Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1604/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Ərizəçi Səməndər oğlunun maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(036)-1839/2024 saylı (hakim Orxan Mahmud) qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Ərizəçi Əsədullayev X4 rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Səməndər oğlunun İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olması, atasının X1, anasının X7 olması faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Əvvəllər hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan SSR pasportunu daşımışdır. Azərbaycan Respublikası müstəqil olduqdan sonra Rusiya Federasiyasına gedərək hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Anası mərhum X6 məxsus İmişli rayon Qaragüvəndikli kəndində yerləşən həyətyanı və pay torpaq sahəsinin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün mərhumun oğlu olaraq doğum haqqında şəhadətnaməm tələb olunur. Qeydiyyat şöbəsinə müraciət etdikdə Qeydiyyat şöbəsindən ona bildirdilər ki, doğum haqqında şəhadətnamə verilməsi üçün doğumun qeydə alınmalı və ya doğumun bərpa olunmalıdır. Doğumun qeydə alınması üçün tələb olunan sənədlərdən biri də doğum faktını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi və ya uşaq tibb müəssisəsindən kənarda doğulduğu zaman doğuma kömək göstərmiş və doğuşdan sonra həkimin verdiyi sənəddir. Anası vəfat etmişdir. Ərizəçi Səməndər oğlu hansı formada dünyaya gəldiyini dair hər hansı bir məlumatın olmadığı üçün həmin sənədləri müvafiq orqana təqdim etmə imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2ci və 307.2.3-ci maddələrinə əsasən isə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İmişli Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(036)-1839/2024 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır və buna görə də onun tərəfindən verilmiş iddia ərizələrinə yalnız, Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətli olduqda baxa bilər. Qərardaddan ərizəçi şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Əvvəllər hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan SSR pasportunu daşımışdır. Azərbaycan Respublikası müstəqil olduqdan sonra Rusiya Federasiyasına gedərək hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Ərizəçinin anası mərhum X6 məxsus İmişli rayon Qaragüvəndikli kəndində yerləşən həyətyanı və pay torpaq sahəsinin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün ərizəçidən mərhumun oğlu olaraq doğum haqqında şəhadətnaməsi tələb olunur. Qeydiyyat şöbəsinə müraciət etdikdə Qeydiyyat şöbəsindən ərizəçinin doğum qeydinin bərpa edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli rəy verilmişdir. Doğumun qeydə alınması üçün tələb olunan sənədlərdən biri də doğum faktını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi və ya uşaq tibb müəssisəsindən kənarda doğulduğu zaman doğuma kömək göstərmiş və doğuşdan sonra həkimin verdiy sənəddir. Ərizəçinin anası vəfat edibdir. Onun hansı formada dünyaya gəldiyinə dair hər hansı bir məlumatı olmadığı üçün həmin sənədləri müvafiq orqana təqdim etmə imkanı yoxdur.Ərizəçi hazırda Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq həmin ölkənin vətəndaşlığını sonradan qəbul etsədə, Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1980-ci ildə keçmiş Azərbaycan SSR vətəndaşı kimi pasport əldə etmiş, həmin pasportunda da xx.xx.1962-ci ildə İmişli rayonu Bir May (hazırkı Bəhrəmtəpə) qəsəbəsində anadan olması qeyd olunmuşdur. Bundan başqa ərizəçiyə hər bir Azərbaycan Respublikası vətəndaşı kimi 1996-cı ildə keçirilmiş aqrar islahat zamanı ona və ailə üzvlərinə pay torpağı verilmiş,hazırda Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq Azərbaycan Respublikasında daşınmaz əmlaka malikdir.İmişli rayon Məhkəməsi qərardad qəbul edərkən ərizəçinin yalnız Rusiya Federasiyasının vətəndaşı olmasına əsaslanmış, ərizəçinin Azərbaycan SSR vətəndaşı olmasını, mənşəcə Azərbaycan Respublikasına bağlılığını, xarici şəxs olaraq Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olmasını nəzərə almamış, bununla da mülki iş üzrə əsassız və qanunsuz qərardad qəbul etmişdir. Şikayətə baxılmış, İmişli Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən verilmiş iddia ərizələrinə (ərizələrə) yalnız Azərbaycan Respublikası məhkəmələri beynəlxalq səlahiyyətli olduqda baxa bilər. Ərizəçi Əsədullayev X5 Federasiyası vətəndaşı olduğu üçün, Azərbaycan Respublikasında heç vaxt doğum akt qeydi tərtib edilmədiyi üçün doğum faktının təsdiqi ilə bağlı Rusiya Federasiyası məhkəmələrinə müraciət etməlidir. Hazırda ərizəçi qərardaddan şikayət vermişdir. Şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, ərizəçi xx.xx.1962-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Əvvəllər hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan SSR pasportunu daşımışdır. Azərbaycan Respublikası müstəqil olduqdan sonra Rusiya Federasiyasına gedərək hazırda Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizə, həmçinin şikayət üzrə bəzi məsələləri araşdırmamaışdır. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.3-cü maddəsinə görə məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərdir. MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. MPM-nin 440.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. MPM-nin 445.0.5-ci maddəsində qeyd edilir ki, barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxmaqda səlahiyyətlidirlər. Yuxarıda şərh edilən normaların hüquqi mənasından belə qənaətə gəlmək olur ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İşə əlavə edilmiş AR-İİİ № 419857 saylı Etibarnamədə göstərilmişdir ki, ərizəçinin İmişli rayonu, Qaragüvəndikli Ərazi Dairəsi, Qaragüvəndikli kəndi ünvanında qeydiyyatda olması göstərilmişdir. Məhkəmə ərizəni geri qaytararkən ərizəçinin həqiqətən də qeyd edilən ünvanda hansı əsasla qeydiyyatda olmasına (müvəqqəti və sair) aydınlıq gətirməmişdir. Bundan başqa ərizəçinin qərardaddan vermiş olduğu şikayətdə 1996-ci ildə Azərbaycanda keçirilmiş torpaq islahatı zamanı ona pay torpaq sahəsinin verilməsini qeyd etmişdir. Məhkəmə həqiqətəndə Aqrar İslahat Komissiyasının Qərarı ilə ərizəçiyə pay torpaq sahəsinin verilib-verilməməsi və bununlada ərizəçinin Azərbaycanda əmlakının olması hallarını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda şərh edilən məsələləri araşdırmamış və işə baxaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadda göstərilən hallar araşdırıldıqdan sonra məhkəmə ərizənin icraata götürülüb-götürülməməsi məsələsinə yenidən qiymət verməlidir. Buna görə də ərizəninin icraata götürülüb-götürülməməsi məsələsinə yenidən qiymət verilməsi üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(036)-1839/2024 saylı qərardadı ləğv edilsin və ərizəsi (qərardadın məzmununda göstərilən hallar araşdırılmaqla) icraata götürülüb-götürülməməsi məsələsinə yenidən baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1604/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1604/2024
17.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver