Məhkəmə qərarları › İş №2(106)-1763/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1763/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1763/2023 24.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğluna, Cavabdeh7, Cavabdeh3 Ziğamuşa oğluna, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «qanunsuz zəbt edilən ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş asar və tor çəpərlərin sökülməsi» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(049)- 62/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh7, Cavabdeh3 Ziğamuşa oğlu, X7, Cavabdeh4 və Cavabdeh5 tərəfindən qanunsuz zəbt edilmiş Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkaran rayon Separadi bələdiyyəsinə maxsus olan paybəli torpaq sahalərə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması va həmin yolun başlanğıcında tor va daş çəpərlərin cavabdehlərin hesabına söküİməsi, həmçinin cavabdehlər tərəfindən yaradılan maneəlarin aradan qaldırılmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(049)-62/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Lənkəran rayonu Separadi kəndində yerləşən JN-0006, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən X8 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 0,21 ha və JN- 0008, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun mülkiyyətinə verilmiş 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən qanunla Lənkaran rayon Separadi Bələdiyyəsinin mülkiyyətində ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh7, Cavabdeh3 Ziğamuşa oğlu, X7, Cavabdeh4 və Cavabdeh5 qanunsuz istifadəsindən azad edilməsi, həmin yolun başlanğıcında quraşdırılmış tor va daş hasar cavabdehlərin hesabına söküİməsi və yoldan digər şəxslərin istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza xərci təşkil edən 50 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh7, Cavabdeh3 Ziğamuşa oğlu, X7, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh7 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Elektron qaydada verilməmiş və imzalanmamışdır. Bundan başqa cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət MPM-nin 363.1.5-ci maddəsinə uyğun olmamaqla Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, iddiaya münasibətdə konkret tələbini (iddianın təmin edilib-edilməməsini) göstərməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(049)-62/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar