM-nin 421-ci maddəsinə əsasən əgər iddiaçı icarə müqaviləsinin icarə haqqının artırılması (bu müqavilənin dəyişdirilməsi anlamına gəlir) halında icarə münasibətlərini davam etdirmək istəyirsə onda o, mütləq şəkildə artımaq istədiyi icarə haqqının məbləğini təklif olaraq müqavilənin digər tərəfi olan (o, da nəzərə alınmalıdır ki, qeyd olunan maddədə müqavilə tərəflərinə həmin maddənin dispozisiyasından istifadə etmək vəzifə kimi deyil, hüquq kimi verilmişdir) cavabdehə göndərməlidir. Çünki tərəflər razılaşdırılmış olduqları müqavilə şərtləri ilə bağlıdırlar yəni tərəflər müqavilə yolu ilə öz münasibətlərini qanuniləşdirir və bunun üçün hüquqi əsas isə heç şübhəsiz iradə sərbəstliyi prinsipidir və bu prinsipələrə əməl etməyə tərəflər məcburdurlar. Müqaviləyə bağlılıq prinsipinin kökündə ədalətə xidmət etmə düşüncəsi, sədaqət, etimad kimi əxlaqi əsaslarla yanaşı həm də iqtisadi və hüquqi müəyyənliklə bağlı əsaslara söykənən ədalətli nəticənin təmin olunması və qorunması məqsədinə nail olmaq durur. Tərəflər qeyd olunan müqaviləni azad surətdə bağlamış, müqavilə üzrə öhdəlikləri müəyyən etmişdir. Belə olan halda isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli, tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Kollegiya onu da nəzərdən qaçırmır ki, müqavilə öhdəliyi olaraq hər ay icarə haqqının ödənilməsi, müqavilə üzrə digər öhdəliyin yerinə yetirilməməsi anlamına gəlmir, həmçinin cavabdehin iddia etdiyi kimi icarə haqqının artırılmasına yenidən baxılması məcburi davranış kimi öhdəliyinin olmamasına dəlalət etmir. Cavabdehin nümayəndəsinin apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, cavabdeh təşkilat olaraq iddiaçı ilə icarə münasibətlərini davam etdirməkdə maraqlıdırlar, iddiaçı icarə haqqının artırılması ilə bağlı konkret məbləğ təklif edərsə, onlar həmin təklifi müsbət qarşılaya və icarə haqqının artırılması ilə bağlı müqaviləni müzakirə edərək dəyişdirə bilərlər, onlara iddiaçı tərəfindən icarə haqqının artırmaq istədiyi təklif konkret olmadığından təklifə cavab verilməmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərmişdir ki, iddiaçının təklifi cavablandırılmasa da, onunla bu barədə danışıqlar aparılmış, lakin icarə haqqının məbləği konkret müəyyən edilmədiyindən yekun qərara gəlinməsi mümkün olmamışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab müqavilə tərəfi olaraq iddiaçının cavabdehə icarə haqqının artırılması bağlı təklifi konkret məbləğ müəyyən edilməklə göndərildikdə və cavabdeh icarə haqqının məbləği ilə razı olmadıqda, yaxud təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bu halda iddiaçının tələbi haqlı hesab olunarsa müqavilə məhkəmə (bu halda dəyişdirilməsi tələb olunan müqavilə şərti konkret müəyyən edilməlidir ki, məhkəmə işin hallarına uyğun olaraq tərəflər üçün hüquq və vəzifə yaradan qətnamə qəbul edə bilsin ) qaydasında dəyişdirilə bilər. Məhz bu səbəbdən də mülki qanunvericilik müqavilə tərəflərinin müqavilənin dəyişdirilməsi barədə razılığa gəlmədiyi təqdirdə məhkəmə qaydasında dəyişdirilməsi üçün qanuni əsas müəyyən etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl edilməməsi əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması əvəzinə iş üzrə yekun qətnamə qəbul etməklə prosessual məcəllənin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh "OBA RETAİL CHAİN” MMC -in nümayəndəsi X3tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh "OBA RETAİL CHAİN” MMC-in nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)450/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "OBA RETAİL CHAİN” MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-1559/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1559/2023
09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver