Məhkəmə qərarları › İş №2(106)-1739/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1739/2025

04.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1739/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X6 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(050)-3205/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Doğum haqqında şəhadətnamələrdən görünür ki, 10 mart 2016-cı il təvəllüdlü X1 və 02 fevral 2019-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. 10 iyul 2025-ci il tarixli, MŞM/MT036/2025-00639 saylı barışıq sazişindən görünür ki, 10 iyul 2025-ci il tarixdə tərəflərlin birlikdə müraciəti əsasında uşağın ananın himayəsinə verilməsi və alimentin müəyyən edilməsi mübahisəsi üzrə mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesi zamanı tərəflər həmin mübahisəni həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: Tərəflərin birgə uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər bir uşağa görə 200 manat sabit məbləğdə aliment müəyyən edilir. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Maraqlı şəxs 2025-ci ilin iyul ayının 30-dək və gələn hər növbəti ayın isə 01-dən 20-dək 400 manat məbləğində alimenti Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağladıqları 00639 saylı barışıq sazişinin təsdiq edilməsi, övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X4 maraqlı şəxsdən alınıb ona verilməsi, hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5r. İlk illərdə mehriban yaşasalarda sonradan ailə daxili narazılıqlar səbəbindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən oğlu Mirzəbala Muxtarov atasının, qızı Aysu Muxtarov isə onun himyəsində saxlanılmışdır. Sonradan 2025-ci il tarixdə mediasiya şöbəsində Maraqlı şəxsla barışıq sazişi imzalamışlar, sazişə əsasən uşaqlarının ikisidə onun himayəsinə verildi və uşaqlarının saxlanılması üçün Maraqlı şəxs ona 400 manat alimenti də verməyi öhdəsinə götürmüşdür. Barışıq sazişindən sonra 2 ayda aliment pulunu ödəmişdir. xx.xx.2025-ci il tarixdə o, işdə olan zaman Maraqlı şəxs uşaqlarını götürərək qaçırmış və bir daha ona qaytarmamışdır. Yəni barışıq sazişinə əməl etməyərək barışıq sazişini pozmuşdur. Barışıq sazişinə əməl etmədiyindən məcburiyyət qarşısında qalaraq Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağladıqları 00639 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün müraciət etmişdir. Maraqlı şəxs etirazla məhkəməyə müraciət edərək, uşaqların taleyi naminə, bu məqsədli məkirli və etibarsız barışıq sazişinin təsdiq edilməsi barədə verimiş ərizəni təsdiq edilməməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Zeynal Zeynalov) xx.xx.2025-ci il tarixli 2(050)-3205/2025 saylı qətnaməsi ilə 10 iyul 2025-ci il tarixli, MŞM/MT036/2025-00639 saylı barışıq sazişinin təsdiq edilməsi, 10 mart 2016-cı il təvəllüdlü X3 və 02 fevral 2019-cu il təvəllüdlü X7 Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi, 10 iyul 2025-ci ildən başlayaraq Maraqlı şəxs 10 mart 2016-cı il təvəllüdlü X1 və 02 fevral 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin tutularaq Ərizəçi verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1, 355-24, 355-26-cı maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, sazişin birinci tərəfi haqlı olaraq 08 sentyabr 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul olunarkən uşaqların mənafeyi nəzərə alınmamış və bu yöndə araşdırılma aparılmamışdır. Cavabdeh aralarında bağlanmış barışıq sazişini məqsədli şəkildə bağlamışdır. O, uşaqlarını ondan ayırmaq niyyəti ilə belə bir addım atmışdır. Məhkəmə təqdim edilmiş sübutlara (etirazına) hələ düzgün qiymət verməmişdir, ilk öncə təqdim edilmiş sübutlara qiymət verilmiş olsun, yeni sübutları da olacağı təqdirdə təqdim edəcəkdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə qeyd etmişdir ki, məhkəmə barışıq sazişinin təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etmiş, mediasiya şurasında bağlanmış barışıq sazişi qətnaməyə əsasən təsdiq olunmuşdur. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini qəbul etmir. Şikayət əsassızdır və təmin edilməməlidir. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə qızı ona, oğlunun isə maraqlı şəxsə verilməsi qət olunmuşdur. Daha sonra mediasiya da razılıq əldə etmiş, uşaqlar onun himayəsinə verilmişdir. Maraqlı şəxs 2 ay aliment ödənişi etmiş, sonra isə uşaqları aparmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə. Qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-3205/2025 saylı qətnaməsinin ləğv edilməsi və ərizəçinin tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunduğundan, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24 Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(050)-3205/2025 saylı qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə qismən təmin olunmalıdır. Apellyasiya şikayətində Maraqlı şəxs qeyd etmişdir ki, Qətnamə qəbul olunarkən uşaqların mənafeyi nəzərə alınmamış və bu yöndə araşdırılma aparılmamışdır. Cavabdeh aralarında bağlanmış barışıq sazişini məqsədli şəkildə bağlamışdır. O, uşaqlarını ondan ayırmaq niyyəti ilə belə bir addım atmışdır. Məhkəmə təqdim edilmiş sübutlara (etirazına) hələ düzgün qiymət verməmişdir, ilk öncə təqdim edilmiş sübutlara qiymət verilmiş olsun, yeni sübutları da olacağı təqdirdə təqdim edəcəkdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsi üçün zəruri olan prosessual tələblərə tam həcmdə əməl edilməmiş, işin faktiki və hüquqi halları arasında zəruri əlaqə qurulmamış, nəticədə qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsində qeyri-müəyyənliklərə yol verilmişdir. İş materiallarından müəyyən olunur ki, ərizəçinin məhkəməyə müraciətinin predmeti tərəflər arasında mediasiya qaydasında bağlanılmış 10 iyul 2025-ci il tarixli, MŞM/MT036/2025-00639 saylı barışıq sazişinin təsdiq edilməsidir. Yəni birinci instansiya məhkəməsinin vəzifəsi barışıq sazişinin təsdiqi məsələsinə baxarkən, həmin sazişin bütövlükdə deyil, hər bir bəndi üzrə ayrıca olaraq qanunvericiliyin tələblərinə uyğunluğunu, icra edilə bilənliyini, eləcə də bu bəndlərin tərəflərin hüquq və vəzifələrini aydın, konkret və birmənalı şəkildə müəyyən edib-etmədiyini qiymətləndirməkdən ibarət olmuşdur. Barışıq sazişindən görünür ki, tərəflər arasında uşaqların kimin himayəsində qalması və aliment öhdəliyinin həcmi ilə bağlı mübahisə mediasiya yolu ilə həll edilmişdir. Sazişin birinci bəndinə əsasən, tərəflərin birgə uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. İkinci bənddə isə hər iki uşağın saxlanılması üçün hər birinə görə 200 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində formal olaraq “barışıq sazişinin təsdiq edilməsi” nəticəsinə gəlsə də, qətnamənin mətnindən açıq-aşkar görünür ki, barışıq sazişinin birinci bəndi – yəni uşağın ananın himayəsinə verilməsi ilə bağlı müddəa nəticə hissəsində təsbit edilməmiş, hər bir bənd üzrə ümumiyyətlə məhkəmənin konkret hüquqi mövqeyi ifadə olunmamışdır. Bu isə qətnamənin icrası zamanı hüquqi qeyri-müəyyənlik yaradır və tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə mane olur. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişini təsdiq edərkən onun hər bir bəndinin qanuna uyğunluğunu ayrıca qiymətləndirməli və yalnız qanuna zidd olmayan hissələri təsdiq etməlidir. Məhkəmə ya barışıq sazişini bütövlükdə, ya da onun konkret hissələrini təsdiq etməli, bu barədə nəticə hissəsində aydın və birmənalı qərar qəbul etməlidir. Bu tələbin yerinə yetirilməməsi qətnamənin əsaslılığına və icraedilə bilənliyinə ciddi xələl gətirir. MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 23 fevral 2024-cü il tarixli 01/2024 saylı qərardadının 39-cu bəndə əsasən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). 47-ci bəndinə əsasən, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Bundan əlavə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin üçüncü bəndini də lazımi qaydada qiymətləndirməmişdir. Həmin bəndə əsasən, Maraqlı şəxs alimenti konkret tarixlər üzrə və konkret ödəniş üsulları ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından görünür ki, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə barışıq sazişinin bu bəndinin təsdiqi ilə bağlı ayrıca tələb və ya hüquqi əsaslandırma yer almamışdır. Barışıq sazişin bütün bəndlərinin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Bu halda məhkəmə ya həmin bəndin təsdiqinin zəruriliyini ayrıca araşdırmalı, ya da onun təsdiq olunmaması barədə açıq mövqe bildirməli idi. Birinci instansiya məhkəməsi isə bu məsələni diqqətdən kənarda qoyaraq, barışıq sazişinin tam təsdiq olunması barədə ümumi və abstrakt nəticə ilə kifayətlənmişdir. Bu yanaşma nə prosessual qanunvericiliyin tələblərinə, nə də məhkəmə qətnamələrinin aydınlıq və müəyyənlik prinsipinə uyğun gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində qeyd olunduğu kimi, qətnamə yalnız o halda əsaslı hesab edilə bilər ki, məhkəmə tərəfindən müəyyən edilmiş faktlar işin materialları ilə təsdiqlənsin, həmin faktlara tətbiq olunan hüquqi nəticələr əsaslandırılsın və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olsun. Eyni Plenum qərarının 6.8-ci bəndinə əsasən isə qətnamənin nəticə hissəsi imperativ xarakter daşımalı, tərəflərin hüquq və vəzifələrini dəqiq və birmənalı şəkildə müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bu tələblərə əməl etmədiyindən, qəbul edilmiş qətnamə nə hüquqi müəyyənlik, nə də icraedilə bilənlik baxımından qənaətbəxş hesab edilə bilməz. Qətnamənin icrasının real və mümkün olmasını təmin etmək, eləcə də işdə maraqlı olan şəxslərin hüquqi vəziyyətində qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə Kollegiya belə nəticəyə gəlir ki, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(050)-3205/2025 saylı qətnaməsi ləğv edilməli, ərizə qismən təmin edilməli, barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin – tərəflərin birgə uşağı xx.xx.2016-cı il təvəllüdlü X1 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün hər birinə görə 200 manat sabit məbləğdə aliment müəyyən edilməsi hissəsində təsdiq olunması prosessual baxımdan düzgün, qanunvericiliyin tələblərinə uyğun və işin faktiki hallarından irəli gələn əsaslı hüquqi nəticə hesab edilməlidir. Kollegiya onu da qeyd edir ki, Ərizəçi «övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019cu il təvəllüdlü X4 maraqlı şəxsdən alınıb ona verilməsi» barədə tələbi üzrə Şirvan Apellasiya Məhkəməsinin 04 fevral 2026-cı il tarixli qərardadı qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 2(050)-3205/2025 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. 10 iyul 2025-ci il tarixli, MŞM/MT036/2025-00639 saylı barışıq sazişinin birinci və ikinci bəndləri təsdiq edilsin:

1. - Tərəflərin birgə uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir.

2. -xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər bir uşağa görə 200 manat sabit məbləğdə aliment müəyyən edilir. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar