Məhkəmə qərarları › İş №2(106)-1606/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1606/2024

17.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1606/2024 17.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü tarixli, 2(050)-16/2024 saylı qərardadından (hakim Zeynal Zeynalov) iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin kadastr göstəricisində göstərilən mülkiyyətində olan və DƏDRX-də qeydiyyata alınmış 0,134 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə istifadəsindən geri alınması və cavabdehdən rüsum kimi ödədiyi 100 (bir yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə əldə etdiyi torpaq sahəsinin zəbt edilməsindən azad edilib geri qaytarılması barədə dəfələrlə cavabdehdən tələb etsədə, tələbləri nəticəsiz qalmışdır. Cavabdeh ona məxsus torpaq sahəsini özbaşına zəbt etməsinə baxmayaraq həmin torpağın guya ona məxsus olmasını iddia edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü tarixli, 2(050)-16/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manatın alınaraq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT-CTREAZ22) xeyrinə tutulması, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin İddiaçı aid edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən icraata qaytarılması barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-16/2024 saylı mülki iş üzrə iş düzgün araşdırılmayaraq 18 iyul 2024-cü il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad onun hüquqlarını kobud şəkildə pozur. Həmin qərardad qanunsuz və ədalətsiz bir qərardaddır. Belə ki, torpaq sahəsi ona verilmiş çıxarışa əlavə edilmiş kadastr planında (plan ölçüdə) həmin yerdədir. Lakin sonradan yeni dövrdə aparılmış son islahatlarda həmin yer cavabdehlərin yeri kimi göstərir və onlara bununla bağlı çıxarış verilir. Onu isə sürüşdürüb atıblar başqa yerə. Həmin texniki pasporta uyğun araşdırılma aparılmamışdır. Halbuki o məhkəmə zalında bununla bağlı vəsatət vermişdir. Eləcə də kəndlərinin 1998-ci ilə aid yerquruluşu planında mübahisəli torpaq sahəsi onun mülkiyyəti kimi göstərilmişdir. Bununla bağlı elektron kadastrdan çıxarışda vardır. Həmçinin JN 399 nömrəli Dövlət Aktı ilə cavabdehlərə verilmiş JN saylı Dövlət Aktları arasında yerləşmə yeri ilə bağlı ziddiyyət vardır. Lakin bu ziddiyyətlərdə məhkəmə tərəfindən araşdırılmamışdır. Bütün bu sadaladıqlarıyla bağlı sübutlar təqdim etmişdir. Məhkəmə onları nəzərə alıb əlavə ekspertiza təyin etməli idi, lakin məhkəmə bunu etməmişdir. Hətta baxmayaraq ki, o məhkəməyə bununla bağlı vəsatət vermişdir məhkəmə vəsatətinidə nəzərə almamışdır. Şikayətə baxılmış, Masallı Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 17 sentyabr 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Belə ki, iş materiallarında olan; Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1240/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbi barədə iddiası təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulması, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti onun özünə aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 190/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(050)-1240/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Masallı rayonu, Türkoba kənd sakini İddiaçı iddia etdiyi 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözü gedən torpaq sahəsi JN 187 nömrəli dövlət aktı ilə 0,10 ha Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə, JN 153 nömrəli dövlət aktı ilə 0, 048 ha X9 və ailə üzvlərinin mülkiyyətinə, JN 172 nömrəli dövlət aktı ilə 4 kv.m X6 və ailə üzvlərinin mülkiyyətinə və 135 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3862 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndislərinin (S.Abdullayev, Z.Kərimov) tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 1876/2024 saylı mütəxəssis rəyinə əsasən, aşağıdakılar qeyd olunmuşdur ki, Masallı rayonu, Türkoba kənd sakini İddiaçı iddia etdiyi 0,134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən sözügedən torpaq sahəsi JN 187 nömrəli dövlət aktı ilə 0,10 ha Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə, JN 153 nömrəli dövlət aktı ilə 0,048 ha X9 və ailə üzvlərinin mülkiyyətinə, JN 172 nömrəli dövlət akti ilə 4 kv.m X6 və ailə üzvlərinin mülkiyyətinə və 135 kv.m bələdiyyə mülkiyyətinə aid torpaq sahələri olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin hallarına görə İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi» tələbi barədə iddiası Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1240/2022 saylı qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-190/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. Əvvəlki və hazırkı iş üzrə mübahisə predmeti İddiaçı DƏDRX-də qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ ilə məxsus olan Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hazırda Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə iddiaçı eyni predmet barəsində, eyni əsaslarla cavabdehə (eyni şəxsə) qarşı iddia vermişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Göründüyü kimi, prosessual qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutmuşdur. Məhkəmənin mövqeyinə görə hazırkı işə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, indiki iddiaçının əvvəllər belə iddiası olmuş, eyni daşınmaz əmlakın mülkiyyətçisi İddiaçı həmin daşınmaz əmlakla bağlı mənafelərinin müdafiəsi məqsədilə məhkəməyə eyni şəxsə qarşı, eyni predmet, eyni əsasla müraciət etmiş və onun iddiası daşınmaz əmlakla bağlı mənafeyinin pozulmaması əsası ilə təmin edilməmişdir. İşin hallarından görünür, İddiaçı iddiası rədd ediləndən sonra da mübahisədə adı keçən daşınmaz əmlakın torpaq sahəsinin istifadəsinə cavabdeh tərəfindən maneə ilə bağlı yeni hallar müəyyən edilməmiş, iddiaçı da hər hansı yeni hala istinad etməmişdir. Başqa sözlə, mübahisəli 0.134 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilib. Hazırkı iddia da eyni predmet və eyni əsasla olmaqla 0,134 ha torpaq sahəsindən çıxarılması barədədir. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində "eyni tərəflər” ifadəsi barəsində mübahisə edilən hüquq münasibətində tərəflərin eyni olmasını ehtiva edir. Baxılan işdə də müəyyən edilib ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə Cavabdeh qarşı iddia qaldırıb, hazırda da eyni predmet və eyni əsaslara həmin torpaq sahəsinin indiki mülkiyyətçisi olan iddiaçı qismində çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən faktiki əsas olaraq eyni tələblə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğu qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1240/2022 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-190/2023 saylı qətnaməsi üzrə iddiaçının iddia tələbi “iddiaçıya məxsus Masallı rayonu Türkoba kəndində yerləşən 0.134 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin sökülməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi və söküntü işlərinin cavabdehin hesabına aparılması” barədə olsada hazırda mübahisə predmeti olan iddia tələbi –“Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin kadastr göstəricisində göstərilən mülkiyyətində olan və DƏDRX-də qeydiyyata alınmış 0,134 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə istifadəsindən geri alınması” ilə bağlıdır. Qısa desək birinci halda iddia evin sökülməsi ilə əlaqədar olsada ikinci halda cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması ilə bağlıdır. Göründüyü kimi hazırkı iddia əvvəlki iddiaya münasibətdə eyni tərəf, eyni əsaslar üzrə olsa da predmet fərqlidir. X4 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-190/2023 saylı qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında bu məsələyə aydınlıq gətirərək izah da vermişdir. Belə ki, həmin abzasda göstərilmişdir “Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə iddia tələbi həddində baxmış, iddia tələbindən kənara çıxmamışdır. Yəni məhkəmə araşdırma apararkən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansısa bir hissəsinin zəbt edilib-edilməməsi üzrə araşdırma aparmamışdır. Çünki iddia ərizəsi üzrə iddiaçının belə bir tələbi olmamışdır. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa edilmiş ev iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikilməmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hər hansısa bir hissəsinin zəbt edilib-edilməməsi üzrə qeyd edilən iş üzrə mübahisə predmeti olmamışdır və birinci instansiya məhkəməsi də bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, qərardad əsassız olduğundan ləğv edilməli, mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 402-ci madəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 iyul 2024-cü tarixli, 2(050)-16/2024 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və həmin torpağın əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar