Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1663/2024 17.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi, son hesablaşmanın ödənilməsi və kompensasiya tələbinə dair mülki iş üzrə Açar sözlər: əmrin ləğvi, iddia müddəti təmin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi, son hesablaşmanın ödənilməsi və kompensasiya tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(041)-1002/2024 saylı qətnaməsindən (hakim Xaliq İmanov) cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli, 90 nömrəli əmrin ləğv edilməsi, 5 il üçün istifadə etmədiyi məzuniyyət pulunun və cavabdehin təqsiri üzündən məcburi iş buraxma dövrü vəzifə maaşı miqdarında konpensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə X7 ilə müqavilə əsasında Kürdəmir şəhəri Babək küçəsində yerləşən "Emil market”də satıcı vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixə kimi həmin marketdə işləmişdir. xx.xx.2022-ci il tarixdə işəgötürən Emil Mahmudov ona bildirmişdir ki, guya o, kassa aparatına 4-5 min manat dəyərində alqı-satqı üzrə hesablanmış ƏDV-ni özünə məxsus sosial kartına yükləmiş, nəticədə ona 7-8 min manat ziyan vurmuş və həmin əməliyyatı kassa işçisi X2 ilə birlikdə həyata keçirmişdir. Bundan sonra Emil Mahmudov ondan 7-8 min manat ziyanı tələb etmiş, o, isə etirazını bildirdikdə onun işdən azad olunduğunu bildirmişdir. Bundan sonra Emil Mahmudovdan işdən azad olunmağı barədə əmrin surətin və əmək kitabçasını istəmişdir. O, isə ona tələb etdiyi sənədlərini təqdim olunmasından imtina etmişdir. "Emil market”də işlədiyi 5 il ərzində əmək haqqı olaraq aylıq 350 manat nəğd şəkildə pul ödənilmişdir. Onun dediyinə görə aylıq əmək haqqı 400 manat olmuş, həmin məbləğdən 50 manat sosial sığrtaya ödənilmişdir. Lakin keçən müddət ərzində ona nə əmək haqqı kartı, nə də ki sosial kart verilməmişdir. Emil marketdə satıcı işləmiş, kassa əməliyyatını isə başqa şəxslər icra etmişdir. Qəbzlər üzrə yığılmış ƏDV-lər Bəkir Mahmudov tərəfindən icra olunmuşdur. Bundan sonra o, əmək kitabçasını, işdən azad olunması barədə əmirn surətini, 5 il ərzində istifadə etmədiyi məzuniyyət pulunun tələbi barədə əmək müfəttişliyinə, vergilər xidmətinə və Kürdəmir rayon prokurorluğuna müraciətlər ünvanlamışdır. Vergilər xidmətinə ünvanladığı məktublardan sonra Emil Mahmudov haqlı olaraq qanuna müfaviq qaydada cərimə olunmuşdur. Cavabdeh tərəfindən əmək kitabçası xx.xx.2023-cü il tarixdə ünvanına göndərilmişdir. Məktubu açarkən orada əmək kitabçasının olduğunu görmüş, tanış olarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən işdən azad olunmasını görmüşdür. Bundan sonra həmin maddənin ləğv edilməsi və əmrin surətinin ona təqdim olunması ilə bağlı cavabdehə müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun işdən azad olunması ilə bağlı əmrin surəti bu günə kimi ona təqdim olunmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət ünvanlasa da heç bir nəticəsi olmamışdır. Həmçinin Əmək Məcəlləsində 70-ci maddənin “ç” bəndi olduğundan heç bir yerdə işə qəbul oluna bilmir. Yalnız yüngül işlərdə yəni xadimə kimi vəzifələrdə işləyə bilir. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, İddiaçı 2017-ci ildən onun mağazasında satıcı işləyib. Marketdə olan alışveriş barədə hər ay vergilər idarəsinə bəyannamə verir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350 000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat vermişlər. Marketdə 350000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kim etiraf etməmişdir. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehtiyev və İddiaçı kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsilə 3044 manat pulu ələ keçirilmiş, 3089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam vermişdir. Əmək kitabçası İddiaçı göndərilmiş, lakin əmrin surəti ona təqdim olunmamışdır. İddiaçı kassa aparatında apardığı əməliyyatlarla bağlı heç bir invertarlaşdırma aparmamış, heç bir yoxlama həyata keçirməmişdir. Cavabdeh izahatının sonunda işin göstərilən hallarını nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(041)-1002/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sahibkar X3 xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsinin cavabdeh X4 tapşırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı 2017-ci ildən cavabdehin mağazasında satıcı işləmişdir. Marketdə olan alışveriş barədə hər ay vergilər idarəsinə bəyannamə verir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat vermişlər. Marketdə 350000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kim etiraf etməmişdir. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehtiyev və İddiaçı kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsilə 3044 manat pulu ələ keçirilmiş, 3089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyəti üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Məhkəmə tərəfindən onun izahatlarına heç bir əhəmiyyət verilməmiş, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul olunmuşdur. Qətnamə qəbul olunarkən məhkəmə tərəfindən iddiaçının heç bir hüquqi əsası olmayan izahatlarına istinad etmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının əsas vəzifəsidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh Kollegiyanın iclasında apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qətnaməsiniəmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə mübahisələndirdiyini, işə həmin hissədə baxılmasını xahiş etmişdir. Ərizəsində həmçinin qeyd etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinə razı olduğunu və həmin məbləğin hesablanaraq iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir. Qeyd etmişdir ki, qətnaməni – yalnız əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə mübahisələndirir, bəhsi keçən qətnaməni qalan hissədə isə mübahisələndirmir. Bildirmişdir ki, birinci instansiya məhkəməsində izahatını bu cür vermişdir. Həmçinin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız olaraq təmin edilməmişdir. Hazırda da iddia müddətinin tətbiqi barədə ərizəsini müdafiə etdiyini bildirmiş və qətnaməni mübahisələndirdiyi hissədə, yəni “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair hissədə” iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixində artıq onunla əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmuş, iddiaçı həmin vaxtdan işə gəlməmiş, hətta başqa yerdə işə düzələrək işləmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh onunla olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam vermiş, həmin gündən etibarən işə getməmiş, başqa yerdə işə düzələrək işləmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, daha sonra tələbini dəqiqləşdirmiş, qətnamənin -əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi hissəsində ləğv edilməsini xahiş etmişdir. Buna əsasən də, qətnamənin əsaslılığı- əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi hissəsində hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin "ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəlləsinin 292.1-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 294.2-ci maddəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəlləsinin 296-cı maddəsinin 6-ci hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "Emil” marketə satıcı işinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X3 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına eyni zamanda arayışlar, iddiaçının ayr-ayrı orqanlara yazdığı ərizələr və cavab məktubları, sms-lər və digər sənədlər əlavə edilmişdir. İşin faktiki hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Emil” market satıcı işinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli 90 nömrəli əmrlə xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi isə işçinin əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda göstərilmişdir. Hazırda cavabdeh qətnaməni əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi hissədə mübahisələndirir. Əsas dəlili ondan ibarətdir ki, 1 aylıq iddia müddəti ötürülmüşdür və iddia müddəti tətbiq edilərək, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız olaraq təmin etməmişdir. Məhkəmə Kollegiyası, cavabdehin şikayətinin dəlillərini əsaslı hesab edərək, belə qərara gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əmək müqaviləsinə xitam verilməsinə dair hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, iddia müddətinin tətbiqi barədə ərizəni əsassız olaraq təmin etməmişdir və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X3 xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(041)-1002/2024 saylı qətnaməsi- İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sahibkar X3 xx.xx.2022-ci il tarixli, 90 nömrəli əmrinin ləğv edilməsinə dair hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X4 qarşı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq X3 xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.