Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1697/2025 27.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 3 iyul 2025-ci il tarixli 2(064)-628/2025 saylı qətnaməsindən (hakim E.İsmayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “payların müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin 3 iyul 2025-ci il tarixli 2(064)-628/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən qətnamə 17 iyul 2025-ci il tarixdə SX054025592AZ nömrəli sifarişli-xəbərnaməli poçt zərfində cavabdehə göndərilmiş, 30 iyul 2025-ci l tarixdə ünvan üzrə təqdim edilmişdir (iş materiallarının 74-cü vərəqi). 29 sentyabr 2025-ci il tarixində Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. 2 sentyabr 2025-ci il tarixdə qətnamə icraya yönəldilmişdir. Füzuli Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2(064)-628/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardad cavabdeh tərəfindən mübahisələndirilməmiş, 8 oktyabr 2025-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə SX054025592AZ nömrəli sifarişli-xəbərnaməli poçt zərfinin ona 11 sentyabr 2025-ci il tarixdə təqdim olunmasına dair "xxxx"MMC-nin Füzuli poçt filialının arayışını əlavə etmişdir. Füzuli Rayon Məhkəməsi 17 oktyabr 2025-ci il tarixli müşaiətedici məktubla apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 134.1.5.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir; 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 135.2.-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; 135.3.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Poçt göndərişlərinin izlənməsi üzrə "xxxx" MMC-nin rəsmi internet səhifəsindən edilmiş çıxarışdan görünür ki, cavabdehə ünvanlanmış SX054025592AZ nömrəli sifarişlixəbərnaməli poçt zərfi 18 iyul 2025-ci il tarixdə saat 16:49-da Cavabdeh təqdim edilmişdir. Cavabdeh münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsinin son müddəti xəbərnamənin tarixindən hesablansa belə, 30 avqust 2025-ci il tarixi həftənin şənbə gününə təsadüf etdiyindən 1 sentyabr 2025-ci il tarixinə düşdüyü halda, birinci dəfə 29 sentyabr 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi üzərindən apellyasiya şikayəti verilmişdir. Füzuli Rayon Məhkəməsi tam haqlı olaraq 30 sentyabr 2025-ci il tarixli qərardadla apellyasiya şikayətini qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarmışdır. Cavabdeh həmin qərardadla razılaşaraq onu mübahisələndirməmiş, "xxxx"MMC-nin Füzuli poçt filialından SX054025592AZ nömrəli sifarişli-xəbərnaməli poçt zərfinin ona 11 sentyabr 2025-ci il tarixdə təqdim olunmasına dair arayışı əldə etməklə qətnamədən 8 oktyabr 2025-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi ilk dəfə apellyasiya şikayətinin prosessual müddətlər ötürülməklə verilməsinə dair qanuni qüvvəyə minmiş qərardadının olmasına rəğmən, yenidən verilən apellyasiya şikayəti üzrə yuxarıda qeyd olunan ziddiyyətli məqamlar (xəbərnamədəki, portaldakı və arayışdakı fərqli tarixlər) üzrə hər hansı bir araşdırma aparmadan, şikayəti qanunla müəyyən olunan müddət ərzində verilmiş şikayət kimi qəbul etməklə iş materiallarına əlavə edərək 17 oktyabr 2025-ci il tarixdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 3 iyul 2025-ci il tarixli 2(064)-628/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən 8 oktyabr 2025-ci il tarixində verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğlunluğu yoxlanılmasından ötrü iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Füzuli Rayon Məhkəməsinin 3 iyul 2025-ci il tarixli 2(064)-628/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən 8 oktyabr 2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən yenidən verilmiş apellyasiya şikayətinin qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmasından ötrü iş materialları Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1697/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1697/2025
27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver