Məhkəmə qərarları › İş №2(106)-1586/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1586/2025

28.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1586/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpağın qaytarılması və 10000 manat əldən çıxmış fayda tələbinə dair iddiası üzrə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması, torpağın qaytarılması və 10000 manat əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********44-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocağlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0.2313 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış faydanın əvəzi olaraq 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1960-cı il tarixində Cəlilabad rayonu Ocaqlı kəndində doğulmuşdur. Uzun illərdir ki, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocağlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0,2313 ha həyətyanı torpaq sahəsi iddiaçının və ailəüzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və bu barədə onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində yerləşən onlara məxsus fərdi yaşayış evi vardır və yaşayış evi iddiaçının və ailə üzvlərinin mülkiyyətlərindədir. Cavabdeh iddiaçının yaxın qohumu, yəni qardaşıdır. Cavabdeh iddiaçı ilə həmkəndli olmaqla birlikdə qonşuluqda yaşayır. Cavabdeh iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan həmin həyətyanı torpaq sahəsini uzun illərdir zəbt edərək orada əkin işləri aparır. Cavabdeh iddiaçının qardaşı olduğundan bu günə kimi onun qanunsuz əməllərinə dözmüşdür. Hər dəfə ona hörmətlə torpaq sahəsindən çıxmasına dair xəbərdarlıq etmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxması və torpağın ona qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz əməllərinə görə onların mülkiyyət hüquqları pozulmuşdur və iddiaçıya əldən çıxmış fayda şəklində zərər dəymişdir. Belə ki, 25 ildən artıq müddətdir ki, cavabdeh həmin torpaq sahəsindən istifadə etməklə orada buğda məhsulu əkməklə gəlir əldə edir. Bu müddət ərzində torpaq sahəsindən özü istifadə edib torpağı əkib-becərmiş olsaydı ən azı 10000 manat fayda əldə edəcəkdi ki, cavabdehin qanunsuz əməlləri nəticəsində həmin faydadan məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsində heç nə əkməyib. Atasından miras qalmış torpaq sahəsi var, o (cavabdeh) da atasının varisidir. İddiaçının torğağını zəbt etməyib. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə da iddianı etiraf etməmiş, cavabdehin iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etmədiyini bildirmiş, habelə ekspert rəyində “Ceyhun” adlı şəxsin göstərildiyini qeyd edərək təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********44-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Ocaqlı (yeni qaydalarla Ocaqlı kəndi Əliağa Vahid küçəsi, giriş 19) kəndində yerləşən 0,2313 ha torpaq sahəsində yerləşən 117.9 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı, X3, X6, X1, X4 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/853 saylı rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən **********44-10301 reyestr nömrəli çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsindən 1181 kv.metr (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) hissənin Cavabdeh faktiki istifadəsində olduğu, mübahisələndirilən həyətyanı torpaq sahəsi hissəsində hər hansı tikilinin mövcud olmadığı və əkin işlərinin aparılmadığı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsi ilə (Hakim: Osman Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********44-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsinin zəbt etdiyi 0.1181 ha (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) hissəsindən çıxarılması, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçının mülkiyyət hüququnu təstiq edən xx.xx.2024-cü il tarixli çıxarışda onun mülkiyyətində olan torpaq sahəsi 0.2313 ha kimi qeyd edilmiş, amma Cəlilabad rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışda isə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Lakin Cəlilabad Rayon Məhkəməsi iş üçün əhəmiyyətli olan bu faktı araşdırmamışdır. xx.xx.2025-ci il tarixli, 10/853 saylı ekspert rəyinin tədqiqatın məticə hissəsində birinci sual üzrə qeyd edilmişdir ki, çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.2313 ha torpaq sahəsindən 0.1181 ha hissəsinin X10 faktiki istifadəsində olan 0.4460 ha həyətyanı torpaq səhəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Buradan da görünür ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X7 tərəfindən zəbt edilmişdir. Lakin məhkəmə bu əhəmiyyətli olan halı sübut etməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə dair Cavabdeh Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi bildirilsə də, Cəlilabad Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Hansı ki həmin iddia ərizəsi məhkəmənin icraatında olmaqla İddiaçı xx.xx.2025-ci il tarixli, 2-1(120)-4105/2025 saylı qərardadla üçüncü şəxs qismində cəlb edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissəsində Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İşin hallarından görünür ki, **********44-10301 reyestr nömrəli çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsinin 0.1181 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olan 0.4460 ha həyətyanı torpaq sahəsi hüdudları daxilində (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) yerləşdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsini zəbtdən azad etməkdən imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə dair Cavabdeh Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi bildirilsə də, Cəlilabad Rayon Məhkəməsi buna əhəmiyyət verməmişdir. Hansı ki həmin iddia ərizəsi məhkəmənin icraatında olmaqla İddiaçı xx.xx.2025-ci il tarixli, 2-1(120)-4105/2025 saylı qərardadla üçüncü şəxs qismində cəlb edilmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, məhkəmənin icraatında olmuş iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı İddiaçı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair 2025-ci ildə 2-1(120)-4105/2025 nömrə ilə qeydiyyata alınmış inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla iddia mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Odur ki, hazırkı vəziyyətdə kollegiya apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərir ki,xx.xx.2025-ci il tarixli, 10/853 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsində birinci sual üzrə çıxarışla İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.2313 ha torpaq sahəsindən 0.1181 ha hissəsinin X10 faktiki istifadəsində olan 0.4460 ha həyətyanı torpaq səhəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Buradan da görünür ki, həmin torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X7 tərəfindən zəbt edilmişdir. Lakin məhkəmə bu əhəmiyyətli olan halı sübut etməmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, sözgedən ekspert rəyi Azərbaycan Respublikaası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ saylı Cəlilabad ərazi idarəsinin mütəxəssis rəyi əsasında hazırlanmış və həmin mütəxəssis rəyində də **********44-10301 reyestr nömrəli çıxarışla İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan 0,2313 ha torpaq sahəsindən 1181 kv.metr (eni 19.53 m və 18.25 m, uzunu 67.08 m və 59.38 m) hissənin Cavabdeh faktiki istifadəsində olduğu qeyd edilmişdir. Ədliyyə Nazirliyinin eksperti tərəfindən ekspert rəyi verilərkən əlavə tədqiqat aparılmadığı və yalnız mütəxəssis rəyinə istinadən rəy verildiyi nəzərə alındıqda ekspert rəyinin nəticə hissəsində cavabdehin adının “Cəbrayıl” əvəzinə “Ceyhun” kimi qeyd olunmasının texniki yanlışlıq olması açıq-aşkar olmaqla şübhə doğurmur. Bu əsasla yenidən ekspertiza keçirilməsi isə prosessual qənaət prinsipinə zidd olmaqla yolverilməzdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-86/2025 saylı qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar