Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1758/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçı, eləcə də iddiaçılardan İddiaçı4 nümayəndəsi İddiaçı1, iddiaçılar İddiaçı3 və İddiaçı5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1325/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmişli rayon Aqrar İslahat Komissiyasının JN-0163, KOD 90700108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş İmişli rayonu, Qızılkənd kəndində yerləşən qanunsuz tutduqları 11137,19 kv.m torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 birgə mülkiyyətində İmişli rayonu, Qızılkənd kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 11137,19 kv.m torpaq sahəsi var. Bu barədə mülkiyyət hüquqları JN-0163, KOD 90700108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə təsdiq olunur. Həmin torpaq sahəsi 2 massivdə yerləşir. 1-ci massivdə olan 13079,47 kv.m torpaq sahəsi cavabdehlərə 2007-ci ildə satılmışdır və həmin sahə ilə bağlı mübahisələri yoxdur. Lakin 2-ci massivdə yerləşən 11137,19 kv.m torpaq sahəsi qanuni sənədlə iddiaçılarındır. Sonralar iddiaçılara məlum olmuşdur ki, İddiaçı3 2007-ci ildə ailənin 2-ci massivdə yerləşən torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 kənd icra nümayəndəliyinin sənədi ilə qeyri-qanuni satmışdır. Bununla belə, həmin torpaq sahəsinin satılmasına mülkiyyətçilər İddiaçı1, İddiaçı4 və İddiaçı2 razılığı və imzası olmamışdır. İkincisi, alğısatqı müqaviləsinin bağlanmasını təsdiq edən Qızılkənd kənd icra nümayəndəsinin buna səlahiyyəti olmamışdır. İcra nümayəndəsinin notariat fəaliyyəti üçün möhürü olmamış, əməliyyat üçün dövlət rüsumu alınmamışdır. Hazırda iddiaçıların torpaq sahəsindən cavabdehlər qanunsuz istifadə edir, dövlətdən subsidiya alırlar. İddiaçılar tələb edirlər ki, onlara məxsus torpaq sahəsini boşaldıb təhvil versinlər. Cavabdehlər isə nəinki torpaq sahəsindən çıxmırlar, hətta iddiaçılardan 4300 dollar pul tələb edirlər. Halbuki, cavabdehlər 15 ildir ki, iddiaçıların torpaq sahəsindən qeyri-qanuni istifadə edib qazanc götürürlər. İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(036)-1325/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin olunmuş, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 ümumi mülkiyyətində olan JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda yeri göstərilmiş İmişli rayonu, Qızılkənd kəndində yerləşən 11137,19 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mülkiyyətçilərin torpaqdan istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(036)-1325/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddiaçıların tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini, iddiaçının yalan məlumatına görə cinayət təqibi başlanması üçün materialların prokurorluğa göndərilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıların xüsusi mülkiyyətində olan Dövlət aktında göstərilən İmişli rayonu, Qızılkənd kəndində yerləşən 11137,19 kv.m torpaq sahəsini 21 noyabr 2007-ci il tarixdə torpaq payçıları ilə bağladığı aktla 4300 ABŞ dollarına satınalma yolu ilə əldə etmişdir. Qardaşı Cavabdeh2 2000 ABŞ dolları ödəməklə torpaqdan onunla birlikdə istifadə etmək hüququ əldə etmişdir. Akt torpaq üzərində sərəncam vermək hüququ olan payçıların imzası ilə təsdiq olunaraq İmişli RİHB-nın Qızılkənd kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş və torpaq Dövlət Aktının əsli Cavabdeh1 təhvil verilmişdir. Torpaq sahəsindən indiyədək Cavabdeh2 ilə birlikdə təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışlar. Ona görə də iddia tələbi əsassızdır. İddiaçılar məhkəmədə torpaq sahəsini müvəqqəti istifadəyə verdikləri barədə yalan məlumat vermiş, məhkəmə bu barədə cinayət təqibi başlanılması barədə materialları prokurorluğa göndərmək əvəzinə, iddiaçıların xeyrinə qətnamə qəbul etmişdir. Aralarında bağlanmış razılaşma məhkəmə qaydasında etibarsız hesab edilməmişdir və qüvvədədir. Məhkəmə qətnamədə göstərir ki, razılaşma notarial qaydada təsdiq edilmədiyindən etibarsızdır. Halbuki, Mülki Məcəllədə müqavilənin notarial qaydada təsdiqinin məcburi olması müəyyən edilməmişdir. Bu səbəbdən də hesab edir ki, bu iş ətraflı olaraq araşdırılmalı, qanun pozuntusu varsa, nəzərə alınaraq qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Odur ki, İmişli Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Lakin məhkəmə onun hüquqlarının müdafiəsini təmin etməmiş, Konstitusiyanın 60-cı maddəsinin tələbi üzrə hüquqlarını pozmuşdur. Mülki Məcəllənin 339.2-ci maddəsində göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə həmin maddəni tətbiq etməməklə səhvə yol vermiş, torpaq alğı-satqısı müqaviləsi etibarsız sayılmadığı halda, buna hüquqi qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməmişdir. Məhkəmə onun təqdim etdiyi sübutlara hüquqi qiymət verməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə torpaq mülkiyyətçiləri olan bələdiyyələri işə cəlb etmədən, onların nümayəndələrini dinləmədən yalnız ekspertizanın yarımçıq, ziddiyyətli rəyinə əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Mülki Prosesual Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Məhkəmə zamanı o iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin - aktın etibarlı sayılması, iddiaçının yalan məlumatına görə cinayət təqibi başlanması üçün materialların prokurora göndərilməsi barədə vəsatətlər vermiş, lakin məhkəmə həmin vəsatətləri müzakirə etməmiş və bununla qanunun tələblərini pozmuşdur. Cavabdeh1 torpaq sahəsini sahiblərindən pul ödəməklə alması faktı məhkəmə tərəfindən aydınlaşdırılmamış və qiymətləndirilməmişdir. Onun mülkiyyətçilərdən qanuni sənədlərlə aldığı torpaq sahəsinin onlara qaytarılmalı olması sübut edilməmişdir. Məhkəmə iddiaçıların torpaq sahəsini guya müvəqqəti istifadəyə verməsi barədə yalan məlumatı, imzaladığı sənədlə izahatı arasında olan ziddiyəti araşdırmadan səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 11137,9 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 21 noyabr 2007-ci il tarixdə iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı2 ilə bağladığı alğı-satqı aktı əsasında 4300 ABŞ dolları ödəməklə birdəfəlik satın almışdır. Həmin aktı iddiaçılardan İddiaçı3, İddiaçı5 və İddiaçı2 imzalamış, həmin vaxt İddiaçı4 və İddiaçı1 hərbi xidmətdə olduqlarına görə aktı imzalamamışlar. O, İddiaçı3 ailə başçısı olduğunu nəzərə alaraq ona etibar etmiş və aktı imzalamaqla həmin torpaq sahəsini almışdır. Sözügedən torpaq sahəsindən indiyədək Cavabdeh2 ilə birlikdə təyinatına uyğun şəkildə istifadə edirlər. Həmin torpaq sahəsi üçün əlavə xərclər də çəkmişlər. İddiaçılar keçən müddət ərzində torpaq sahəsini geri tələb etməmişlər. Həmçinin qeyd etdi ki, həmin torpaq sahəsinin alınması zamanı iddiaçılara ödənilmiş 4300 ABŞ dollarının geri qaytarılması ilə bağlı Cavabdeh2 ilə birlikdə məhkəmədə iddia qaldırmışlar. İmişli Rayon Məhkəməsi isə 03 noyabr 2023-cü il tarixli qətnaməsində həmin 4300 ABŞ dollarının, yəni 7300 manatın İddiaçı3 alınıb onlara verilməsini qət etmişdir. Bundan əlavə, iddiaçılara məxsus 2,42 hektar torpaq sahəsinin 1,30 ha hissəsi isə kənd sakini İsmayıl Əmənov adlı şəxsə satılmışdır. Həmçinin, qeyd etdi ki, o, həm də İddiaçı3 qardaşına məxsus olan 1,40 hektar torpaq sahəsini də 1000 manata satın almış, lakin həmin alğı-satqı ayrıca olaraq notarial qaydada aparılmışdır və həmin torpaq sahəsinin və hazırkı mübahisəli torpaq sahəsinin alınması üçün pul məbləğləri birlikdə ödənilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh2 çıxış edərək bildirdi ki, Cavabdeh1 onun qardaşıdır və onun izahatı ilə razıdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlər mübahisəli torpaq sahəsindən çıxarılmalıdırlar. Torpağın satılması ilə bağlı icra nümayəndəliyindən verilmiş sənədin bir nüsxəsi də onlardadır və orada ödənişin miqdarı qeyd edilməmişdir. Özünə və ailə üzvlərinə məxsus 1,11 hektar torpaq sahəsinin satılması ilə eyni zamanda qardaşına məxsus 1,40 hektar torpaq sahəsi də Cavabdeh1 satılmışdır. Hər iki torpaq sahəsinin satılması üçün ümumilikdə 3000 manat müqabilində razılaşmışlar. Həmin vaxt Cavabdeh1 Rusiya Federasiyasında çalışdığından ödənişi manatla ödəyə bilməyəcəyini və dollar şəklində ödəniş etmək istədiyini bildirmiş, iddiaçılar da bununla razılaşmışlar. Bundan sonra Cavabdeh1 hər iki torpaq sahəsi üçün ümumilikdə 4200 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı1 və İddiaçı4 onlara məxsus torpaq sahəsinin satılmasından xəbəri olmamışdır. Ona görə də alğı-satqını notarius vasitəsilə etməmişlər. Onun qardaşının torpağının satışı isə notarius vasitəsilə həyata keçirilmiş və rəsmiləşdirilmişdir. Torpaqların satışı zamanı sənəddə 4200 ABŞ dolları ödənilməsi qeyd edilməmişdir. O, verilmiş suallara cavab olaraq bildirdi ki, torpaq sahəsi Cavabdeh1 satılan zaman iddiaçılar İddiaçı4 və İddiaçı1 müddətli həqiqi hərbi xidmətdə olmuşlar. O, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında İddiaçı4 adının göstərilməməsini və əvəzində Şuaməddin Azadov adının qeyd olunmasını texniki səhv olması ilə izah etdi. O, verilmiş suala cavab olaraq bildirdi ki, mübahisəli 1,11 ha torpaq sahəsi övladlarının torpağıdır və hal-hazırda övladları həmin torpağı tələb edirlər. Həmçinin, əlavə olaraq bildirdi ki, Cavabdeh1 və Cavabdeh2 ona qarşı İmişli Rayon Məhkəməsində həmin torpaq sahəsinin alınması zamanı ödənilmiş pulun geri qaytarılması ilə bağlı iddia qaldırmış, İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə isə iddiaları təmin edilərək, ondan 7300 manat pulun tutulması qət edilmişdir. Lakin hesab edir ki, İmişli Rayon Məhkəməsi tərəfindən həmin məbləğ şişirdilərək qətnamə qəbul edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçı, eləcə də iddiaçılardan İddiaçı4 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli torpaq sahəsi Cavabdeh1 satılarkən ona məlumat verilməmişdir. Onunla yanaşı, qardaşı İddiaçı4 da torpaq sahəsinin satışından xəbəri olmamışdır. Həmçinin, qeyd etdi ki, Cavabdeh1 tərəfindən 3000 manatın torpaq sahəsinin satıldığı dövrə ABŞ dollarına ekvivalenti olan 4200 ABŞ dolları yalnız onların torpaq sahəsinə görə deyil, əmisinə məxsus 1,40 hektar torpaq sahəsi ilə birlikdə hər iki torpaq sahəsi üçün ödənilmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı5 apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə əsasən tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki JN-0163, KOD 90700108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli, 15 saylı qərarı ilə İmişli rayonu, Qızılkənd kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 2,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı3 və onun ailə üzvləri İddiaçı5, İddiaçı2, İddiaçı1 və X2 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 2 massivdən ibarətdir: 163 nömrəli (13079,47 kv.m) və 163A nömrəli (11137,19 kv.m). İş materiallarının 19-cu vərəqində olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış əlyazma ərizədə qeyd edilmişdir ki, xx.xx.2007-ci ildə yerli icra nümayəndəsinin iştirakı ilə torpaq sahibi İddiaçı3 və torpağı alan Cavabdeh1 iştirakı ilə alğı-satqı edilmiş, razılaşma yolu ilə 1,11 ha torpaq sahəsi üçün 4300 ABŞ dolları haqq ödənilmişdir. Pulun alınması üçün müvafiq qəbz imzalanmış və təsdiq edilmişdir. İddiaçı1 onlarla qeyri-səmimi danışmış, hədə-qorxu gəlmişdir. Ona görə də lazımi sənədlərlə İmişli RPŞ-yə müraciət etmişlər. Əgər iddiaçılar torpaqlarını tələb edirlərsə, qanuni alğı-satqı edilmiş və haqq ödənilmiş 4300 ABŞ dolları pulu qaytarsınlar ki, dərhal yerləri özlərinə təhvil verilsin. Odur ki, torpaq sahəsinin qanuni yolla alğı-satqısı üçün 4300 ABŞ dolları ödənildiyini, haqq ödənilərsə, torpaq sahəsini iddiaçılara qaytarmağa hazır olduqlarını nəzərə alıb müvafiq qərar çıxarılmasını xahiş etmişlər. İşdəki 21 noyabr 2007-ci ildə İmişli rayonu, Qızılkənd kəndində Qızılkənd kənd icra nümayəndəsinin müavini Nadir Məmmədovun, pay torpağını birdəfəlik satan İddiaçı3, pay torpağını birdəfəlik satan İddiaçı5, pay torpağını birdəfəlik satan İddiaçı2, həmin torpaqları alan kənd sakini Cavabdeh1, torpaq qonşusu X3 və kənd sakini X5 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, ailə başçısı İddiaçı3 və ailə üzvlərinə məxsus olan torpaq mülkiyyətində istifadəyə dair JN-0163, KOD 90700108 saylı Dövlət aktında göstərilmiş ərazidə baxış keçirərək müəyyən olunmuşdur ki, həmin torpaq heç kimə satılmamışdır. Yuxarıda göstərilən komissiya üzvlərinin iştirakı ilə həmin torpaq 1,11 ha ölçülüb həmkəndlisi Cavabdeh1 birdəfəlik olaraq razılaşma yolu ilə satılaraq təhvil verilmişdir. Həmin torpağı İddiaçı3, İddiaçı5 və İddiaçı2 təhvil vermiş, Cavabdeh1 isə təhvil almışdır. Aktın doğruluğunu onu tərtib etmiş şəxslər imzaları ilə təsdiq etmişlər. Aktdakı imzaların doğruluğu Qızılkənd kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş və möhürlənmişdir. İş materiallarının 26-cı vərəqində olan qəbzin surətindən görünür ki, Cavabdeh1 21 noyabr 2007-ci il tarixində həmkəndlisi olan İddiaçı3 və aktda göstərilən onun ailə üzvlərinin iştirakı ilə onlardan aldığı torpaq sahəsinin dəyərini, qardaşı Cavabdeh2 iştirakı ilə 4300 ABŞ dolları onlara təhvil vermişdir. Pul Cavabdeh1 tərəfindən təhvil verilmiş, İddiaçı3 tərəfindən təhvil alınmışdır. Aktdakı imzaların doğruluğu Qızılkənd kənd icra nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Qızılkənd kənd sakini Azadova X1 icra nümayəndəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli əlyazma ərizədə bildirmişdir ki, özünə məxsus olan pay torpağını ehtiyacı olduğu üçün həmkəndlisi olan Cavabdeh1 birdəfəlik satır. Xahiş edir ki, aralarında olan alğı-satqı aktının qanuna müvafiq sənədləşdirilməsinə köməklik edilsin. Qızılkənd kənd sakini Azadov X7 RİH-nin Qızılkənd kənd icra nümayəndəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli əlyazma ərizədə bildirmişdir ki, islahat zamanı ona və ailə üzvlərinə düşən pay torpağından 1,11 ha torpaq sahəsini həmkəndlisi olan Cavabdeh1 öz razılığı ilə pul vəsaitinə ehtiyacı olduğu üçün birdəfəlik satmışdır. Həmin həcmdə təsərrüfat başçısı kimi onun adından azaldılmasını xahiş etmişdir 1,11 ha pay torpaq sahəsini. İş materiallarının 29-cu vərəqində olan aktın surətindən görünür ki, İddiaçı3, İddiaçı5 və İddiaçı2 öz razılıqları ilə satdıqları pay torpağının dəyərini – 4300 ABŞ dolları almış, alğı-satqı xərcini də torpağı alan həmkəndliləri Cavabdeh1 ödəmişdir. İşdəki İmişli rayonu, Qızılkənd kəndi sakinləri Cavabdeh2, X12, X6, X8 və Əliyev Elman tərəfindən tərtib edilmiş 27 oktyabr 2010-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 qardaşları tərəfindən həmkəndliləri İddiaçı3 və onun ailə üzvlərinə məxsus 1,11 ha aldıqları torpaq sahəsində ES-100 markalı traktorla hamarlama işi aparılmış və ətrafdan torpaq daşınmışdır. Eyni zamanda, peyin və gübrə verilmişdir. Görülən işləri Cavabdeh1 və Cavabdeh2 etmişlər. Görülən işlər nəticəsində sahə əkinə tam yararlı və suvarmaya uyğun hazırlanmışdır. Bu işlərin görülməsinə 2080 manat vəsait xərclənmişdir. Bunları nəzərə alaraq yuxarıda adları göstərilən komissiya üzvləri və kənd sakinləri təsdiq edirlər. Ona görə də aktı hüquqi tərəfdən öz təsdiqini tapması üçün öz imzaları ilə təsdiq edirlər. Akt İmişli rayon Qızılkənd bələdiyyəsinin möhürü ilə möhürlənmişdir. İşdəki 14 mart 2020-ci il tarixində İmişli rayonu, Qızılkənd kənd sakini Cavabdeh2, torpaq qonşusu Rafiq Abbasov, qonşu (quda) Niyaz Səlimov, torpaq alan Cavabdeh1 və traktorçu İstəməli Quluyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, kənd sakini Cavabdeh1 və Cavabdeh2 qardaşları 21 noyabr 2007-ci ildə 1,11 ha torpaq sahəsində T- 75A markalı traktorla əsaslı hamarlama işləri aparmışlar, ondan əlavə sahəyə peyin və gübrə verərək, sahəni tam əkinə yararlı vəziyyətə gətirmişlər. Ondan əlavə, qrunt sularının çəkilməsini də təmin edən drenajlar çəkdirmişlər. Bütün bunlara 2360 manat xərc çəkmişlər. Hal-hazırda sahə əkin altındadır. Bu işlərin görülməsinin həm adları göstərilən şəxslər, həm də ətrafda olan kənd sakinləri görüb şahidi olmuşlar. Ona görə də bu aktın tərtib olunmasını, həm də hüquqi tərəfdən keçərli olmasını nəzərə alaraq aktı ucadan oxuyaraq öz imzaları ilə təsdiq etmişlər. Akt İmişli rayon Qızılkənd bələdiyyəsinin möhürü ilə möhürlənmişdir. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(036)- 2583/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “maddi zərərin ödənilməsi barədə” iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı3 7300 manatın və 73 manat dövlət rüsumunun alınıb iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İmişli rayon Aqrar İslahat Komissiyasının JN-0163, KOD 90700108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilmiş İmişli rayonu, Qızılkənd kəndində yerləşən qanunsuz tutduqları 11137,19 kv.m torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin əsaslandırılması zamanı ona istinad edilmişdir ki, mübahisəli torpaq sahəsinin satılması zamanı iddiaçılar İddiaçı4 və İddiaçı1 məlumatı olmamış, alğı-satqı notariusda həyata keçirilməmiş və qanuni şəkildə rəsmiləşdirilməmişdir. İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(036)- 1325/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, iddiaçıların ümumi mülkiyyətində olan JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda yeri göstərilmiş İmişli rayonu, Qızılkənd kəndində yerləşən 11137,19 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması və mülkiyyətçilərin torpaqdan istifadəsinə mane olan qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh1 apellyasiya şikayətində 21 noyabr 2007-ci il tarixli alğı-satqı barədə aktın etibarlı olmasının məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etsə də, apellyasiya məhkəməsində aparılan icraat zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı3 qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, JN-0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda sərhədləri göstərilən İmişli rayonu, Qızılkənd kəndində yerləşən cəmi 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 7300 manat və torpağın məhsuldarlığının artırılmasına sərf edilən 4440 manat, cəmi 11740 manat məbləğində vəsaitin alınıb onların xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(036)-2583/2023 saylı qətnaməsi ilə isə iddia tələbi qismən təmin edilərək, İddiaçı3 7300 manatın və 73 manat dövlət rüsumunun alınıb Cavabdeh2 və Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1 və Cavabdeh2 İmişli Rayon Məhkəməsində İddiaçı3 qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi qaldıraraq, mübahisəli torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilmiş məbləğin onlara geri ödənilməsini tələb etməklə həmin torpaq sahəsinin alğı-satqısına dair olan razılaşmanın etibarsız olduğunu qəbul etdiklərini göstərən hərəkətlər etmişlər. Bundan başqa, hazırkı iş materiallarının 19-cu vərəqində olan cavabdehlər tərəfindən yazılmış əlyazma ərizədən də görünür ki, onlar torpaq sahəsinin alğı-satqısı üçün 4300 ABŞ dolları ödənildiyini, həmin pul geri ödənilərsə, torpaq sahəsini iddiaçılara qaytarmağa hazır olduqlarını nəzərə alıb müvafiq qərar çıxarılmasını xahiş etmişlər. Hazırda isə həmin pulun (4300 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti ilə 7300 manatın) İddiaçı3 tutularaq Cavabdeh2 və Cavabdeh1 ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı işin müəyyən edilmiş hallarından və Cavabdeh1 və Cavabdeh2 İmişli Rayon Məhkəməsində İddiaçı3 qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia qaldıraraq, mübahisəli torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilmiş məbləğin onlara geri ödənilməsini tələb etməklə həmin torpaq sahəsinin alğı-satqısına dair olan razılaşmanın etibarsız olduğunu qəbul etdiklərini göstərən hərəkətlər etmələrindən, eləcə də İmişli Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə 21 noyabr 2007-ci il tarixli razılaşma üzrə torpağın əldə edilməsinə görə ödənilmiş 7300 manatın İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulması qət edildiyindən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ümumi mülkiyyətində olan JN 0163 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 163A saylı planda yeri göstərilmiş İmişli rayonu, Qızılkənd kəndində yerləşən 11137,19 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair 21 noyabr 2007-ci il tarixli razılaşma etibarlı sayıla bilməz. Mübahisəli torpaq sahəsinin cavabdehlərin istifadəsində olması isə işin mübahisəsiz halıdır və eyni zamanda hazırda müəyyən edilir ki, cavabdehlərin həmin torpaqdan istifadə etmələri üçün artıq hər hansı qanuni və ya müqavilə əsası mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Cavabdehlərin mübahisəli torpaq sahəsindən istifadə etmələri üçün hazırda hər hansı qanuni və ya müqavilə əsasının mövcud olmamasını, mübahisəli torpaq sahəsinin iddiaçıların ümumi mülkiyyətində olmasını, ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilmək hüququnun olmasını, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilmək hüququnun mövcudluğunu nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(036)-1325/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1758/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1758/2023
20.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver